Məlum olduğu kimi, aprel ayının 8-də keçirilən Naxçıvan Muxtar Respublikasının 90 illik yubiley tədbiri ilə əlaqədar olaraq ölkəmizdə fəaliyyət göstərən müxtəlif ölkələrin səfirləri, diplomatik korpusun təmsilçiləri də muxtar respublikamıza gəlmişdilər. Müxtəlif ölkələri təmsil edən diplomatlar muxtar respublikamızın müxtəlif tarixi abidələri, muzeyləri, gəzməli-görməli yerləri ilə tanış olublar. Bəzi diplomatlar Naxçıvana 90 illik yubiley arzularını bizimlə bölüşdülər.
Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Karen Petit:
– Bu, mənim Naxçıvana ilk səfərimdir. Mən dəvətə görə çox məmnunam və minnətdaram. Bu günlər Naxçıvan Muxtar Respublikasının həyatında əlamətdar günlərdir. Naxçıvan Muxtar Respublikası 90 illik yubileyini qeyd edir. Məhz belə təntənəli günlərdə Naxçıvanda olmaq, əlbəttə ki, çox xoşdur. Mən, ilk növbədə, Naxçıvanın təbiətinə heyran oldum. Buranın həmçinin çox mehriban insanları var. Mən Naxçıvan insanlarına xoşbəxtlik, firavanlıq və sülh arzulayıram.
Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempel:
– İlk növbədə, bu mühüm gün münasibətilə Azərbaycan dövlətini, Naxçıvan əhalisini təbrik edirəm. Təqribən, 8 aydır ki, Azərbaycandayam. İlk dəfədir, Naxçıvana gəlirəm. Mən ölkənizin bir çox yerlərində olmuşam. Keçirilən təntənəli mərasimə dəvət aldığım üçün çox şadam. Bu gün Naxçıvanın həyatında xüsusi bir gündür. Biz bu gün digər ölkələrin səfirləri ilə birlikdə bir çox yerlərdə olduq. Bizim üçün çox maraqlı və zəngin bir gəzinti proqramı hazırlanıb. Naxçıvanla tanışlıq məndə çox böyük təəssürat yaratdı. Mehriban insanlar, böyük kampusa malik universitet, qədim tarixi abidələrin yüksək səviyyədə qorunub saxlanıldığı və bu tarixlə qürur duyulan məkan, çox məşhur siyasətçilərin – dünya şöhrətli Heydər Əliyevin və hazırkı Prezident İlham Əliyevin Vətəni. Naxçıvan yaddaşımda belə qalacaq.
Ümumilikdə, məndə çox xoş təəssürat yarandı. Mən bu gün münasibətilə bir daha burada yaşayan insanları təbrik edirəm. Gələcəkdə bu inkişafın və tərəqqinin davam etməsini arzulayıram.
Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qayser:
– Siz Azərbaycan və Pakistan hökumətlərinin qarşılıqlı münasibətləri və ölkəmizin mövqeyi haqqında, yəqin ki, məlumatlısınız. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın ürəyimizdə xüsusi yeri vardır. Mən səmimi qəlbdən bu yubiley münasibətilə bütün Azərbaycan xalqını və xüsusilə naxçıvanlıları təbrik edirəm.
Mən həmçinin yüksəksəviyyəli qarşılanma və mehriban münasibətdən ötrü məmnunluğumu ifadə etmək istərdim. Biz insanların bu günü necə təntənə ilə qeyd etdiklərinin və necə şad olduqlarının şahidiyik. Mən qardaş ölkə Azərbaycan və Naxçıvan Muxtar Respublikasına daha böyük inkişaf, daha böyük tərəqqi arzu edirəm. Uğurlarınızın davamlı olmasını diləyirəm.
Elnur KƏLBİZADƏ