Bu il Naxçıvan Muxtar Respublikasının yaradılmasından 90 il keçir. Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində əhəmiyyətini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 14 yanvar 2014-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Bu Sərəncamda deyildiyi kimi: “Azərbaycanın qədim bölgəsi olan Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır”.
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi təkcə ölkəmizdə, muxtar respublikamızda deyil, o cümlədən Azərbaycanın hüdudlarından uzaqlarda da qeyd olunur. Bu tədbirlərdən biri də Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının təşəbbüsü və Azərbaycan Dövlət Neft Şirkətinin Rumıniya nümayəndəliyinin təşkilatçılığı ilə Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilmişdir.
Azərbaycanlı və rumın deputatların, Azərbaycanın, Türkiyənin, Türkmənistanın və Belarusun səfirlərinin, Rumıniyanın Xarici İşlər, İqtisadiyyat nazirliklərinin, Mədəniyyət İnstitutunun rəhbərliyi, əməkdaşları və başqalarının iştirak etdiyi tədbirdə Naxçıvanın tarixi barədə ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, ulu öndər Heydər Əliyev hələ ötən əsrin 90-cı illərində – Azərbaycanın çətin və ağır günlərində Naxçıvanda yaşayıb fəaliyyət göstərmiş, Azərbaycanın xilasına və inkişafına bu qədim diyardan başlamışdır.
Tədbirdə çıxış edən Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyev qeyd etmişdir ki, Naxçıvanın muxtariyyət qazanması Azərbaycan xalqının ən mühüm nailiyyətlərindən biridir. Bu gün özünün yüksək qiymətini tapan və model kimi dəyərləndirilən Naxçıvanın muxtariyyət statusu bölgənin tarixi taleyində əhəmiyyətli rola malik olmuş, Azərbaycanın bu qədim ərazisinin qorunub saxlanmasında və təhlükəsizliyinin təmin olunmasında mühüm faktor kimi çıxış etmişdir.
Azərbaycan Dövlət Neft Şirkəti Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov vurğulamışdır ki, ulu öndərin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyası Naxçıvan Muxtar Respublikasının çoxcəhətli inkişafını şərtləndirmişdir. Bu gün Naxçıvan Muxtar Respublikası 90 illik yubileyini əldə olunan yüksək nailiyyətlər, həyata keçirilən çoxşaxəli quruculuq işləri ilə qarşılayır.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Naxçıvanın muxtariyyətini gərgin mübarizələrin nəticəsində əldə edilən mühüm tarixi nailiyyət kimi dəyərləndirmişdir. Bildirilmişdir ki, bu gün Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi qeyd edilir. Bu, Naxçıvanın muxtariyyət tarixidir. Ancaq Naxçıvanın çox qədim tarixi vardır. Naxçıvan Azərbaycanın qədim bölgələrindən biri olmaqla bərabər, həm də dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Gəmiqaya abidələri dünya tarixinin ən qədim abidələri sırasındadır.
Tədbirdə Rumıniya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Yulian Yanku Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi münasibətilə Azərbaycan xalqını təbrik etmiş, xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsində parlamentlərarası işçi qrupunun rolunu yüksək qiymətləndirmişdir.
Həmçinin tədbirdə Rumıniyanın Azərbaycana təyin olunan ilk səfiri Tahsin Cəmil ölkəmizdə diplomatik fəaliyyəti dövründə Naxçıvana iki dəfə səfər etdiyini, muxtar respublika rəhbəri ilə görüşdüyünü bildirmiş, muxtar respublikada böyük quruculuq işləri aparıldığını diqqətə çatdırmışdır. Tahsin Cəmil vurğulamışdır ki, Naxçıvan Muxtar Respublikası çox böyük inkişaf yolu keçir. Artıq Naxçıvan şəhəri və muxtar respublikanın regionları öz müasirliyi ilə seçilir. Qədim tarixə malik olan Naxçıvan Muxtar Respublikasında tarixi-mədəni irsin qorunması istiqamətində ardıcıl tədbirlər görülür, tarixi abidələr təmir olunur.
Milli Məclisin deputatı Azay Quliyev demişdir ki, bu yubileyin keçirilməsində məqsəd Naxçıvanın tarixi, mədəniyyəti, keçdiyi inkişaf yolu barədə dünya ictimaiyyətinə məlumat verməkdir. Mənfur ermənilər Naxçıvana qarşı daim ərazi iddiası irəli sürürlər. Belə tədbirlərin keçirilməsi qədim Azərbaycan torpağı olan Naxçıvanın dünya ictimaiyyətinə ətraflı tanıdılmasına imkan verir. Bu gün Naxçıvan Cənubi Qafqazda özünün idarəetmə formasına görə nümunəvi bir ərazidir. Naxçıvan Muxtar Respublikası blokada şəraitinə baxmayaraq, sürətlə inkişaf edir.
Tədbirdə Naxçıvana həsr olunmuş film nümayiş etdirilmişdir.
Azərbaycan və rumın mahnılarından ibarət geniş bayram konserti olmuşdur.
Sonda Naxçıvan Muxtar Respublikasının tarixindən, ictimai-mədəni həyatından bəhs edən kitablardan ibarət sərgiyə baxış olmuşdur. Sərgidə nümayiş etdirilən kitab və jurnallar tədbir iştirakçılarına paylanılmışdır.
“Şərq qapısı”