22 Dekabr 2024, Bazar

Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə rayon  təşkilatının sədri İsa Məmmədov çıxış edərək bu qanlı hadisələrin törədilməsi səbəblərindən və nəticələrindən danışmışdır. Bildirmişdir ki, 1918-ci ilin mart qırğınları ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarından biridir. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktları və deportasiya ilə bağlı məsələyə ilk siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir. Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu baxımdan mühüm tarixi sənəddir. Həmin tarixi sənəddə hər il martın 31-nin “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd edilməsi öz əksini tapmışdır.
Vurğulanmışdır ki, görkəmli dövlət xadimi Heydər Əliyevin bu sahədəki ideyalarını ölkə Prezidenti cənab İlham Əliyev prinsipiallıqla davam etdirməkdədir. Hazırda Azərbaycan dövləti erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması, erməni millətçiliyinin və onun təcavüzkar siyasətinin ifşası, ölkəmizin ədalətli mövqeyinin dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları tərəfindən etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü iş aparmaqdadır. Dövlətimizin iqtisadi potensialı və siyasi qüdrəti artdıqca, beynəlxalq nüfuzu gücləndikcə onun ədalətli mövqeyini müdafiə edən dövlətlərin və siyasi dairələrin də sayı artır.

Avantürist “böyük dövlət” ideyasının girovuna çevrilmiş Ermənistan bütün qlobal iqtisadi-enerji layihələrindən kənarda qalmış, nəticədə, çox ağır iqtisadi böhranla üzləşmişdir. Azərbaycan isə dünyanın ən böyük transmilli və qlobal enerji-kommunikasiya layihələri mərkəzinə çevrilmişdir. Bu gün Azərbaycan həm də Cənubi Qafqaz regionunda çox güclü hərbi potensiala malik sarsılmaz bir orduya sahibdir. Sülh danışıqlarının heç bir səmərə verməyəcəyi təqdirdə işğal altında olan ərazilərimizin hərbi yolla azad ediləcəyi şəksizdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham  Əliyevin 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə xalqımıza müraciətində deyildiyi kimi: “Xalqımızın vətənpərvərliyi, birliyi və həmrəyliyi, Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində qarşımıza qoyduğumuz bütün məqsədlərə, o cümlədən ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, soyqırımı həyata keçirənlərin, insanlar və xalqlar arasında nifaq və düşmənçilik salanların ifşasına nail olacağıq”.
Sonra partiya üzvlərindən Füzuli Salmanov, Əli Hacıyev  və başqaları çıxış etmişlər.  
Sonda tədbir iştirakçıları soyqırıma həsr olunmuş sərgiyə baxmışlar.

*   *   *

Dünən Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı rayonun Yaycı kəndində Yaycı soyqırımı qurbanlarının abidəsi önündə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirib.
Əvvəlcə tədbir iştirakçıları abidə ətrafında soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş iməcilikdə iştirak edib, ağac və gül kolları əkiblər. Sonra soyqırımı qurbanlarının abidəsi önünə gül dəstələri düzülüb, 1 dəqiqəlik sükütla soyqırımı qurbanlarının əziz xatirəsi yad edilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov məruzə edərək bildirib ki, azərbaycanlıların kütləvi surətdə qətlə yetirilməsi, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tariximizin ən faciəli və dəhşətli səhifələrindəndir. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlanılıb.
Qeyd olunub ki, ermənilər, xüsusilə də Andranikin silahlı quldur dəstəsi 1918-ci ilin iyun-avqust aylarında Naxçıvan mahalının dinc türk-müsəlman əhalisinə minbir vəhşiliklə divan tutub. İşğalçılara ciddi müqavimət göstərmiş Yaycı kəndinin əhalisinə divan tutulub, kənd viran qoyulub. Culfa rayonu ərazisində Araz çayı üzərindəki körpü yandırılıb, qadınlara, uşaqlara və qocalara rəhm edilməyib, sakinlərə insanlığa sığmayan işgəncələr verilib. Bu vəhşətdən xilas olmağa çalışan 300-ə qədər dinc sakin Araz çayını keçərkən boğulub. Ümumiyyətlə, Yaycı kəndində ermənilər tarixdə bənzəri olmayan vəhşiliklər törədiblər.
Vurğulanıb ki, “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” adlı tarixi kitabda göstərilir ki, Culfaya çəkilən erməni qüvvələri sərhəddə yerləşən Naxçıvan qəzasının böyük kənd­lərindən biri olan Yaycı kəndinə hücum etdilər. Heç bir şeydən xəbəri olmayan Yaycı kənd əhalisi Andranikin dəstəsi tərəfindən mühasirəyə alındı. Andranikin qaniçən dəstəsi Araz sahilində 4 minə yaxın qadın, uşaq və yaşlıya hücum edərək çoxunu qətlə yetirdi. Yaycı soyqırımından sonra bölgədəki ermənilər Andranikin dəstəsi ilə bərabər müsəlman kəndlərinə hücumlarını davam etdirdilər.
Qeyd olunub ki, Yaycı qətliamı sovetlər dövründə unutdurulmağa çalışılıb. Ölkəmiz müstəqillik əldə etdikdən sonra bu faciəyə hüquqi-siyasi qiymət verilib, 2007-ci ildə Yaycı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.
Sonra YAP Culfa Rayon Təşkilatının şura üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Fərəc Fərəcovun, YAP üzvü, kənd ağsaqqalı Abbas Zülfüqarovun, təşkilatın Qadınlar Şurasının üzvü, Saltaq kənd ərazi ilk təşkilatının sədri Sevinc Mustafayevanın, YAP Culfa Rayon Təşkilatı İdarə Heyətinin üzvü, Əbrəqunus kənd ərazi ilk təşkilatının sədri Fikrət Quliyevin, YAP rayon təşkilatı Gənclər Birliyinin  üzvü, Yaycı kənd 1 nömrəli tam orta məktəbin müəllimi Əli İbrahimovun, YAP Culfa rayon Dizə kənd tam orta məktəbi ərazi ilk təşkilatının sədri Ədalət Əhmədovun, Yaycı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Səfər Quli­yevin çıxışları olub.  
Sonda Yaycı kənd 1 və 2 nömrəli tam orta məktəblərin şagirdləri soyqırımına həsr edilmiş şeirləri bədii qiraət ediblər.

*   *   *

Martın 28-də Naxçıvan Dövlət Universitetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə universitetin rektoru, professor Saleh Məhərrəm­ov açmışdır.
Konfransda “Qeyrət” nəşriyyatının direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Vaqif Məmmədov “Ulu öndər Heydər Əliyev və Azərbaycanda soyqırımı tarixinə ümumdövlət münasibəti” mövzusunda məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, ermənilərin azərbaycanlılara qarşı dəfələrlə törətdikləri soyqırımı aktına ilk tarixi, siyasi və hüquqi qiymət ümummilli lider Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra verilmişdir. Bu gün Azərbaycan həqiqətlərinin dünya dövlətləri və ictimaiyyəti tərəfindən qəbul edilməsi istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev uğurlu siyasət yürütməkdədir.    
Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Xəzər Hüseynov “1918-1920-ci illərdə Naxçıvanda ermənilərin azərbaycanlılara qarşı soyqırımı” adlı məruzəsində vurğulamışdır ki, 1918-ci ilin iyul-avqust aylarında Naxçıvanda Andranikin silahlı dəstələri misligörünməmiş cinayətlər törətmiş, günahsız insanları qətlə yetirmişlər. 1918-1921-ci illərdə Naxçıvanda ermənilər tərəfindən 73 min 727 nəfər azərbaycanlı qətlə yetirilmiş, 15 kənd viran qoyulmuşdur. Lakin yerli özünümüdafiə dəstələri erməni işğalçılarına qarşı əzmkarlıq və mətanətlə mübarizə aparmış, 1918-ci ilin noyabrında Naxçıvanda Araz-Türk Respublikası öz müstəqilliyini elan edərək regionun ərazi toxunulmazlığı istiqamətində fəaliyyət göstərmişdir. Soyqırımı hadisəsi ilə bağlı real tarixi faktlar isə Azərbaycan müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyi sayəsində dünya ictimaiyyətinə çatdırılmışdır.
Ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Abdulla Mustafayev “XX əsrin sonlarında ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti” adlı məruzəsində bildirmişdir ki, 1918-1920-ci illərdə Azərbaycanda 250 min, Qərbi Azərbaycanda 132 min nəfər azərbaycanlı erməni vandalları tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırımı düşünülmüş şəkildə, bəzi xristian dövlətlərinin havadarlığı ilə həyata keçirilmişdir. İki milyona yaxın azərbaycanlı ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırımı siyasətinin qurbanı olmuşdur.
Konfransda soyqırımdan bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR