Martın 29-da Əlahiddə Ümumqoşun Ordusunun “N” hərbi hissəsində ixtisas kursunu başa vurmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının buraxılış mərasimi keçirilib. Mərasimi hərbi hissənin zabiti, polkovnik-leytenant Mənsum Əhmədov açıb.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək bildirib ki, ölkəmizdə milli ordu quruculuğu xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk peşəkar ordu qurumlarından biri olan 5-ci əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilib. Naxçıvanda peşəkar ordu hissəsinin yaradılması münasibətilə 1992-ci il oktyabrın 9-da ilk hərbi parad keçirilib. Qeyd olunub ki, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə ordu quruculuğuna başlayan ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu sahədə mühüm addımlar atılıb.
1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda Milli Ordunun gücləndirilməsi prosesi xeyli sürətləndirilib. Həyata keçirilən tədbirlər nəticəsində silahlı qüvvələrin maddi-texniki təminatı yaxşılaşdırılıb, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılıb.
Bildirilib ki, ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Güclü ordu yaradılması istiqamətində görülən işlərin nəticəsində muxtar respublikanın etibarlı müdafiəsi təmin edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində hərbi hissələr üçün onlarla yeni binalar – əsgəri-məişət yaşayış kompleksləri, müxtəliftəyinatlı obyektlər tikilib istifadəyə verilib.
Vurğulanıb ki, bu gün ixtisas kursunu tam başa vurmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün çox əlamətdar bir gündür. Kurs dövrü müxtəlif ixtisaslar üzrə bilik və bacarıqlara yiyələnmiş bu məzunlar muxtar respublikamızın müxtəlif hərbi hissələrində öz xidmətlərini layiqincə davam etdirəcəklər. Silahlı qüvvələrin Naxçıvanda yerləşən hərbi hissələrində nümunəvi xidmət üçün yüksək şərait yaradıldığını diqqətə çatdıran ordu komandanı məzunlara xidmətdə uğurlar arzulayıb.
Məzunlar adından çıxış edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Firdovsi İsayev Vətənə şərəflə xidmət edəcəklərinə, verilən tapşırıqları canla-başla yerinə yetirəcəklərinə söz verib.
Valideyn İntizam Cümşüdov isə məzunlara xoş arzularını çatdırıb, övladının hərbçi olmasından böyük qürur hissi keçirdiyini deyib.
Sonra məzunlara ixtisas hazırlığı kursu bitirmələri haqda sertifikatların təqdim olunması mərasimi keçirilib.
Sonda kursu müxtəlif ixtisaslar üzrə bitirən məzunların nümunəvi çıxışları və təntənəli keçidi olub.
Səbuhi HƏSƏNOV