22 Dekabr 2024, Bazar

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il yanvarın 14-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncamda qeyd olunduğu kimi, Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyarda Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsidir. Bu il Naxçıvan səhiyyəsinin 90 illiyi muxtariyyətin tarixi ilə üst-üstə düşdüyündən hər bir səhiyyə işçisi üçün ikiqat bayramdır. Bununla yanaşı, səhiyyənin inkişaf tarixi həm də Naxçıvan tarixinin vacib bir hissəsidir. “Muxtariyyət ili”ndə bu tarixi öyrənmək bütün ziyalılar üçün, həm də tibb ictimaiyyəti üçün müəyyən əhəmiyyət kəsb edir.

Səhiyyənin tarixi ilk bəşər övladının tarixi qədər qədimdir. İlk bəşər övladı ən azı özü-özünün həkimi olub soyuqdəymədən, günvurmadan qorunmaqla neçə-neçə xəstəliyin qarşısını alıb, qanı axmasın deyə özünün və başqalarının yaralarını sarıyıb, ağrıyan əzasına məlhəm qoyub, aclıq, susuzluq kimi təbii ehtiyaclarını dolğun şəkildə ödəməyə çalışıb. Beləcə, hələ əkinçilikdən, maldarlıqdan, inşaatdan, bütün peşə və sənətlərdən öncə səhiyyə təşəkkül tapıb, əsrlər boyu formalaşıb, inkişaf edib. Loğmanlar, təbiblər, həkimlər dünyanın əşrəfi sayılan insanın ən qiymətli neməti olan cansağlığının keşiyində duran ali bir peşə sahibinə çevriliblər. Bu gün səhiyyə birbaşa genefondun keşiyində duran və insanlara xidmət göstərən bir fəaliyyət növüdür. Təbabətin inkişafı ömürün xeyli uzanmasına, insan həyatının keyfiyyət göstəricilərinin yüksəlməsinə səbəb olmuşdur. Həkimin gördüyü iş çətin, məsuliyyətli, eyni zamanda şərəfli işdir. Ümummilli lider Heydər Əliyev həkimlik peşəsini yüksək qiymətləndirərək deyirdi: “Həkimlik sənəti dövri-qədimdən şərəfli və hörmətli sənət olmuşdur. Həkimlik sənəti indi də ən şərəfli, ən hörmətli sənətlərdən biridir. Mən hesab edirəm ki, dünyada heç bir sənət tapa bilməzsən ki, həkimlik kimi hər bir insana lazım olsun. Mən həkimi, səhiyyəni çox sevirəm. Deyə bilərəm ki, mən sizlərin dostuyam. Siz isə mənim bir nömrəli dostumsunuz... Yer kürəsində insanların hərəsi öz fəaliyyətini bir sahədə göstərir. Hər bir sahə lazımdır. Amma özünü həkim sənətinə, insanların sağlamlığına, səhhətinə həsr edənlər ən qiymətli insanlardır”.
Ömürlərini Vətən, xalq qarşısında böyük xidmətlərə sərf edən, nurlu əməlləri, müqəddəs amalları, xeyirxahlıqları ilə insanların qəlbində yurd salan həkimlərimiz şərəfli işi, nəsillərə örnək olan əməlləri ilə gənc nəslə nümunədir. Əcəmi yurdu zaman-zaman həm də təbiblər yurdu kimi tanınıb. Arxeoloji qazıntılar zamanı tapılan, bu gün muzeylərin ekspozisiyasını bəzəyən eksponatlar, şifahi xalq ədəbiyyatı qaynaqları əcdadlarımızın hələ bizim eradan əvvəl humoral və ya pnevmatik təbabətin nəzəri əsaslarına bələd olduqlarını sübut edir. Məsələn, şəkər xəstəliyinin əlamətləri Ene­olit dövrünün daş yazılarında belə ifadə olunurdu: “O qədər susuzdu ki, bütün Nil çayını içə bilərdi”. Antik yunan və Roma ədəbiyyatında da tibbin ilk insanla birlikdə yarandığı bildirilsə də, antik yunan mifologiyasında bu sənət Eskulapla bağlanır. Eskulap Apollonun oğlu, təbib allahıdır. Homerin “İliada” əsərində Eskulap allah deyil, fessaliyalı bir insan, döyüşçü həkimlər Maxaon ilə Podalirinin atasıdır. Beynəlxalq tibb aləmində “kasaya zəhər tökən ilan emblemi” də sağlamlıq tanrısı Eskulapın şərəfinə tibbin rəmzi kimi qəbul edilib.Yunan mifologiyasında Eskulapın şəfa gücünü ilandan aldığı bildirilir və ilanlı əsası ilə Eskulap tibbin rəmzi sayılır. Xidmətləri ilə Hippokrat da tibbin atası sayılır. E.ə.490-450-ci illərdə yaşayan Hippokratın tibb elminin inkişafındakı fəlsəfəsindən dünya tibbində bu gün də istifadə olunur. Bu səbəblə də bir çox ölkədə həkimlər məzun olarkən “Hippokrat andı” ilə məslək andı içirlər. Şərqdə, xüsusən Azərbaycanda isə o zamanlar “tərcüməçi” mənasında işlədilən “dilmanc” və ya “savadlı” mənasında işlədilən “mirzə” sözləri kimi “şəfaverici” mənasında işlədilən “təbib” sözü də böyük ehtiramla səslənirdi.
Tarixi mənbələrdə, eləcə də türk dünyasının möhtəşəm “Dədə Qorqud” dastanında bu qədim Oğuz yurdu ilə bağlı coğrafi məkanlar özlərinin nadir dərman bitkiləri, şəfa qaynaqları ilə zəngin bir yer kimi təsvir edilib. Əcəmi Naxçıvaninin müasiri Əkmələddin Naxçıvani həkim, “təbiblərin sultanı”, “müdriklərin ağası”, “dünya həkimlərinin rəisi” kimi ad qazanmış, Qiyasəddin Keyxosrovun hakimiyyəti dövründə (1264-1283) Konya sultan sarayında baş həkim işləmişdir.    
Bu sətirlərin müəllifi 2000-ci ildə bir qrup naxçıvanlı ziyalı ilə Tehranda qonaq olarkən Dehli Universitetinin müəllimi bizə yaxınlaşıb Əkmələddin Naxçıvaninin həmvətənləri ilə görüşündən məmnunluğunu ifadə etdi, onun yazdığı kitabın Dehli Universitetinin Tibb fakültəsində indi də tədris edildiyini bildirdi. Həmin görüşdən sonra AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin Əkmələddin Naxçıvani barədə apardığı axtarışların nəticəsi olaraq, “Şərq qapısı”qəzetində geniş bir məqaləsi dərc edildi.
XVII əsrdə yaşamış İbrahim ibn Zeynalabdin (bəzi mənbələrdə Zeynəddin) Naxçıvani tibb elminin sirlərinə yiyələndikdən sonra Dəməşqin baş təbibi olmuş, “təbiblərin rəisi” kimi şöhrət qazanmışdır (Naxçıvan ensiklopediyası, 2-ci cild, səh.178).
Naxçıvan əsrlər boyu xarici hücumların, ara müharibələrinin, feodal çəkişmələrinin dağıntısına məruz qalmış, müxtəlif xarici işğalçılar arasında mübarizə meydanına çevrilmişdir. Qanlı müharibələr, döyüşlər ordu quruculuğunda hərbi tibbi xidmətin təşkilini zəruri etmiş, yaralılar üzərində cərrahi müdaxilələr aparılmışdır.
1826-28-ci illərə qədər əhali tibbi yardım almaq üçün ara həkimlərinə, mollalara, seyidlərə, dərvişlərə, falçılara müraciət edirdi. Şərur qəzasının həkimi H.Səfiyev qəzada ilk xəstəxana açılana qədər olan dövrü təsvir edərək yazır: “…O vaxta qədər (1889-cu ilədək, yəni ilk xəstəxana açılana qədər) əhali ancaq ara həkimlərinin köməyi ilə keçinirdi…” İnsanın anatomiyası, fiziologiyası və xəstəliklərin mahiyyəti barəsində heç bir təsəvvürü olmayan bu cür başabəla “həkimlərin” günahı üzündən hər il yüzlərlə adam, o cümlədən körpə uşaq onların qurbanı olurdu.
Naxçıvan ərazisində tibb işi XIX əsrin ortalarında təşkil edilmişdir. O zaman çar Rusiyasının mövcud qanununa əsasən, Qafqaz ölkəsinin inzibati idarəsi tərəfindən 1847-ci ildə Cənubi Qafqaz üçün tibb personalının ştatı haqqında əsasnamə imzalanmışdır. Buna əsasən, hər qəzada bir qəza həkimi, iki feldşer və bir mama vəzifəsinin olması nəzərdə tutulurdu.
Rəsmi məlumatlardan aydın olur ki, 1852-53-cü illərdə Naxçıvan və Ordubad qəzalarında əhaliyə tibbi yardım göstərilmişdir. İrəvan quberniyası üçün 13 noyabr 1874-cü ildə təsdiq edilmiş ştata əsasən, Naxçıvan qəzasına bir qəza həkimi, iki feldşer və bir mama ştatı, Şərur qəzasına bir qəza həkimi, iki feldşer verilmişdir. Qəza həkimlərinin vəzifəsi, əsasən, məhkəmə təbabəti və tibbi-polis fəaliyyəti ilə məşğul olmaqdan ibarət idi (məhkəmə-tibb müayinəsi, meyityarma və sair). Bundan başqa, qəza həkiminin üzərinə onun tabeliyində olan feldşerlərə və mamalara nəzarət, əhaliyə həkim köməyi göstərmək vəzifəsi də düşürdü.
İqtisadi gerilik, məişət və əmək şəraitinin aşağı səviyyədə, yaşayış yerlərinin antisanitar vəziyyətdə olması, tibb işinin olduqca zəif inkişafı – bunlar hamısı yoluxucu xəstəliklərin – təbii çiçək xəstəliyinin, vəbanın, yatalağın, malyariyanın, dizenteriyanın, traxomanın, prokazanın, uşaq yoluxucu xəstəliklərinin baş verməsinə və yayılmasına səbəb olurdu. 1892-ci ilin yay ayında baş vermiş vəba epidemiyası vaxtı Naxçıvan qəzasında 2583 vəbalı xəstə qeydə alınmış, onlardan 1227 nəfəri (47,5 faizi) ölmüşdür. Naxçıvan şəhərində isə 250 vəbalı xəstədən 157-si (62,8 faizi) ölmüşdür.
1904-cü ildə Naxçıvan və Şərur qəzalarında vəba epidemiyasının baş verməsinin qarşısını almaq və epidemiya əleyhinə tədbirləri gücləndirmək məqsədilə 1904-cü ildə Şərur qəzasının Baş Noraşen kəndində (iyul), Ordubad şəhərində (avqust) və Naxçıvan şəhərində (sentyabr) həkim-sanitar məntəqələri təşkil edilir. Onlara sanitar tədbirlərin həyata keçirilməsinə və xidmət dairəsində sanitar vəziyyətinə nəzarət etmək həvalə olunmuşdur. Xəstəlik hadisəsi baş verən vaxt ona qarşı bilavasitə mübarizəyə qoşulmaq nəzərdə tutulmuşdur.
1904-cü ilin avqust ayında Naxçıvan şəhərində vəbalı xəstələr üçün 10 çarpayılıq, sentyabr ayında Şərur qəzasının Baş Noraşen kəndində isə 3 çarpayılıq xəstəxana açılır.
Təkcə 1904-cü ildə vəba epidemiyası zamanı Naxçıvan qəzasında vəbaya tutulmuş 837 xəstədən 628 nəfəri (yəni xəstələnənlərin 74 faizi), Şərur qəzasında isə 845 vəbalı xəstədən 660 nəfəri (yəni xəstələnənlərin 78,1 faizi) ölmüş­dü (bax: “İrəvan quberniyasının 1906-cı ilə aid yaddaş kitabı”, üçüncü hissə. İrəvan, 1905, səh.102).
“Qafqaz haqqında məlumatlar məcmuəsi” adlı əsərdə Naxçıvanda o zamanlar bir sıra xəstəliklərlə yanaşı, qanlı ishalın, qızılcanın, keçəlliyin, müxtəlif göz xəstəliklərinin hökm sürdüyü göstərilir. Habelə Naxçıvan və Şərur qəzalarında qarın yatalağının, qanlı ishalın, vərəmin olmasını, 1908-1909-cu illərdə Culfada və Yaycı kəndində çiçək və Nəsirvaz kəndində (Ordubad rayonu) skarlatina epidemiyasının baş verməsini (60 uşaqdan 50-si ölmüşdür) təsdiq edən sənədlər də vardır.
Xalq arasında “qızdırma” adlanan  malyariya keçmişdə hər il yüzlərlə adamı, xüsusən uşaq və hamilə qadınları məhv edirdi. Əhali arasında malyariya Naxçıvan qəzasına nisbətən Şərur qəzasında daha geniş yayılmışdı. Bu haqda “Böyük Sovet Ensiklopediyası”nda Naxçıvan MSSR-də səhiyyə işlərinin keçmişdəki zəif inkişafından, əhali arasında xəstəliklərin yayılmasından bəhs edilərək göstərilir ki, əhali arasında yatalaq, traxoma, malyariya (Arazətrafı zolaqda əhalinin 70-80 faizi, Şərurda isə az qala 100 faizə qədəri) xəstəlikləri geniş yayılmışdı. Məsələn, Naxçıvan qəzasında 1906-cı ildə  4621 nəfər, 1907-ci ildə 3749 nəfər, 1908-ci ildə 893 nəfər, 1909-cu ildə 6575 nəfər və 1910-cu ildə 5476 nəfər malyariyalı xəstə qeydə alınmışdı.
Beləliklə, öz-özlüyündə aydın olur ki, muxtariyyətdən qabaqkı Naxçıvanda əhalinin təbii artımının son dərəcə azalması, ölümün, xüsusən uşaq ölümünün çoxalmasına səbəb xəstəliklərin geniş surətdə yayılması, yaşayış şəraitinin aşağı səviyyədə olması idi.
1917-20-ci illərdə tibbi xidmət daha da pisləşir, xəstəliklər günü-gündən artır. 1917-ci ilə qədər Naxçıvanda işləyən tibb işçiləri ağır siyasi vəziyyətlə əlaqədar 1-2 nəfərdən başqa, hamısı qəzanı tərk edir. Sayca onsuz da az olan tibb şəbəkəsi dağılır. Sanitar vəziyyət son dərəcə pisləşir, vəba, malyariya, vərəm, traxoma və başqa yoluxucu xəstəliklər əhalinin get-gedə yoxsullaşmasının nəticəsində artır.
Qeyd etmək lazımdır ki, muxtariyyətin ilk illərində səhiyyə işini yenidən bərpa etmək, əhaliyə tibbi xidməti təşkil etmək o qədər də tez başa gəlmədi. Bir tərəfdən büdcənin zəif olması, mərkəzi səhiyyə orqanları, xüsusən Azərbaycan Səhiyyə Komissarlığı ilə əlaqənin tam bərpa edilməməsi, əvvəllər sayca cüzi də olsa, müalicə müəssisələrinin dağıdılması, olub-qalan tibb işçilərinin hərc-mərclik nəticəsində 1918-1920-ci illərdə ölkəni tərk etmələri, xəstə­liklərin, xüsusən yoluxucu xəstə­liklərin həddindən artıq artması – bunlar hamısı yenicə təşkil edilmiş səhiyyə şöbəsinin fəaliyyətinə ciddi maneələr, çətinliklər yaradırdı. Bunlara baxmayaraq, səhiyyə işinin günü-gündən yaxşılaşdırılması sahəsində gərgin iş görülürdü.

Mövzuya yekun vurarkən bu nəticəyə gəlmək olur ki,  muxtar respublikamızda səhiyyənin tarixi qədim dövrlərdən başlasa da, onun dövlət səviyyəsində təşkilatlanması ötən əsrin iyirminci illərinə – muxtariyyətin qazanıldığı dövrə təsadüf edir. Naxçıvan İnqilab Komitəsinin 1920-ci il 10 oktyabr tarixli qərarı ilə Naxçıvanda ilk səhiyyə şöbəsi, 1921-ci il dekabrın 24-dən isə Azərbaycan Xalq Səhiyyə Komissarlığının Naxçıvan Diyar Əlahiddə Səhiyyə İdarəsi fəaliyyət göstərmişdir. 1924-cü il yanvarın 18-də Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Xalq Səhiyyə Komissarlığı yaradılmış, bununla da, səhiyyə sisteminin dövlət tərəfindən tənzimlənməsinin əsası qoyulmuşdur. Bu dövrdən etibarən Naxçıvan səhiyyəsi iyirminci əsrin elmi-texniki tərəqqisindən bəhrələnərək əhalinin sağlamlığının əsl mühafizəçisinə çevrilmişdir.

Hüseyn ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR