Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə açıq dərs keçilmişdir.
Əvvəlcə mərkəzin elmi katibi Emin Məmmədov şagirdlərə bu elm müəssisəsi haqqında məlumat verərək bildirmişdir ki, 90 il bundan əvvəl yaradılan Naxçıvan Muxtar Respublikası çətin, mürəkkəb, eyni zamanda şərəfli inkişaf yolu keçmiş, milli istiqlaliyyət yolunda Naxçıvanda cəsarətli addımlar atılmışdır. Bu gün də Naxçıvan Muxtar Respublikası milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olmaqla ölkəmizin iqtisadi qüdrətinin artırılmasına, tarixinin öyrənilməsinə və elmi potensialının gücləndirilməsinə dəyərli töhfələr verir. Muxtar respublikada inkişaf və tərəqqi dövrü kimi səciyyələnən son illərdə Naxçıvan tarixinin öyrənilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 17 fevral tarixli Sərəncamı ilə Naxçıvanşünaslıq Mərkəzi yaradılmış, mərkəz üçün bina ayrılmış və əsaslı surətdə yenidən qurulmuşdur. Mərkəz, onun kitabxanası və arxivi ən müasir informasiya avadanlıq və daşıyıcıları ilə təmin olunmuş, elektron kitabxana və elektron arxiv yaradılmışdır.
Açıq dərsdə məktəbin tarix müəllimi Roza Qasımova “Naxçıvan qədim diyardır” mövzusunda danışaraq vurğulamışdır ki, Naxçıvan Muxtar Respublikası zəngin tarixə malikdir. Burada əldə olunan maddi-mədəniyyət nümunələri Naxçıvan ərazisində qədim Daş dövründən başlayaraq bu yurdun ilkin sivilizasiyalı yaşayış məskənlərindən biri olduğunu sübut edir.
Qeyd olunmuşdur ki, elmi sahə kimi Naxçıvanşünaslığın öyrənilməsinə 1996-cı ildən başlanmışdır. Həmin ildə keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” Beynəlxalq Simpoziumu Naxçıvanşünaslığın öyrənilməsində yeni mərhələ təşkil etmişdir. Ötən dövr ərzində Naxçıvan tarixinin müxtəlif mərhələlərinin, ələlxüsus da qədim dövr tarixinin öyrənilməsinə xidmət edən 50-dən çox beynəlxalq elmi forum, konfrans və simpozium keçirilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublika ərazisində 800-dən artıq yeni tarixi abidə tapılmış, ümumilikdə, 1200-dən çox tarix və mədəniyyət abidəsi pasportlaşdırılaraq onların dövrü və tipoloji mənsubiyyəti müəyyənləşdirilmişdir. Bununla yanaşı, uzun müddət öyrənilməsinə qadağa qoyulmuş Nuh Peyğəmbər və Naxçıvan mövzusu yenidən elmi tədqiqatların aktual sahələrindən birinə çevrilmiş, qədim daşüstü yazılar, yurd yerləri, beş minillik tarixi əhatə edən Naxçıvan şəhər mədəniyyəti tədqiq olunmuşdur. Sovetlər Birliyinin mövcud olduğu 70 il ərzində Naxçıvanın tarixinə dair 50-yə yaxın ziddiyyətli məzmuna və istiqamətə malik kitab və ya broşür hazırlanmışdırsa, 1996-cı ildən ötən dövr ərzində Naxçıvanşünaslığa dair hazırlanan monoqrafiya, kitab, elmi məqalə, dərslik və dərs vəsaitlərinin sayı mini keçmişdir.
Açıq dərsin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.
Xəbərlər şöbəsi