22 Dekabr 2024, Bazar

Dünyada tarixi, mədəniyyəti, gözəl təbiəti, qəhrəman insanları ilə tanınan bir çox ölkələr var. Ancaq bu keyfiyyətləri eyni ərazidə toplamağı bacaran, eyni zamanda tarix boyu mövcudluğunu qorumaq üçün daim mübarizə aparan bir bölgə, region tapmaq çətindir. Ona görə çətindir ki, bəzən bir bölgənin təbii gözəlliyi digər bölgənin tarixiliyinə, bir yurdun mədəniyyəti digər diyarın hərtərəfli inkişafına “uduzur”. Yaşadığımız qədim Naxçıvan diyarı çox nadir rast gəlinən regionlardandır ki, bu dəyərlərin hamısı dünyanın coğrafi xəritəsində kiçik, ancaq mənəviyyatca böyük bir torpaqda – Naxçıvan torpağında cəmləşib. Bu qədim Azərbaycan torpağı – Vətənin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası bu il muxtariyyətinin 90-cı ildönümünü böyük təntənə ilə qeyd edir.

Təbiidir ki, hər kəs yaşadığı yurd-yuvası ilə fəxr edir. Yaşamağı ilə bərabər, onun haqqında fikir söyləməsi də hər vətəndaşın, necə deyərlər, söz haqqıdır. Lakin fərq bundadır ki, qədim Naxçıvan diyarının şəninə söylənilən hər bir fikir daha yüksəklərdə olmağa layiqdir. Bəşəriyyətin ikinci dəfə yaranışından bəri dünyada ilk yaşayış məskəni kimi bilinən, Şərq və Qərb arasında sivilizasiya mübadiləsinə körpü olan, dünya tarix və mədəniyyətinə böyük töhfələr verən, müasir elmə hələ də öz sirli mövcudiyyətini açmayan bu Nuh yurdundan kim ağızdolusu danışmaz ki?..

Əlbəttə, qədim Azərbaycan yurdu Naxçıvan bütün bu məziyyətləri ilə tarix boyu hər kəsin marağında olmuşdur. Buna görə də hər zaman yad­elli hücumlarına məruz qalmışdır. Ancaq hər dəfə də özündə cəsarət toplayaraq ayaqda durmağı bacarmışdır. Mübarizə aparmış, bütün çətinlik və məhrumiyyətlərə sinə gərmiş, nəhayət, öz varlığını qoruyub saxlamışdır. Bütün bunlara isə öz qəhrəman övladlarının sayəsində nail olmuşdur.
Tarixdən məlumdur ki, əsrlər boyu həyatda varolma mübarizəsi aparan Naxçıvana hücumlar mənfur ermənilərin Azərbaycan torpaqlarına köçürülmələrindən sonra fasiləsiz davam etmişdir. Ötən əsrin əvvəllərində qan­içən erməni zabiti Andranikin Naxçıvana gözlənilməz hücumu, burada dinc əhaliyə qarşı soyqırımı törətməsi tarixin danılmaz faktlarındandır. Lakin yerli əhalinin qətiyyətli mübarizəsi bu xain erməninin də buradan qovulması ilə nəticələnmiş, xalqın iradəsi öz sözünü demişdir. Əzəli Azərbaycan torpaqlarında – Qərbi Azərbaycanda özlərinin dövlətini qurmuş ermənilər öz əsassız iddialarından, havadarlarının hərtərəfli yardımı ilə Naxçıvanı işğal planlarından əl çəkməmişlər. Belə bir tarixi şəraitdə – 1920-ci ildə sovet rəhbərliyi tərəfindən qədim Azərbaycan torpağı olan Zəngəzurun Ermənistana verilməsi nəticəsində Naxçıvan Azərbaycanın əsas ərazisindən ayrı düşmüşdür. Növbəti addım isə respublikadan təcrid olunmuş Naxçıvan torpaqlarını tez bir müddət ərzində işğal edərək Ermənistana birləşdirmək, bundan sonra isə türk torpaqlarından ayrı düşmüş Azərbaycanı addım-addım zəbt etmək idi. Məhz bu cür çətin tarixi bir dövrdə naxçıvanlıların əzmkarlığı, görkəmli diplomat Behbud ağa Şahtaxtinskinin prinsipial mövqeyi, qətiyyətli addımları Rusiyanın Naxçıvan məsələsinə münasibətinin müsbət istiqamətdə dəyişməsinə səbəb olmuşdur. Nəticədə, Naxçıvanın muxtar statusu 1921-ci ilin mart ayında RSFSR ilə Türkiyə arasında imzalanan Moskva müqaviləsində təsbit edilmişdir. Elə həmin ilin oktyabrın 13-də RSFSR ilə Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR və Türkiyə Respublikası arasında imzalanmış Qars müqaviləsinə əsasən, Naxçıvanın ərazisi, sərhədləri daha da dəqiqləşdirilmişdir.
Doğrudur, Naxçıvanın Azərbaycan SSR-in tərkibində muxtar respublika hüququnun qanuni yolla təsbit edilməsi 1924-cü ilin fevralınadək ləngidilmişdi. Lakin həmin il fevralın 9-da Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin dekretinə əsasən, Naxçıvan muxtar ölkəsi Azərbaycan SSR tərkibində muxtar respublikaya çevrilmiş, bununla da, qədim diyarın statusu qəti şəkildə müəyyənləşdirilmişdir. Ümummilli lider Heydər Əliyev demişdir: “...əgər Zəngəzur mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə də, Naxçıvanın muxtariyyəti də lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi”.
Əlbəttə, muxtariyyətini əldə etdikdən sonra Naxçıvan heç də bütün dövrlərdə inkişaf etməmişdir. Sovetlər dövründə bu qədim diyar yalnız keçmiş SSRİ-nin qonşu dövlətlərlə sərhəd məntəqəsi kimi xatırlanmış, iqtisadi perspektivlərdən uzaq bir ərazi kimi “qiymətləndirilmişdir”. Naxçıvanın sosial, iqtisadi və mədəni inkişafında əsas addımlar ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra atılmışdır. Regionda kənd təsərrüfatının inkişaf etdirilməsi, yerli sənaye müəssisələrinin yaradılması, muxtar respublikanın idarəçiliyində idarəetməni təkmilləşdirmək məqsədilə müəyyən inzibati ərazi vahidlərinin təşkil olunması, Naxçıvan şəhərində şəhər infrastrukturunun formalaşdırılması istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsi məhz böyük öndərin gələcək üçün məqsədyönlü tədbirlərindən sayılır. Lakin təəssüflər olsun ki, sonrakı illərdə Azərbaycana rəhbərlik edənlərin Naxçıvana diqqət yetirməməsi bu inkişafın davamlı olmasının qarşısını alırdı. Və nəhayət,  ötən əsrin sonlarında ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra qədim Azərbaycan torpağı olan Naxçıvan yenidən mürəkkəb vəziyyətə salındı. Üzərindən 70-80 il keçsə də, muxtar respublikaya olan iddiaların mahiyyəti dəyişməmişdi. Yenidən əsassız torpaq iddiaları, ardı-arası kəsilməyən hücumlar və ən dəhşətlisi muxtar respublikanın blokadaya salınması. Bizi özlərinə əbədi düşmən qəbul etmiş ermənilər bu dəfə Naxçıvanı blokadada məhv etməklə ona yiyələnmək istəyirdilər. Ancaq tarix bu imkanı onlara vermədi. Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin düşmən hücumuna məruz qalan yurduna – Naxçıvana qayıtması bu məkrli planların üstündən xətt çəkdi. Ulu öndərimiz muxtar respublikanın toxunulmazlıq statusunu yenidən gündəmə gətirdi və bunu dünya ölkə­lərinin diqqətinə çatdırdı. Ümummilli liderimiz Heydər Əliyev çox qısa bir müddətdə şəxsi nüfuzundan istifadə edərək muxtar respublika ilə qonşu olan Türkiyə və İran İslam respublikaları ilə müxtəlif sahələrdə əməkdaşlıq müqavilələri imzaladı və bu qədim türk yurdunun işğal edilməsinin qarşısını aldı. Naxçıvanın qorunub saxlanılması yenicə qazanılmış müstəqilliyimizin qarantına çevrildi, Azərbaycanın bir dövlət kimi formalaşmasına imkan yaratdı. Çünki müstəqil Azərbaycanın dövlətçilik ideyalarının varislik əsasları üzərində bərpası məhz böyük öndər tərəfindən bu torpaqda həyata keçirilmişdir. Dahi şəxsiyyətin 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ölkəmizin hərtərəfli inkişafına, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının daha da çiçəklənməsinə səbəb olmuşdur.

Bəli, Naxçıvan Muxtar Respublikasının ötən əsrin sonlarından start götürmüş davamlı inkişafı indi regionda çox mühüm dəyişikliklərə səbəb olmuş, bütün sahələrdə müsbət nəticələrin əldə edilməsinə şərait yaratmışdır. Kompleks şəkildə aparılan quruculuq işləri – tikilən binalar, abadlaşdırılan yollar, salınan park və xiyabanlar, təmir və bərpa olunan tarixi abidələr, yaşıllaşdırılan ərazilər bu diyarı əsl gözəlliklər məskəninə çevirmişdir. Yəni haqqında bəhs etdiyimiz inkişaf  bütün sahələri əhatə edir. Davamlı inkişafın isə sərhədi olmur. Daha doğrusu, insanoğlu heç zaman gözəlliklər qarşısında düşüncəsinə sərhəd qoya bilmir, hər şeyin daha fərqli və yenisinə meyilli olur. Son bir neçə ildə Naxçıvanda olmayan və ya həyatında ilk dəfə bura ayaq basan insanlar buranın gözəlliyinə, təmizliyinə və sakit həyat tərzinə valeh olur, bunu etiraf etməkdən də çəkinmirlər. Bunu mütəmadi olaraq muxtar respublikaya gələn qonaqların dilindən çox eşitmişik. Naxçıvan sakinləri bura yolu düşən hər kəsi yüksək qonaqpərvərliklə qarşılamaqla bərabər, bu diyarın tarixi, mədəniyyəti, zəngin gözəllikləri ilə bağlı məlumatlar verməyə də meyilli olurlar. Təvazökarlıqdan uzaq olsa da, qeyd edək ki, bu, doğma yurda, torpağa bağlılıqdan irəli gələn bir sevgidir. İnsan təbiəti isə belədir ki, hər zaman sevgini bölüşməyə ehtiyac duyur. Elə mənim muxtar respublikanın 90 illiyinə həsr etdiyim bu kiçik yazı kimi...

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR