Oleq Kuznetsov, tarix elmləri namizədi
(Moskva)
Vaxtilə müasir Azərbaycanın ərazisində Rusiya imperiyasının hökmranlığı illərində yerli administrasiyanı kəngərlilər (və yaxud Kəngərli) qədər məşğul edən başqa bir tayfa olmamışdır (XIX əsrin rəsmi sənədlərində “kenqerli”nin digər yazılış formasına – “Kyanqerlı”ya da rast gəlinir ki, bu da Rusiya Ordusunun Əlahiddə Qafqaz Korpusu sıralarında 1829-1856-cı illərdə fəaliyyət göstərmiş və dəfələrlə döyüş meydanlarında şöhrət qazanmış “Kəngərli süvarisi” (“Konniça Kenqerli”) adlanan qeyri-nizami hərbi birləşmə ilə bağlıdır. Bu hərbi birləşmə istisnasız olaraq eyniadlı subetnosun nümayəndələrindən komplektləşdirilirdi).
Kəngərlilər XIX əsrin ikinci rübü ərzində hərbi-idarə və tarixi-hüquqi cəhətdən elə parlaq və özünəməxsus nadir sosial hadisədir ki, onların statusunun müəyyənləşdirilməsi və sonrakı nizamlanması məsələlərinə imperator I Nikolay da daxil olmaqla o zamankı Rusiya hakimiyyətinin aşağıdan yuxarıya bütün pillələri dəfələrlə müdaxilə etməli olmuşlar.
Gəlin bəri başdan şərtləşək ki, biz bu tayfanın etnoqrafik oçerkini yazmağı qarşımıza məqsəd qoymadığımızdan diqqətimizi yalnız bir yarım əsr bundan əvvəl Zaqafqaziyada digər müsəlman tayfaları arasında Kəngərlilərin özünəməxsus (əgər “əlahiddə” demək mümkün deyilsə) vəziyyətini müəyyənləşdirən normativ aktlar və ona qədər mövcud olmuş bürokratik aktların məzmununun təhlili üzərində cəmləşdirəcəyik. Bu mənbələrin əsas hissəsi “Qafqaz Arxeoqrafiya Komissiyasının topladığı aktlar”da (QAKA) (“Aktı, sobrannıe Kavkazskoy Arxeoqrafiçeskoy Komissiey” – AKAK) çap olunsa da, indiyədək sistemləşdirmə və elmi dərketmə predmetinə çevrilməmişdir. Buna görə də bu qəbildən olan ilk xüsusi məqalə kimi onun qarşısında qoyulan əsas vəzifə Rusiya imperiyasının Qafqazdakı milli siyasətində konkret tarixi nümunədə hər hansı bir konkret xalq və tayfanın ənənə və məişətinin xüsusiyyətlərindən asılı olaraq, yanaşma variantlılığının mövcud olduğunu göstərməkdən ibarətdir.
1826-1828-ci illər Rusiya-İran müharibəsi nəticəsində imzalanmış Türkmənçay sülh müqaviləsinə uyğun olaraq, Naxçıvan xanlığı ərazisinin – yəni yaşadıqları ərazinin Rusiya yurisdiksiyasına keçməsilə əlaqədar olaraq Kəngərlilər Rusiya imperiyasının hakimiyyəti altına düşdülər. QAKA görə, Kəngərlilər ilk dəfə piyada qoşunları generalı İ.F.Paskeviçin imperator I Nikolayın adına göndərdiyi İxlaskar raportunda “Kəngərlilərin Naxçıvan süvarisi” (“Naxiçevanskaya konniça Kenqerli”) kimi xatırlanır. Bu raportda Rusiya Ordusunun Əlahiddə Qafqaz Korpusunun türk qoşunlarına qarşı Saqanlıq dağ silsiləsində 15-17 iyun tarixlərindəki üçgünlük döyüşləri təsvir olunur. Sənədin mətnindən belə aydın olur ki, Kəngərli süvarisi Qara dəniz kazakları ilə birlikdə ümumkazak alayını təşkil etmiş və general-mayor Sergeyevin qeyri-nizami süvari dəstəsi tərkibində əvvəlcə rus qoşunlarının ön hissəsində silsilənin hər iki yamacındakı meşəliklə irəliləmiş və bununla da, korpusun əsas qüvvələrinin gizli manevretmə imkanlarını təmin etmişlər. Sonda qələbə ilə nəticələnmiş həmin döyüşün son mərhələsində Kəngərlilərin atlı döyüşçüləri Qara dəniz kazakları ilə birlikdə rus qoşunlarının başında irəliləməklə cinahı mühasirəyə almış, sonra isə Osmanlı qoşunlarının əsas qüvvələrinin arxasına keçə bilmişlər. Türkiyənin Asiya hissəsindəki 1829-cu il kampaniyasının bütün gedişi zamanı Kəngərli süvarisi, əsasən, ümumkazak alayı tərkibində fəaliyyət göstərmişdir. Müstəqil bölmə kimi yalnız polkovnik-leytenant knyaz M.Z.Arqutinski-Dolqorukinin dəstəsi Olti ekspedisiyasında 18-20 sentyabrda Olti qalasının bilavasitə mühasirəsində, onun atəşə tutulmasında iştirak etmişdir ki, bu da nəticədə, qarnizonun təslim olmasına gətirib çıxarmışdır. Gördüyümüz kimi, Rusiya tabeliyinə keçdikləri andan etibarən Kəngərlilər Qafqazdakı rus hərbi komandanlığı və mülki idarəçiliyi tərəfindən rifahının əsasını yalnız hərbi və hərbi-polis qulluğu təşkil edən icma kimi qəbul edilirdi.
Ümumkazak alayı tərkibində 1829-cu ildə Osmanlılara qarşı hərbi əməliyyatlarda Kəngərlilərin Qara dəniz kazakları ilə çiyin-çiyinə iştirakı sübut edir ki, bu tayfa öz sosial mükəlləfiyyətinə və vəziyyətinə görə o zamankı Azərbaycanın digər əhalisi arasında xüsusi yer tutur, həyat tərzinə və hüquqi statusuna görə onlardan fərqlənirdi. Kəngərlilər XIX əsrin birinci yarısında Zaqafqaziya müsəlmanları arasında analoqu olmayan ictimai korporasiya təşkil edirdi. Bunu Qafqazdakı Rusiya administrasiyasının sənədləri əyani şəkildə sübut edir. Qeyd edək ki, bu tayfanın sayı XIX yüzilliyin birinci ilə ikinci qərinələrinin kəsişməsi dövründə rəsmi məlumatlara görə, 1270 ailədən və yaxud, təqribən, 10000 nəfərdən ibarət idi.
Kəngərlilərin həyatının məzmun və mənasını qulluq təşkil edirdi, şərəf və onunla qırılmaz şəkildə bağlı olan verilmiş sözə və ya anda sədaqət mövcudluqlarının mənəvi dominantı olduğundan onları heç nə üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsindən imtina etməyə məcbur edə bilməzdi. Azərbaycan torpaqlarının Rusiya imperiyasına birləşdirilməsindən sonra öz hərbi birləşmələri ilə Əlahiddə Qafqaz Korpusu qoşunları tərkibində daimi əsaslarla hərbi qulluq keçən Kəngərlilər yeganə icma idilər. Tez-tez Rusiya əsgərlərinin və yaxud Qafqaz kazaklarının öhdəsindən gələ bilmədikləri məsuliyyətli və xüsusi tapşırıqları onlar yerinə yetirirdilər. Buna misal olaraq, 1837-ci ilin yazında və yayında Ordubadda baş vermiş bir hadisəni göstərmək olar. Bu hadisə Rusiya imperiyasının bütün idarəetmə pillələrini – Ordubad mahal polis idarəsindən tutmuş Əlahəzrət İmperatorun Xüsusi Dəftərxanasına qədər bütün pillələri bürümüş qızğın bürokratik yazışmaya səbəb olmuşdur.
Belə ki, Ordubad yaxınlığındakı Vənənd kəndinin sakini, kifayət qədər qaranlıq şəxsiyyət olan Molla Məhəmmədsadıx aprelin 30-da İrandan geri dönüb kəndlərində vaizlik etməyə başlayır. Həmkəndlilərinin ifadələrinə görə, onun əvvəllər heç bir əmlakı olmayıbmış, çörək pulunu isə mirzəlik etməklə qazanırmış. Arvadını və oğlunu taleyin hökmünə buraxıb bir neçə illiyə yoxa çıxmış, bu yaxınlarda geri qayıdıb özünü təzə peyğəmbər olmasa da, peyğəmbərlərin nümayəndəsi elan etmişdir. Bunun sübutu kimi üzərində “Şahənşah”ın adı yazılmış möhürünü də ortaya qoyur (sonradan aparılmış təhqiqatlardan bəlli olur ki, bu möhürü bir yerli sənətkar hazırlayıbmış). Moizənin məğzi tərki-dünya xarakterli olub, tezliklə dünyanın dağılacağı və qiyamət gününün başlayacağı xəbərinin verilməsindən ibarət idi. Həm də bunların mütləq Ordubad ətrafında və ən yaxın zamanlarda baş verəcəyi iddia edilirdi. Onun moizələrindən çaşqınlığa düşən sakinlər silahlanmağa başlayırlar ki, bu da mahal naibi mayor Şıxəli bəyi və polis pristavı ştabs-kapitan Voronçenkonu narahat etməyə bilməzdi. Onlar isə, öz növbələrində, “erməni vilayəti”ni idarə edən general-mayor knyaz V.O.Behbudova mümkün ixtişaşlar barəsində raportlar yazırlar. Ordubad idarəçiliyi xalq həyəcanlarının mərkəzində olmaq və bunun qarşısında aciz qalmaqdan açıq-aşkar vahiməyə düşür. Çünki onun sərəncamında cəmisi 120 nəfərlik 4-cü gürcü xətt (sərhəd) batalyonu və gömrük-karantin xidməti göstərən kazak bölüyü var idi. Qiyam baş verəcəyi halda qiyamət qorxusundan lərzəyə gəlmiş çoxminli kütləyə qarşı durmaq üçün bunlar həddən ziyadə az idi.
General Behbudov Əlahiddə Qafqaz Korpusunun komandanı baron Q.V.Rozenə, o isə öz növbəsində, Sankt-Peterburqa gözlənilən təhlükələrə dair raportlar yazır. Vəziyyəti xüsusilə qəlizləşdirən məsələ bunda idi ki, bir neçə aydan sonra, 1837-ci ilin sentyabrında imperator I Nikolayın Qafqaza səfəri gözlənilirdi. Amma son nəticədə bəlli oldu ki, hərbi-yerli administrasiyanın həyəcanları əbəs imiş. Belə ki, baron Rozenin hərbi nazir qraf Z.Q.Çernışevin adına yolladığı 19 iyul 1837-ci il tarixli məxfi raportundan aydın olur ki, Naxçıvanın naibi, polkovnik Ehsan xanın qardaşı mayor Fərəc ağanın rəhbərliyi altında Kəngərli süvarisinin sotnyası Ordubada gəlmiş, heç bir əsgər, heç bir ermənidən istifadə etmədən Molla Məhəmmədsadıxı onu müqəddəs sayan bir neçə min müsəlmanın gözləri qarşısında həbs etmiş və gətirib İrəvana təhvil vermişdir. Zaqafqaziya tarixinin bu epizodu Kəngərliləri və onların yerli xalqlar arasında tutduqları mövqeyi hər şeydən daha yaxşı səciyyələndirir. Hamıya bəlli oldu ki, onlar yüz nəfərlə bir neçə minə qarşı çıxmaq, ya əmri icra etmək, ya da ölmək qabiliyyətinə malikdirlər. Buna görə də onların əleyhdarları öz başçılarının həbsinə qarşı belə çıxa bilməmişlər. Molla Məhəmmədsadığın özünə gəlincə isə o, Qafqaza inspeksiya məqsədli səfəri ərəfəsində imperator I Nikolayın 17 avqust 1837-ci il tarixli sərəncamı ilə yalançı “peyğəmbər” kimi tutulub həmişəlik olaraq Dinaburq qalasındakı məhbuslar rotasına göndərilir.
Bu Ordubad hadisəsi haqqında xəbərlər hərbi parad və baxışlara, ümumiyyətlə, az maraq göstərən imperator I Nikolayda Qafqaza səfəri zamanı məhz Kəngərli süvarisinə (Rusiya imperiyasının kargüzarlığında Kəngərlilərin hərbi birləşməsi rəsmən belə adlanırdı) sıra baxışı keçirməyə maraq oyatmışdı. Bu baxış 5 oktyabr 1837-ci il tarixdə baş tutur və hökmdarda, habelə onun əyanlarında ən xoş təəssüratlar yaradır. Bu baxış XIX əsr Rusiya hərb tarixi üçün unikal hadisə idi. Nə ona qədər, nə də ondan sonra Rusiya hökmdarları bu yüzillikdə bir daha “yadelli” hərbi hissələrinin onların yaşayış yerindəcə keçirilən paradını qəbul etməmişlər. Kəngərli süvarisinin belə bir şərəfə layiq görülməsi faktı onu sübut edirdi ki, Qafqazdakı Rusiya idarəçiliyi bu hərbi birləşməyə xüsusi ümidlər bəsləyir. Amma I Nikolayın Kəngərlilərə hökmdar iltifatının o biri tərəfi də vardı. Qafqaz idarəçiliyi buranın digər əhalisi arasında narazılıq salmadan Kəngərliləri fərqləndirməklə mükafatlandırmaq məsələsi sual olaraq qalırdı. Qafqazın baş hakimi, piyada qoşunları generalı qraf Y.A.Qolovin, hərbi nazir qraf Z.Q.Çernışev, o dövrdə Rusiyada Qafqaz üzrə başlıca mütəxəssis sayılan, Polşa çarlığında imperiya canisini işləyən general-feldmarşal qraf İ.F.Paskeviç-İrəvanski və İmperiya Dəftərxanası arasında bu mövzuda fəal və uzunmüddətli bürokratik yazışmalar aparılmışdı. Yazışmalar bir neçə il davam etmiş və 12 fevral 1840-cı il tarixdə hərbi nazirin Qafqazdakı baş hakiminin adına yazdığı sirkulyar məktubla yekunlaşmışdır. Bu məktub nəinki dəftərxana bəlağəti nümunəsi, həm də Qafqazdakı vəziyyətə dair Rusiya hakimiyyətinin düşünülmüş yanaşması nümunəsi sayıla bilər. Fars hökuməti yanında yalnız hərbi mükəlləfiyyətli və Naxçıvan naibi yanında qulluqda olan Kəngərlilər tayfası heç zaman ticarətlə və ya sənaye ilə məşğul olmamışlar. Onlar azacıq heyvandarlıq və ondan da az səviyyədə əkinçiliklə məşğul olmuşlar. Fars hökuməti yanında hər cür vergilərdən azad edilmiş Kəngərlilərin sərhədlərin keşiyini çəkmək və naib yanında (onlara naib tərəfindən ümumən toplanan torpaq məhsullarından bir qədər yardım da edilirdi) polis qulluğunu icra etmək üçün ən azı 200 atlı döyüşçünü hər an hazır vəziyyətdə saxlamaq borcu idi. Rusiyaya birləşdirildikdən sonra Kəngərlilər həmin hüquqlarını qoruyaraq indi də ən azı 200 atlı döyüşçü saxlamaqda davam edirlər. Həmin atlıların az bir hissəsi naib Ehsan xanın fəxri mühafizəsini təşkil edib, yerli qulluq vəzifələrini icra edirdi, digərlərindən isə Araz boyunca keşik çəkməklə düşmənlərə qarşı ekspedisiyalarda və sairədə istifadə olunurdu.
Bu səbəblər üzündən knyaz Varşavski (yəni İ.F.Paskeviç-İrəvanski – O.K.) belə hesab edir ki, Kəngərliləri “erməni vilayəti”nin digər sakinləri ilə müqayisə etmək olmaz. Baxmayaraq ki, həmin əsgərlər də sərhədlərin keşiyini çəkirlər, lakin Kəngərlilər kimi kuryerləri və nəqliyyatı İrana müşayiət etmirlər, İranın sərhəd rəislərinə çatacaq sənədlər onlarla göndərilmir. Özlərinin çoxdankı hərbi vərdişlərinə uyğun olaraq, Kəngərlilər həmişə silahlanmağa hazır olurlar, lakin belə həyat tərzi təbii olaraq onları əkinçilikdən uzaq salır və “erməni vilayəti”nin digər sakinləri kimi təbiətin məhsullarından yararlanmağa imkan vermir.
Buna görə də, feldmarşalın fikrincə, Kəngərliləri Zaqafqaziya əyalətlərindəki maaflarla müqayisə etmək lazımdır. Çünki maaflar da ilk çağırışda qulluğa əldə silah və atla gəlməli idilər. Həmin vəzifələri indiyədək Kəngərlilər də icra edirlər. Lakin bu səbəbdən maaflar bütün vergilərdən azad edilsələr də, eyni şeyləri hökumətə sadiqlikləri ilə tanınan və həmişə igidlik və çalışqanlıqları ilə seçilən Kəngərlilərə rəva görməmək ədalətsizlik olardı. Knyaz Varşavski əlavə edir ki, maaflar, İran kürdləri, Kəngərlilər və Zaqafqaziyadakı bəzi köçəri tayfalar, ümumiyyətlə, bizim kazaklar kimi qeyri-nizami süvari təşkil edə bilərdilər və bu, çox faydalı olardı: ilk olaraq onlardan düzgün məlumatlar toplamaq və alayları formalaşdırmaq lazımdır. Bu alaylar həqiqi qulluq zamanı məvacib, azuqə və mal yemindən başqa, hökumətdən hər hansı yardım istəmədən öz silahı və atı ilə qulluğa çıxacaqlar. Bu tədbir təsdiqləndikdən sonra onu digər sakinlərə də şamil etmək olar.
Əlahəzrət İmperator feldmarşal knyaz Varşavskinin rəyini bütünlüklə bəyənərək belə buyurdu ki:
1) Kəngərlilərə 1836-cı ildən, yəni bu mükəlləfiyyətə cəlbedilmə dayandırıldıqdan sonra qalan vergi borcları bağışlanılsın.
2) Onlar gələcəkdə pul vergisinin ödənilməsindən azad edilsinlər, lakin taxıl vergisi əvvəlki əsaslarla ödənilsin.
3) Bunun müqabilində sərhəd keşiyini çəkmək, naib yanında qulluq etmək, kuryer göndərilmək, düşmən əleyhinə hərəkətlərə cəlb edilmək və döyüşən orduya bir neçə atlı döyüşçü verilməsi üçün zəruri sayda süvari saxlamaq onların vəzifəsi hesab edilsin.
4) Feldmarşalın maaflar, Kəngərlilər və Zaqafqaziyadakı bəzi köçəri tayfalardan ibarət qeyri-nizami süvari dəstəsi yaradılmasına dair təklifi zaman və şərait imkan verdikdə tədricən icra etmək üçün nəzərə alınsın.
Sitat gətirilən bu sənəd o zamankı Azərbaycanın digər əhalisi ilə müqayisədə Kəngərlilərin imperiya yurisdiksiyasına keçdikdən sonra ilk 10-15 il ərzində onun tərkibindəki sosial-iqtisadi vəziyyətinin yığcam və lakonik xarakteristikasını özündə əks etdirir. Əvvəllər Rusiya administrasiyası tayfanın bütün potensiyalı və resurslarını qulluqdankənar bütün pul və natural mükəlləfiyyətləri ödətməklə yanaşı, dövlət-hərbi, feldyeger kimi qulluq növləri, diplomatik ehtiyaclı kuryer və yerli polis, sərhəd-gömrük, kordon-sanitar xidmətləri üçün onların silahlı dəstə və atlılarını kifayət qədər saymazcasına istismar etməyə çalışırdı. Belə vəziyyət isə Kəngərlilərin həyat tərzlərinin əsaslarını dağıdırdı, çünki onlar əvvəlki uğur və səmərə ilə hakimiyyət qarşısındakı vəzifələrini, habelə pul vergilərini obyektiv olaraq icra edə bilmirdilər. Buna görə Qafqazdakı Rusiya idarəçiliyi tayfadan vergi toplanmasını dayandırdı, lakin ödənilməmiş məbləği borc kimi yazmağa başladı. Lakin 1837-ci ildə yalançı “peyğəmbər” Məhəmmədsadıxla bağlı hadisə Rusiya əsgərləri və kazaklarının yararlı olmadığı hallarda yerli şəraitə uyğun spesifik məsələləri səmərəli şəkildə həll etməyə qadir olan yerli, “yadelli” hərbi qüvvənin imperiya idarəçiliyinin sərəncamında olmasının son dərəcədə zəruriliyini nümayiş etdirdi. Buna görə də Kəngərlilər sosial-əmlak əlaməti üzrə korporativ imtiyazlar əldə etməyə başladılar ki, bu da yerdə qalan digər əhalidə yox idi. Tayfa atlıları yarımimtiyazlı maaflar təbəqəsinə bərabər tutulur, qalan Kəngərlilər isə pul vergisini ödəməkdən azad edilirlər. Bu həm də Rusiya imperiyasındakı kazakların statusundan azacıq fərqlənən maafların sosial statusunun bütün Kəngərlilərə verilməsi yolunda atılan növbəti addım idi.
Təəssüf ki, XIX əsrin ikinci qərinəsində Qafqazdakı Rusiya idarəçiliyinin hərəkətləri öz ardıcıllığı ilə fərqlənmirdi. Bunun başlıca səbəbini isə baş hakimlərin bir-birini tez-tez əvəzləməsində axtarmaq lazımdır. Bu, “zaman və şərait imkan verdikcə” ideyasının – Kəngərlilərin kazaklara bərabər tutulması ideyasının tədricən reallaşdırılması ilə bağlı idi: bütöv bir onillik ərzində – 1840-cı ildən 1850-ci ilədək məsələ yerindən tərpənmədi. Bu illər ərzində Kəngərlilər kifayət qədər ikili vəziyyətdə qalmalı oldular: bir tərəfdən şəxsən hərbi qulluq mükəlləfiyyəti daşıyırdılar, buna görə də hərbi komandanlığa tabe idilər. Lakin eyni zamanda natural vergilər də ödəyirdilər ki, bu da yerli mülki hakimiyyətin kompetensiyasına şamil edilirdi. Bürokratik uyğunsuzluq şəraitində mövcud olduğu kimi, nəticədə, idarəçiliyin hər iki qolu çətinlik çəkirdi: Kəngərlilər həm qulluğa laqeyd yanaşır, həm də vergilərini ödəməkdən yayınırdılar. Bütün bunlar Naxçıvan, Tiflis və Sankt-Peterburq arasında bir neçə il davam edən yazışmalara səbəb olmuşdu. 1844-cü ildə Qafqaz canışini təyin edilən qraf M.S.Vorontsovun bu tayfanın hüquqi vəziyyətinin qəti şəkildə müəyyənləşdirilməsinə şəxsən baş qoşmasına qədər məsələ açıq qalmaqda idi. Bunun üçün bəhanə rolunu bilavasitə Naxçıvanda yaşayan 309 ailənin tayfa tərkibindən çıxması və şəhər əhli zümrəsinə yazılması cəhdi oldu. Bunu etmək sadə məsələ deyildi, çünki kişilər Rusiya imperiyasının hərbi idarəsinin tabeliyində idilər və onları şəhər əhli təbəqəsinə yalnız imperator keçirə bilərdi. Təbii ki, Kəngərlilərin qalan nümayəndələri öz tayfadaşlarının belə qərarına mane olmaq əzmində idilər, çünki onlar öz azadlıq və imtiyazlarını itirmək istəmirdilər. Nəticədə, imperiyanın administrativ maşını bütövlükdə hərəkətə keçdi. Əvvəlcə Peterburqdan Kəngərlilərin “qopub ayrılmış” ailələri, sonra isə bütün tayfa haqqında məlumatlar tələb olundu, daha sonra isə Zaqafqaziyada dövlətə şəxsi hərbi qulluq mükəlləfiyyəti olan bütün xalq və zümrələr haqqında məlumatlar istənildi. Bütün bu məlumatlar toplanıb qurtardıqdan sonra qraf Vorontsov onlardan bir məruzə hazırladı və 30 aprel 1850-ci il tarixdə imperator I Nikolaya təqdim etdi:
“...Bu diyardakı baş idarədən bu məqsədlə göndərilmiş şəxslər tərəfindən dəfələrlə keçirilmiş baxışlardan və yerli rəislərin məlumatlarından aydın olur ki, bir hissəsi hərbi, bir hissəsi isə mülki idarəyə tabe olan bu tayfanın indiki vəziyyəti böyük narahatlığa səbəb olur və bu da həmin cəmiyyətin qulluğundan hər hansı bir mənfəət əldə etməyə maneçilik törədir. Çünki qulluğa yollama, cəmiyyətin yaxşı silahlanmış və sağlam atları olan atlıları ayırıb göndərməsi tələbi, nəhayət, daxili idarə və təşkiletmə əşyaları – bütün bunların hamısı mülki rəhbərliyə aiddir. Kəngərlilərin hərbi xidmətinin qüsursuzluğu da məhz bunlardan asılıdır. İki idarəyə tabelilik ucbatından Kəngərlilər hər hansı nəzarətdən kənarda qalır və qulluğa hazırlıqdakı və xidmətin özündəki bütün nizamsızlıqlar müxtəlif rəhbərliklər arasında əhəmiyyətsiz yazışmalara səbəb olur. Kordon xidmətində az xeyir verən Kəngərlilər həm də poseleniye əhli kimi də faydasızdırlar, çünki müxtəlif vergi və mükəlləfiyyətlərdən azad olunublar.
Bütün bu düşüncələrə görə, hökumət üçün əhəmiyyətli və hətta Kəngərli cəmiyyətinin özü üçün də faydalı olardı ki, onlar hərbi mükəlləfiyyətdən azad edilsinlər, dövlət poseleniye əhlinə çevrilsinlər və onlar şəhər əhalisi ilə, kəndlilər isə Naxçıvan qəzasının əhalisi ilə eyni səviyyədə vergilərə cəlb edilsinlər. Onları, ümumiyyətlə, sərhəd xəttində hərbi qulluğa cəlb etmək üçün yadellilərin karantin-gömrük idarəsində atlı qoruqçular qismində qulluqetmə nümunəsində olduğu kimi aralarından könüllülərin muzdla tutulmasına icazə verilsin: bu şəkildə qulluq faydalı olardı və onlar arasında bəhsləşmə yaradardı.
Qafqaz Diyarı Baş İdarəsinin Şurası bütün bu işləri nəzərdən keçirərək və Kəngərlilərin vergi zümrəsinə şamil edilməsinin zəruriliyini etiraf edərək, bunu da əlavə edir ki, Kəngərliləri vergilərə cəlb etməklə daxil olacaq məbləğ hesabına kordon xəttinə azad keşikçilər tutulmalı, onlar habelə yem və ərzaq paylarına görə pullarla təmin olunmalıdırlar. Bu azad keşikçilər İranla bizim əlaqələrimiz üzrə diplomatik məmur və xidmətçiləri müşayiət etmək nəzərdə tutulur ki, indi həmin vəzifə Kəngərlilərin üzərindədir...”.
Qraf M.S.Vorontsovun məruzəsi baxılmaq üçün Qafqaz Komitəsinə – Qafqazın idarəedilməsi üzrə idarələrarası Şuraya daxil oldu və onun 31 oktyabr 1850-ci il tarixli qərarı ilə müəyyən əlavə qeydlərlə təsdiq edildi: “Kəngərlilərin istəklərinə uyğun olaraq, şəhərli və yaxud kəndli təbəqəsinə şamil edilməklə dövlət vergi vəziyyətinə keçirilməsi” elə olmalıdır ki, “Kəngərlilərin cəlb edildikləri vergi toplantıları nəinki haliyədə mövcud olan xidmət üçün müvafiq sayda adamların saxlanılması məsrəflərini, habelə dövlət əmlakının idarəedilməsi məsrəflərinə müraciət etmədən onların müəyyənləşdirəcək yerli idarəçilik üzrə kənd idarəetmə xərclərini də ödəyə bilsin”.
İlk baxışda, məruzə Kəngərlilərin korporativ imtiyazlarına birdəfəlik son qoyur: nə vaxtsa administrativ cəhətdən xüsusiləşmiş tayfanın nümayəndələri “istəklərinə uyğun” olaraq, məmur tərəfindən başa düşülən anlamda şəhər və ya kənd “əhli” dərəcəsinə keçirilir. Lakin bu sənəd həm də bürokrativ “əngəllərlə” dolu idi: bu sənədin özgə sətiraltı mənası vardır ki, bu da sadəlövh oxucuya göründüyündən tamamilə fərqli bir şey idi. Məruzənin məğzi ondadır ki, Kəngərlilərdən toplanılacaq vergilər iki növ dövlət məsrəflərini – “haliyədə mövcud olan xidmət üçün müvafiq sayda adamların saxlanılması məsrəfləri” və “onların kənd idarəetmə xərcləri”ni nəzərdə tuturdu. Əgər qanunun bu normasını bürokratik dildən rus dilinə çevirsək, belə alınar ki, 200 atlı döyüşçü, habelə idarəçiliyinə verildikləri yerli administrasiya Kəngərlilərin hesabına saxlanılmalıdır. Tayfanın hərbi birləşməsinin silahlanması, təchizat və atlarla təminatı vəzifələrini onlar 1828-ci ildən, yəni Rusiyanın yurisdiksiyasına keçirdikləri vaxtdan icra edirdilər. Kəngərlilərin kənd idarəçiliyi isə başqalarından deyil, elə həmin 200 atlı sırasına daxil olan bəy və ağalardan təşkil olunurdu. 1850-ci ildə edilən yeganə əhəmiyyətli dəyişiklik onda idi ki, əvvəllər hərbi idarəyə tabe olan Kəngərli süvarisi mülki idarəyə aid qeyri-müəyyən və çox zaman da anlaşılmaz olan hərbi dövrün qeyri-nizami süvarisinin əvvəlki funksiyaları saxlanılmaqla, Rusiya imperiyasının Daxili İşlər Nazirliyi və Dövlət Əmlak Nazirliyinin səlahiyyətlərinə şamil edilən vəzifələri – Naxçıvan qəzasında polis, sərhəd və gömrük-karantin xidməti kimi tamamilə müəyyən və köhnə – keçmiş vəzifələri də yerinə yetirməyə başlayırdı. Əsl həqiqətdə Kəngərlilər Naxçıvan qəzasının bürokratiyası çərçivəsində administrativ və fiskal muxtariyyət alıb, mövqeyinə görə sərhədyanı qəzada polis və digər “güc” funksiyalarını əllərində cəmləşdirirdilər. Bununla da, onlar İrəvandakı quberniya hakimiyyətindən müəyyən mənada uzaqlaşırdılar. Belə vəziyyət isə Kəngərlilərin Qafqazdakı Rusiya idarəçiliyinə yüksək dərəcədə loyallığını unutmadıqlarından onları tamamilə təmin edirdi. Lakin mülki idarənin tabeliyinə keçirilmə heç də o demək deyildi ki, hərb dövründə Kəngərli süvarisi hərbi əməliyyatların səhnəsinə çağırıla bilməz. 1853-1856-cı illər Şərq (Krım) müharibəsinin və Zaqafqaziyada hərbi əməliyyatların başlanılması Əlahiddə Qafqaz Korpusu qoşunlarının həm də yerli milis və qeyri-nizami birləşmələr hesabına gücləndirilməsini tələb edirdi. Bunun üçün qərara alındı ki, müharibə dövründə yerli sakinlərdən könüllülərin sotnyaları təşkil edilsin, hər quberniyada 1828-1829-cu illər rus-türk müharibələrində azərbaycanlılardan təşkil edilmiş nümunələr üzrə tərkibində 5 sotnya olan süvari-müsəlman alayına daxil edilsin. Sənədə görə, İrəvan quberniyasında könüllülər alayı aşağıdakı qaydada təşkil edilirdi:
“Ən yaxşısı budur ki, alay Kəngərlilərdən ibarət üç sotnyadan və İrəvan qəzasının köçəri sakinlərindən ibarət iki sotnyadan formalaşdırılsın. Bu zaman sonuncu iki sotnyaya digər qəzalardan da könüllülər daxil ola bilsinlər və bu iki hissənin hər birinin öz rəisi: birincininki Naxçıvan xanlarından, sonuncununku isə köçərilərin bəylərindən olsun”.
Nəticədə, alay elə beləcə də formalaşdırıldı. Onun tərkibində general-leytenant baron K.K.Vrangelin İrəvan dəstəsində İsmayıl xan Naxçıvanskinin (yuxarıda adıçəkilən Ehsan xanın oğludur) başçılığı altında Kəngərlilərin atlı döyüşçüləri də var idi.
Beləliklə, 1850-ci ildə mülki idarə çərçivəsində administrativ cəhətdən Kəngərlilərin xüsusiləşməsi hərbi dövrdə onları hərbi qulluq vəzifələrinin yerinə yetirilməsi yükündən azad etmədiyindən verilən muxtariyyət məhdud idi. Baxmayaraq ki, bu, onların dinc dövr həyatında çox əhəmiyyətli rol oynayırdı.