22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikasında ardıcıl olaraq həyata keçirilən demokratik və hüquqi islahatların əsasını və mühüm istiqamətlərini 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunmuş və vətəndaş cəmiyyətinin bərqərar edildiyini ülvi niyyət kimi bəyan edən ölkəmizin ilk demokratik Konstitusiyası – Əsas Qanunu təşkil edir. Bələdiyyələrin hüquqi statusu ilə bağlı əsas müddəalar da Konstitusiyada öz əksini tapmışdır. Bundan əlavə, ölkəmizdə yerli özünüidarəetmə orqanlarının formalaşması və inkişafı üzrə məqsədyönlü tədbirlər həyata keçirilmiş, qanunvericilik bazası yaradılmış, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət mexanizmi formalaşdırılmışdır. Dünya təcrübəsindən də məlum olduğu kimi, yerli özünüidarəetmənin fəaliyyətinə nəzarətin müxtəlif formaları mövcuddur. Belə ki, bələdiyyələrin fəaliyyəti üzərində nəzarətin 3 növü vardır: dövlət orqanları tərəfindən həyata keçirilən nəzarət, bələdiyyədaxili nəzarət, ictimai nəzarət.

Ayrı-ayrı ölkələrdə bu nəzarət formaları fərqlənsə də, onların hamısında nəzarətin əsas məqsədi yerli özünüidarənin fəaliyyətinin səmərəliliyini təmin etməkdir. Bu istiqamətdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən hansı tədbirlər həyata keçirilir? Mövzu ilə bağlı müsahibimiz Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşı, kiçik ədliyyə müşaviri  Səttar Zamanovdur:
– Səttar müəllim, bələdiyyələrin yaradılması və inkişafı istiqamətdə həyata keçirilən tədbirlər barədə nə deyə bilərsiniz?
– Ölkəmizdə ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilmişdir. Yerli özünüidarəyə dair qanunvericiliyin intensiv inkişafı da elə bu ildən sonrakı dövrə təsadüf edir. Seçkilər nəticəsində ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da bələdiyyə institutu formalaşmışdır. Muxtar respublikamızda 171 yerli özünüidarəetmə orqanı fəaliyyət göstərir. Beləliklə, yerli əhaliyə öz problemlərinin həllində iştirak etmək imkanı yaradılmışdır. Onu da bildirim ki, müstəqil respublikamızın hər yerində olduğu kimi, muxtar respublikada da bələdiyyələr hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Bunun nəticəsidir ki, muxtar respublikada bələdiyyələrin fəaliyyəti ilbəil təkmilləşir və bu qurumların inkişafı, eləcə də səmərəli bələdiyyə idarəçiliyinin həyata keçirilməsi üçün hər cür şərait yaradılır. Müasir tələblərə cavab verən qəsəbə və kənd mərkəzlərinin inzibati binalarında bələdiyyələr üçün iş şəraitinin yaradılması bunun bariz nümunəsidir.
– Oxucularımıza bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi qaydaları barədə məlumat verərdiniz.
– Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət anlayışına müvafiq qanunla aydınlıq gətirilmişdir. Qanuna görə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. 2006-cı ildə Ədliyyə Nazirliyinin yeni Əsasnaməsinin qəbul edilməsi ilə bu sahənin fəaliyyət istiqaməti daha da dəqiqləşdirilmişdir. Bu sahədə nazirliyin əsas vəzifələrindən biri də bələdiyyələrin işinin təşkilinə kömək etmək və onlara metodoloji yardım göstərmək, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirməkdir. Xatırladım ki, 2006-cı il bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təkmilləşdirilməsi ilə yadda qalmışdır. Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə sistemli tədbirlər həyata keçirilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 31 may 2006-cı ildə “Naxçıvan Muxtar Respublikasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi tədbirləri barədə” Sərəncam imzalamışdır. Həmin sərəncamla nazirliyin Bələdiyyələrlə İş Mərkəzinin statusu yüksəldilmişdir ki, bu da bu qurumun işinə olduqca müsbət təsir göstərmişdir. Adıçəkilən sərəncama görə, inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədilə bələdiyyələr qəbul etdikləri aktların bir surətini həmin aktların qəbul edildiyi andan 15 gündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.
Onu da bildirim ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu ilə bələdiyyələr inzibati orqanlar hesab olunur. Buna görə də hər bir bələdiyyə öz işini qanunvericiliyin tələbləri səviyyəsində qurmalıdır. Bələdiyyələrin işinin düzgün təşkili baxımından bələdiyyələrin qərarları qanunvericiliyin tələblərinə uyğun hazırlanmalıdır. Məlumat üçün onu da bildirim ki, bələdiyyə iclaslarının çağırılması, əhali ilə görüşlərin təşkili və yerli özünüidarəetmə orqanlarının fəaliyyəti üzrə digər məsələlərin tənzimlənməsi məqsədilə “Bələdiyyələrin nümunəvi reqlamenti” ölkə Prezidentinin 21 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmişdir. Ötən müddət ərzində inzibati nəzarətin qanunda müəyyən olunmuş qaydada və hallarda keçirilməsi, bələdiyyələrdə qanunçuluğun təmin olunması istiqamətində işlər davam etdirilmişdir.
– Bələdiyyələrlə İş Mərkəzi tərəfindən bələdiyyələrə konkret olaraq hansı metodik köməkliklər göstərilmişdir və bundan sonra hansı işlərin görülməsi nəzərdə tutulur?
– Çoxşaxəli fəaliyyət istiqaməti olan Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə metodik köməkliyin göstərilməsi və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəli həyata keçirilməsi istiqamətində işlər davam etdirilmişdir. Belə ki, inzibati nəzarət qaydasında baxılan bələdiyyə aktlarının sayında artım müşahidə olunmuş, bu sahədə hüquq pozuntularının aradan qaldırılması xüsusi diqqət mərkəzində saxlanılmışdır. Qanunçuluğun möhkəmləndirilməsində hüquqi maarifləndirmənin əhəmiyyəti nəzərə alınmaqla mütəmadi olaraq bələdiyyə üzvlərinin və bələdiyyə qulluqçularının iştirakı ilə maarifləndirici tədbirlər keçirilmişdir. Belə ki, bu istiqamətdə ötən son 2 ildə 40-a yaxın seminar-müşavirə keçirilmişdir. Nazirliyin müvafiq qurumlarının əməkdaşlarının da iştirakı ilə hər bir bələdiyyədə ayrılıqda maarifləndirici tədbirlər təşkil olunur, bələdiyyə fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların müddəaları izah edilir. Təəssüf ki, göstərilən metodik köməkliklərə baxmayaraq, bu gün bir sıra bələdiyyələrin fəaliyyətində hələ də nöqsanlar və çatışmazlıqlar qalmaqdadır. Bu nöqsanlar, əsasən, iclas protokollarının qanunverici­liyin tələblərinə uyğun tərtib edilmə­məsində, arxiv işinin təşkilində və qəbul edilən qərarların hazırlanması və qəbulunda özünü göstərir. Yerli özünüidarə orqanlarında tərəfimizdən təhlillər aparılmış və həmin nöqsanların aradan qaldırılması ilə bağlı hazırlanmış müvafiq sənəd nümunələri onlara göndərilmişdir. Qeyd olunanlardan əlavə, bələdiyyə orqanlarına qanunvericiliyin tələblərindən irəli gələn vəzifələrin düzgün və dürüst yerinə yetirilməsi üçün “Arxiv işinin təşkili”, “Bələdiyyə aktlarının qəbulu barədə”, “Torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqlarının tanınması məsələləri barədə”, “Yerli özünü­idarəetmə sahəsində büdcə, əməkhaqqı, sosial təminat məsələləri ilə bağlı yeni qanunvericiliyin tətbiqi barədə” və sair mövzularda metodik vəsaitlər göndərilmişdir. Bələdiyyələrlə İş Mərkəzi tərəfindən bütün bələdiyyələrə kargüzarlıq işinin düzgün qurulmasına köməklik göstərilməsi məqsədilə “Bələdiyyələrdə vətəndaşların müraciətlərinə baxılması işinin və kargüzarlığın təşkilinə dair” və “Bələdiyyələrdə mühasibat uço­tunun təşkili” ilə bağlı kitablar paylanılmışdır.
2014-cü il yanvar ayının 30-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisində “2013-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair” keçirilən müşavirədə qeyd olunmuşdur ki, Ədliyyə Nazirliyi bələdiyyələrlə işi və onlara metodik köməklik göstərilməsini nəzarətdə saxlamalıdır. Həmin tapşırıqların icra olunması istiqamətində tədbirlər müəyyənləşdirilmiş və həyata keçirilir. Belə ki, bu sahədə işin düzgün əlaqələndirilməsi üçün cari ilin fevral ayında yerli özünüidarə orqanlarına metodik köməklik məqsədilə Ədliyyə Nazirliyinin əməkdaşlarının da iştirakı ilə muxtar respublikada fəaliyyət göstərən bütün bələdiyyələrə yerlərdə bilavasitə əməli köməklik göstərilmişdir. Həmin bələdiyyələrdə olarkən Bələdiyyələrlə İş Mərkəzi tərəfindən müvafiq qaydalara uyğun hazırlanan büdcə, ştat cədvəli, nomenklatur siyahı, protokol, qərar və digər sənəd nümunələri formaları hazırlanaraq təqdim edilmiş və sənədlərin hazırlanması, qərarların qəbul edilməsi ilə bağlı qanunvericiliyin tələbləri onlara izah edilmişdir. Habelə qanunçuluq prinsipinə riayət olunmasının təmin edilməsi, aşkar olunan nöqsanların aradan qaldırılması ilə bağlı hər bir bələdiyyə orqanına tövsiyələr təqdim olunmuşdur.
Müvafiq qanunlarda edilən dəyişikliklərə əsasən, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları Ədliyyə Akademiyasında peşə hazır­lığına və ixtisas artırılmasına cəlb olunmalıdırlar. Bu məqsədlə ötən il 10 bələdiyyə sədri, bu ilin fevral ayında isə 10 bələdiyyə sədri Ədliyyə Akademiyasına göndərilmişdir. Bundan sonra da nazirlik öz fəaliyyətində hüquqi ma­arifləndirmə tədbirlərinin keçirilməsinə daha çox diqqət yetirəcəkdir. Ona görə ki, belə tədbirlər, ilk növbədə, baş verə biləcək hüquq pozuntularının qarşısının alınmasını təmin edir. Bələdiyyələrin fəaliyyətində qanunçuluq prinsipinin gözlənilməsi bələdiyyə idarəçiliyi qarşısında qoyulan məqsədlərə xidmət edir ki, bu da vətəndaşların və müstəqil dövlətimizin marağındadır və inzibati nəzarəti həyata keçirən orqan kimi fəaliyyətimiz bu vəzifələrin yerinə yetirilməsi istiqamətində qurulacaqdır. Gələcəkdə bələdiyyələrlə iş üzrə və onlara metodik köməklik göstərilməsi məsələlərinə diqqət daha da artırılacaqdır.
Müsahibə üçün sağ olun!

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR