Bir neçə gündür ki, doğma diyarımızın sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya səfərinin təəssüratları ilə yaşamaqdadırlar. Azərbaycan Prezidentinin regionumuza budəfəki səfəri də tariximizə yeni səhifələr yazdı. Ənənəvi olaraq, ölkə başçısı yenə də bir neçə obyektin açılışında iştirak etdi. Cənab Prezident muxtar respublikada görülən işlərə yüksək qiymət verərək dedi: “Naxçıvan gözəlləşir, abadlaşır, gözəl, müasir şəhərə çevrilir. Nəinki Naxçıvan şəhəri, digər şəhərlər də. Bütün rayon mərkəzlərində artıq müasir tibb məntəqələri vardır. Naxçıvanda ən böyük mərkəzi xəstəxana tikilir. Ondan əvvəlki dövrlərdə diaqnostika mərkəzi, Doğum Mərkəzi tikilmişdir. Yəni görülən bütün işləri sadalamaq üçün çox vaxt lazım olacaqdır, siz naxçıvanlılar bunları yaxşı bilirsiniz. Sadəcə olaraq, mən öz təəssüratlarımı, öz sevincimi ifadə etmək istəyirəm ki, bu gün Naxçıvan, sözün əsl mənasında, inamla, uğurla inkişaf edir. Sizə, naxçıvanlılara gələcək işlərdə də yeni uğurlar arzulayıram”.
Naxçıvan sakinlərinin bir neçəsi dövlət başçısının muxtar respublikamıza səfərinin xoş təəssüratlarını bizimlə bölüşdü.
Oruc HƏSƏNLİ – Naxçıvan Müəllimlər İnstitutunun rektoru, Əməkdar elm xadimi:
– Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinin keçirilməsi həyatımızda tarixi hadisələrdən biridir. 90 il əvvəl Naxçıvanın muxtariyyət əldə etməsi naxçıvanlıların taleyində çox böyük rol oynamışdır. Ötən illər ərzində doğma Naxçıvanımız böyük bir inkişaf yolu keçmişdir. İlk yüksəliş dövrünü ulu öndərimiz Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə yaşayan Naxçıvanımız müstəqillik illərində daha da inkişaf etməyə başlamışdır. Bu gün elm, təhsil, səhiyyə, mədəniyyət və iqtisadiyyat sahələrində böyük uğurlar qazanan Naxçıvan Muxtar Respublikası quruculuq sahəsində də şərəfli günlərini yaşayır.
8 aprel 2014-cü il tarixdə Prezident cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illik yubiley tədbirindəki çıxışı, bir çox əmək və elm adamlarına fəxri adları təqdim etməsi böyük sevinclə qarşılandı. Bu sevincdən mənə də böyük pay düşdü. “Əməkdar elm xadimi” kimi yüksək ada layiq görülməyim həyatımın ən xoşbəxt günlərini mənə yaşatdı. Buna görə də ölkə başçısı cənab İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm.
Bu adı təkcə mənə deyil, Naxçıvan Müəllimlər İnstitutunun kollektivinə verilən yüksək ad kimi qəbul edirəm və demək istəyirəm ki, kollektivimizlə birgə gələcəyin əsl qurucularını yetişdirməyi qarşımıza məqsəd qoymuşuq.
Hüseyn HƏŞİMLİ – filologiya elmləri doktoru, Əməkdar elm xadimi:
– Muxtar respublikamızın əsl yüksəlişi ulu öndər Heydər Əliyevin adı və siyasi kursu ilə bağlıdır. Ümummilli liderimiz siyasi fəaliyyətinin həm birinci, həm də ikinci dövründə Azərbaycanın, o cümlədən Naxçıvanın inkişafı üçün fundamental tədbirlər həyata keçirmişdır.
Muxtariyyətin 90 illik yubileyinin yüksək səviyyədə keçirilməsi də bu heyrətamiz tərəqqinin parlaq təzahürü kimi yaddaşlara yazıldı, qəlbimizi qürur və iftixar hissi ilə doldurdu. Ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilən zirvə tədbirləri doğma Naxçıvanımızın əsl intibaha qovuşduğunu, sosial, iqtisadi, siyasi və mədəni həyatın bütün sahələrində misilsiz nailiyyətlər qazandığını bir daha əyani şəkildə göstərdi. İstifadəyə verilən yollar, müasir müxtəliftəyinatlı müəssisələr, son model avtomobildən tutmuş gündəlik tələbat mallarına qədər nümayiş etdirilən çeşid-çeşid sənaye və kənd təsərrüfatı məhsulları yerli istehsalın çağdaş dünya standartları səviyyəsində qurulduğunu, Naxçıvan Muxtar Respublikasının əsl quruculuq meydanına, ideal tərəqqi məkanına çevrildiyini bir daha diqqət mərkəzinə çəkdi. Naxçıvan hazırda elə böyük inkişaf dövrünü yaşayır ki, muxtar respublikanın hər bir şəhəri, qəsəbəsi və kəndi daim yeniləşir, gözəlləşir, abadlaşır. Böyük dövlət qayğısını əhali hər gün, hər an hiss edir. Sözün əsl mənasında, Naxçıvanın inkişaf tempi də, quruculuq miqyası da dünyaya nümunədir.
Bütün bunlar isə ulu öndər Heydər Əliyev yolu ilə müzəffər yürüşünü davam etdirən müstəqil Azərbaycanın, onun ayrılmaz tərkib hissəsi olan ulu Naxçıvanın yeni yüksəlişinin, möhtəşəm inkişafının nurlu səhifələridir. Minnətdarlıqla vurğulamaq yerinə düşər ki, həyata keçirilmiş misilsiz işlərin hamısında əsas məqsəd məmləkətimizin hərtərəfli tərəqqisinə, insana qayğıya, əhalinin maddi-rifah halının, yaşayış səviyyəsinin və şəraitinin daha da yaxşılaşdırılmasına yönəlmişdir. Doğma Naxçıvanımızın bugünkü tərəqqisi həm də sabahkı yeni uğurlardan soraq verir. Belə bir diyarın sakini olmaq xoşdur, qürurvericidir. Biz fəxr edirik ki, Naxçıvanda – abad, firavan, daim yüksələn bir muxtar respublikada yaşayırıq.
Əsmər XƏLİLOVA – Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin direktoru, “Tərəqqi” medallı:
– 90 ili geridə buraxıb tarixə çevirən Naxçıvan bu gün inkişafının elə bir mərhələsini yaşayır ki, bu mərhələdə insanlar xoşbəxt və firavan həyat tərzi keçirirlər. Əlbəttə ki, ictimai-siyasi sabitlik, iqtisadi inkişaf, iş yerləri, yüksək zəhməthaqqı olan yerdə sevinc də olar, xoşbəxtlik də. Ölkə Prezidenti Naxçıvana budəfəki səfərində də yeni sosial obyektlərin açılışlarında iştirak etdi, blokada vəziyyətində yaşayan Naxçıvanın müdafiə qabiliyyəti ilə maraqlandı. Hər tədbirdə xalqla birlikdə olan ölkə Prezidentinin sevincini duymaq çətin deyildi. Sevinirdi ona görə ki, onun rəhbərlik etdiyi xalq gündən-günə firavanlığa qovuşur. Mənim üçün unudulmaz anlardan biri isə möhtərəm Prezidentimiz İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş Heydər Əliyev Sarayında keçirilən təntənəli mərasimdə iştirak etməsi və mənim də bu tədbirə dəvət almağım oldu. Ölkə başçısının çıxışı hərarətli alqışlarla qarşılandı. Yubileylə əlaqədar cəmiyyət həyatının müxtəlif sahələrində öz əməyi ilə fərqlənən bir sıra şəxslərin medal və yüksək fəxri adlarla təltif olunması da ölkə rəhbərinin naxçıvanlılara diqqət və qayğısı kimi hamını sevindirdi.
Nəcəf HƏSƏNOV – Kəngərli Rayon Mərkəzi Xəstəxanasının həkimi:
– Cənab Prezidentin muxtar respublikaya səfərinə həmişə sevinirik. Onunla hər bir görüş muxtar respublika sakinlərinin qurub-yaratmaq əzmini yüksəldir. Növbəti səfər biz kəngərlililər üçün daha yaddaqalan oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Kəngərli Rayon Mərkəzi Xəstəxanasının yenidənqurmadan sonra açılışında iştirak etdi. Bu qayğıya cavab olaraq biz də əhalinin sağlamlığı naminə bütün qüvvə və bacarığımızı səfərbər edəcəyik. Bu möhtəşəm binanı kəngərlililərə hədiyyə etdiyinə görə dövlət başçısına minnətdarıq. Qeyd edim ki, rayonumuz çox gəncdir. Ancaq buna baxmayaraq, bütün sosial problemləri həll edilib.
Zeynəb MƏMMƏDOVA – Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin müəllimi, Azərbaycan Respublikasının əməkdar müəllimi:
– Əvvəlcə onu qeyd etməliyəm ki, ümummilli lider Heydər Əliyev şəxsiyyəti olmasaydı, Naxçıvan yaşayaraq bugünkü günə gəlib çata, onun muxtariyyəti və ərazisi qorunub saxlanıla bilməzdi. Biz buna görə daim ulu öndərə borcluyuq. Ümummilli lider öz çıxışlarında deyirdi: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”. Bəli, ulu öndərimizin Azərbaycan haqqında, Naxçıvan haqqında arzuları, planları onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla reallaşdırılır. Cənab İlham Əliyev xalqın iftixarıdır. Ölkə başçısının gündəlik diqqət və qayğısı ilə əhatə olunan qədim Naxçıvan diyarında bu gün yeni bir həyat çağlayır. Muxtar respublikada aparılan irimiqyaslı quruculuq işlərini, regionun sosial-iqtisadi inkişafını daim diqqətdə saxlayan və bu işlərlə yerindəcə tanış olan cənab İlham Əliyevin Naxçıvanın kiçik problemlərinə belə, böyük həssaslıqla yanaşması hər birimizin ürəyini dağa döndərir. Cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına budəfəki səfəri də bir daha sübut etdi ki, blokada şəraitində yaşamasına baxmayaraq, sürətlə inkişaf edən Naxçıvana dövlət başçımızın diqqəti sonsuzdur. Ölkə Prezidenti cənab İlham Əliyev Naxçıvanın hazırkı tərəqqisini yüksək qiymətləndirdi, görülmüş işlərə böyük dəyər verdi: “Bu gün Naxçıvan inamla, uğurla inkişaf edir. Naxçıvanda böyük infrastruktur layihələri icra edilir. Respublika çox dinamik inkişaf dövrünü yaşayır... Naxçıvanda görülən işlər ən yüksək səviyyədədir”.
Hazırladı: Sara ƏZİMOVA