Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 10 aprel – İnşaatçılar Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə komitənin sədri Cəfər Muxtarov açaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli Sərəncamına əsasən, hər il aprelin 10-u ölkəmizdə “İnşaatçılar Günü” kimi qeyd olunur.
Ölkəmizin bütün bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da geniş abadlıq-quruculuq işləri aparılır. 1995-ci ildən ötən dövrdə inşaat sektorunda fəaliyyət göstərən dövlət təşkilatlarına və özəl şirkətlərə maliyyə dəstəyi xeyli artırılmış, uzun illər bu sahədə çalışmış, peşəkarlıq qazanmış inşaatçıları öz ətrafında birləşdirən tikinti təşkilatları böyük qurucu qüvvəyə çevrilmiş, onlar muxtar respublikanın sosial-iqtisadi inkişafında, investisiya layihələrinin reallaşmasında, məşğulluq problemlərinin həllində önəmli rol oynamağa başlamışlar. Qabaqcıl dünya təcrübəsini və inşaat texnologiyalarını mənimsəyən tikinti sektoru muxtar respublikaya sürətli quruculuq, səmərəli podratçılıq, yüksək keyfiyyət və müasir dizayn gətirmişdir.
Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə yeni istehsal sahələrinin və sosial infrastrukturun yaradılmasında, qədim və köhnə tikililərin təmir olunmasında, zəruri kommunikasiyaların yenilənməsində inşaatçıların müstəsna xidməti vardır.
Bildirilmişdir ki, artıq öz işinin ustası olan Naxçıvan inşaatçıları bu gün öhdələrinə götürdükləri işi qısa müddətdə və yüksək keyfiyyətlə başa çatdırır, verilən tapşırıqları vaxtında və böyük ustalıqla yerinə yetirirlər. Bu bir faktdır ki, son 18 il ərzində muxtar respublikanın hər yerində, hətta ən ucqar kəndlərində belə, aparılan geniş tikinti-quruculuq, abadlaşdırma işləri, yolların və körpülərin tikintisi onun simasını gözəlləşdirməklə yanaşı, həm də doğma diyarın müasir inkişaf reallıqlarına çevrilmişdir. Təkcə 2013-cü ilin göstəricilərinə diqqət yetirsək, görərik ki, muxtar respublikada bu istiqamətdə görülən işlərin həcmi ilə yanaşı, coğrafiyası da xeyli genişdir. Muxtar respublikada həyata keçirilən tikinti işləri təsərrüfat həyatının bütün sahələrini əhatə edir. Hər il yeni istehsal müəssisələri, təhsil, səhiyyə, mədəniyyət ocaqları üçün müasir binalar, hərbi təyinatlı obyektlər tikilib istifadəyə verilir. Kənd və qəsəbələrin tərəqqisi, bu yaşayış məntəqələrində mərkəzdə olanlardan heç nə ilə fərqlənməyən infrastrukturun yaradılması əhaliyə göstərilən xidmətin səviyyəsini yüksəltmişdir.
Sonra komitənin Culfa Rayon İdarəsinin sahə rəisi İbrahim Hüseynovun, komitənin baş məsləhətçisi Ruslan Kəngərlinin çıxışları olmuşdur.
Sonda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunan bir qrup komitə işçisinə nişanlar təqdim edilmişdir.
Xəbərlər şöbəsi