Azərbaycanlılara qarşı ermənilərin soyqırımı siyasəti
Ermənilərin Qafqaza köçürülməsi, yerləşdirilməsi və dövlətlərinin yaradılması ideyası I Pyotrdan başlayır. Lakin Rusiya öz məqsədinə XX əsrin əvvəllərində nail olmuşdur. Rusiya ilə İran arasında gedən iki müharibənin sonunda imzalanmış Gülüstan və Türkmənçay müqavilələri Azərbaycanın parçalanmasına gətirib çıxarmışdır. Türkmənçay müqaviləsinin 14 və 15-ci maddələri “təbəə alış-verişi” ilə bağlı idi. İrandan ermənilərin köçürülməsi məsələsi ikinci Rusiya-İran müharibəsinin (1826-1828) gedişində Sankt-Peterburqda qaldırılmışdır. İrəvan və Naxçıvan xanlıqlarını işğal etmiş general Paskeviç İrandan köçürülən ermənilərin hansı Azərbaycan torpaqlarına istiqamətləndirilməsi barədə konkret göstəriş də vermişdi: “Köçürülən erməniləri İrəvan və Naxçıvan əyalətlərinə istiqamətləndirmək lazımdır ki, həmin ərazilərdə xristian əhalinin sayı mümkün qədər artırılsın”. Nəticədə, 1828-ci ilin fevral-iyun aylarında İrandan Şimali Azərbaycana – İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisinə 8249 erməni ailəsi, yəni 40 min nəfər erməni köçürülmüşdür. Bir qədər sonra isə Şimali Azərbaycan torpaqlarına Osmanlı dövləti ərazisindən daha 90 min nəfərdən artıq erməni köçürülüb gətirilmişdir.
Bu köçürülməyə rəhbərlik edən erməni mənşəli rus polkovniki Q.Lazarev İran ərazisindən Şimali Azərbaycana köçürülən ermənilərə müraciətlə deyirdi: “...Orada (Şimali Azərbaycanda – İ.H.) siz xristianların məskunlaşdırıldığı yeni vətən əldə edəcəksiniz... İranın müxtəlif əyalətlərinə səpələnmiş xristianların (yəni ermənilərin – İ.H.) bir yerə cəmləşdiyini görəcəksiniz. Tələsin! Vaxt qiymətlidir. Tezliklə rus qoşunları İranı tərk edəcək. Bundan sonra sizin köçməyiniz çətinləşəcək və biz sizin təhlükəsiz köçməyinizə cavabdeh olmayacağıq. Azca itkiyə məruz qalsanız da, qısa zamanda hər şeyə nail olacaqsınız, özü də həmişəlik”.
Həmin dövrdə ermənilər Naxçıvanda və Qarabağda xan-bəy torpaqlarında yerləşdirilmişlər. Qriboyedov bununla bağlı yazırdı: “Ermənilərin ilk dəfə buraxıldıqları torpaqlara əbədi sahib duracaqlarından müsəlmanlar içərisində yaranan qorxunu aradan qaldırmaq üçün mövcud ağır vəziyyətin uzun sürməyəcəyini bildirməklə onları sakitləşdirmək məsələsini biz dəfələrlə götür-qoy etmişik. Lakin Qarabağ və Naxçıvanda çar hökuməti tərəfindən elə bir siyasət yeridildi ki, öz başlarının hayına qalan xalq ermənilərin orada məskunlaşmasını unutmalı oldu”.
İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında 1828-ci ildə “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail olmuşlar. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması, faciələrə düçar olunması siyasətinin əsası qoyulmuşdur. Qeyd etməliyik ki, ermənilərin köçürülməsi başa çatdıqdan sonra “Erməni vilayəti”ndə olan 1125 kəndin 1111-də azərbaycanlılar yaşayırdı.
Ermənilər bununla da, tarixən düşündükləri “böyük Ermənistan” xülyalarını həyata keçirmək sahəsində real addımlar atmağa başlamışlar. Azərbaycan torpaqları hesabına yaradılmış “Erməni vilayəti”ndə rusların bilavasitə köməyi sayəsində məskunlaşdırılan ermənilər bütün Qafqaz ərazisində tarixin təhrif olunmasında, azərbaycanlılara qarşı soyqırımının həyata keçirilməsində fəal rol oynamışlar.
Ermənilər öz havadarlarının köməyi ilə XX əsrin əvvəllərində, yəni 1905-1907-ci illərdə əvvəlcə Bakıda, sonra isə Azərbaycanın digər regionlarında azərbaycanlılara qarşı soyqırımı həyata keçirmişlər. 1905-ci ilin fevralında Bakıda başlanan qırğınlar planlı şəkildə baş vermişdir. Ermənilər Bakıda erməni varlılarının köməyi ilə istədiklərinə nail olacaqlarına, Bakının neft səltənətini əllərinə keçirəcəklərinə və bundan sonra bütün Zaqafqaziyadan müsəlmanları silah gücünə qovub Ermənistan dövləti yaradacaqlarına əmin idilər. Fevralın 6-dan 10-na qədər Bakıda şiddətlə davam edən qırğınlar zamanı ermənilərin niyyətləri baş tutmamış və məğlub olmuşlar. Bakıda başlanan qırğın may-iyun aylarında Gəncə, Qarabağ, Şirvan, Zəngəzur, İrəvan, Şuşa, Cəbrayıl, Cavanşir, Qaryagin və başqa bölgələri də əhatə etmişdir.
1905-ci ilin may ayından başlayaraq Naxçıvan qəzasında da ermənilər soyqırımı aktı törətmişlər. Ermənilərin Naxçıvanda törətdikləri qırğınlar Ordubad, Cəhri, Şıxmahmud, Kültəpə, Əliabad, Çeşməbasar, Tivi, Tumbul və onlarla başqa şəhər və kəndləri əhatə etmişdir. Kazakların köməyindən istifadə edən ermənilər 1905-ci il noyabrın 26-da Naxçıvan şəhərindəki müsəlman bazarını tamam qarət etdikdən sonra od vurub yandırmışlar. Yanğın nəticəsində bazarda 85 dükan, 75 anbar və başqa tikililər məhv olmuşdur. Noyabr ayının 30-da Cəhri kəndinin yandırılmasında da kazaklar ermənilərlə birlikdə hərəkət etmişdilər. Həmin gün Naxçıvana gəlmiş İrəvan general-qubernatoru Paskeviç hadisələrin təfsilatı ilə maraqlanmamış, Cəhri kəndi tamam yanıb qurtarandan sonra, dekabrın 2-də kəndə yollanmış, naxçıvanlıların haqlı şikayəti ilə bir daha qarşılaşmamaq üçün gecə ikən qatarla İrəvana qayıtmışdı. Həmin ilin may ayında Ordubad qəzasının Tivi kəndində ermənilərlə azərbaycanlılar arasında baş vermiş münaqişə ilə əlaqədar buraya 500-ə yaxın əsgər və zabit göndərilmişdir. Sənədlərdən aydın olur ki, hərbi hissə kənddəki müsəlmanlara qarşı zor tətbiq etmiş, onları öldürmüş, əslində, ermənilərə kömək etmişdir.
Təxminən iki ilə qədər davam edən qanlı toqquşmalar nəticəsində Azərbaycan şəhərlərinə böyük zərər dəymiş, 300-dən çox kənd dağıdılmış, müxtəlif məlumatlara görə, ölənlərin sayı 80-100 min nəfərə çatmışdır.
Ötən əsrin ikinci onilliyində ermənilərin azərbaycanlılara qarşı törətdikləri 1918-ci il soyqırımı daha geniş miqyas almış və daha amansız olmuşdur. Həmin dövrdə Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Salyanda, Göyçayda və başqa yerlərdə dəhşətli qırğınlar törədilmişdir. 1918-ci ilin soyqırımı hadisələri S.Şaumyanın rəhbərlik etdiyi Bakı Kommunası hökumətinin əli ilə həyata keçirilmişdir. Bakı qırğınında Y.Korqanov və Petrovla birlikdə azərbaycanlı qanına susamış A.Mikoyanın, Hamazaspın, Avetisyanın, Lalayanın quldur dəstələri xüsusi fəallıq göstərmişlər. Bakıda erməni daşnakları dinc əhaliyə üç gün divan tutmuş, 17 min azərbaycanlını vəhşicəsinə öldürmüş, “İsmailiyyə”ni yandırmış, bir neçə qəzet və jurnal redaksiyalarını dağıtmışlar. A.Mikoyanın “Qızıl qvardiyası”nın vəhşiliyi nəticəsində İçərişəhərdə yaralılar yatan xəstəxanaya od vurulmuş, 2 minədək xəstə yandırılmış, qaçanlar isə güllələnmişdir. “Bolşevik” Hamazasp, Əmiryan və digər erməni millətçiləri azərbaycanlılara qarşı törətdikləri vəhşilikdə heç də A.Mikoyandan, S.Şaumyandan geri qalmırdılar.
