Culfa rayonunun Nəhəcir kəndində keçirilən tədbirdə rayon prokuroru, baş ədliyyə müşaviri Əli Adıgözəlov “İcbari və könüllü sığortanın əhəmiyyəti” mövzusunda çıxış edib. Daşınmaz əmlakın icbari sığortası, sığorta hadisələri və sığorta müqavilələri haqqında kənd sakinlərinə ətraflı məlumat verən Əli Adıgözəlov qeyd edib ki, sığorta formasının təşkili və həyata keçirilməsi istiqamətində bu gün ölkəmizdə bir sıra nailiyyətlər əldə edilib. Sığorta sistemi, sadə dildə desək, əhalinin sosial müdafiəsi üçün nəzərdə tutulub və onun əsas məqsədi müəyyən səbəblərdən (qanunla nəzərdə tutulmuş hallarda) sığortaolunanlara dəymiş maddi ziyanın kompensasiya edilməsidir. Ölkəmizdə sığorta iki formada – icbari və könüllü əsasda həyata keçirilir. İcbari sığorta, adından da göründüyü kimi, məcburi aparılır və o, əsasən, riskli işlərdə çalışanlara, müqavilə əsasında əmək fəaliyyəti ilə məşğul olan şəxslərə şamil edilir.
Rayon prokurorunun köməkçisi, ikinci dərəcəli hüquqşünas Xalid Ağayev “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən uşaqların hüquqları” mövzusunda çıxış edərək qeyd edib ki, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından yararlanmaq, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq eyni zamanda öz valideyinləri tərəfindən tərbiyə edilmək, maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna da malikdir.
Xalid Ağayev uşaqlara ad və soyadların verilməsi, uşaqlara qoyulan adların dəyişdirilməsi qaydalarından da ətraflı danışıb.
Sonda kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb.
Xəbərlər şöbəsi