1919-cu ilin əvvəllərində Naxçıvanı ingilislər işğal etmişlər. 1920-ci ilin ortalarınadək naxçıvanlılar ingilis, Amerika və daşnak qoşunlarına qarşı qəhrəmancasına mübarizə aparmışlar.
Qeyd edək ki, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradılana qədər regionda çox böyük tarixi hadisələr baş vermişdi. Çox təəssüf ki, Sovet hakimiyyəti illərində naxçıvanlıların 1918-1920-ci illərdə göstərdikləri qəhrəmanlıq, bir növ, unutdurulmuşdur. Amma Azərbaycan yenidən öz müstəqilliyini bərpa edəndən sonra açılan arxiv fondlarındakı sənədlər əsl həqiqəti ortalığa çıxardı. Bu sənədlərdən və sağ qalan canlı şahidlərin dediklərindən (xatirələrindən) məlum oldu ki, heç də Naxçıvan Muxtar Sovet Sosialist Respublikası birdən-birə yaradılmamışdır. 1920-ci ilin ortalarınadək xarici müdaxiləçilərlə və erməni daşnakları ilə ölüm-dirim savaşları aparılmış, çoxlu şəhidlər verilmişdir.
Tarixi prosesləri ardıcıllıqla izləsək, görərik ki, Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusu Naxçıvan Araz-Türk Respublikasının davamıdır.
Araşdırmalar göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin müəyyən səbəblər üzündən Naxçıvanla əlaqəsi zəif olmuşdur. Bu səbəbdən Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin inzibati hakimiyyətinin olmadığı bir vaxtda naxçıvanlılar Naxçıvanın müstəqilliyini saxlaya bildilər. Qeyd edək ki, 1918-ci ildən başlayaraq 1924-cü ilədək Naxçıvan tarixində hələ də tamamilə açılmamış, tədqiq olunmamış səhifələr vardır.
1920-ci il iyulun 28-dək Naxçıvanın müdafiə olunmasında xalqımızı öz ətrafına toplayan, onlara rəhbərlik edən, düşmənə qarşı qəhrəmancasına vuruşan şəxsiyyətlər haqqında bəzən qeyri-obyektiv şərhlərə də rast gəlirik. Bizcə, hansısa bir sənədə, yaxud məktuba (xatirəyə) istinad edib hərbçilərimizə qara yaxsaq, tarix bunu bizə bağışlamaz. Çünki onların – bugünkü ən gözəl və inkişaf etmiş regionlardan biri olan Naxçıvan Muxtar Respublikasının bir qarış torpağını azğın düşmənə verməyən qəhrəmanların ruhunu incitməyə mənəvi haqqımız yoxdur.
Hər tərəfdən mühasirə olunasan, hərbi, siyasi qərarları müstəqil qəbul edəsən və arxasında iki güclü qərb dövlətinin dayandığı daşnak qoşunları ilə qəhrəmancasına döyüşəsən. Bizcə, tarixi şəxsiyyətlərimizin hamısı Azərbaycanı, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanı müstəqil, azad, firavan görmək istəmişlər – hərəsi öz siyasi baxışında və dünyagörüşündə. Ona görə də 1918-1920-ci illərdə Naxçıvanda əsl hərbçi Xan Naxçıvanski-Kəngərlilərlə bölgədə yaşayan digər vəzifəli şəxslər arasında mübahisələr olmuşdur. Biz bu məsələyə obyektiv yanaşaraq gələcəkdə aydınlıq gətirməyə çalışacağıq. Onu demək istərdik ki, hər hansı bir sənədi tapan tədqiqatçı onun ətraflı öyrənilməsinə can atmalıdır. Çünki tapılan digər sənədlər ola bilər ki, bu sənədi tam kölgədə qoysun. Məsələn, həmin illərə aid çox müraciət etdiyimiz mənbə Mirzə Bağır Əliyevin “Qanlı günlərimiz” adlı xatirə gündəliyidir. Amma unutmayaq ki, o, 1921-ci ildə Naxçıvanın daxili işlər komissarı işləyib. Belə bir məsul şəxs xarici ölkələrə siyasi mühacirətə gedən Xan Naxçıvanskilər haqqında tamamilə müsbət məlumatlar yaza bilməzdi. Hökmən həqiqəti müəyyən qədər dəyişməliydi...
İndiyədək yazılanlardan bizə məlumdur ki, 1919-cu ildə ermənilərin sülh istəməmələrini ingilislər III Kalbalı xan Naxçıvanskiyə xəbər verirlər. Bu zaman III Kalbalı xan Naxçıvandakı qoşun dəstəsinə hücum əmri verir. İki gündə Naxçıvanda elə döyüşlər gedir ki, erməni kazarmaları bomboş qalır. Çünki daşnakların bütün qoşunu naxçıvanlılar tərəfindən darmadağın edilir. Sənədlərə görə, həmin vaxt 800 erməni əsgəri və 8 zabiti əsir alınır.
1919-cu ildə Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin informasiya bürosu xəbər verirdi ki, Naxçıvanın xalq qoşunu III Kalbalı xanın rəhbərliyi altında Naxçıvan şəhərini erməni işğalçılarından təmizlədi. Belə bir qələbəni görən Azərbaycan Xalq Cümhuriyyəti öz əlaqələrini Naxçıvanla möhkəmlətmək üçün nümayəndəsi Səməd bəy Cəmillinskini buraya müvəqqəti general-qubernator təyin etmişdir.
Səməd bəy Cəmilbəy oğlu Cəmillinski 1892-ci ildə Qarabağın Cəmilli obasında anadan olmuşdur. İbtidai təhsilini molla məktəbində alsa da, təhsilini sonralar Gəncə gimnaziyasında davam etdirir. Ali təhsilini isə Peterburqdakı Rusiya Dövlət Universitetinin hüquq fakültəsində almışdır.
1919-cu ilin avqust ayında Naxçıvana gələn Səməd bəy dərhal Naxçıvanda və Şərur-Dərələyəzdə yerli özünüidarəni möhkəmlətməyə başlamışdır. General-qubernatorluğun iqamətgahı Ordubad şəhərində yerləşirdi. Üç ay ərzində – avqust, sentyabr və oktyabrda onun inzibati idarəsi bir sıra vacib işləri yerinə yetirdi: Ordubad, Naxçıvan və Şərur qəzalarında diyarı idarə etmək üçün zəruri olan dövlət idarələri açıldı. Onun əmri ilə türkiyəli Xəlil bəy diyar qoşunlarının baş komandanı, III Kalbalı xan isə onun köməkçisi, həm də Naxçıvan qoşun dəstəsinin komandiri təyin edildi.
İrəvan mahalından Naxçıvana gələn qaçqınların sayı-hesabı yox idi. Yazılan monoqrafiyalarda verilən məlumatlara görə, onların sayı 70 minə çatırdı. Buna görə də Cəmillinski Behbud ağa Şahtaxtinski ilə birlikdə Qaçqınlar Komitəsi yaratdı. Ermənilərə qarşı müqavimət göstərən vedililərə Səməd bəy Cəmillinski döyüş sursatı və ərzaqla kömək edirdi.
Tədqiqatçı-alim Aydın Hacıyevin “Qars və Araz-Türk respublikalarının tarixindən” (Bakı, 1994) adlı monoqrafiyasında Səməd bəy Cəmillinski-III Kalbalı xan qarşıdurmasından tez-tez məlumat verilsə də, məsələlərə tam aydınlıq gətirilmir. Oxucu bilmir ki, əsl həqiqət hansı tərəfdədir. Əslində, diqqət yetirdikdə görürsən ki, burada “əsas hədəf” III Kalbalı xandır. Bu isə qeyri-obyektiv baxışdır. Bu haqda bir az sonra.
Qeyd edək ki, türkiyəli tarixçi İbrahim Atnurun yazdığı kitabda da bu münasibətlərə doğru yanaşılmamışdır. Yazımızın əvvəlində dediyimiz kimi, ayrıca yazıda bu məsələlərə tam aydınlıq gətirmək fikrindəyik.
Erməni daşnaklarını müdafiə edən Amerika və İngiltərə nümayəndələri Naxçıvanı nəyin bahasına olursa-olsun, ermənilərə hədiyyə etmək üçün müxtəlif diplomatik üsullara əl atırdılar. Naxçıvanlılar isə onlara inanmır, deyirdilər: “Düşmənlərimiz bizim evlərimizə meyitlərimizin üstündən keçib daxil olacaqlar”.
Bax bu naxçıvanlıların önündə 29 yaşlı III Kalbalı xan dururdu. Min əsrlər boyu onun ulu babaları Naxçıvanı yağılara verməmişdilər. İndi onların varisləri gənc Xan Naxçıvanskilər I Dünya müharibəsinin qanlı səngərlərindən özlərini Naxçıvanın müdafiəsinə çatdıran bacarıqlı, hünərli hərbçilər də yağılarla qəhrəmanlıqla döyüşürdülər, doğma Naxçıvanımızı göz bəbəyi kimi qoruyurdular.
Mozeteylərin, Reylərin, Robinsonların, daha kimlərin, kimlərin diplomatik hiyləsini həssaslıqla duyan III Kalbalı xan oğuz yurdunda – İrəvanda zorən yaradılan Ermənistanın başçısı Xatisovla danışığa getmir və “Mən Ermənistanı tanımıram” cavabını verirdi. O, yaralansa da, Naxçıvan qoşununun önündə gedib “İrəli!” deyərək düşmənlərə aman verməyən qəhrəmanımızı “kəmağıl, dəli” adlandıran tədqiqatçılar, insafınız olsun. Gəlin obyektiv olaq. Gülüstan (1813), Türkmənçay (1828) müqavilələrindən əvvəl və sonra ayaqlar altında qalan Naxçıvanın siyasi və iqtisadi vəziyyətinə baxaq. Məgər bu müqavilələrdən təkcə Rusiya imperiyasımı qazandı? Axı adı ortalığa gəlməyən dövlətlər var ki, Rusiyadan qat-qat artıq qazandılar. I Kalbalı xan niyə Qacarlar hakimiyyətinə etiraz edirdi? Onun oğlu I Ehsan xan nə üçün məcbur qalıb Rusiyanı müttəfiq seçirdi? Və 1918-1920-ci illərdə onların varisləri yenə də ulu babalarının müqəddəs xəttini saxlayırdılar. Naxçıvanı üçüncü tərəfə vermək istəmirdilər. Naxçıvanı yalnız Azərbaycanla bir görmək istəyirdilər. 1800-cü ildən üzübəri gedən siyasi mübarizənin əsas cəhətlərindən biri də Naxçıvanın iqtisadiyyatı məsələsi idi və onu Qacarlar hakimiyyəti tamamilə ingilislərə vermişdilər. Bununla isə Xan Naxçıvanskilər-Kəngərlilər barışa bilmirdilər.
Tarix təkrar olunurdu. Əvvəllər gedən siyasi oyunlar 1919-cu ildə daha güclü oynanılırdı. Səməd bəy isə hərbçi deyildi, hüquqşünasdı. III Kalbalı xan isə çox həsəd aparılacaq bir hərbçi, xalqı arxasınca apara bilən sərkərdə idi. Onların arasında mübahisə buradan qaynaqlanırdı. Səməd bəyin anası Həcər xanım şairə Xurşid Banu Natəvanın ikinci həyat yoldaşından olan qızı idi. Əslində, Səməd bəyin Naxçıvanskilərə qohumluğu da çatırdı. Çünki şairənin qızı Xanbikə general İsmayıl xanın oğlu Aman xanın həyat yoldaşı idi. Amma Naxçıvan məsələsində Xan Naxçıvanskilər heç kimə güzəştə getmirdilər. Hətta Məhəmmədəli xanın kürəkəni olan Xəlil bəylə də bu səbəbdən mübahisələri yaranırdı. Araşdırmalar göstərir ki, Səməd bəyin özü də Qacarlar hakimiyyətinin Naxçıvanla bağlı niyyətlərini ingilis siyasətinin astar üzü kimi qiymətləndirirdi.
Səməd bəy Cəmillinski III Kalbalı xana əsas rəqibi kimi baxdığından onun hər bir təklifinə şübhə ilə yanaşırdı. Bu isə onlar arasında fikir ayrılığını dərinləşdirirdi. Vəziyyətin mürəkkəbləşdiyini görən Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi 1920-ci ilin martında onu vəzifəsindən geri çağırdı.
Səməd bəy Cəmillinski 37-ci il repressiyasına məruz qalmış, həmin il noyabr ayının 8-də həbs edilmişdir. Onun sonrakı taleyi haqqında, hələlik, məlumatımız yoxdur.
Musa QULİYEV
tarix üzrə fəlsəfə doktoru