22 Dekabr 2024, Bazar

Geosiyasi mövqeyi baxımından böyük bir əhəmiyyət kəsb edən qədim Naxçıvan diyarı bütün türk dünyasını birləşdirən əzəli Azərbaycan torpağıdır. Dahi Atatürkün ifadəsilə desək, Naxçıvan “Türkün qapısı”dır. Bu qapının açıq olması türk dünyasının beynəlxalq siyasətdə güc qazanması, türk dünyasını formalaşdıran dövlətlərin güclənməsi deməkdir.
Məhz bu baxımdan türk qapısını aradan qaldırmağa çalışan böyük güclər ermənilərə hərtərəfli hərbi və maddi yardım göstərərək bölgədəki türk izlərini silməyə çalışmışlar. Öz növbəsində, Naxçıvana qarşı inzibati-ərazi və mədəniyyət baxımından iddialar irəli sürən ermənilər XX əsrin əvvəllərində Rusiya və İngiltərənin də dəstəyini alaraq bölgədə türk soyqırımı gerçəkləşdirdilər. O dövrdə Rusiyanın Qafqazdakı canişini qraf Vorontsov-Daşkov çar II Nikolaya yazdığı məktubunda “münaqişənin başlanması üçün kiçik bir bəhanənin kifayət edəcəy”ini bildirmişdi. Bir nəfərin qətlə yetirilməsi ilə yaranan kiçik bir qığılcım böyük bir partlayışın xəbərçisi ola bilərdi. Bir nəfərin öldürülməsi ilə münaqişə başlayacaq, sonra Rusiya hər iki tərəfi də silahlandıracaqdı. Qafqaz xalqlarının bir-birlərinə düşmən kəsilmələri Rusiyanın maraqları baxımından son dərəcə vacib idi.

Ermənilər tərəfindən azərbaycanlılara qarşı milli qırğın 1905-ci il fevral ayının ilk ongünlüyündə Bakıdan başlandı və tezliklə Azərbaycanın digər bölgələrinə, o cümlədən Naxçıvana da yayıldı. Naxçıvandakı qırğın daşnakların və çar məmurlarının təhrikləri nəticəsində baş verdi. Məqsədimiz ermənilərin soyqırımı cinayətlərini hansı formada gerçəkləşdirdiklərini təsvir etmək deyil, bu cinayətlərin pərdə arxasını açıb ortaya qoymaqdır.
Arxiv sənədlərində də rus kazaklarının cinayətlərin törədilməsində rol oynadıqları göstərilməkdədir. 17 iyun 1905-ci ildə Naxçıvan qəzasının Zeynəddin kəndində ermənilərlə müsəlmanlar arasında baş vermiş münaqişə ilə əlaqədar Naxçıvanda yerləşən Qafqaz atıcı batalyonunun komandiri 18 iyunda baş ştaba göndərdiyi raportunda yazır ki, “ermənilərlə müsəlmanlar arasında baş vermiş münaqişələrin aradan qaldırılmasında vətəndaş hakimiyyətinə kömək etmək məqsədilə mənə həvalə edilmiş Naxçıvan şəhərində yerləşən batalyon 17 iyun tarixində axşam saat 8-də silah işlətməyə məcbur olmuş, nəticədə, Zeynəddin kəndinin 20-dən çox müsəlman sakini öldürülmüşdür”.
Digər bir raportda isə həmin il iyul ayının 5-də indiki Nursu kəndində ermənilərlə müsəlmanlar arasında olan münaqişədə rus kazaklarının kəndə göndərilməsi nəticəsində dağlarda gizlənib özlərini ermənilərdən müdafiə edən sakinlərdən 4 nəfərin öldürüldüyü, 11 nəfərin isə yaralandığı haqda məlumat verilir.
Diqqəti çəkən ən önəmli məqam ondan ibarətdir ki, raportların heç birində bir nəfər də olsun erməninin öldürüldüyü qeyd olunmur.
O dövrün yazılı mənbələri və arxiv materialları 1905-1907-ci illərdə Naxçıvan, Şərur-Dərələyəz və Ordubad bölgələrində ermənilərin Rusiyanın yardımı ilə soyqırımı törətdiklərini isbat edir.
Ermənilərin türkə olan nifrət psixologiyası və türkü öldürməkdən “mənəvi zövqalma” düşüncəsi 1918-ci ildə də davam etdi. Naxçıvanda azərbaycanlılara qarşı törədilən soyqırımında Andranik Ozanyan, Dro, Njde, Doluxanov və digər cəlladların başçılıq etdikləri dəstələr böyük rol oynamışlar. Özünəməxsus vəhşiliyi ilə seçilən Andranik öz adını ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı tarixinə xüsusi nifrətlə yazdırmışdır. Mənbələr onun törətdiyi cinayətlər barədə kifayət qədər məlumatlar verir.
Andranikin rəhbərliyi ilə erməni quldur dəstələri Araz çayı sahilindəki 4 min nəfərə yaxın əhalisi olan Yaycı kəndini yerlə-yeksan etmiş, kənd əhalisinin 2000-2500 nəfərini qətlə yetirmiş və Araz çayına tökmüşdür. Andranikin Araz çayına tökdüyü insanların cəsədlərini nüvədililər çayın kənd­lərinin yaxınlığından keçən hissəsində sahilə çıxararaq dəfn etmişdilər. Cəsədlərin sayı o qədər çox idi ki, böyük bir qəbiristanlıq yaranmışdır. O vaxtdan həmin ərazi Yaycı qəbiristanlığı olaraq tarixə düşmüşdür.
Digər bir fakt: Andranikin qoşunları Sirab kəndinə istiqamət aldığı vaxt Sirab kəndi ətrafında çoxlu qaçqın toplaşmışdı. Onlar kəndin özündən, habelə uzaq və ətraf kəndlərdən gələnlər idi. 15 mindən artıq erməni quldurunun silahsız, müdafiəsiz insanların üzərinə hücumu nəticəsində bir gün ərzində 10 mindən artıq günahsız insan qətlə yetirilmişdir. Bu vaxt Duzdağ tərəfdən açılan top atəşlərinin səsini Andranik eşitməsəydi, orada bir nəfər də sağ qalmayacaqdı.
Andranik və onun dəstəsinin hücumları nəticəsində Ordubad ətrafı, Əlincəçay boyu, Şahbuz kəndlərinin əhalisi tərksilah olunmuş, xeyli hissəsi qətlə yetirilmişdir. Nursu, Kolanı, Hənzər, Mahmudoba, Əbrəqunus, Qazançı, Paradaş, Xanəgah, Bənəniyar, Camaldın, Ərəzin, Kırna kəndlərində də dəhşətli qırğınlar törədilmişdir.
Faktların sayını artırmaq mümkündür. Amma məsələ burasındadır ki, 1918-1920-ci illərdə ermənilərin Azərbaycanda, o cümlədən Naxçıvanda törətdikləri cinayətlərin arxasında hansı dövlət dayanırdı? Xarici dəstək olmasaydı, ermənilər belə cinayətlərə əl ata bilərdilərmi?
Faktlara müraciət edək. Əldə edilən məlumatlara görə, 4 dekabr 1917-ci ildə London İngilis-Erməni Komitəsinin sədri və İngiltərə Parlamentinin üzvü Anurin Uilyams İngiltərənin məşhur diplomatlarından olan, eyni zamanda Millətlər Cəmiyyətinin qurucusu Lord Robert Sesilə göndərdiyi məktubda ermənilərə yardım göstərilməsinin vacib olduğunu bildirirdi. Anurin Uilyams hətta ermənilərin silahlandırılmasını və Andranik kimi silahlı dəstə liderlərindən istifadə edilməsini də zəruri hesab edirdi. Məktubda ingilis, fransız və Amerika hökumətlərinin də erməni ordusuna maddi dəstək vermələrinin vacib olduğu bildirilmiş, sərhədlərdən kənarda yaşayan ermənilərin pul yardımı ilə Cənubi Qafqaza gətirilmələrinin qaçılmaz olduğu yazılmışdı. Nəticədə, İngiltərənin Müharibə Kabineti özünün 7 dekabr 1917-ci il tarixli iclasında ermənilərə maliyyə dəstəyi verilməsi haqda qərar qəbul etmişdir. Bununla birlikdə, erməni könüllü dəstələrinin də Qafqaza fərqli yollardan gəlməsinə icazə verilmişdir. İngiltərə tərəfindən ermənilərin dəstəklənməsi üçün ayrılan yardım 20 milyon sterlinq idi. 1917-ci ilin sonları və 1918-ci ilin əvvəllərində İngiltərə tərəfindən Tehrandan Bakıya, oradan da ermənilərə verilməsi üçün Tiflisə külli miqdarda qızıl və pul göndərilmişdi.
Sadəcə, pul deyil, müxtəlif silah və sursat da ermənilər üçün tədarük edilmişdir. Bu yardımlar açıq şəkildə Versaldakı Antanta Ali Müharibə Şurası ingilis hərbi mütəxəssislərinin 1917-ci ilin dekabr ayındakı memorandumunda göstərilməkdədir: “Ermənilərə hər vəziyyətdə işğal etdikləri bölgələrdə pul, silah və sursat tədarükü ingilis siyasətinin maraqları daxilindədir. Bu təcrübənin uğurlu olması nəticəsində erməni qüvvələrindən gələcəkdə türklərin diz çökməsi üçün faydalanmaq olar”.  
İngilislərin bu dəstəyi sayəsində hərəkət qabiliyyətlərini artıran, külli miqdarda silah və sursat əldə edən ermənilər Azərbaycanda soyqırımı siyasətini gerçəkləşdirdilər. Azərbaycanın bir çox bölgələrində, o cümlədən Naxçıvanda türk-müsəlman soyqırımı törədilmişdir. Mənbələrin verdiyi məlumatlara görə, 1918-1921-ci illər arasında Naxçıvanda 73 min 727 nəfər ermənilər tərəfindən qətlə yetirilmişdir.
Bu cinayətlər ermənilərdə nifrət psixologiyasının bariz nəticəsi olsa da, soyqırımının arxasında böyük dövlətlərin dəstəyi olduğu, eləcə də İngiltərə tərəfindən verilən qızıl, sterlinqlər və silahların təsiri də xüsusilə qeyd edilməlidir.
Gəlinən nəticə bundan ibarətdir ki, 1905-1907-ci illərdə Azərbaycanda və onun ayrılmaz parçası olan Naxçıvanda ermənilər tərəfindən törədilən cinayətlərin arxasında birbaşa Rusiya dayanırdısa, 1918-1920-ci illərdə baş verən soyqırımı cinayətlərinin arxasında İngiltərə dayanmışdır. Məhz böyük dövlətlərin gizli və açıq dəstəyinin nəticəsidir ki, keçmişdə olduğu kimi, yaxın tarixdə də ermənilər eyni ssenari üzrə cinayətlər törətmiş, Azərbaycanın 20 faiz ərazisi Ermənistanın işğalı altına düşmüşdür.

Emin ŞIXƏLİYEV
tarix üzrə fəlsəfə doktoru, dosent

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR