Hər bir ölkənin konstitusiyası dövlətin siyasi əsaslarını, quruluşunu, tərkibində olan muxtar qurumların statusunu, səlahiyyət sferasını, o cümlədən muxtar qurumların beynəlxalq münasibətlərinin sferasını, bu sahədəki səlahiyyət çərçivəsini dəqiq xarakterizə edir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu unitar, hüquqi dövlət quruluşuna malik Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilir. Azərbaycan tərkibində muxtar subyekt olan nadir dövlətlərdəndir ki, tərkibində muxtar dövlət statuslu muxtar respublika olduğu halda unitardır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası ilə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Naxçıvan Muxtar Respublikası ərazisində məcburidir.
Naxçıvan muxtariyyətinin beynəlxalq və daxili hüquqi əsasları da qanunvericilik səviyyəsində təsbit olunmuşdur. Belə ki, Naxçıvanın muxtariyyət əldə etməsinin əsas beynəlxalq hüquqi sənədləri olan Moskva və Qars müqavilələri, daxili hüquqi əsası olan Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının konstitusiyaları Azərbaycanın qanunvericiliyinə əsasən, yüksək hüquqi qüvvəyə malik olmaqla Naxçıvanın muxtariyyətinin hüquqi əsaslarını təşkil edir.
Azərbaycan Respublikasının Konstitusiya qanunu statusunda olan Naxçıvan Muxtar Respublikasının Konstitusiyası bir daha göstərir ki, Azərbaycan Respublikasının dövlət orqanlarının səlahiyyətinə aid edilməyən bütün digər məsələlər Naxçıvan Muxtar Respublikası tərəfindən həll edilir, onun səlahiyyətlərinə aid edilir. Lakin eyni zamanda Naxçıvan Muxtar Respublikasının səlahiyyətinə aid edilən məsələlərin həlli Azərbaycan Respublikasının ümumi mənafeləri ilə bağlıdır.
Naxçıvan Muxtar Respublikası Konstitusiya ilə ona verilmiş səlahiyyətlər daxilində beynəlxalq münasibətlərə girmək hüququna malikdir. Muxtariyyətlərin beynəlxalq münasibətlərin subyekti olmasının hüquqi aspektlərini, onların bu sahədəki statusunu araşdırarkən müvafiq muxtariyyətin yaranmasının tarixini, siyasi məqamlarını, muxtar dövlətçiliyin formalaşmasının qanunauyğunluqlarını, mərkəzlə qarşılıqlı hüquqi əlaqə və bağlılıqlarını, konstitusion statusunu əlaqəli şəkildə nəzərə almaq lazımdır. Belə ki, Naxçıvan Muxtar Respublikasının beynəlxalq münasibətlərin subyekti olmasının hüquqi xarakteristikasını açmaq kimi mühüm hüquqi problemin tədqiqinin daha dərindən mənimsənilməsi üçün Naxçıvan Muxtar Respublikasının yaradılmasından bu günə kimi keçdiyi tarixi-siyasi yola qısa nəzər salmaqla onun yarandığı gündən beynəlxalq münasibətlər sferasında oynadığı rolu araşdırmaq lazımdır.
Naxçıvan ərazisində dövlət quruculuğu çox ağır siyasi, hərbi, ictimai proseslərin getdiyi bir dövrə təsadüf etmişdir. Naxçıvan 1918-ci ildə ermənilər tərəfindən ciddi hərbi-etnik təhlükə altına salınmışdı. Bu təhlükədən qorunmaq üçün 3 noyabr 1918-ci ildə Araz-Türk Respublikasının yaradılması qərara alınmışdır. 6 üzv və rəisdən ibarət olan hökumət yaradılmışdır ki, bu hökumətin heyətində Xariciyyə Nazirliyi də var idi. Bu posta Həsən ağa Şəfizadə təyin edilmişdi. Araz-Türk Respublikasının və hökumətin yaradılmasından sonra Xariciyyə Nazirliyinin yaydığı bəyanatda qeyd edilir ki, “Biz Arazkənarı və civarında bulunan müttəhidən bir milyona qədər islam camaatı kəndi hüququmuzu müdafiə üçün “Araz hökuməti” namında bir təşkilat yapıb və sair nəvahidə şöbələr açıb, camaat və millətimizin hüququnu mühafizə və müdafiə etməklə bərabər, heç bir millətin və dövlətin hüququna təcavüzümüz olmayacaqdır...”
Lakin bu dövrdə regionda ictimai və hərbi vəziyyətin dözülməz dərəcədə ağır və qarışıq olması, ardıcıl olaraq ingilislərin, daşnakların, amerikalıların regionda ağalıq etmək istəmələri Naxçıvanda stabil və ardıcıl dövlət quruculuğu prosesinin aparılmasına mane olmuşdur.
Naxçıvanda Sovet hakimiyyətinin qurulmasından sonrakı ilk illərdə onun siyasi statusu qeyri-müəyyən olmuşdur. Baş verən təlatümlü hərbi, siyasi, etnik toqquşmalar regionun çevik-avtonom idarə olunması üçün tarixi-siyasi zəmin hazırlamış, yerli rəhbərlər yarımmüstəqil addımlar atmağa başlamış, lakin eyni zamanda əvvəldə qeyd etdiyimiz kimi, bu addımları qanunvericilik çərçivəsinə salaraq onun tələbləri çərçivəsində hərəkət etmişlər. Naxçıvan diyarının siyasi-hüquqi statusunun qeyri-müəyyənliyinə 16 mart 1921-ci ildə Moskvada bağlanan sovet-türk müqaviləsi ilə son qoyulmuşdur.
13 oktyabr 1921-ci ildə bağlanmış Qars müqaviləsi Naxçıvanın siyasi statusunun təsbitini möhkəmləndirmişdir. Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, hələ Qarsda Zaqafqaziya respublikaları və Türkiyə arasında sülh konfransı keçirilərkən Naxçıvan SSR Xalq Komissarları Soveti tərəfindən Tağı Səfiyev adlı hörmətli bir müəllim məşvərətçi səs hüququ ilə Qarsa ezam edilmişdir. Bu hələ o dövrdə Naxçıvanın öz gələcək hüquqi statusuna, siyasi gələcəyinə göstərdiyi ciddi münasibətin göstəricisidir.
Naxçıvan SSR-in ilk Xalq Komissarları Soveti (XKS) 4 aprel 1921-ci ildə təşkil edilsə də, 11 oktyabr 1921-ci ildə əlavə olaraq Xalq Xarici İşlər, Xalq Xarici Ticarət komissarlıqları da təşkil edilmişdir. Lakin bu komissarlıqların işinin həcminin çox az olması onların qısa bir zamandan sonra ləğvinə səbəb olmuşdur. Belə ki, 16 iyun 1923-cü ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Naxçıvan SSR ləğv edilərək Naxçıvan Muxtar Diyarı yaradılmışdır ki, bu zaman da Naxçıvan SSR-in XKS və Xalq komissarlıqları müvafiq olaraq Diyar İcraiyyə Komitəsinə və onun şöbələrinə çevrilmişlər. Naxçıvanın muxtariyyəti siyasi muxtariyyətdən inzibati-ərazi muxtariyyətinə çevrilmişdir. Bu isə hüquqi statusa təsirsiz ötüşməmiş, bununla Naxçıvanın səlahiyyət və funksiyaları azalmışdır. Lakin 9 fevral 1924-cü ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Naxçıvan MSSR yaradılmış, eyni zamanda Bahadur Vəlibəyov, Mir Cəfər Bağırov, Tağı Şahbazi Simurq və Ruhulla Axundovdan ibarət Konstitusiya komissiyası yaradılaraq onlara Naxçıvan MSSR-in Əsasnaməsinin hazırlanması tapşırılmışdır. Müvafiq Əsasnamə 23 mart 1924-cü il tarixdə təsdiq edilmiş və qüvvəyə minmişdir. Həmin Əsasnamənin 27-ci maddəsinin “b” bəndinə əsasən, Naxçıvan Sovetlər Qurultayı və Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi həm də Naxçıvan MSSR-in ümumi siyasətinə rəhbərliyi müstəqil həyata keçirmək səlahiyyətinə malik olmuşdur. 18 aprel 1926-cı il tarixdə V Ümumnaxçıvan Sovetlər Qurultayında qəbul edilən Naxçıvan MSSR-in ilk Konstitusiyasının 15-ci maddəsinin “b” bəndinə əsasən isə Naxçıvan Sovetlər Qurultayının və Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin yalnız Naxçıvan MSSR-in daxili siyasətinə rəhbərliyi müstəqil həyata keçirmək səlahiyyətində olduğu təsbit edilirdi.
Naxçıvan MSSR-in Əsasnaməsinin yuxarıda adıçəkilən müddəasının tələblərindən göründüyü kimi, 1920-ci illərdə Naxçıvanda gedən hərbi, siyasi, beynəlxalq proseslər Naxçıvanın müstəqil beynəlxalq münasibətlərdə olmasını labüd etmişdir və qanunvericilik də ona bu səlahiyyətin verilməsini öz normalarında əks etdirmişdir. Bu illərdə Naxçıvan MSSR İran, Türkiyə kimi qonşu xarici dövlətlərlə, Zaqafqaziya respublikaları ilə diplomatik və iqtisadi-ticari əlaqələri konsulluq və nümayəndəlik vasitəsilə həyata keçirmişdir. Maku, Xoy və Təbriz şəhərlərində Naxçıvan MSSR-in konsulluqları, Türkiyənin Qars şəhərində RSFSR Konsulluğu yanında Naxçıvan MSSR müvəkkilliyi yaradılmışdır.
Gümrü müqaviləsinin tələblərinə əsasən, Naxçıvanda yerləşdirilmiş türk qoşunları Türkiyənin Naxçıvandakı hərbi nümayəndəliyi vasitəsilə idarə olunurdu. Lakin türk qoşunlarının ərazidən çıxarılması, sovet-türk münasibətlərində sərinləşmənin əmələ gəlməsi 1924-cü ilin iyul ayında Türkiyənin Naxçıvan MSSR-dəki hərbi nümayəndəliyinin bağlanmasına səbəb olmuşdur.
İranın Naxçıvan MSSR-dəki Konsulluğu 17 noyabr 1938-ci ilədək fəaliyyət göstərmişdir. İranın Naxçıvan MSSR-dəki konsulu Abbas xan Mühacir (1926-1938) olmuşdur. Naxçıvan MSSR-in İrandaki konsulları Makuda İsmayıl bəy Camalbəyov, Təbrizdə isə Qasım bəy Camalbəyov idi.
Lakin sovet totalitarizminin ən yüksək həddə çatması, mərkəzləşdirmə prinsipinin hökm sürməsi iki (o zamanın siyasi şərtləri əsasında) xarici, bir müttəfiq respublika ilə qonşu olan Naxçıvan Muxtar Respublikasının beynəlxalq münasibətlərə girmək səlahiyyətlərinə tamamilə son qoymuşdur.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, xarici dövlətlərin əhatəsində eksklav təşkil etməsi ona müstəqil beynəlxalq münasibətlərə girmək hüququ kimi həyati vacib haqq əldə etməyə imkan vermişdir.
Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının, eləcə də dünyanın elə bir coğrafi məkanında yerləşir ki, bu coğrafi mövqe ona daha çox geopolitiklik və beynəlxalq həssaslıq gətirir. Muxtar respublikanın üç xarici ölkənin sərhədində yerləşməsi onun beynəlxalq münasibətlərdə müstəqil iştirakını (daha çox mədəniyyət, iqtisadiyyat, nəqliyyat, kommunikasiya sahələrində) labüd etmişdir. Azərbaycanın müstəqillik əldə etməsindən sonra Naxçıvan Muxtar Respublikasının əksər hissəsinin həmsərhəd olduğu Ermənistan Respublikası Naxçıvana qarşı daim ərazi iddiaları irəli sürmüş, onu blokada şəraitində yaşamağa məcbur etmişdir. Regionda belə beynəlxalq əhəmiyyətli ağır vəziyyətin hökm sürdüyü bir şəraitdə Naxçıvan Muxtar Respublikası regionun təhlükəsizliyinin qorumasının təmin edilməsi məqsədilə öz səlahiyyətləri daxilində beynəlxalq münasibətlərə girərək regionun, həm də Azərbaycanın beynəlxalq miqyasda tanınmasına və etibarının artmasına xidmət edir.
Naxçıvan Muxtar Respublikası ötən əsrin 90-cı illərinin əvvəllərindən blokadaya salınmışdır. Naxçıvanın bu vəziyyətdən xilası o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində mümkün olmuşdur. Belə ki, Bakıda Daimi Nümayəndəliyin təsisi, İrana və Türkiyəyə işgüzar səfərlər həyata keçirilməsi, müqavilələrin bağlanması, dünya birliyinə Azərbaycanın və Naxçıvanın haqq səsinin çatdırılması ilə əlaqədar notaların ünvanlanması, sərhədyanı ticarətin inkişafına rəvac verilməsi, Dövlət Gömrük Komitəsinin yaradılması, yeni sərhəd gömrük-keçid məntəqələrinin açılması Naxçıvanın beynəlxalq əlaqələrinin müasir dövrdə əsasının qoyulmasına xidmət etmişdir. Bu kurs ondan sonrakı dövrdə də qonşu ölkələrlə, onların sərhədyanı inzibati vahidləri ilə əlaqələrin daha da inkişafı və şaxələnməsini şərtləndirmişdir.
Muxtar dövlət statuslu Naxçıvan Muxtar Respublikasının Konstitusiyası onun beynəlxalq münasibətlərdəki yerinin, rolunun və səlahiyyətlərinin bəzi məqamlarını özündə əks etdirir. Belə ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əsasən, Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətdə, muxtar respublikanın mənafeləri ilə bağlı iqtisadi və mədəni məsələlərdə Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş həddə və Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının beynəlxalq münasibətlərində Naxçıvan Muxtar Respublikasını təmsil edir.
Azərbaycan Respublikasının həmsərhəd, eləcə də digər dövlətlərlə və beynəlxalq təşkilatlarla iqtisadi, ticarət, elmi-texniki və mədəni münasibətlərinin genişlənməsini və Naxçıvan Muxtar Respublikasının bu münasibətlərdə iştirakını nəzərə alaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin – Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının müvafiq vəzifə və funksiyalarının Naxçıvan Muxtar Respublikasında fasiləsiz və ardıcıl həyata keçirilməsini, Azərbaycan Respublikasının beynəlxalq münasibətlərində Naxçıvan Muxtar Respublikasının iqtisadi, ticarət, elmi-texniki və mədəni məsələlərlə əlaqədar iştirakını təmin etmək məqsədilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası İdarəsi yaradılmışdır. Azərbaycan Respublikasının beynəlxalq münasibətlərində Naxçıvan Muxtar Respublikasının iqtisadi, ticarət, elmi-texniki və mədəni məsələlərlə əlaqədar Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallarda, qaydada və səlahiyyətlər daxilində Naxçıvan Muxtar Respublikasının iştirakı Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla və əlaqələndirməklə, zəruri hallarda isə idarənin və (və ya) nazirliyin digər struktur bölməsinin iştirakı ilə həyata keçirilir.
Naxçıvan Muxtar Respublikasının beynəlxalq əlaqələrin subyekti olması onu qoruyur, möhkəmləndirir. Bu, bir tərəfdən qanunvericiliyin Naxçıvan Muxtar Respublikasının beynəlxalq münasibətlərə çıxmaq üçün verdiyi çərçivənin hüdudlarından asılıdırsa, digər tərəfdən Naxçıvan Muxtar Respublikasının tarixi vərənpərvərlik ənənələrindən irəli gəlir. Qanun və sosioloji faktorun birgə fəaliyyəti bu sahədə daha da müvəffəqiyyət əldə etməyə, ümumi maraqları qorumağa imkan verir. Yaddan çıxarmaq lazım deyil ki, Naxçıvanın muxtariyyət əldə etməsinin əsasları dini, etnik, siyasi deyil, coğrafi-inzibati əsaslardan ibarətdir. Naxçıvan Muxtar Respublikasının beynəlxalq münasibətlərin subyekti hüququna malik olması onun təhlükəsizliyinin qorunması deməkdir. Belə operativ rıçaqlara malik olmadan Naxçıvan Muxtar Respublikası heç vaxt düşdüyü ağır blokadadan yaxa qurtara bilməzdi və gələcəkdə də belə hüquqa malik olmadan bu təhlükəsizliyin daimiliyinə təminat verilə bilməzdi.
Zaur BAĞIROV
Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin Gömrük nəzarətinin təşkili şöbəsinin rəisi