Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erlinq Şönsberq Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olmuş, universitetin maddi-texniki bazası, buradakı tədris prosesi, həmçinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində fəaliyyət göstərən Cənubi Koreya Mədəniyyət və Dil Tədrisi mərkəzləri, Diplomatiya kabinəsi, Tərcümə-Tədris Mərkəzi ilə tanış olmuşdur.
Universitetin rektoru, professor Saleh Məhərrəmov bildirmişdir ki, dünya təhsilinə inteqrasiya yolu tutan universitetin beynəlxalq əlaqələri günbəgün genişlənməkdədir.
Dünyanın tanınmış 80 ali məktəbi ilə beynəlxalq əməkdaşlığa malik olan bu ali məktəbdə 5000-dən yuxarı tələbə, o cümlədən 12 ölkənin 300 nəfərdən çox vətəndaşı ali təhsil alır. Universitet bir çox beynəlxalq layihədə uğurla təmsil olunur. Tələbə mobilliyinin artırılması nəticəsində universitetin bakalavr və doktorantları öz təhsillərini müxtəlif ölkələrdə davam etdirirlər.
Səfir Erlinq Şönsberq ölkələrarası münasibətlərin möhkəmlənməsində elm, təhsil sahəsində əməkdaşlığın mühüm rol oynadığını vurğulamış, muxtar respublika haqqında yüksək təəssüratlarını bölüşmüşdür. Gələcək tərəfdaşlıq məsələlərinin müzakirəsi zamanı universitetlərarası əməkdaşlığın genişləndirilməsində birgə layihələrin əhəmiyyəti önə çəkilmiş, norveçli diplomat bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirmişdir.
Tələbələrlə görüş zamanı səfir Erlinq Şönsberqin öz ölkəsinin təhsil sistemi ilə bağlı məruzəsi dinlənilmiş, tələbələrin sualları cavablandırılmışdır.
Səfir muxtar respublikaya səfəri çərçivəsində Naxçıvanın tarixi abidələri, gəzməli-görməli yerləri, mədəniyyət və istehsal müəssisələri ilə tanış olmuşdur.
Xəbərlər şöbəsi