Muxtar respublikamızın inkişafında zəhməti olanların əməyi yüksək qiymətləndirilir
Doğma diyarımız Naxçıvan ölkə başçısının bu qədim torpağa növbəti səfərinin sevinci ilə yaşayır. Səfər zamanı muxtar respublikada görülən işlərə Prezident İlham Əliyevin yüksək qiymət verməsi hamımızı fərəhləndirdi. Sevincimizə daha bir sevinc qatan məqam isə aprel ayının 8-də Heydər Əliyev Sarayında muxtar respublikanın 90 illik yubileyi münasibətilə keçirilən tədbirdə ölkə başçısının Naxçıvanın sosial-iqtisadi inkişafında xidmətlərinə görə bir qrup şəxsi medal və fəxri adlarla təltif etməsi oldu. Yüksək dövlət mükafatlarına layiq görülənlərin bir neçəsi ilə görüşüb həmsöhbət olduq.
Asim Yadigar – “Tərəqqi” medalının təltifçisi, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri:
– Ümummilli lider Heydər Əliyev Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafında misilsiz xidmətlər göstərən dahi şəxsiyyət kimi həmişə yaradıcı insanlara yüksək qiymət verir, onların əməyini həmişə yüksək dəyərləndirirdi. Ulu öndər dönə-dönə qeyd edirdi ki, hər bir milləti dünyada tanıdan onun ədəbiyyatıdır, mədəniyyətidir, görkəmli ədəbiyyat və mədəniyyət xadimləridir.
Ulu öndərin sənət adamlarına qayğı missiyasını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün uğurla həyata keçirməkdədir. Mənim “Tərəqqi” medalına layiq görülməyim, ilk növbədə, muxtar respublikamızda söz adamlarına, yaradıcı insanlara diqqət və qayğının bariz ifadəsidir. Bu gün muxtar respublikamızda yaşayıb-yaradan şair və yazıçılarımızın əksəriyyəti müxtəlif fəxri adlar daşıyır, orden və medallarla təltif olunublar. Mən də diqqət və qayğı ilə əhatə olunmuşam. Bu il yanvar ayının 31-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında 60 illik yubileyimin keçirilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif olunmağım məni daha yaxşı işləməyə, yazıb-yaratmağa səsləyir.
Biz Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə çox böyük uğurların əldə olunmasının şahidləriyik. Biz qədim diyarımızın 90-cı illərin əvvəllərindəki ağır, çətin günlərinin şahidi olan insanlarıq. Bu gün isə bizim gözümüz qarşısında muxtariyyət qazanmasının 90 illiyini qeyd etdiyimiz muxtar respublikamızın hər bir kəndi, rayon mərkəzi öz simasını tamamilə dəyişir. Ən ucqar dağ kəndlərimizdə belə, kənd mərkəzləri, yeni məktəb binaları tikilir, abad, geniş yollar çəkilir, qədim diyarımıza təzə naxışlar vurulur. Naxçıvanımız səliqə-sahmanı, gözəlliyi ilə bu yurda qonaq gələn hər bir insanı heyran edir. Biz yaradıcı ziyalılar bunu çox gözəl görür, əsərlərimizdə doğma torpağımızı, onun gündən-günə dəyişilən simasını böyük ilhamla tərənnüm etməyə çalışırıq. Mən kiçik yaradıcı əməyimə verilən yüksək qiymətə, dəyərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığımı bildirirəm. Çalışacağam ki, bundan sonra da öz yaradıcılığımla doğma Azərbaycanımıza, onun ayrılmaz bir parçası olan Naxçıvan Muxtar Respublikasına xidmət edim.
Vəli BAXŞƏLİYEV – “Tərəqqi” medalının təltifçisi, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru:
– Hələ uşaqlıq illərindən elm aləminin sehrli dünyası məni özünə çəkirdi. Tariximizi obyektiv faktlar əsasında araşdırmaq istəyi məni Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun aspiranturasına qədər aparıb çıxardı. İlk elmi fəaliyyətim də elə bu elm məbədindən başladı. 36 illik əmək fəaliyyətimin bütün illəri Azərbaycan Milli Elmlər Akademiyası ilə, Naxçıvanın qədim tarixinin tədqiqi ilə bağlı olub. Sovet dövründə milli tariximizin yazılması o qədər də asan deyildi. Bir tərəfdən abidələrimizin tədqiqi, digər tərəfdən isə bədxah qonşularımız olan erməniləri himayə edən hind-avropaçılıq nəzəriyyəsinə qarşı durmaq zərurəti ortaya çıxmışdı. Azərbaycan xalqı öz müstəqilliyinə qovuşduqdan sonra Naxçıvana ermənilərin ərazi iddiaları, tariximizə və abidələrimizə qarşı hücumları daha da artdı. Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan və onun yenilməz əhalisi tarixin dönüş nöqtələrində öz müstəqilliyini qorumaq üçün yurdumuzun şəhid qanı hopan torpaqlarına göz dikənlərə qarşı əzmlə mübarizə aparmış, tarixin sınaqlarından zəfərlə çıxmışdır. Yurdumuzun torpağına və daşına hopan bu mübarizlik bizə qədim zamanlardan miras qalmışdır. Hələ e.ə. VIII-VII əsrlərdə soydaşlarımız qədim dünyanı lərzəyə salan Urartu hücumlarına sinə gərmiş, onları torpaqlarımızdan uzaqlaşdırmışlar. Tarixi qəhrəmanlıq səhifələri ilə dolu olan bir xalqın tarixini araşdırmaq bizim üçün şərəf və qürur işinə çevrilmişdir.
Muxtar respublikamızın mübarizələrlə zəngin olan muxtariyyət tarixindən 90 il keçir. Naxçıvan Muxtar Respublikasının bu gözəl və iftixarlı günlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvanın bir sıra ziyalıları kimi, mənim də əməyimi qiymətləndirməsindən, “Tərəqqi” medalı ilə təltif olunmağımdan qürur duyur, dövlət rəhbərimizə minnətdarlığımı bildirirəm. Heydər Əliyev irsinin layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın sosial-iqtisadi inkişafı və çiçəklənməsi naminə öz bilik və bacarığımı heç vaxt əsirgəməyəcəyəm.
Tamilla BAYRAMOVA – Azərbaycan Respublikasının əməkdar həkimi, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının həkimi:
– Bu gün tibbi xidmətin keyfiyyətcə müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı qorunması məsələləri dövlətin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutur. Uzun illərdir ki, səhiyyə sahəsində çalışdığım üçün müqayisə aparmaq imkanım var. Bu səbəbdən də tam səmimiyyətlə deyə bilərəm ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir. Ona görə də qazanılan uğurlar getdikcə artır. Bu uğurlar isə əhalinin sağlamlığına göstərilən dövlət qayğısının bariz nümunəsi kimi insanlar tərəfindən yüksək dəyərləndirilir. Prezident cənab İlham Əliyevin “Dövlətin kifayət qədər imkanı var ki, bu sahəyə vəsait ayırsın və bütün xəstəxanaları lazım olan avadanlıqlarla, tibbi ləvazimatla, hər şeylə təmin edə bilək. Bu sahə həmişə, bundan sonrakı illərdə də prioritet sahə olacaqdır” sözləri isə bir daha sübut edir ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın inkişafına yönəlmiş siyasəti bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirilir.
Ulu öndərin səhiyyə sisteminin inkişafı istiqamətində müəyyənləşdirdiyi vəzifələr bu gün muxtar respublikamızda da uğurla yerinə yetirilir. Son illərdə Naxçıvan səhiyyəsində misilsiz işlər görülmüş, mühüm tədbirlər həyata keçirilmişdir. Ucqar dağ kəndlərində belə, bu gün müasir həkim ambulatoriyaları, feldşer-mama məntəqələri fəaliyyət göstərir. Muxtar respublikanın rayonlarında müasir tələblərə cavab verən mərkəzi xəstəxana binalarının tikintisi başa çatdırılmışdır. Dövlət başçısının iştirakı ilə Kəngərli Rayon Mərkəzi Xəstəxanasının istifadəyə verilməsindən sonra muxtar respublikamızın rayon mərkəzlərində müasir tələblərə cavab verməyən xəstəxana binası qalmayıb. Təbii ki, bütün bunlar muxtar respublikada əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyətini də yaxşılaşdırmağa imkan verir. Bunun nəticəsidir ki, muxtar respublika əhalisinin Naxçıvandan kənarda müayinə və müalicə olunmalarına ehtiyac qalmamışdır. Bu, bir həkim kimi məni də ürəkdən sevindirir. Həm də ona görə sevinirəm ki, dövlətimiz tərəfindən fəxri ada layiq görülmüşəm. Muxtar respublikamızın yaradılmasının 90 illiyinin qeyd olunduğu bu ərəfədə belə yüksək ada layiq görülməyim sevincimin üstünə daha bir sevinc əlavə edib. Bunu həm də Naxçıvan səhiyyəsinə verilən yüksək qiymət hesab edirəm. Sevinirəm ki, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyini əldə olunan yüksək nailiyyətlər, həyata keçirilən çoxşaxəli quruculuq işləri ilə qarşılayırıq. Əməyimin dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsinə, mənə göstərilən bu diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlığımı bildirirəm. Əmin edirəm ki, göstərilən bu etimadı doğruldacaq, verilən yüksək qiymətə bundan sonrakı fəaliyyətimlə cavab verəcəyəm.
Nəzakət ƏSƏDOVA – Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin direktoru:
– Mənə “Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi” fəxri adının verildiyi günü həyatımın, əmək fəaliyyətimin ən uğurlu zirvəsi, taleyimin ən xoşbəxt səhifəsi hesab edirəm.
Hələ ötən əsrin 70-ci illərindən etibarən ümummilli liderimiz Heydər Əliyevin yürütdüyü mədəni inkişaf siyasətinin nəticəsi idi ki, Azərbaycanda muzey şəbəkəsinin əsası qoyuldu. Azərbaycan tarixinin, milli-mədəni irsinin öyrənilməsi, tarixi eksponatların muzey vasitəsilə təbliği və nümayişi işinin təşkili istiqamətində ulu öndərin gördüyü işlərin, verdiyi tövsiyə və tapşırıqların davamı olaraq, bu gün respublika Prezidentinin qərar və sərəncamları əsasında Azərbaycanda muzeylərin inkişafı istiqamətində irimiqyaslı tədbirlər həyata keçirilir. Muxtar respublikamızda da muzeylərin bərpası, yenidən qurulması, yeni muzeylərin təşkili istiqamətində mühüm tədbirlər görülür.
1985-ci ildən sevə-sevə muxtar respublikada muzey işinin inkişafına sərf etdiyim əməyimin yüksək qiymətləndirilməsi mənim həyatıma böyük sevinc, fərəh hissi bəxş etdi.
Mənə “Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsinə görə ölkə Prezidentinə minnətdarlığımı bildirir, muzey işinin inkişafına var qüvvəmlə xidmət edəcəyimə söz verirəm.
Şölə ƏLİYEVA – Azərbaycan Respublikasının əməkdar jurnalisti, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşı:
– Şahidi və iştirakçısı olduğumuz bu tarixi günlər qəlbimizi iftixar hissi ilə döyündürür. Ölkə rəhbərinin müəyyənləşdirdiyi xətlə öz parlaq sabahlarına doğru inamla irəliləyən Vətənimiz intibah dövrünü yaşayır. Bütün sahələrdə qazanılan parlaq uğurlar Vətən tarixinin yeni bir mərhələsini müəyyənləşdirir. Bu mərhələ yer üzünün bütün azərbaycanlılarına səadət, bəxtəvərlik bəxş edir.
İnsanlara məhəbbət, həssas münasibət, hər kəsin qayğısına qalmaq yürüdülən siyasətin mühüm tərkib hissəsidir. Biz hər addımda bu tükənməz qayğını hiss edir, sonsuz minnətdarlıq duyğularımızı fəaliyyətimizlə ifadə etməyə çalışırıq.
Mənə “Azərbaycan Respublikasının əməkdar jurnalisti” kimi yüksək fəxri adın verilməsini bütün qələm dostlarımın əməyinin dəyərləndirilməsi kimi qəbul edir, sevincimi bölüşürəm. Bu ad sadə jurnalist əməyinə verilən ən yüksək mükafatdır.
Biz jurnalistlər həm də ona görə xoşbəxtik ki, bu tarixi günlərin xronikasını yazmaq, telesalnaməsini yaratmaq kimi çox müqəddəs bir vəzifənin icraçılarıyıq. Bu sahədə qarşımıza qoyulan vəzifələri layiqincə yerinə yetirmək bizim vətəndaşlıq borcumuzdur, həyatımızın mənasıdır.
Muxtar respublikamız özünün 90 illik yubileyinin bayram sevincini yaşayır. Bayram sevinci ilə qələmə alınmış hər bir yazı jurnalistlərimizin Vətən sevgisinin parlaq təzahürü, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin daimi qayğısına minnətdarlıq duyğularının ifadəsidir.
Əməyimizə verilən yüksək qiymət bizi ikiqat məsuliyyətlə fəaliyyət göstərməyə ruhlandırır, fəal mövqe nümayiş etdirməyə, publisistik sözün qüdrəti ilə qarşımıza qoyulan vəzifələri layiqincə yerinə yetirməyə səfərbər edir.
Hazırladı: Sara ƏZİMOVA