Bakı şəhərində soyqırımı bolşevizm bayrağı altında həyata keçirilirdi. Guya bolşeviklər hökumətə qarşı çıxış edən qüvvələrə divan tuturdular. Əslində isə bolşevik adı ilə pərdələnənlərin azərbaycanlılara qarşı törətdikləri milli qırğın idi. Görkəmli dövlət xadimi Nəriman Nərimanov ermənilərin törətdikləri qırğınlardan dəhşətə gələrək yazırdı: “Müsəlman hətta bolşevik olsaydı belə, ona aman vermirdilər. Daşnaklar deyirdilər: “Biz heç bir bolşevik tanımırıq, təkcə elə müsəlman olmağın kifayətdir”. Onlar kefi istədikləri adamı öldürür, evləri dağıdır, xaraba qoyurdular... Bolşevizm bayrağı altında daşnaklar müsəlmanlara qarşı hər cür vəhşiliyə yol verirdilər. Nəinki kişilərə, hamilə qadınlara da rəhm etmirdilər”.
Bakı ilə yanaşı, ermənilər Azərbaycanın digər şəhərlərində – Qərbi Azərbaycanda, Naxçıvanda, Zəngəzurda, Şamaxıda, Quba-Xaçmaz bölgələrində azərbaycanlılara qarşı tarixdə görünməmiş qəddarlıq etmiş, onlara divan tutmuşlar.
Şamaxıda qırğın törətmək üçün 1918-ci ilin əvvəllərində oraya 2 min nəfər erməni və 65 araba silah göndərilmiş, ermənilər tam silahlandırılmışdılar. Lalayan və Əmiryanın başçılıq etdikləri erməni quldurları 15 minlik əhalisi olan Şamaxı şəhərini və qəzanın 58 kəndini dağıtmış, 12 mindən artıq soydaşımızı qətlə yetirmişlər. Quba bölgəsində 122 müsəlman kəndi dağıdılmış, evləri yandırılmış, 10 mindən çox əhali vəhşicəsinə qətlə yetirilmişdir. Son illərdə Quba şəhərində böyük insan kütləsinin vəhşi yollarla öldürülmüş məzarlığı aşkar olunmuşdur. Şəhərdə 165 ev və tikili yandırılmış və qarət edilmişdir. Gəncə quberniyası üzrə mart soyqırımı zamanı 115 kənd dağıdılmış, bu kəndlərdə kişili-qadınlı 10 min 66 nəfər azərbaycanlı öldürülmüş və şikəst edilmişdi. Ümumilikdə, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirmişlər.
1918-1920-ci illərdə ermənilər Bakı quberniyasında 229, Gəncə quberniyasında 272, İrəvan quberniyasında 211, Zəngəzurda 115, Qarabağda 157, Qars əyalətində 92, İqdır və Eçmiədzin qəzalarında 60, Göyçə quberniyasında 22, Sürməli qəzasında 96, Yeni Bəyaziddə 84, Şərurda 76, Vedibasarda 118, Dərələyəzdə 74 kəndi yerlə-yeksan etmişlər. Daşnaklar həmin illərdə Qərbi Azərbaycanda (indiki Ermənistanda) qədim ata-baba yurdlarında yaşayan 565 min azərbaycanlını məhv etmişlər. Andranik Ozanyanın başçılıq etdiyi dəstə Qarabağ, Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarında azərbaycanlıları kütləvi surətdə qılıncdan keçirmişdir.
Bu illərdə Naxçıvan bölgəsinə yiyələnmək xülyasına düşən daşnaklar yerli əhaliyə qarşı vəhşiliklər törədir, onları öldürür və bu ərazini azərbaycanlılardan təmizləməyə çalışırdılar. 1918-ci ildə Naxçıvanda ən dəhşətli vəhşiliklər törədən Andranik Ozanyan təkcə Gilançay və Əlincəçay hövzələrində 80-dən artıq kəndi viran qoymuş, əhalisini isə amansızlıqla qətlə yetirmişdir. Arxiv materialları, tədqiqat əsərləri, müasirlərin xatirələri təkzibolunmaz faktlarla təsdiq edir ki, rus ordusundan aldıqları döyüş sursatı ilə silahlanmış erməni quldur dəstələri 1918-ci ilin mart ayında Naxçıvanın müxtəlif yerlərində dəhşətli qırğınlar törətmişlər.
1918-ci il iyul ayının 24-də Xoy şəhəri yaxınlığında türk qoşunları tərəfindən məğlub edilən Andranik öz qoşunları ilə Culfa bölgəsinin Yaycı kəndi ərazisindən Arazı keçərək Naxçıvana daxil olmuşdur. Naxçıvan şəhərini tutmağı öz qarşısına məqsəd qoyan Andranik Aza, Düylün, Yaycı, Dizə kəndlərinin əhalisini qılıncdan keçirmişdir. Qısa müddət ərzində o, Ordubad dairəsinin əksər hissəsini, Culfa şəhərini və bir sıra kəndləri işğal etmişdir. Mətbuat materialları təsdiq edir ki, həmin vaxt Andranik Gilançay və Əlincəçay vadisində çoxlu kəndi dağıdıb viran qoymuş, əhalinin əksəriyyətini vəhşicəsinə öldürmüşdür.
Nehrəm kəndinə və Naxçıvan şəhərinə uğursuz hücumdan sonra ermənilər Naxçıvançayın sol sahilində yerləşən kəndlərdə, xüsusilə “Sirab dərəsi” adlanan yerdə qanlı qətllər törətmiş, ətraf kəndlərdən qaçıb buraya toplaşmış əhalini qılıncdan keçirmişlər. Həmin vaxt ermənilər yaxın ərazilərdən Sirab kəndinə pənah gətirmiş və kənddəki üç məsciddə gizlənmiş 1000-dən artıq günahsız insanı od vurub yandırmışlar.
Həmin dövrdə Naxçıvanda fəaliyyət göstərən Müsəlman Milli Komitəsinin katibi işləmiş Mirzə Bağır Əliyev hadisələrin, erməni vəhşiliklərinin bilavasitə şahidi olmuş və onları qələmə almışdır. Aydın olur ki, Azərbaycanın bu qədim guşəsi və onun sakinləri də başqa torpaqlarımız kimi, erməni millətçilərinin düşmən siyasətinin hədəfinə çevrilmişdir. Ərzurumda nəşr olunan “Kaf dağı” adlı qəzet Türkiyə qaynaqlarına əsaslanaraq məlumat vermişdir ki, 1918-1921-ci illərdə Naxçıvan bölgəsində ermənilər tərəfindən 73727 nəfər azərbaycanlı ən vəhşi üsullarla öldürülmüşdür. Əgər 1918-ci ildə Naxçıvan bölgəsində 130 minə qədər əhali yaşayırdısa, 1921-ci ildə Naxçıvan bölgəsinin əhalisinin sayı azalaraq 72 minə enmişdi.
Ancaq Naxçıvanın özünümüdafiə dəstələri bu ərazinin ermənilər tərəfindən işğal olunmasına imkan verməmişlər. 1919-cu il dekabrın 22-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin rəhbəri Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışında naxçıvanlıların bölgəni müdafiə etmək üçün göstərdiyi şücaəti belə xarakterizə etmişdir: “İgid naxçıvanlılar, şərurlular... bu məsələni özləri həll ediblər; onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa – Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da, hökumətin işini asanlaşdırdılar”.
Ümumiyyətlə, araşdırmalar nəticəsində sübut olunmuşdur ki, erməni hərbi birləşmələri 1914-1916-cı illərdə Azərbaycanın cənubunda 150 min, Şərqi Anadoluda 200 min, 1918-1920-ci illərdə Şimali Azərbaycanda 250 min, Qərbi Azərbaycanda 132 min azərbaycanlını vəhşicəsinə qətlə yetirmişlər.
Azərbaycan Xalq Təsərrüfatı Şurasının sədri işləmiş N.Solovyov V.İ.Leninə “Çevrilişdən sonrakı iki ayda (may-iyun) Azərbaycanda bizim siyasətimiz” adlı hesabatında yazırdı: “Çevrilişə qədər hətta ziyalılar içərisində Sovet hakimiyyətinə müəyyən rəğbət var idi. Azərbaycan İnqilab Komitəsinin tərkibi azərbaycanlılardan seçilsə də, heç kimə sirr deyildir ki, onun üzərində partiyanın hegemonluğu vardır. Partiya rəhbərliyində isə ermənilər, gürcülər çoxluq təşkil edir. Onlar azərbaycanlıları, xüsusilə ziyalıları sağda-solda güllələyirdilər. Sanki onların apardıqları siyasət Azərbaycanı başçısız qoymağa doğru istiqamətləndirilib. Küçələrdən kütləvi surətdə həbs olunaraq aparılan azərbaycanlılara qarşı ermənilərin istehzalı gülüşləri belə bir fikri təsdiqləyir ki, Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi ümumiləşən fəlakətdir”. O daha sonra yazırdı ki, “Ermənistan Respublikası yaranarkən onun hüdudlarında 250 müsəlman kəndi var idi, onlar hamısı məhv edilmişdir, indi orada bir nəfər də müsəlman yoxdur”.
Göründüyü kimi, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasətini davam etdirmişlər. Bu dövrdə, yəni XX əsrin 20-30-cu illərində, eləcə də 1941-1945-ci illər müharibəsindən sonrakı dövrdə ermənilər azərbaycanlıların həbs edilərək Sibirə göndərilməsində, “xalq düşməni” adı altında güllələnməsində, din xadimlərinin və görkəmli ziyalıların məhv edilməsində, əsassız repressiyaların günahsız insanlara qarşı tətbiq olunmasında çox böyük rol oynamışlar. Rəsmi məlumatlara görə, 1937-ci ildə Azərbaycanda 100 min nəfərdən artıq adam mərhələlərlə sürgün edilmiş, 3 min kəndli məhv olunmuş, “xalq düşməni” kimi 29 min nəfər güllələnmiş və ya Sibirə sürgünə göndərilmişdir.
Xəbis niyyətlərindən əl çəkməyən erməni daşnakları müharibədən sonrakı dövrdə Qərbi Azərbaycan ərazisindən azərbaycanlıların deportasiyasına nail olmuşlar. 1948-1953-cü illərdə 144 min 654 nəfər, 1988-1992-ci illərdə isə 250 min soydaşımız indiki Ermənistan ərazisindən, azərbaycanlıların tarixən yaşadıqları ata-baba yurdundan zorla çıxarılmışdır.
Ötən əsrin 90-cı illərinin əvvəllərində işğal edilmiş Dağlıq Qarabağdakı 80 yaşayış məntəqəsindən 60 min azərbaycanlı doğma ocaqlarından didərgin salınmış, digər 7 rayondan 700 min azərbaycanlı ev-eşiyini tərk edib respublikanın 58 yaşayış məntəqəsində məskunlaşmışdır. Hərbi əməliyyatlar nəticəsində respublikamızın 10 şəhəri, 876 kəndi, 700 ictimai bina, 693 məktəb, 862 mədəniyyət sarayı və klub, 652 tibb məntəqəsi, o cümlədən 191 xəstəxana, 160 körpü, 800 kilometr avtomobil yolu, 15 kilometr elektrik xətti dağıdılmış, minlərlə soydaşımız qətlə yetirilmişdir.
Erməni cəlladları tərəfindən törədilən Xocalı soyqırımı dünya tarixində analoqu olmayan vəhşilikdir. Xocalı soyqırımı zamanı 613 nəfər xüsusi qəddarlıqla öldürülmüş, 1275 nəfər əsir götürülmüşdür. Onların çoxundan bu gün də xəbər yoxdur.
Göründüyü kimi, iki əsrdir ki, məkrli və qaniçən erməni cəlladları Azərbaycan xalqına qarşı soyqırımı siyasəti yeritmiş, soydaşlarımızı qətlə yetirmiş, repressiya və deportasiyaya məruz qoymuş, etnik təmizləmə aparmış, ərazilərimizin bir hissəsini işğal etmiş və bu gün də yeni ərazilər tutmaq fikirlərindən əl çəkməmişlər. Nəticədə, xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır.
Sovet hakimiyyəti illərində ermənilərin törətdikləri soyqırımlar xalqa zorla unutdurulmuş, həmin dövrdə baş verən faciələrin obyektiv tədqiqinə yasaq qoyulmuş, faciənin əsl mahiyyəti təhrif olunmuş, xalqımızın tarixi saxtalaşdırılmışdır. Bu hadisələrin əsl mahiyyəti ulu öndərimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında açılmış, ermənilərin Azərbaycan xalqına qarşı əsrlər boyu apardığı soyqırımı siyasəti dərindən təhlil edilmiş və ona ilk dəfə siyasi qiymət verilmişdir. Fərmanda deyilir: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq, soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. Azərbaycan tarixinə işıq salan bu mühüm tarixi sənədə uyğun olaraq, hər il ölkəmizdə martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” kimi yad edilir.
Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 1918-ci ildə törədilən azərbaycanlıların soyqırımının təşkilatçıları olan ermənilər tarix qarşısında cavab verməlidirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, biz yalnız tarixi ədalətin bərpa edilməsini, işğal və soyqırımı siyasəti yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında cavab verməsini istəyirik.
İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri, akademik