Naxçıvan şəhərindəki 15 nömrəli tam orta məktəbdə Azərbaycan ictimai fikir tarixinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin anadan olmasının 150 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Məmmədəli Rüstəmov açaraq qeyd edib ki, 2014-cü il yanvar ayının 21-də Ə.Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sərəncam imzalayıb.
Sonra məktəbin müəllimlərindən Mirzalı Tağıyev, İlahə Hüseynova, Validə Əliyeva , Könül Novruzova, Səadət Hüseynova və başqaları çıxış edərək bildiriblər ki, türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən və müstəqil dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən Əli bəy Hüseynzadə zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi ilə Azərbaycan maarifçiliyinə qiymətli töhfələr verib.
Tədbirin sonunda Əli bəy Hüseynzadə haqqında qəzet və jurnallarda dərc olunmuş məqalələr, həmçinin kitablardan ibarət sərgiyə baxış olub.
Türkan HÜSEYNLİ