Dünən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində “Muxtariyyət ili”nə həsr olunmuş konfrans keçirilmişdir. Konfransı səhiyyə naziri Niyazi Novruzov açaraq çoxəsrlik dövlətçilik ənənələri olan bu diyarda Naxçıvan Muxtar Respublikasının yaradılmasını Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsi kimi dəyərləndirmiş, 2014-cü ilin Naxçıvan Muxtar Respublikasında “Muxtariyyət ili” elan edildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, Naxçıvan səhiyyəsinin 90 illiyi muxtariyyətin tarixi ilə üst-üstə düşdüyündən hər bir səhiyyə işçisi üçün ikiqat bayramdır. Bununla yanaşı, səhiyyənin inkişaf tarixi həm də Naxçıvan tarixinin vacib bir hissəsidir. “Muxtariyyət ili”ndə bu tarixi öyrənmək bütün ziyalılar üçün, həm də tibbi ictimaiyyət üçün müəyyən əhəmiyyət kəsb edir.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev naxçıvanlı təbib Əkmələddin Naxçıvani ilə bağlı tədqiqatları barədə məlumat vermiş, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanı Bəhruz Məmmədovun “Çar Rusiyası dövründə Naxçıvan səhiyyəsi”, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Hüseyn Əsgərovun “Muxtariyyətdən öncəki Naxçıvan səhiyyəsi “Molla Nəsrəddin” jurnalında”, Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərovun “Muxtariyyətin ilk illərində Naxçıvan səhiyyəsi” mövzularında məruzələri dinlənilmişdir.
Tədbirdə muxtar respublikanın səhiyyə işçiləri ilə yanaşı, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Tibb Kollecinin tələbə və müəllimləri iştirak etmişlər.
Xəbərlər şöbəsi