Bunu dərindən dərk edən igid oğullarımız hərtərəfli qayğı əhatəsindədirlər
Dünənə qısa ekskurs və ya söhbətə giriş
Ötən günlərin söhbətidir. Yaxın dostlarımdan biri Sədərək rayonundakı “N” hərbi hissədə xidməti borcunu yerinə yetirən oğlunun yanına getmək istədiyini bildirdi və mənə də təklif etdi ki, onunla birlikdə gedim. Yadıma 10 il bundan əvvəl qəzetimizin yaradıcı kollektivi ilə Sədərək rayonundakı oxucularımızla görüşə getməyimiz düşdü. Elə o vaxt dostumun dediyi hərbi hissədə də olmuşduq. Düzünü deyim ki, həmin hərbi hissə yeni yarandığı üçün problemləri ilə ilk baxışda diqqətimizi cəlb etmişdi. Qəvi düşmənlə, sözün həqiqi mənasında, bir addımlıqda üzbəüz dayanan igid oğullarımızın vətənpərvərlik hisslərini o vaxt daha yaxından görmüşdüm. Üzləşdikləri çətinliklərə baxmayaraq, Vətən torpaqlarının keşiyində ayıq-sayıq dayanaraq xidməti borclarını layiqincə yerinə yetirmələri bizim də qəlbimizi fərəh hissi ilə doldurmuşdu. Bir anlığa xəyalımdan keçən bu məqamı düşünə-düşünə dostumla oğlunun yanına getməyə razılaşdım. Bazar günü səhər tezdən Sədərəyə yola düşdük. Novruz bayramı günlərinə təsadüf edən bu görüş məndə böyük hisslər yaratdı.
Bu kiçik taborun timsalında Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığını yüksəltmək üçün həyata keçirilən məqsədyönlü tədbirlərin canlı şahidi oldum. Bir daha neçə illər qabaq gördüyüm məqamları yadıma saldım. Elə ondan sonrakı dövrlərdə bu ünvanda həyata keçirilən tədbirləri də xatırlamağım yerinə düşər. Əsgərlər üçün yüksək səviyyədə şərait yaradılmış taborun binası, bir qədər aralıda ailəli zabitlər üçün tikilmiş mənzillər... Bu barədə bir qədər sonra ətraflı danışacağıq.
Əsgərlərlə ilk görüş
Hərbi hissənin valideynlər üçün müəyyən edilmiş ərazisində avtomobildən düşürük. Bu zaman qarşımızda bir əsgər görürük. Təbəssümlə bizimlə görüşür. İnanın, vallah, mübaliğə deyil – onun səliqəli geyimindən, danışığından hiss olunan nizam-intizamı, əsgəri addımları belə, düşmənə gözdağıdır. Qəlbim fərəhdən qabarır. Bir daha ürəyimdə öz-özümə əminlik yaradıram ki, məhz belə igidlərin hesabına düşmən tapdağı altında olan torpaqlarımızı geri qaytarmaq, sözün həqiqi mənasında, bir içim su kimi bir şeydir. Mən bu düşüncələrdə ikən əsgər kimin yanına gəldiyimizi soruşur. Deyirik. Valideynlərlə əsgərlərin görüşü üçün ayrılmış yerdə gözləməyi təklif edərək yanına gəldiyimiz əsgəri çağırmağa gedir. Onun arxasınca hərbi hissənin həyətinə daxil oluruq. Burada bizdən başqa valideynlər də var. Onlar da öz övladlarının yanına gəliblər. Hal-əhval tuturuq, söhbətə körpü salırıq. Bu an bir əsgər görüş yerinə yaxınlaşır. Valideynlərdən biri ayağa qalxaraq ona sarı addımlayır. Əsgər bizimlə görüşməyi də unutmur. Elə görüşür ki, sanki neçə illərdir, bir-birimizi tanıyırıq. Elə bu anda düşünürəm ki, başqa cür də ola bilməz. Ordu sıralarında Vətənə müqəddəs borcunu yerinə yetirən oğullarımız ata-baba əmanəti olan torpaqlarımızın keşiyində dayanıblar. Onlar hamımız üçün əzizdirlər. Söhbət zamanı daha bir qürur duyduğum məqam o oldu ki, əsgərlər torpaqlarımızın daha əziz və müqəddəs olmasını dəfələrlə vurğuladılar. Bu qiymətli, heç nə ilə əvəz olunmayan sərvətin keşiyində dayanmağı ən şərəfli bir vəzifə və vətəndaşlıq borcu saydıqlarını dilə gətirdilər.
Zabitlər göstərilən qayğıdan razılıq edirlər
Elə əsgərlərlə qısa söhbətim bu yazının yazılmasına səbəb oldu. Tabor komandiri polkovnik-leytenant Həmdəm Ağayevə fikrimi bildirdim. Üzünə təbəssüm qondu:
– Hərbi hissənin öz qanun-qaydaları var. Bu qaydalara riayət etmək lazımdır, – deyərək gözləməyi xahiş etdi, bizdən uzaqlaşdı. Bu bir neçə dəqiqə ərzində valideynləri ilə görüşə gələn əsgərlərin əsgər həyatının özəllikləri ilə bağlı söhbətlərinə qonaq olduq. Onların bir-birləri ilə mehribançılıqları, səmimi rəftarları bizə bir ailəni xatırlatdı.
Bu an özünü kapitan Araz Allahverdiyev kimi təqdim edən bir zabit bizə yaxınlaşır. O, tabordan yazı hazırlamağa rəhbərlikdən icazə alındığını bildirir. Haşiyə çıxaraq qeyd edim ki, bu məqamı, ümumilikdə, Azərbaycan Silahlı Qüvvələrində yaradılmış yüksək nizam-intizam kimi qəbul etmək lazımdır. Nizam-intizam olan yerdə isə hər çətinliyi dəf etmək mümkündür. Taborda olduğumuz bir neçə saat ərzində isə burada heç bir çətinliyin olmadığını gördük.
Araz Allahverdiyevlə söhbət edirik. Deyir ki, bu gün blokada vəziyyətində olmasına baxmayaraq, inkişaf və tərəqqidən intibaha qovuşan Naxçıvan Muxtar Respublikasında ardıcıl və sistemli şəkildə həyata keçirilən ordu quruculuğu prosesi bütün hərbi hissələri əhatə edib. Hərbi hissələrdəki yeniliklər real vəziyyətin obyektiv göstəricisidir. İndi doğma diyarımızın bütün hərbi hissələri belə yeniliklərlə doludur və bu ünvanlarda özünü qabarıq şəkildə göstərən nizam-intizam, səliqə-sahman, yüksək döyüş ovqatı qürur və sevinc hissi doğurur. Əsgərlərin və zabitlərin nümunəvi xidmət və qulluğu üçün bu taborda da hərtərəfli şərait yaradılıb. Müasir tələblər səviyyəsində qurulmuş yeməkxana, anbar, əsgər çayxanası ilk baxışda səliqə-sahmanı, gigiyenik-sanitar qaydalara cavab verməsi ilə diqqəti cəlb edir. Əsgərlərin asudə vaxtlarının səmərəli keçirilməsi təmin edilib. Bundan əlavə, şəxsi heyətin fiziki sağlamlığının təmin edilməsi məqsədilə hərbi hissənin həyətində lazımi idman qurğuları quraşdırılıb. Əsgərlər müntəzəm olaraq idmanla məşğul olur, fiziki hazırlıqlarını artırırlar.
Taborun feldşeri əslən Yardımlı rayonundan olan gizir Cəmil Zeynalov bildirir ki, 8 ildir, burada qulluq edir. Sərhədlərimizin keşiyində ayıq-sayıq dayanan əsgərlərin yüksək kalorili və keyfiyyətli qida məhsulları ilə təminatına xüsusi önəm verilir. O, bunu da diqqətə çatdırır ki, son illər ordu ilə xalq arasında yaradılmış sıx birliyi elə bu taborun və sədərəklilərin timsalında daha yaxından görmək olar. Müntəzəm olaraq rayon İcra Hakimiyyəti və sərhəd bölgəsində fəaliyyət göstərən dövlət qurumları, həmçinin Sədərək camaatı əsgərlərlə görüşə gəlir, onlara sovqatlar gətirirlər. Elə bu Novruz günləri ərəfəsində də belə olub. Əsgərlərə həm sovqatlar gətirilib, həm də onlar üçün bayram şənliyi təşkil olunub.
Gizir Cəmil Zeynalov əsgərlərin səhhəti ilə bağlı görülən işlərdən də danışır. Deyir ki, onların müayinəsini düzgün aparmaq, ilkin müalicəni təşkil etmək üçün taborda hərtərəfli imkanlar yaradılıb. Bu da taborda xidməti borcunu yerinə yetirən əsgərlərin sağlamlığının qorunmasında vacib şərtdir.
Söhbətə Araz Allahverdiyev qoşularaq bildirir ki, taborda yüksək səviyyədə təmin olunmuş mənəvi-psixoloji ab-hava, əsgərlərin siyasi hazırlığının yüksəldilməsi diqqətdə saxlanılan başlıca vəzifələrdəndir. Bunun üçün ideoloji otaqda lazımi şərait yaradılıb. İdeoloji otaqda televizor, qəzet və jurnallar, müxtəlif bədii ədəbiyyatlar əsgər və zabitlərin siyasi və hərbi biliklərinin artırılmasında mühüm rol oynayır. İdeoloji-siyasi təlim məşğələlərində əsgərlərə izah olunur ki, Azərbaycanın, həmçinin onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının müxtəlif zamanlarda hərbi müdaxilələrə məruz qalması, əsasən, ordumuzun yeni formalaşdığı dövrlərə təsadüf edib. Elə ötən əsrin 90-cı illərinin əvvəllərində erməni hərbi birləşmələrinin muxtar respublikanın sərhədlərinə mütəmadi hücumlarının əsas hədəfi də bu qədim türk yurdunun işğal edilməsi məqsədini daşıyırdı. Tarixdən bəllidir ki, Naxçıvan torpaqlarına olan iddialar çoxdan var idi. Mənfur ermənilər həm ötən əsrin əvvəllərində, həm II Dünya müharibəsi dövründə, həm də sovetlər zamanında bu iddialarından əl çəkməmişlər. “Böyük Ermənistan” yaratmağın əsas cinahlarından biri də qədim Naxçıvan torpaqlarını ələ keçirməklə Türkiyə Respublikası ilə Uzaq Şərqə doğru uzanan türk torpaqları arasında on bir kilometrlik əlaqənin kəsilməsini təmin etmək idi. Əsgərlərə o da çatdırılır ki, məhz ulu öndər Heydər Əliyevin Naxçıvanda ordu quruculuğuna başlaması ermənilərin bu xülyasının qarşısını aldı. Bu gün əsgərlər qarşısında duran başlıca vəzifə sərhədlərimizin etibarlı qorunmasıdır.
Zabit Loğman Orucəliyev öncə muxtar respublikada fəaliyyət göstərən hərbi hissələrə qayğıdan danışır:
– Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, hissə və bölmələrin döyüş qabiliyyətinin artırılması məqsədilə 2013-cü ildə Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılması, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Naxçıvan şəhərində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş 16 hərbi qulluqçuya yeni mənzillərin verilməsi, bu ilin yanvar ayının 29-da Daxili Qoşunların Naxçıvan Alayında zabit-gizir ailələri üçün xidməti yaşayış binasının açılış mərasiminin keçirilməsi, Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələrinin komandir heyətinin yeni xidməti avtomobillərlə təmin olunması, əvvəlki illərdə aparılan hərbi quruculuq işlərinin ötən il də davam etdirilməsi və digər tədbirlərin reallaşdırılması, ümumilikdə, orduya və orduda qulluq edən, xidməti borclarını yerinə yetirən zabit və əsgərlərə göstərilən qayğıdır. Ötən 18 ildə muxtar respublikamızda 160-dan çox hərbi obyekt tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Bu taborda da hərbi quruculuq sahəsində xeyli iş görülüb. Subay zabitlər üçün taborun binasında otaqlar ayrılıb. Hərbi şəhərcikdə isə ailəli hərbçilər üçün 16 yaşayış mənzili tikilib. Bütün tələblərə cavab verən, yüksək məişət şəraiti yaradılan mənzillərdə yaşayan zabitlər onlar üçün həyata keçirilən belə tədbirləri yüksək dəyərləndirirlər.
Zabit Ceyhun Ağayev: – Azərbaycan Ordusunun qurucusu, ulu öndər Heydər Əliyev deyirdi: “Ordu qurmaq, silahlı qüvvələr yaratmaq böyük bir bina tikmək deyil. Ordu canlı orqanizmdir. Bu bir tərəfdən canlı orqanizm kimi yaşayır, ikinci tərəfdən isə canlı orqanizm kimi daim inkişaf etməlidir. Ona görə də biz Silahlı Qüvvələrimizi ilbəil təkmilləşdirməliyik, onun gücünü artırmalıyıq, peşəkarlıq səviyyəsini yüksəltməliyik, təchizatını ilbəil yaxşılaşdırmalıyıq”.
Ulu öndərin bu tövsiyələrinə ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda ciddi əməl edilir, ordunun müdafiə potensialının durmadan gücləndirilməsinə xüsusi diqqət yetirilir, Vətənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün kompleks tədbirlər həyata keçirilir, hərbi hissələrin maddi-texniki bazası möhkəmləndirilir. Bizim tabor da müasir texnika ilə təchiz edilib, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik hərbi hissəyə çevrilib. Şəxsi heyətin üzərinə düşən müqəddəs vəzifəni hərtərəfli yerinə yetirməsi üçün ən yüksək səviyyədə şərait yaradılıb. Bu isə əsgərlərin hərbi texnikanın sirlərinə dərindən yiyələnmələri üçün biz zabitlərin məsuliyyət hissini daha da artırıb.
Əsgərlərin söhbəti qürur doğurur
Əsgərlərlə söhbət edirəm. İlk ünsiyyətdən onların döyüş hazırlığına, yüksək vətənpərvərliyinə, dövlətə, xalqa bağlı olduqlarına heç bir şübhəm qalmır. Əsgər Səddam Şahbazov Lənkəran rayonundandır. Fiziki və psixoloji cəhətdən əsl hərbçi, vətənpərvər və hərbi biliklərə malik gəncdir. Söhbət zamanı bildirdi ki, onlara şərəfli bir iş tapşırılıb. “Bizim üzərimizə böyük məsuliyyətli vəzifə düşür. Üzərimə düşən vəzifənin məsuliyyətli olduğunu dərk edirəm. Arxamızda güclü dövlətin durduğunu hiss edəndə daha mübariz olur, torpaqlarımızın işğaldan azad edilməsi üçün alışıb-yanırıq. Bütün əsgərlərin arzusu budur ki, torpaqlarımızın düşməndən azad edilməsi bizim hərbi xidmət dövrümüzə təsadüf etsin!” – bu sözləri qürurla deyir. Mərdəkandan gəlmiş Yunis Axundov bu qədim yurd yerində xidməti borcunu yerinə yetirməyindən fəxrlə danışır. Deyir ki, buraya gəlməmişdən Naxçıvan haqqında çox az məlumatı olub. Bu diyarın təbiətinin zənginliyindən, insanlarının səmimiyyətindən və qonaqpərvərliyindən ürəkdolusu danışır. Xidmət etdiyi taborda əsgərlər üçün yaradılmış şəraitdən də razılıq edir:
– Xidmətimi başa vurmağa çox az vaxt qalıb. Ancaq arxada qalan günlərin necə keçdiyini hiss etmədim. Çünki xidmətim dövrü taborda yüksək nizam-intizam, əsgərə qayğı gördüm, Naxçıvanda xidmət etməyimdən şərəf duydum.
Əfsun Ərəbov naxçıvanlıdır. Deyir ki, burada Azərbaycanın müxtəlif bölgələrindən hərbi xidmətə gələnlər var. Sevinirəm ki, onlar diyarımız barədə razılıqla danışırlar. Evə getdiyimiz günlərdə onlardan da bir neçəsini özümlə aparıram. Naxçıvan şəhərindəki səliqə-sahman, təmizlik, tarixi abidələr, quruculuq tədbirləri onlara çox xoş gəlir.
Valideynlərin ürək sözləri
Hər bir ölkənin təhlükəsizliyi onun sərhədlərinin etibarlı qorunmasından asılıdır. Sərhədlər isə o zaman etibarlı qorunur ki, onu qoruyan ordu çevik, peşəkar zabit və əsgər heyətindən ibarətdir. Azərbaycanın sərhədlərinin etibarlı qorunması bu gün onlara tapşırılıb. Əgər bu heyət qayğı ilə əhatə olunubsa, onda heç bir nigarançılığa əsas yoxdur, – bu sözləri valideyn Cəfər Dünyamalıyev deyir və vurğulayır ki, oğlunun belə bir qayğı ilə əhatə olunması onların da nigarançılığına son qoyub. Deyir ki, əsgərlərlə müəyyən edilmiş görüş günlərində buraya gəlirəm. Oğlumun, onunla birlikdə xidməti borcunu yerinə yetirən əsgərlərin keyfiyyətli qida məhsulları ilə təminatını, məişət qayğılarının yüksək səviyyədə yerinə yetirilməsini, asudə vaxtlarının səmərəli təşkilini görürəm. Düşünürəm ki, belə şəraitdə heç bir əsgərin pis xidmət etməyə haqqı yoxdur.
Valideyn Rahid Mirzəyev də Cəfər Dünyamalıyevin sözünə qüvvət verərək bildirir ki, bu gün bütün valideynlər hərbi hissələrdə yaradılmış yüksək nizam-intizamdan razılıq edirlər. Mən də bir valideyn kimi fəxr duyuram ki, oğlum bu gün Vətənə olan ən böyük və müqəddəs vəzifəsini belə bir yerdə – düşmənlə sərhəddə yerinə yetirir. Taborda gördüyüm şəraiti bu gün ölkəmizin bütün hərbi hissələrində görmək olar. Bu isə belə deməyə əsas verir ki, işğal altında olan torpaqlarımız tezliklə geri alınacaq. O gün uzaqda deyil.
Vətən başlanan yerdə xidmət etmək məsuliyyəti
Zabitlərlə, əsgərlərlə, valideynlərlə söhbətlərimizi, taborda gördüklərimizi qısaca da olsa, oxuculara çatdırmağa çalışdıq. Buna nə dərəcədə nail olduqsa, onu oxucular deyə bilər. Bizim gəldiyimiz qənaət isə belədir ki, bəhs etdiyimiz taborda qulluq və xidmət edənlər məsuliyyətlərini dərindən dərk edirlər. Vəzifə məsuliyyəti dərk olunan yer isə sərhəddir – Vətənin başlandığı yer. Vətənin başlandığı yer etibarla, ayıq-sayıqlıqla qorunursa, deməli, müstəqilliymiz, dövlətçiliyimiz də etibarlı, ayıq-sayıqlıqla qorunur.
Muxtar MƏMMƏDOV
Əli XUDİYEV (foto)