Dünən Culfa rayonunda Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə miqrasiya sahəsində hüquqi maarifləndirmə tədbiri keçirilib. Tədbiri giriş sözü ilə Culfa Rayon İcra Hakimiyyətinin şöbə müdiri Cəlil Ağayev açıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin baş inspektoru Nemət Şükürov çıxış edərək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı, onlara Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi qaydaları haqqında danışıb. O, Azərbaycan Respublikasında əmək miqrasiyası və onun hüquqi tənzimlənməsi, miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətlər haqqında da iştirakçılara məlumat verib.
Sonra xidmətin əməkdaşlarından Kənan Məmmədovun, Şahin Nəbiyevin, Samir Sadiqovun çıxışları olub. Çıxışlarda qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında 3 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə qəbul edən tərəf və ya şəxs özü bu barədə şəxsən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar.
Bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün şəxsən və ya qanuni nümayəndələri vasitəsilə müraciət etməlidirlər.
Miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozan şəxslərin məsuliyyəti barədə də söhbət açılan tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, miqrasiya sahəsində maarifləndirici bukletlər paylanılıb.
Səbuhi HÜSEYNOV