1993-cü il aprel ayının 2-də Azərbaycanın ərazicə ən böyük rayonlarından biri olan Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində 130 yaşayış məntəqəsi, dünya şöhrətli “İstisu” sanatoriyası, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti, 172 mədəniyyət obyekti, 96 ümumtəhsil məktəbi, 76 səhiyyə obyekti, 1 muzey darmadağın edilib. 100 min baş qaramal, 500 min baş qoyun-quzu, yüzlərlə maşın, texnika, avadanlıq talan olunub. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərə azı 760 milyon ABŞ dolları dəyərində ziyan dəyib. Biz isə mənəvi ziyanlardan və gələcək ZƏFƏRdən bəhs edəcəyik...
“Təbii ki, Kəlbəcərin işğalı bizim hakimiyyətin ən böyük məğlubiyyətidir. Bunun məsuliyyətini biz həmişə daşımışıq və daşıyacağıq da”. – Bu, 1993-cü ilin aprelində ölkənin ən yüksək postlarından birini tutan şəxsin gecikmiş etirafı idi. Lakin tarixin ağır ironiyası o məqamda özünü göstərdi ki, Kəlbəcərin işğalından 7 il sonra birbaşa efirdə bu etirafı edən adam bir müddət sonra Azərbaycanın dövlətçiliyinin qarantına çevrilmiş şəxsi, onun ideya məsləkdaşlarını və davamçılarını ittiham etməkdən belə utanmayacaqdı.
Təbii ki, Kəlbəcərin işğalından 22 il sonra bu işğalın günahkarlarının kim olmasından bəhs etməyə lüzum görmürəm. Əlahəzrət fakt ondan ibarətdir ki, kimin günahkar olmasından asılı olmayaraq, 1993-cü ilin 2 aprelində ölkənin strateji nöqtələrindən biri, Qarabağın qala qapısı adlanan Kəlbəcər işğal edildi. Kəlbəcər həm də ermənilərin Qarabağdan kənarda yerləşən Laçından sonra işğal etdikləri ikinci rayon kimi tarixə düşdü.
Kəlbəcər toponimini araşdıran tədqiqatçıların təbirincə desək, Kəlbəcərin qədim türk dillərində mənası “çay üstündə qala” deməkdir. Kəlbəcər Qafqazın ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Deməli, təkcə sıradan bir rayonumuz işğal edilməyib, həm də bəşəriyyətin beşiklərindən biri sayılan ərazimiz – beşiyimiz oğurlanıb.
Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcərdə Zar açıq düşərgəsində aparılan arxeoloji tədqiqatlarda sübut olunub ki, ibtidai insan sürü icmasının ilk əmək alətləri daşdan meydana gəlib. Deməli, bu işğalla həm də “Vətən” kəlməsi ilə birləşəndə “Vətəndaş” sözünü meydana gətirən daşımız işğal edilib.
Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Deməli, türklükdən rəng alan səma rənginin, atəşpərəstliyin al-qırmızı rənginin və İslamın yaşıl rənginin izləri qalıb Kəlbəcərdə. Bir də 511 nəfər şəhidin ruhu, 231 nəfər itkin düşən soydaşımızın nəfəsi və harayı. Və bir zaman Kəlbəcərdən erməni işğalçılarının və havadarlarının vəhşiliyi, “sapı özümüzdən olan baltaların”, ən humanist şəkildə ifadə etsəm, səriştəsizliyi nəticəsində Kəlbəcərdən didərgin düşən 53 min 340 nəfərin bir gün yenidən Vətəninə qayıtmaq arzusu... Deyəsən yanlış yazdım axı, kəlbəcərli olduğunu bilib, Kəlbəcərdə anadan olmadığını da bilənləri unutmaq olmaz... 53 min 962 nəfər. Təkcə arzusu yox, həm də gündən-günə artan inamı.
Bu gün gündən-günə qüdrətlənən Azərbaycan dövlətinin inkişafından, tərəqqisindən doğan bu inam, artıq dünyanın ən böyük dövlətlərinin məsələyə – işğal faktına ikili, üçlü, dördlü, beşli standartlarla yanaşmalarından, lap elə Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurasının 3205 saylı iclasında qəbul etdiyi 822 saylı qətnamədən də güclü faktora çevrilməkdədir. Əgər qəbul edilən qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdusa, bu inam hətta tarixi Qərbi Azərbaycan torpaqlarında yaşayan soydaşlarımızın öz dədə-baba yurdlarına sahiblənməsini təmin edəcək qədər güclü faktora çevrilməkdədir. Çünki bu inam qüdrətli və milli əsaslara söykənən dövlətçilik prinsiplərindən, inkişaf edən iqtisadiyyatdan, güclənən hərbi sənaye potensialından, Vətəninə və vətəndaşına ən ali dəyər və sərvət kimi yanaşan dövlət idarəçilərinin vətənpərvərliyindən doğur. Deməli, hələ hər şey bitməyib. Uzun zamandan bəri arzuladığımız zəfər günü qarşıdadır, elə Kəlbəcərin işğaldan azad ediləcəyi gün də. Ümummilli lider Heydər Əliyevin sözləri ilə ifadə etsək: “Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar”.
Elnur KƏLBİZADƏ