Naxçıvanın muxtariyyət statusu bu diyarın 90 illik tarixi dövründə Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi rol oynamışdır. 90 illik tarixi dövrdə muxtariyyətin möhkəm siyasi və hüquqi bazası formalaşmış, Naxçıvan böyük bir inkişaf yolu keçmişdir.
Naxçıvanın muxtariyyət statusunun əsası 1921-ci il 16 mart tarixli Moskva müqaviləsi ilə qoyulmuş, 1921-ci il 13 oktyabr tarixli Qars beynəlxalq müqaviləsi ilə həmin status daha da möhkəmləndirilmişdir. Belə ki, sözügedən müqavilələrlə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olduğu, onun heç bir zaman digər ölkəyə verilməyəcəyi təsdiq edilərək Naxçıvanın ərazi hüdudları dəqiqləşdirilmişdir.
Lakin qeyd olunmalıdır ki, Moskva və Qars müqavilələri ilə Naxçıvana muxtariyyət statusu verilsə də, onun Azərbaycan SSR-in tərkibində muxtar respublika hüququnun qanuni yolla təsbit edilməsi 1924-cü ilin fevral ayına kimi uzadılmışdır. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il 9 fevral tarixli dekreti ilə Naxçıvan Muxtar Diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi təsdiq olunmuş, bununla da, qədim diyarın statusu qəti şəkildə müəyyənləşdirilmişdir.
Naxçıvanın muxtariyyət statusunun möhkəmləndirilməsində ötən illər ərzində qəbul olunmuş konstitusiyaların əhəmiyyəti xüsusi vurğulanmalıdır. 1926, 1937, 1978 və 1998-ci illərdə qəbul edilmiş konstitusiyaların hər biri Naxçıvanın muxtariyyət statusuna aid normaları özündə ehtiva etmiş, muxtar ərazi statusunun möhkəmləndirilməsində mühüm əhəmiyyətə malik olmuşdur.
Hər şeydən əvvəl qeyd edək ki, Naxçıvanın Konstitusiyasının işlənib hazırlanması onun muxtar respublika kimi formalaşması zərurətindən qaynaqlanmışdır. Bu baxımdan Naxçıvan MSSR-in ilk Konstitusiyası 1926-cı il aprelin 18-də V Ümumnaxçıvan Sovetlər Qurultayı tərəfindən qəbul edilmişdir. 4 bölmədən və 62 maddədən ibarət olan bu konstitusiyaya görə, Naxçıvan MSSR ərazisində ali hakimiyyət orqanı hər min seçicidən bir deputat hesabı ilə seçilən Naxçıvan Sovetlər Qurultayı idi. Qurultaylararası müddətdə onun səlahiyyətlərini qurultay tərəfindən 50 üzv və 20 namizəddən ibarət heyətdə seçilən Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi həyata keçirirdi. Lakin Konstitusiyanın 10-cu maddəsinə əsasən, Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi (MİK) Naxçıvan Sovetlər Qurultayından fərqli olaraq ali qanunverici, sərəncamverici və nəzarətedici orqan idi.
Naxçıvan Sovetlər Qurultayının və MİK-in səlahiyyətinə Azərbaycan SSR Konstitusiyasına uyğun olaraq, Naxçıvan MSSR Konstitusiyasına dəyişikliklər və əlavələr etmək, muxtar respublikanın ərazisinin ümumi inzibati bölgüsünü aparmaq, büdcəyə baxmaq və onu qəbul etmək, Xalq Komissarları Soveti (XKS) heyətinin hamısını bütünlüklə və ya ayrı-ayrı hökumət üzvlərini təyin və azad etmək məsələləri daxil idi.
Konstitusiyanın 4-cü bölməsində (maddə 61-62) Naxçıvan MSSR-də Azərbaycan SSR-in gerb və bayrağından istifadə edilməsi, Naxçıvan MSSR-in paytaxtının isə Arazüstü Naxçıvan şəhəri olması təsbit edilmişdir.
1936-cı ildə SSRİ-nin yeni Konstitusiyası qəbul olunanda bütün müttəfiq və muxtar respublikalar öz konstitusiyalarını ona uyğunlaşdırmaq məcburiyyətində qaldılar. X Fövqəladə Ümumnaxçıvan Sovetlər Qurultayı 18 sentyabr 1937-ci ildə Naxçıvan MSSR-in ikinci Konstitusiyasını qəbul etdi. 7 aprel 1941-ci il tarixli qanunla Azərbaycan SSR Ali Soveti tərəfindən təsdiq edilən bu Konstitusiya Azərbaycan SSR-in 1937-ci il Konstitusiyası əsasında hazırlanaraq onun əsas prinsiplərini özündə əks etdirməklə, 11 fəsil və 115 maddədən ibarət idi. Naxçıvan MSSR-in 1937-ci il Konstitusiyasında Naxçıvan MSSR Azərbaycan SSR-in tərkibinə muxtariyyət hüquqlarında daxil olan sosialist dövləti elan edilmişdir.
1977-ci ildə qəbul edilən SSRİ Konstitusiyası muxtar respublika konstitusiyalarını təsdiq etmək hüququnu yenidən Naxçıvanın özünə verdi. IX çağırış Naxçıvan MSSR Ali Sovetinin növbədənkənar 8-ci sessiyası 30 may 1978-ci ildə SSRİ və Azərbaycan SSR konstitusiyaları ilə onlara verilmiş hüquqlardan istifadə edərək Naxçıvan MSSR-in üçüncü Konstitusiyasını qəbul etdi. 10 bölmə, 16 fəsil, 163 maddədən ibarət olan bu Konstitusiyanın hüquqi əsasını SSRİ Konstitusiyasının 18-ci və Azərbaycan SSR Konstitusiyasının 8-ci fəsilləri təşkil edirdi.
Naxçıvan MSSR-in ali dövlət hakimiyyəti və idarəetmə orqanlarının səlahiyyətlərinə Konstitusiyanı qəbul etmək və onda dəyişikliklər aparmaq, Konstitusiyaya əməl olunmasına nəzarət etmək, Naxçıvan MSSR qanunvericiliyini, dövlət asayişini, vətəndaşların hüquq və azadlıqlarını qorumaq, sosial-iqtisadi, xalq maarifi, mədəniyyət və elm təşkilatları və idarələrinin, səhiyyə, bədən tərbiyəsi, sosial təminat və sair sahələrin inkişafını təmin etmək, respublika əhəmiyyətli digər məsələləri həll etmək daxil idi.
1978-ci il Naxçıvan MSSR Konstitusiyasının 92-ci maddəsinə görə, Naxçıvan MSSR-in ali dövlət hakimiyyəti orqanı 5 il müddətinə seçilən 110 nəfərlik deputat korpusu ilə təmsil olunan Naxçıvan MSSR Ali Soveti idi. Qanunlar Naxçıvan MSSR Ali Soveti tərəfindən qəbul edilirdi və bütün muxtar respublika ərazisində məcburi hüquqi qüvvəyə malik idi. Muxtar respublikanın ali hakimiyyət orqanının ildə 2 dəfə növbəti sessiyası keçirilirdi. Növbədənkənar sessiyalar Ali Sovetin Rəyasət Heyətinin təşəbbüsü və ya deputatların üçdə bir hissəsinin tələbi ilə çağırılırdı.
Naxçıvan MSSR-in ali icraedici və sərəncam orqanı Naxçıvan MSSR Nazirlər Soveti olub, muxtar respublikanın səlahiyyətinə aid edilən bütün idarəetmə məsələlərini həyata keçirirdi. Naxçıvan MSSR Nazirlər Soveti Naxçıvan MSSR Ali Soveti qarşısında məsul idi və ona hesabat verirdi.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda xalqın azadlıq uğrunda apardığı mübarizəni qələbə ilə başa çatdırmaq üçün siyasi təcrübəyə, diplomatik qabiliyyətə malik lider lazım idi. Dahi rəhbər Heydər Əliyevin Naxçıvana gəlişi, burada fəal siyasətə başlaması xalqın gələcəyə ümidini özünə qaytarmış, Naxçıvanı Azərbaycanın ərazi bütövlüyü və istiqlaliyyəti uğrunda apardığı mübarizənin mərkəzinə çevirmişdir. Ümummilli lider Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrdə, eləcə də Azərbaycan Respublikasının Prezidenti olduğu illərdə Naxçıvanın muxtariyyət statusunun möhkəmlənməsi, habelə bir çox sahələrdə olduğu kimi, konstitusiya yaradıcılığı istiqamətində də əhəmiyyətli işlər görülmüşdür.
1990-1993-cü illərdə Naxçıvanda qəbul olunmuş bir sıra konstitusiya qanunları təkcə muxtar respublikanın deyil, bütövlükdə Azərbaycan dövlətinin də gələcək taleyinin müəyyən edilməsində həlledici rol oynamışdır. Belə ki, 1990-cı ilin noyabr ayında ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən 12-ci çağırış Naxçıvan MSSR Ali Sovetinin ilk sessiyasında tarixi qərarlar qəbul olunaraq Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı Naxçıvan Muxtar Respublikası, Naxçıvan MSSR Ali Sovetinin adı isə dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılmış, Azərbaycan Xalq Cümhuriyyətinin milli istiqlal rəmzi olan üçrəngli bayraq bərpa olunaraq Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilmişdir.
11 yanvar 1991-ci il tarixdə ulu öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Moskva və Qars müqavilələrinin iştirakçısı olan dövlətlərə bəyanat verərək həmin ölkələri muxtar respublikanın ərazi bütövlüyünün erməni təcavüzü nəticəsində kobud şəkildə pozulması faktlarına münasibət bildirməyə çağırmışdır.
1991-ci ilin mart ayında SSRİ-nin saxlanılması ilə əlaqədar referendum keçiriləndə isə Naxçıvan konstitusiya hüquqlarından istifadə edərək öz ərazisində referendum keçirmədi. Cəsarətlə atılmış bu strateji əhəmiyyətli addımlar muxtar respublikanı əhatə edən təhlükələrdən, bu qədim diyarı erməni işğalından, beynəlxalq müqavilələrlə təsbit edilmiş muxtariyyət statusunu isə ləğv olunmaq təhlükəsindən xilas etdi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında 1992-ci il yanvarın 31-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Konstitusiya Qanunu qəbul edilmişdir. Muxtar respublikanın yeni Konstitusiyası qəbul edilənə qədər onun dövlət quruluşu, siyasi, iqtisadi və sosial həyatı bu qanunla tənzimlənməli idi. Qanuna görə, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində beynəlxalq muxtar ərazi statusuna malik demokratik dövlət, demokratik quruluşun və qanunun aliliyinin təminatçısı isə hakimiyyətin mənbəyi olan xalq elan edilirdi. Bu qanunla ilk dəfə demokratik göstəricilərdən biri olan “hakimiyyətlərin bölgüsü” prinsipi qəbul edilirdi.
Azərbaycan Respublikasının 1995-ci il 12 noyabr tarixli Konstitusiyasının qəbulu Naxçıvan Muxtar Respublikasında yeni Konstitusiyanın qəbulunu zəruri etmişdir. Belə ki, həmin Konstitusiyada “Naxçıvan Muxtar Respublikası” başlıqlı VIII fəsil nəzərdə tutulmuş, həmin fəsil daxilindəki 134-cü maddədə muxtar respublikanın Azərbaycan Respublikasının tərkibində muxtar dövlət olması təsbit edilmiş, bütün bunlar isə muxtar respublikanın Əsas Qanununun qəbul edilməsini şərtləndirmişdir. Nəticədə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 23 dekabr 1995-ci il tarixli 16-1 saylı qərarı ilə muxtar respublikada yeni Konstitusiya layihəsi hazırlayan komissiya yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun sədrliyi ilə bu komissiyanın, onun işçi qrupunun tərkibinə təcrübəli mütəxəssislər, alimlər və ekspertlər daxil edilmişdir.
Komissiya Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiya layihəsini hazırlayaraq ulu öndər Heydər Əliyevin sədri olduğu yeni Konstitusiya layihəsi hazırlayan komissiyaya təqdim etmişdir. Muxtar respublikanın yeni Konstitusiya layihəsi Azərbaycan Respublikası Konstitusiya layihəsini hazırlayan komissiyada 4 dəfə müzakirə olunmuşdur.
Bu Konstitusiya əvvəlkilərdən həm formasına, həm də məzmununa görə əsaslı şəkildə fərqlənir. Təkcə bir faktı demək kifayətdir ki, ilkin variantda təklif olunan 12 fəsil, 146 maddə son variantda daha yığcamlaşdırılaraq 6 fəsil, 50 maddə olmuş, nəticədə isə konstitusiya daha dolğun və daha bitkin bir hüquqi sənədə çevrilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birbaşa rəhbərliyi altında və onun gərgin əməyi sayəsində hazırlanmış sözügedən Konstitusiya layihəsi ingilis və fransız dillərinə tərcümə olunaraq rəy verilməsi üçün beynəlxalq təşkilatlara – Avropa Şurasına, Qanun Vasitəsilə Demokratiya Uğrunda Avropa Komissiyasına, Fransanın Dövlət Administrasiyasının Beynəlxalq İnstitutuna və bir sıra digər təşkilatlara təqdim olunmuş, beynəlxalq ekspertlərin ümumiləşdirilmiş rəyinə görə, layihə demokratik, hüquqi, dünyəvi dövlət quruluşuna təminat verməklə demokratik dövlətin siyasi və hüquqi təşkili prinsiplərinə uyğun hesab edilmişdir.
Layihənin son variantı Azərbaycan Respublikasının yeni Konstitusiyasının layihəsini hazırlayan komissiyanın sədri ulu öndər Heydər Əliyevin 12 aprel 1998-ci il tarixli məktubu ilə müzakirə edilmək üçün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə göndərilmişdir. Bu layihə 15 aprel 1998-ci il tarixdə “Şərq qapısı” qəzetində dərc edilərək ictimaiyyətin müzakirəsinə təqdim olunmuşdur. Komissiyanın 23 aprel 1998-ci il tarixli iclasında layihə daxil olan təkliflərlə birlikdə müzakirə edilmiş və qəbul edilmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının müzakirəsinə təqdim olunması qərara alınmışdır. 28 aprel 1998-ci il tarixdə təqdim olunan layihə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsinə uyğun olaraq, iki dəfə – 30 iyun və 29 dekabr 1998-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Konstitusiya qanunu ilə təsdiq edilərək dövlət başçısı tərəfindən imzalanmışdır.
Muxtar respublikanın yeni Konstitusiyası demokratik tələblərə cavab verməklə Naxçıvanın muxtariyyətinin hüquqi əsaslarını özündə birbaşa əks etdirmişdir. Bu Konstitusiya sayca dördüncü Konstitusiya olmaqla yanaşı, Naxçıvanın müstəqil Azərbaycanın tərkibində, sovet ideologiyasından kənar qəbul edilmiş ilk milli Konstitusiyasıdır.
Konstitusiyanın 1-ci maddəsinə əsasən, Naxçıvan muxtar dövləti Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır. Qeyd edək ki, muxtariyyətinin 90 ili ərzində Naxçıvan heç zaman belə yüksək statusa malik olmamışdır.
Konstitusiyaya görə, Naxçıvan Muxtar Respublikasında qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının yuxarı icra orqanı olub, qanunverici orqan – Ali Məclis tərəfindən təşkil edilir, ona tabedir və onun qarşısında müntəzəm hesabat verir.
Naxçıvan Muxtar Respublikasının qüvvədə olan Konstitusiyası əvvəlki dövrlərdə qəbul edilmiş konstitusiyalardan fərqli olaraq, yeni bir institut – “Ali vəzifəli şəxs” institutunu nəzərdə tutur. Belə ki, Konstitusiyanın 5-ci maddəsinə görə, Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədridir. Ali vəzifəli şəxs həm qanunvericilik, həm icra hakimiyyəti sahələrində Konstitusiya ilə müəyyən edilmiş səlahiyyətlərə malikdir.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Naxçıvan Muxtar Respublikası qanunvericilik sisteminin əsasıdır. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkib hissəsi olub, ona uyğundur. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, Naxçıvan Muxtar Respublikasının qanunları, Ali vəzifəli şəxsinin fərmanları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları, mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktlarından ibarətdir.
Müasir dövrdə hüququn inkişafı demokratik islahatların aparılmasını zərurətə çevirmiş və bu zərurətdən qaynaqlanaraq ötən illər ərzində Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına bir sıra mütərəqqi əlavə və dəyişikliklər edilmişdir.
21 oktyabr 2005-ci il tarixli Konstitusiya Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilmiş əlavə və dəyişikliklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin həll etdiyi məsələlərin dairəsi genişləndirilmiş, 30 dekabr 2005-ci il və 2 oktyabr 2006-cı il tarixli Konstitusiya qanunları ilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasına edilmiş əlavələr və dəyişikliklər əsasında İnsan Hüquqları üzrə Müvəkkilin seçilməsi qaydası müəyyənləşdirilmiş, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında 30 sentyabr 2010-cu il tarixli Konstitusiya Qanunu ilə Ali vəzifəli şəxsin səlahiyyətləri artırılmış, qanunvericilik təşəbbüsü hüququ subyektləri sırasına Naxçıvan Muxtar Respublikasının Prokurorluğu əlavə edilmiş, məhkəmə hakimiyyətinin fəaliyyəti təkmilləşdirilmiş, 15 noyabr 2011-ci il tarixli muxtar respublikanın Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında Konstitusiya Qanunu ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin, eləcə də ümumi və ixtisaslaşdırılmış məhkəmələrin hakimlərinin təyin edilməsi proseduru dəqiqləşdirilmişdir.
Dediklərimizi yekunlaşdıraraq, belə nəticəyə gəlmək olar ki, Naxçıvanın muxtariyyət dövründə müxtəlif illərdə qəbul edilmiş konstitusiyaları muxtar ərazi statusunun möhkəmləndirilməsinə, sabit dövlət quruculuğunun genişləndirilməsinə, idarəçiliyin təkmilləşdirilməsinə, vəzifə və səlahiyyətlərin bölgüsü sahəsində demokratik prinsiplərdən istifadə edilməsinə, muxtar dövlət statusunun möhkəmləndirilməsinə xidmət etməklə konstitusiya quruculuğunun mühüm tarixi sənədləri olmuşdur.
Sənan QARAYEV
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi