22 Dekabr 2024, Bazar

Prezident İlham Əliyevin bu qədim torpağa növbəti səfəri də tarixi hadisəyə çevrildi

Naxçıvan muxtariyyət tarixinin doxsanıncı ilini yaşayır. Bu doxsan illik müddət 5000 illik şəhər mədəniyyəti tarixinə malik olan Naxçıvanın bütün tarixi kimi kəşməkəşli, enişli-yoxuşlu olmuşdur. Qədim diyarın çoxəsrlik tarixində üç böyük intibah dövrünü fərqləndirmək mümkündür: eramızdan əvvəl IX-VII əsrlər Naxçıvan tarixinin birinci intibah dövrü, eramızın XII əsri Naxçıvan tarixinin ikinci intibah dövrü, XX əsrin sonu, XXI əsrin əvvəlləri isə bu qədim yurdun tarixinin üçüncü intibah dövrüdür.
Hər üç intibah dövrü üçün xarakterik olan əsas cəhət ondan ibarətdir ki, göstərilən dövrlərin hər birində Naxçıvanın tərəqqisi və inkişafı, birbaşa olaraq, Azərbaycan ərazisində formalaşmış müstəqil dövlətin mövcudluğu ilə əlaqədar olmuşdur.

Bu gün müstəqil Azərbaycan dövləti öz qüdrətinin zirvəsini yaşamaqdadır. Əgər Azərbaycanın dünyada müstəqil ölkə kimi özünütəsdiq mərhələsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdırsa, Azərbaycanın dünyada gedən proseslərdə həlledici rol əldə etməsi, özünü bütün dünyada etibarlı tərəfdaş kimi təsdiq etməsi ölkə Prezidenti cənab İlham Əliyevin yorulmaz fəaliyyəti ilə bağlıdır. Təbii ki, ikinci mərhələ birincinin davamı olmaqla qurulmuş möhkəm əsaslar üzərində inkişaf etməkdədir. Əgər birinci mərhələ ölkənin böhrandan çıxarılması mərhələsi kimi səciyyələnirsə, bu gün yaşamaqda olduğumuz ikinci mərhələ isə Azərbaycanın kompleks inkişafının, bütün regionların yüksək iqtisadi inkişafının təmin edilməsi mərhələsidir. Naxçıvan Muxtar Respublikası ölkəmizdə aparılan quruculuq, iqtisadi inkişaf və tərəqqi proseslərinin önündə getməklə ümummilli intibahda lokomotiv rolunu qoruyub saxlamaqdadır.

Blokada şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, Naxçıvanın ümumi inkişaf proseslərinin ön sıralarında olması ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanın bu ayrılmaz tərkib hissəsinə xüsusi diqqət və qayğısından, muxtar respublika rəhbərinin ümummilli lider Heydər Əliyev yoluna, ideyalarına sadiqliyindən, naxçıvanlıların böyük Vətən sevgisindən qaynaqlanır.
Ölkə başçısı cənab İlham Əliyev ötən 10 illik prezidentlik müddəti dövründə Naxçıvana 11 dəfə səfər etmiş, bu səfərlər zamanı 70-dən çox obyekt istifadəyə verilmişdir.
Dövlət başçısının Naxçıvana səfərləri zamanı istifadəyə verilən obyektlərin hər biri Naxçıvanın inkişafı istiqamətində bir istiqamətverici məqam olmuşdur. Məsələn, 2004-cü il may ayının 12-də Naxçıvana səfər edən ölkə başçısının tamamilə yenidən qurulmuş Naxçıvan Beynəlxalq Hava Limanının açılışını etməsi, bu hava limanına açılışdan bir ay öncə, aprel ayında beynəlxalq status verilməsi həm də Naxçıvanın blokada vəziyyəti ilə bağlı beynəlxalq aləmə verilən bir mesaj idi. Bununla cənab Prezident Naxçıvanın Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu diqqətə çatdırmışdı. Daha sonra ölkə başçısı cənab İlham Əliyev “N” hərbi hissədə yeni korpusun açılışını etmiş, Naxçıvanın təkcə nəqliyyat infrastrukturu və iqtisadi baxımından deyil, həm də hərbi müdafiə qabiliyyətinin möhkəmləndirilməsi baxımından gücləndirildiyini nümayiş etdirmişdi. Bu səfər həm də Naxçıvan Muxtar Respublika Xəstəxanasında kompüter tomoqrafiyası kabinetinin, Naxçıvan Dövlət Universitetinin yeni kitabxana binasının, AMEA Naxçıvan Bölməsinin yeni korpusunun, Yeyinti Sənaye Kompleksinin, Əlillərin Bərpa Mərkəzinin açılışı ilə yaddaqalan olmuşdu.
Ölkəmizin gələcəyi müdafiə qabiliyyətinin möhkəmləndirilməsi ilə yanaşı, təhsildən və elmdən, gənc nəslin sağlam və bilikli böyüməsindən əhəmiyyətli dərəcədə asılıdır. Cənab Prezidentin 2 sentyabr 2004-cü il tarixdə muxtar respublikaya səfərinin baş ideyasını məhz bu prioritetin reallığa çevrilməsi təşkil etmişdir. Belə ki, bu səfər zamanı ölkə rəhbəri Heydər Əliyev adına tam orta məktəbin, Mülki Müdafiə Mərkəzinin və Naxçıvan Üzgüçülük Mərkəzinin açılışını etmişdi.
Prezidentin 2005-ci ilin dekabr ayındakı səfəri zamanı isə Şahbuz rayonunun Ayrınc kəndində tam orta məktəb binası istifadəyə verilmiş, Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzinin və Kitab evinin açılışı olmuşdu.
Naxçıvanın əsas təhlükəsizlik məsələlərindən biri olan enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər də məhz ötən on il ərzində öz bəhrələrini vermişdir. Təkcə cənab Prezidentin 2006-cı ilin dekabr ayında Naxçıvan Muxtar Respublikasına səfəri zamanı bu profilli iki irimiqyaslı obyektin – Modul Tipli Elektrik Stansiyası və Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasının açılışı olmuşdur. Sonrakı dövrdə Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə Su Elektrik Stansiyasının və Ordubad rayonunda maksimal gücü 22 meqavat olan Biləv Su Elektrik Stansiyasının istifadəyə verilməsi və həyata keçirilən digər işlər sayəsində Naxçıvan Muxtar Respublikası elektrik enerjisi alan regiondan elektrik enerjisi ixrac edən regiona çevrilmişdir.
2006-cı ildəki səfər zamanı ölkə başçısı həmçinin Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin, 7 nömrəli tam orta məktəbin, “Cahan Holdinq” Şirkətlər Qrupunun yeni istehsal sahələrinin, Ordubad internat məktəbi kompleksinin açılış mərasimlərində də iştirak etmişdi.
Təbii ki, istənilən ölkənin, regionun inkişafı digər ölkələrlə iqtisadi əlaqələr olmadan qeyri-mümkündür. Azərbaycanın müəyyən edilmiş vahid xarici siyasət konsepsiyasına uyğun olaraq, muxtar respublikanın qonşu dövlətlər və həmsərhəd regionlarla əlaqələri də ötən on il ərzində böyük bir inkişaf yolu keçmişdir. Prezidentin 2007-ci il səfərinin ən yaddaqalan məqamlarından biri Azərbaycanla İran arasında Şahtaxtı-Poldəşt keçid məntəqəsinin açılışı olmuşdur. Bu səfər zamanı Naxçıvan Dövlət Universitetinin Konservatoriya binasının və Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəbin açılışı olmuş, Şərur Rayon Mərkəzi Xəstəxanası istifadəyə verilmişdir.
Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanın vahid xarici siyasət konsepsiyasına uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının da qonşu ölkələrlə mədəni-humanitar və iqtisadi sahələrdə əlaqələrinin inkişaf etdirilməsi xüsusi önəm kəsb edir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin yaradılması məhz bu məqsədə xidmət edir. Dövlət başçısının 2008-ci ilin iyun səfəri zamanı Culfa Rayon Mərkəzi Xəstəxanası, Naxçıvan Əyləncə Mərkəzi, Naxçıvan Tibb Məktəbinin yenidən qurulmuş binası, Şahbuz rayonunda hərbçilər üçün yaşayış binası ilə yanaşı, Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin yeni binası da istifadəyə verilmişdir. Bu səfər “Duzdağ” Fizioterapiya Mərkəzinin açılış mərasimi ilə də yaddaqalan olmuş, mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə yanaşı, Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğan da iştirak etmişdi.
Ölkə başçısının 2009-cu ildəki səfəri zamanı Heydər Əliyev Sarayı, Badamlı Mineral Sular Zavodu, Naxçıvan şəhərindəki Şahmat Mərkəzi, Doğum Mərkəzi, Naxçıvan-Sədərək magistral avtomobil yolunun bir hissəsi, Şərur Olimpiya-İdman Kompleksi, Şahbuz Rayon Mərkəzi Xəstəxanası kimi çoxsaylı obyektlərin açılış mərasimləri olmuşdur.
Kəngərli rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsinin, Şərur rayon Yengicə kənd tam orta məktəbinin yeni binasının, Naxçıvan-Sədərək magistral yolunun, Şərur rayonunun Maxta kənd tam orta məktəbinin, Sədərək Rayon Mərkəzi Xəstəxanasının, 2 nömrəli Sədərək kənd tam orta məktəbin, Sədərək rayonunda yeni salınan Heydərabad qəsəbəsinin, Ordubad rayonundakı Biləv Su Elektrik Stansiyasının, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin, “Gəmiqaya” Daş Məhsulları Kompleksinin, Naxçıvan şəhərini içməli su ilə təmin edəcək su təchizatı sistemlərinin birləşdiyi paylayıcı qurğunun istifadəyə verilməsi mərasimlərində dövlət başçısı 2010-cu ilin oktyabr ayındakı səfəri zamanı iştirak etmişdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muxtar respublikamıza 2012-ci ilin may ayındakı səfəri də çoxsaylı obyektlərin açılışı ilə yaddaqalan olmuş, Prezident Vətən sevgisi üzərində ucaldılan Naxçıvanın tərəqqisinin və intibahının səbəbini öz müdrik nitqi ilə belə açıqlamışdı: “Bütün bu işlər onu göstərir ki, bu işləri görən insanlar doğma xalqına, doğma diyarına qəlbən bağlıdırlar. Əsas məsələ Vətən sevgisidir. İqtisadi imkanlar böyük də ola bilər, o qədər böyük olmaya da bilər. Amma əgər Vətən sevgisi varsa, məhdud iqtisadi imkanlarla da çox iş görmək olar. Mən çox şadam ki, naxçıvanlıların Vətənə bağlılığı həmişə olduğu kimi, çox yüksək səviyyədədir”.
Bəli, məhz yuxarıda sadalanan xüsusiyyətlər inkişafın Naxçıvan modelinin və ya Naxçıvan möcüzəsinin əsas səbəbi olmuşdur. Bu modelin əsas uğuru blokada şəraitində, ölkənin əsas ərazisi ilə birbaşa əlaqənin olmadığı şəraitdə belə, inkişafı təmin etməsində, eyni zamanda inkişafın sistemli xarakter daşımasında və sürətli təkamül yolu ilə getməsindədir. Blokada şəraitində – iqtisadi və nəqliyyat əlaqələrinin məhdud olduğu şəraitdə yüksək iqtisadi fəallığa nail olunması, istehsal potensialının hərəkətə gətirilməsi, davamlı quruculuq işləri, sosial problemlərin səmərəli həlli və ən əsası əhalinin güzəranının yaxşılaşdırılması inkişafın Naxçıvan modelinin xarakterik xüsusiyyətləridir. Bütün bunlar – iqtisadi sahə ilə yanaşı, ictimai həyatın bütün sahələrində gedən kompleks inkişaf prosesləri tariximizin ən yeni dövrünü məhz Naxçıvan tarixinin üçüncü intibah dövrü adlandırmağımıza imkan verir.
Ən nəhayət, cənab Prezidentin bu il aprelin 7-8-də Naxçıvana səfəri. Bu səfər Naxçıvanda təkcə yeni obyektlərin açılışı ilə deyil, həm də muxtariyyətin 90 illik yubileyi ilə əlamətdar oldu. Bu səfər çərçivəsində cənab Prezidentin açılışını etdiyi bütün obyektlərin – Naxçıvan Beynəlxalq Hava Limanının yeni inzibati binası, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Gənclər Mərkəzi, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun yeni inzibati binası, Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolu, Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Kəngərli Rayon Mərkəzi Xəstəxanası, “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyaları və digər obyektlərin hər biri Naxçıvanın muxtariyyətinin 90 illik yubileyinə dəyərli töhfələr və Azərbaycan dövlətinin naxçıvanlılara dəyərli hədiyyələri idi.
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqini isə muxtar respublikanın son illərdə qazandığı uğurlara, nailiyyətlərə dövlət başçısının strateji qiyməti hesab etmək olar.
Təntənəli mərasimin videoyazısını izləyərkən bir neçə məqam xüsusilə diqqətimi çəkdi. İlk növbədə, muxtariyyətin əldə edilməsində, qorunub saxlanılmasında olduğu kimi, Naxçıvan Muxtar Respublikasının müasir inkişafının da Naxçıvan insanının fövqəladə əzminin nəticəsi olduğunu ölkə başçısı xüsusi vurğuladı və bu münasibətlə naxçıvanlıları təbrik etdi. Prezident dedi: “Naxçıvan sürətlə inkişaf edir. Naxçıvanda bütün məsələlər uğurla icra edilir. Bu səfər mənim Naxçıvana son 10 il ərzində 11-ci səfərimdir. Demək olar ki, hər il Naxçıvana gəlirəm, burada gedən inkişafla tanış oluram və çox sevinirəm. Sevinirəm ki, bu gün Naxçıvan çiçəklənən bir diyardır.
Dünən son bir il ərzində Naxçıvanda görülən işlərlə bir daha tanış olarkən gördüm ki, nə qədər böyük işlər görülür, Naxçıvan rəhbərliyi muxtar respublikanın inkişafı üçün nə qədər böyük sevgi ilə, diqqətlə səylər göstərir. Bütün bu uğurlar münasibətilə naxçıvanlıları ürəkdən təbrik edirəm”.  
Dövlət başçısı Naxçıvan ordusu haqqında danışdı və torpaqlarımızın işğal faktorunun bu sahənin xüsusi diqqətdə saxlanılmasını şərtləndirdiyini qeyd etdi: “Naxçıvanın hərbi potensialı elə olmalıdır ki, istənilən təcavüzə tutarlı, layiqli cavab verə bilsin. Bu gün bu artıq reallıqdır. Gələcək illərdə görüləcək əlavə tədbirlər hesabına biz Naxçıvanda daha da böyük hərbi potensial yaradacağıq. Buna imkan vardır. Azərbaycan dövləti zəngin dövlətdir. Bildiyiniz kimi, bizim dövlət büdcəmizin əsas xərcləri hərbi məqsədlər üçün nəzərdə tutulur. Nə qədər ki torpaqlarımız işğal altındadır, bu, belə də olmalıdır”.
Naxçıvanın enerji və ərzaq təhlükəsizliyinin təmin olunmasından da qürurla danışan dövlət başçısı bütün qazanılan uğurların məhz ulu öndər Heydər Əliyevin tapşırıqlarının şərəflə yerinə yetirilməsinin nəticəsi olduğunu dedi: “Yəni aparılan islahatlar, düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik bizim uğurlarımızı şərtləndirir. Son 10 ilin inkişafı onu göstərir ki, biz, ulu öndərin davamçıları onun bütün tapşı­rıqlarını şərəflə yerinə yetirmişik”.

P.S. Bəli, bu gün ulu öndərin layiqli davamçıları onun ideyalarını ləyaqətlə gerçəkləşdiriblər. Ulu öndər Heydər Əliyevin haqlı mövqeyi, haqlı Azərbaycan mübarizəsi ölkəmizi çiçəklənmə yoluna çıxarmışdır. XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində ümummilli lider Heydər Əliyevə qarşı aparılan böhtan kampaniyalarını, parlament və hökumətdə bəzi “siyasət”çilərin ŞƏXSİYYƏTƏ qarşı qısqanclığını, onu mərkəzdən – Bakıdan və mərkəzi proseslərdən uzaqlaşdırmaq, başqa sözlə desək, onu ətrafın, xalqın gözündən gizlətmək cəhdlərini xatırlayanda bir daha əmin olursan ki, haqq-ədalət bir gün mütləq qalib gəlir. Günəşin işığının qarşısını heç nə ilə kəsmək olmur. Haqq işi uğrunda, ədalət uğrunda mübarizə aparan fenomenal istedadlı, siyasi mənafelərə deyil, dövlət mənafelərinə xidmət edən ŞƏXSİYYƏTin qarşısını cılız şəxsi mənafeyini düşünən ünsürlər kəsə bilməz. Və tarixin ən böyük həqiqəti ondan ibarətdir ki, bir gün hər kəs mütləq həqiqəti, onun qələbəsini alqışlayır. Cənab Prezidentin çıxışı zaman bütün zal boyu səslənən sürəkli alqışlar da məhz bunu ifadə edirdi.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR