Martın 29-da keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunmuşdu. Həmin gün Uzunoba Su Anbarı yaxınlığındakı yeni salınmış 2 hektarlıq meyvə bağında 1400 ədəd meyvə ağacı əkilmiş, Naxçıvan-Sədərək və Naxçıvan-Batabat yollarının sağ və sol hissələrindəki yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.
Şərur rayonunun sakinləri də, əvvəlki iməciliklərdə olduğu kimi, əzmkarlıq nümayiş etdirmişlər. Dizə-Gümüşlü yolunun kənarlarında və Aşağı Yaycı kəndində yeni salınmış 2,5 hektarlıq bağda 1600 ədəd meyvə ağacı, 300 ədəd həmişəyaşıl ağac, 290 ədəd gül kolu, Yuxarı Daşarx kəndi ərazisində yol kənarlarına bərpa məqsədilə 1500 ədəd meşə ağacı, Dərəkənd, Siyaqut, Xanlıqlar və Düdəngə kəndləri ərazisində yol kənarlarına 1000 ədəd meyvə ağacı əkilmişdir.
Həmin gün Babək rayonunun ərazisində də fəallıq müşahidə edilmişdir. Rayon sakinləri Naxçıvan-Ordubad yolunun Qoşadizə kəndindən keçən hissəsində yol kənarlarına bərpa məqsədilə 300 ədəd meşə, Naxçıvan-Batabat yolunun Vayxır kəndindən keçən hissəsində 550 ədəd çinar ağacları əkmiş, yaşıllıqlar aqrotexniki qulluq göstərilərək suvarılmışdır.
Ordubadda da iməciliklər mütəşəkkilliklə keçirilmişdir. Naxçıvan-Ordubad yolunun Qoşadizə kəndindən keçən hissəsində yeni salınmış 1 hektarlıq bağda 400, Dizə kəndində yeni salınmış 0,4 hektarlıq bağda 150, Üstüpu kəndində 500, Çənnəb kəndində 300, Vələver kəndində 400, Düylün kəndində 150 ədəd meyvə ağacları əkilmişdir. Qazi massivində isə bərpa məqsədilə 350 ədəd meyvə ağacı əkilmişdir. Rayonun Tivi, Bist və Nəsirvaz kəndlərində çay kənarlarına 600 ədəd meşə ağacı əkilmişdir.
Culfa rayonunda da iməcilik zamanı yeni tinglərin əkilməsi işləri həyata keçirilmişdir. Naxçıvan-Ordubad yolunun kənarlarında salınmış yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, alaq otları təmizlənmiş, ağacların gövdələri ağardılaraq suvarılmış, bu ərazilərdə bərpa məqsədilə 750 ədəd meyvə tingi əkilmişdir.
Naxçıvan-Sədərək magistral yolunun Kəngərli rayonu ərazisindən keçən hissəsində yolun kənarlarındakı bağların genişləndirilməsi diqqət mərkəzində saxlanılmışdır. Kəngərlililər bu ərazilərdə bərpa məqsədilə 400 ədəd meyvə ağacı, rayon mərkəzindəki park və xiyabanlarda 100 ədəd həmişəyaşıl ağac, 500 ədəd gül kolu əkmişlər.
Şahbuzlular Daylaqlı kəndi ərazisində yeni salınmış 1,2 hektarlıq meyvə bağında 869 ədəd, kəndlərdə 412 ədəd müxtəlif meyvə ağacı, Şahbuz şəhərinin park və xiyabanlarında 105 ədəd həmişəyaşıl ağac əkmişlər.
Sədərək rayonunun sakinləri Qaraağac kəndində yeni salınmış bağda 1700 ədəd meyvə ağacı əkmişlər.
Həmin gün muxtar respublikamızın bütün bölgələrində ahıl vətəndaşların həyətlərində təmizlik, abadlıq işləri aparılmışdır.
Xəbərlər şöbəsi