22 Dekabr 2024, Bazar

Ölkəmizdə bütün sahələrdə çalışanların əməyinin qiymətləndirilməsi ənənəsi ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində formalaşmışdır. O illərdə fərqlənənlər, öz işlərinə vicdanla yanaşanlar, dövlət quruculuğunda fəal iştirak edənlər dövlət mükafatları ilə təltif olunmuş və Azərbaycanda nümunəyə çevrilmişlər. Bu ənənə muxtar respublikamızda uğurla davam etdirilir, Naxçıvanın inkişafında zəhməti olanların, fədakarlıq göstərənlərin  əməyi yüksək qiymətləndirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 aprel tarixli Sərəncamı ilə bir qrup şəxs muxtar respublikanın fəxri adlarına layiq görülmüşdür. Fəxri adlara layiq görülənlərdən bir neçəsini  redaksiyamıza dəvət edib təəssüratlarını öyrəndik.

Müzəffər ƏSGƏROV – əməkdar jurnalist: Uzun illərdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işləyirəm. Hazırda komitənin Televiziya, sənədli filmlər və dublyaj redaksiyasının  baş redaktoru vəzifəsində çalışıram. İndiyə kimi bir sıra filmlərin və tamaşaların ssenari müəllifi olmuşam. Rejissoru olduğum filmlərə ürək qoyuram. Ümumiyyətlə, hansı peşə, iş olursa-olsun, onun üçün zəhmət çəkməlisən. Və düşünürəm ki, zəhmətsiz gedilən yolun sonu, zəhmətsiz həyatın bəhrəsi yoxdur. Zəhmətlə yaşanan ömür, gedilən yol daim bəhrəli olur. Hər zaman bunu həyat devizimə çevirmişəm. Sevinirəm ki, çalışdığım sahədə  zəhmətim hədər getməyib. Dövlətimiz əməyimi yüksək qiymətləndirdi. “Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti” fəxri adına layiq görülməyim mənə həyatda verilən ən böyük mükafatdır. Bu gün biz jurnalistlərin pis işləməyə haqqı yoxdur. Çünki bu gün muxtar respublikamızda kütləvi informasiya vasitələrinin inkişafına yüksək dövlət qayğısı göstərilir. Bu qayğıdan əməkdaşı olduğum Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə də böyük pay düşüb.
İdris ƏLİYEV – əməkdar müəllim: 1955-ci ildə Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olmuşam. 39 ildir ki, müəllim işləyirəm. Çalışdığım təhsil ocağında müəllimlər şagirdlərin təlim-tərbiyəsi ilə ciddi məşğul olurlar. Onların və mənim bu qədər həvəslə işləməyimizin səbəbi dövlətimizin təhsilə göstərdiyi yüksək qayğıdır. Bu gün Prezidentimizin qayğısı ilə Azərbaycanın ən ucqar kəndlərində belə, yeni-yeni məktəblər tikilir və ya köhnə məktəblər əsaslı təmir olunur, məktəblərə ən müasir avadanlıqlar verilir. Elə dərs dediyim Şərur rayon Gümüşlü kənd tam orta məktəbinin binası da ötən il əsaslı təmir olunub. Məktəbimizdə elektron lövhəli siniflər, kompüter otaqları fəaliyyət göstərir. Çox zəngin kitabxana müəllim və şagirdlərin ixtiyarına verilib.
Bu gün muxtar respublikada müəllimlərin əməyinin yüksək qiymətləndirilməsi də təhsilin inkişafına böyük təkan verir, müəllimlərimiz daha da ruhlanırlar. Əməyimin yüksək dəyərləndirilməsi məni çox sevindirdi. Söz verirəm ki, bundan sonrakı fəaliyyətimlə mənə göstərilən bu etimada layiq olmağa çalışacağam.  
Həbibə ALLAHVERDİYEVAəməkdar rəssam: Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Təsviri incəsənət kafedrasının baş müəllimiyəm. “Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı” fəxri adına layiq görülməyim mənim üçün  çox sevindirici və şərəflidir. O baxımdan ki, Naxçıvan Muxtar Respublikasının 90 illiyinin geniş şəkildə qeyd olunduğu bir vaxtda fəxri ada layiq görülməyin sevinci daha başqadır.
Hər bir insanın həyatda bir amalı, bir ideyası olur və o amal, ideya üçün çalışır. Məmin amalım yaratdığım əsərlər vasitəsilə xalqımın tarixini, keçmişini, bugünkü yüksək səviyyədə inkişaf edən ölkəmizin milli adət-ənənələrini, mədəniyyətini  tamaşaçılara çatdırmaq, onu tanıtmaq və təbliğ etməkdir. Bunun üçün isə muxtar respublikamızda mədəniyyətin, incəsənətin inkişafı istiqamətində müxtəlif addımlar atılır. Yaradılan şəraitdən səmərəli istifadə edən mədəniyyət işçisinin uğur qazanması da təbiidir. Naxçıvanda yaradıcı gənclərə böyük qayğı göstərilir: onların fərdi sərgiləri təşkil edilir, xarici ölkələrdə keçirilən sərgilərdə əl işləri nümayiş olunur. Bütün bunlar isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə həyata keçirilir. Məhz onun qayğısı sayəsində biz böyük uğurlara imza atırıq.
Mətləb İBRAHİMOV – əməkdar həkim: Müxtəlif xəstəxanalarda həkim kimi fəaliyyət göstərmişəm. Hazırda Şahbuz Rayon Mərkəzi Xəstəxanasının həkimi olmaqla yanaşı, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində dərs deyirəm. Həm də “Naxçıvan Muxtar Respublikasında yeni doğulmuş uşaqlarda anadangəlmə inkişaf qüsurlarının rastgəlmə tezliyi” mövzusunda dissertasiya işini müdafiə edərək tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışam. Həkimlik ağır bir peşədir. Bəzən həyatla ölüm arasındakı zaman məsafəsi saatla, dəqiqələrlə deyil, saniyələrlə ölçülür. Buna görə cüzi bir səhv belə, yolverilməzdir. Bu gün muxtar respublikamızda biz həkimlərin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Muxtar respublikanın səhiyyə ocaqlarında yaradılan şəraitin, tibb müəssisələrinin maddi-texniki bazasının, müasir avadanlıqlarla təchizatının bölgədə analoqu yoxdur.
Mənə verilən “Naxçıvan Muxtar Respublikasının əməkdar həkimi” fəxri adını həkim əməyinə verilən yüksək ad kimi qiymətləndirərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığımı bildirirəm. Bundan sonra da daha səylə işləyəcəyimə, insanların sağlamlığının keşiyində dayanacağıma söz verirəm.
Gültəkin HÜSEYNOVA – əməkdar müəllim: Kəngərli rayon Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin müəllimiyəm. Sevincimi paylaşmaq istərkən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bu gün bizim qarşımızda bir vəzifə durur: mənəviyyatca təmiz, yüksək savadlı və vətənpərvər gənclər yetişdirmək. Bunun üçün dövlət orqanları nə lazımdırsa həyata keçirir və bundan sonra da təhsil müəssisələrinin normal fəaliyyəti üçün bütün tədbirlər görüləcəkdir. Lakin müəllim, pedaqoq əməyi olmadan yaradılan təhsil müəssisələri özlüyündə heç bir məna ifadə etmir” sözlərini xatırlatmaq istəyirəm. Doğrudan da, belədir. Əgər hər cür maddi-texniki baza ilə təmin olunmuş bir məktəbdə peşəsini sevən, ölkəsinin gələcəyinin əmanət edildiyi gənc nəslin yetişməsində gərgin əmək sərf edən savadlı müəllimlər yoxdursa, o təhsil müəssisəsində heç bir uğurdan danışmaq olmaz. Sevindirici haldır ki, muxtar respublikamızda əməksevər, savadlı, öz peşəsinin vurğunu olan müəllimlərimiz çoxdur və onların əməyi yüksək dəyərləndirilir.

Hazırladı: Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR