Ordubad Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Bələdiyyələrin fəaliyyətində qanunvericiliyin tələblərinə əməl olunması” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov açaraq rayonda bələdiyyələrin fəaliyyəti üçün göstərilən dövlət qayğısından danışıb, bu qayğının müqabilində bələdiyyələrin işində nöqsanların olmasının yolverilməz olduğunu bildirib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev çıxış edərək qeyd edib ki, nazirlik tərəfindən bələdiyyələrə metodik köməkliyin göstərilməsi və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəli təsiri istiqamətində işlər mütəmadi davam etdirilir. Ötən dövr ərzində Ordubad rayonu üzrə hüquqi maarifləndirmə tədbirləri olaraq, 14 dəfə seminar-müşavirə keçirilib. Bu cür seminar-müşavirələrin əsas məqsədi bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsindən, yerli özünüidarəetmə orqanları arasında əməkdaşlığın təmin edilməsindən, bələdiyyələrdə kargüzarlıq işlərinin qanunvericiliyin tələblərinə uyğun qurulmasından ibarət olub.
Bildirilib ki, Ordubad rayonunda fəaliyyət göstərən bələdiyyələrdə qanunvericiliyin təmin olunması və kargüzarlığın müvafiq normativ aktların tələblərinə uyğun aparılmasının öyrənilməsi məqsədilə 2009-2013-cü illər ərzində rayon İcra Hakimiyyəti ilə birlikdə 17 dəfə yoxlama keçirilib və aşkar olunan nöqsanların aradan qaldırılması üçün bələdiyyələrə hərtərəfli metodik köməkliklər göstərilib. Lakin seminar-müşavirələr, yoxlamalar, əməli köməkliklər zamanı edilən tövsiyə və təkliflərə baxmayaraq, bu gün rayon üzrə bələdiyyələrin bir neçəsinin fəaliyyətində hələ də nöqsanlar və çatışmazlıqlar qalmaqdadır. Təəssüflər olsun ki, verilmiş tövsiyə və tapşırıqlardan sonra bələdiyyələrdə hansı işlərin görülməsini müşahidə etmək üçün təkrar olaraq yenidən bələdiyyələrdə araşdırmalar aparılarkən müəyyən olur ki, əməkdaşlarımız tərəfindən görülən işlər olduğu kimi hərəkətsiz saxlanılıb və heç bir iş davam etdirilmədən nöqsanlar aradan qaldırılmayıb.
Qeyd edilib ki, ümumilikdə, bələdiyyələrin yerli əhalinin maraqlarını təmin etmək və bu sahədə səmərəli işləmələri üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb. Məhz bu diqqət və qayğının müqabilində bələdiyyələr üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər. Hər bir bələdiyyə qeyd olunanlardan nəticə çıxarmalı və fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun təşkil etməlidir.
Sonda bələdiyyələri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbərlər şöbəsi