22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli Sərəncamına əsasən, hər il aprelin 10-u ölkəmizdə “İnşaatçılar Günü” kimi qeyd olunur.
Bu gün ölkəmizdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri Azərbaycan dövlətinin iqtisadi qüdrətinin göstəricisidir. Əsası 1969-cu ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan sürətli sosial-iqtisadi inkişaf xətti istər keçmiş Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik illərində ölkəmizdə digər sahələrlə yanaşı, tikinti-quruculuq işlərinin də geniş vüsət almasına səbəb olmuşdur. Şəhər, rayon və kəndlərdə istifadəyə verilən yeni obyektlər, əhalinin rifahının yaxşılaşdırılmasına və sosial problemlərinin həllinə xidmət edən infra­struktur sahələrinin yaradılmasında tikinti-quruculuq tədbirləri prioritet məsələ olmuşdur. Son illər ölkə Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamları ilə qəbul edilən dövlət proqramlarının uğurlu icrası da iqtisadiyyatın kompleks inkişafına səbəb olmuş, tikinti işlərinin əhatə dairəsi xeyli genişlənmişdir. Bu da, nəticə etibarilə, yeni iş yerlərinin açılmasına, məşğulluq probleminin aradan qaldırılmasına və əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edir.

Ölkəmizin bütün bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da geniş abadlıq-quruculuq işləri aparılır. 1995-ci ildən ötən dövrdə inşaat sektorunda fəaliyyət göstərən dövlət təşkilatlarına və özəl şirkətlərə maliyyə dəstəyi xeyli artırılmış, uzun illər bu sahədə çalışmış, peşəkarlıq qazanmış inşaatçıları öz ətrafında birləşdirən tikinti təşkilatları böyük qurucu qüvvəyə çevrilmiş, muxtar respublikanın sosial-iqtisadi inkişafında, investisiya layihələrinin reallaşmasında, məşğulluq problemlərinin həllində önəmli rol oynamağa başlamışlar. Qabaqcıl dünya təcrübəsini və inşaat texnologiyalarını mənimsəyən tikinti sektoru muxtar respublikaya sürətli quruculuq, səmərəli podratçılıq, yüksək keyfiyyət və müasir dizayn gətirmişdir. Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə yeni istehsal sahələrinin və sosial infrastrukturun yaradılmasında, qədim və köhnə tikililərin təmir olunmasında, zəruri kommunikasiyaların yenilənməsində inşaatçıların müstəsna xidməti vardır.
Artıq öz işinin ustası olan Naxçıvan inşaatçıları bu gün öhdələrinə götürdükləri işi qısa müddətdə və yüksək keyfiyyətlə başa çatdırır, verilən tapşırıqları vaxtında və böyük ustalıqla yerinə yetirirlər. Bu bir faktdır ki, son 17 il ərzində muxtar respublikanın hər yerində, hətta ən ucqar kəndlərində belə, aparılan geniş tikinti-quruculuq, abadlaşdırma işləri, yolların və körpülərin tikintisi onun simasını gözəlləşdirməklə yanaşı, həm də doğma diyarın müasir inkişaf reallıqlarına çevrilmişdir. Təkcə 2013-cü ilin göstəricilərinə diqqət yetirsək, görərik ki, muxtar respublikada bu istiqamətdə görülən işlərin həcmi ilə yanaşı, coğrafiyası da xeyli genişdir.
Muxtar respublikada həyata keçirilən tikinti işləri təsərrüfat həyatının bütün sahələrini əhatə edir. Hər il yeni istehsal müəssisələri, təhsil, səhiyyə, mədəniyyət ocaqları üçün müasir binalar, hərbi təyinatlı obyektlər tikilib istifadəyə verilir. Kənd və qəsəbələrin tərəqqisi, bu yaşayış məntəqələrində mərkəzdə olanlardan heç nə ilə fərqlənməyən infrastrukturun yaradılması əhaliyə göstərilən xidmətin səviyyəsini xeyli artırmışdır. Ötən il muxtar respublikada 25 məktəb binası, 23 səhiyyə müəssisəsi, 11 mədəniyyət ocağı istifadəyə verilmişdir. Yaradılan bu cür infrastrukturlar sosial-iqtisadi inkişafda əsas hərəkətverici qüvvəyə çevrilmişdir.
Bu gün muxtar respublikada iqtisadi və sosial inkişafa kompleks yanaşma üzrə diversifikasiya olunmuş iqtisadiyyatın formalaşması istiqamətində həyata keçirilən islahatlar investisiya qoyuluşlarının çoxşaxəliliyi ilə dəstəklənməkdədir. Həyata keçirilən tikinti işləri, sadəcə, yeni inzibati binaların istifadəyə verilməsi ilə məhdudlaşmır. Muxtar respublikada əhalinin kommunal-məişət şəraitinin yaxşılaşdırılması, bu sahədə xidmətlərin səviyyəsinin müasir standartlara uyğunlaşdırılması, etibarlı su təchizatının təşkili, su və kanalizasiya sistemlərinin yenilənməsi üzrə mobil mexanizmlərin formalaşdırılması da tikinti sektorunda həyata keçirilən tədbirlərin əsasını təşkil edir. Hazırda Naxçıvan şəhərinin, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının mərkəzləri və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin tikintisi üzrə işlər davam etdirilməkdədir.
Naxçıvan tarixən yüksək keyfiyyətli meyvə və tərəvəz məhsulları ilə tanınıb. Yerli əhali həmişə bu məhsulların istehlakına üstünlük verib. Bu baxımdan məhsulların istehsalı ilə yanaşı, onların il boyu yüksək keyfiyyətdə saxlanılması və istehlakçılara çatdırılması məqsədilə soyuducu anbarların tikilərək istifadəyə verilməsi son illər diqqət mərkəzində saxlanılır. 2013-cü ildə tutumu 250 ton olan 2 soyuducu anbar tikilmiş, beləliklə də, inşa olunan anbarların sayı 17-yə, ümumi tutumu isə 11 min 970 tona çatdırılmışdır.
İntibaha qovuşan müasir Naxçıvanın inkişafında əsas xarakterik cəhətlərindən biri də enerji təhlükəsizliyinin təmin olunmasıdır. Muxtar respublikada bu amil həyata keçirilən tikinti işlərinin də prioritet istiqamətini təşkil edir. Uzun müddət ərzində enerji resurslarına çıxış imkanlarının məhdudluğu muxtar respublikada blokadanın yaratdığı ən kəskin problemlərdən biri kimi ümumi inkişafa ciddi mənfi təsir göstərməkdə idi. Ötən illər ərzində bu sahədə intensiv tədbirlər həyata keçirilmiş, infrastruktur müasir standartlar səviyyəsində yenilənmişdir ki, bu da, son nəticədə, enerji təhlükəsizliyimizin təmin olunmasını şərtləndirmişdir. Son illər ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası, Heydər Əliyev Su Anbarı üzərində gücü 4,5 meqavat olan Su Elektrik Stansiyası, gücü 22 meqavat olan Biləv Su Elektrik Stansiyası tikilərək istifadəyə verilmiş, ümumi gücü 60 meqavat olan Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası yenidən qurulmuşdur. Bu il isə Şərur rayonunda ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” su elektrik stansiyalarının açılışı olmuşdur. Hazırda Ordubad rayonunda gücü 36 meqavat olan derivasiyatipli su elektrik stansiyasının tikintisi davam etdirilir.
Muxtar respublika əhalisinin artan hərəkət dinamikliyini təmin edən və iqtisadi artıma paralel olaraq inkişaf etdirilən etibarlı yol-nəqliyyat infrastrukturunun yaradılması və təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Şəhər və rayon mərkəzlərində, ucqar dağ kənd­lərində müasir yollar çəkilir, magistral və yerli əhəmiyyətli yollar yenidən qurulur, avtomobillərin rahat və təhlükəsiz hərəkəti təmin edilir. Bu sahədə son illər xeyli iş görülmüşdür. 2010-cu ildə 88 kilometrlik Naxçıvan-Sədərək, 2012-ci ildə 32 kilometr uzunluğunda Naxçıvan-Culfa və bu il uzunluğu 88,8 kilometr olan Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolları istifadəyə verilmişdir. Təkcə 2013-cü ildə muxtar respublikada 163,9 kilometr uzunluğunda avtomobil yolları salınmış və ya əsaslı təmir olunmuş, 21 körpü tikilərək, 12 körpü isə təmir olunaraq istismara verilmişdir.
Muxtar respublikanın tikinti sektorunda çalışan işçilərin sağlamlığının qorunması və tikinti işləri zamanı keyfiyyətin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2011, 2012 və 2014-cü illərdə tikinti sektorunda işlərin keyfiyyətlə aparılması, əməyin təşkili, təhlükəsizlik qaydalarına əməl olunması barədə müşavirələr keçirilmiş, qeyd olunan sahələrlə bağlı aidiyyəti orqanlara konkret tapşırıqlar verilmişdir. Bu isə o deməkdir ki, muxtar respublikada çalışan hər bir inşaatçının sağlamlığının qorunması tikinti təşkilatları qarşısında duran başlıca vəzifədir.

2014-cü il Naxçıvanda “Muxtariyyət ili” elan olunmuşdur. Bu il də inşaatçılar doğma diyarın quruculuq xəritəsinin genişlənməsində əzmlə çalışacaq, yeni sosial infra­struktur obyektlərinin tikintisini yüksək zövqlə aparacaq, muxtar respublikamızın 90 illik yubileyinə öz dəyərli töhfələrini verəcəklər.

Naxçıvan Muxtar Respublikası
 Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR