Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Naxçıvandan başlanan xilaskarlıq missiyası” mövzusunda açıq dərs keçilmişdir. Naxçıvan Tibb Kolleci tələbələrinin iştirak etdiyi açıq dərsdə kollecin müəllimi Xanım Kazımova ümummilli liderimiz Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqda danışaraq bildirmişdir ki, müstəqil Azərbaycan xalqımızın böyük oğlunun şah əsəridir. Bu möhtəşəm əsərin möhkəm əsaslarını ulu öndər hələ Sovet hakimiyyəti illərində formalaşdırmışdır. Ulu öndər xalqımızın çoxəsrlik tarixində Azərbaycan adlı müstəqil dövlət yaratmış nadir şəxsiyyətdir.
Qeyd edilmişdir ki, xalqımızın böyük oğlu Heydər Əliyevin zəngin tərcümeyi-halında Naxçıvanda siyasi fəaliyyət göstərdiyi dövr mühüm əhəmiyyətə malikdir. Bu dövrdə dahi rəhbər çoxcəhətli yorulmaz fəaliyyəti ilə Azərbaycan dövlətçiliyinin Naxçıvan məktəbini yaratmışdır. Ümummilli liderin Naxçıvan Muxtar Respublikasında yaşadığı və Ali Məclisin Sədri vəzifəsində çalışdığı illərdə Naxçıvan ölkəmizdə müstəqil dövlətçiliyin böyük laboratoriyası funksiyasını həyata keçirmişdir. Hələ Sovetlər İttifaqı dağılmadığı və Azərbaycanda dövlət müstəqilliyinin elan olunmadığı bir dövrdə indiki üçrəngli Azərbaycan bayrağının dövlət rəmzi kimi qəbul edilməsi (17 noyabr 1990-cı il) məhz cəsarətli və uzaqgörən dövlət xadimi Heydər Əliyevin dönməz iradəsi sayəsində Naxçıvanda həyata keçirilmişdir.
Dünyada bundan başqa müstəqil dövlətlər yaranmamış onun milli bayrağının qəbul edilməsi hadisəsinə təsadüf edilməmişdir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması hadisəsi də məhz müdrik rəhbər Heydər Əliyev tərəfindən Sovetlər İttifaqının mövcudluğu şəraitində həyata keçirilmişdir.
Bildirilmişdir ki, Naxçıvanda Dünya Azərbaycanlılarının Həmrəylik Gününün müəyyən olunması ilə dünyada azərbaycanlılar anlayışı meydana çıxmış və geniş bir hərəkatın əsası qoyulmuşdur. XX əsrin doxsanıncı illərinin əvvəllərində Naxçıvan Muxtar Respublikasının işğal olunmaqdan xilas edilməsi, ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılması xalqımızın böyük oğlu Heydər Əliyevin tarixi xidmətlərindən biridir. Müstəqil Azərbaycanın taleyində xüsusi əhəmiyyətə malik olan Yeni Azərbaycan Partiyasının da dahi rəhbər Heydər Əliyev tərəfindən Naxçıvanda yaradılması ölkəmizin milli istiqlalında böyük öndərin həyatı və fəaliyyətinin Naxçıvan dövrünün müstəsna dərəcədə əhəmiyyətli olduğunu bariz şəkildə göstərməkdədir.
Açıq dərsdə vurğulanmışdır ki, ulu öndər, görkəmli dövlət xadimi, Milli Qurtuluşun banisi, böyük xilaskarlıq missiyasını bacarıqla həyata keçirmiş Heydər Əliyevin müstəqillik və milli dövlətçilik ideyalarının dünyada gedən proseslərə, ölkənin reallıqlarına uyğun şəkildə yaradıcılıqla inkişaf etdirilməsi sayəsində Azərbaycan Respublikası işıqlı sabahlara doğru qətiyyətlə addımlayır.
Sonra açıq dərsin iştirakçıları muzeydəki eksponatlarla tanış olmuşlar.
Xəbərlər şöbəsi