22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Naxçıvan Muxtar Respublikası ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində” mövzusunda açıq dərs keçilib.
Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbin VII, VIII, IX sinif şagirdlərinin iştirak etdikləri açıq dərsdə məktəbin tarix müəllimi Feyruz Novruzov bildirib ki, Azərbaycanın tarixində ümummilli lider Heydər Əliyevin ayrıca rolu və yeri vardır. Azərbaycan tarixinin Heydər Əliyev dövrü təkcə sürətli inkişaf, yüksəliş anlayışları ilə səciyyələnmir. Bu daha çox mahiyyətcə yeni dövrün, yeni tarixin formalaşması anlamına uyğun gəlir. Ulu öndər Heydər Əliyev Azərbaycanın qədim və çoxəsrlik tarixinin yeni dövrünü, daha dəqiq desək, Azərbaycanın yeni tarixini yaradıb. Və heç şübhəsiz, bu dövrə, bu tarixə onun adı əbədi həkk olunub.

Azərbaycanın ən yeni tarixində Naxçıvanın yeri və rolu haqqında  danışan Feyruz Novruzov şagirdlərin diqqətinə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu bütün Azərbaycan siyasi mühitində aparıcı siyasi qüvvəyə çevrilməklə milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxarıb. Üçrəngli bayrağımız ilk dəfə ümummilli liderin sədrlik etdiyi Naxçıvan parlamentində qaldırılıb, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılıb. Naxçıvanda ulu öndərin rəhbərliyi ilə ölkə əhəmiyyətli qərarlar qəbul edildiyi bir vaxtda Azərbaycanın digər bölgələrində hərc-mərclik, özbaşınalıq, vətəndaş müharibəsi baş qaldırmışdı. Müstəqilliyimizin ilk illərində hakimiyyətə yiyələnən qüvvələrin səriştəsizliyi ölkəmizi parçalanmaq, dövlətçiliyimizi itirmək təhlükəsi qarşısında qoymuşdu. Hakimiyyət uğrunda çəkişmə Ermənistanla aparılan müharibəni də arxa plana keçirmişdi. Azərbaycan dövlətçiliyinə qənim kəsilən dairələrin fikrincə, xaotik proseslərin nəticəsi kimi Azərbaycan parçalanmalı və nəticə etibarilə, iri dövlətlərdən asılı vəziyyətə düşməli idi. Xarici dairələrin təsiri altına düşən “sapı özümüzdən olan baltaların” rəvac verəcəkləri vətəndaş müharibəsi xalqa böyük müsibətlər gətirməli idi. Amma onlar ən mühüm məqamı – Azərbaycan xalqının böyük inam bəslədiyi ulu öndərin ətrafında birləşmək istəyini nəzərə almamışdılar. Xalq görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlişini vəziyyətdən yeganə çıxış yolu kimi görmüş və vaxtında öz böyük oğlunu Bakıya dəvət etməklə çox düzgün bir addım atmışdır.
Qeyd olunub ki, Azərbaycanımızın ayrılmaz hissəsi olan qədim Naxçıvanın bu gün sürətli inkişaf yolunda olması ulu öndərin müəyyənləşdirdiyi strategiyaya böyük sədaqətin nəticəsidir. Bu səbəbdəndir ki, diyarımız gündən-günə çiçəklənir, həyata keçirilən nəhəng quruculuq tədbirləri bu qədim yurd yerini füsunkarlığa qovuşdurur, insanların həyat tərzi gündən-günə daha da yaxşılaşır.     
Sonra şagirdlər muzeyin ekspozisiyası ilə tanış olublar.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR