Martın 18-də gömrük xidməti ilə biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində fəaliyyət göstərən “Məsləhət şurası”nın xarici iqtisadi fəaliyyət iştirakçıları ilə növbəti görüşü olub.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov ölkəmizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda sahibkarlığın inkişafı üçün yaradılan münbit şəraitdən danışıb. Qeyd olunub ki, muxtar respublikada iqtisadi təhlükəsizliyin təmin edilməsi, daxili bazarın qorunması, ixracın stimullaşdırılması iqtisadi inkişafın əsas istiqamətləri kimi müəyyənləşdirilib. Gömrük orqanları tərəfindən bu sahədə görülən işlər, ümumilikdə, regionda yeni istehsal sahələrinin yaradılması və inkişafını, əhalinin sosial-rifah halının yüksəlməsini, daxili bazarın xarici təsirlərdən müdafiəsi ilə stimullaşdırılmasını təmin edib.
Xarici iqtisadi fəaliyyət sahəsində qarşıya çıxan problemlərin qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində həll oluna biləcəyini önə çəkən komitə sədri vurğulayıb ki, infrastrukturun yenilənməsi, gömrük sistemində qanunvericiliyin təkmilləşdirilməsi, “bir pəncərə” prinsipinin tətbiqi, xidmətlərin elektron qaydada həyata keçirilməsi rəsmiləşdirməni asanlaşdırmaqla yanaşı, həm də sürətləndirib.
Komitənin Gömrük nəzarətinin təş kili şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Zaur Bağırov xarici iqtisadi fəaliyyətin tənzimlənməsi mexanizmindən və bunun daxili bazarın qorunmasındakı rolundan danışıb.
Aprel ayının 1-dən ölkəyə gətirilən avtonəqliyyat vasitələri üçün tətbiq olunacaq Avro-4 standartına da toxunan Z.Bağırov yeni standartın tələbləri ilə bağlı məlumat verib.
Komitənin Audit şöbəsinin rəisi, gömrük xidməti polkovniki Tofiq Hüseynov rəsmiləşdirmə əməliyyatlarının təkmilləşdirilməsi və qarşıya çıxan problemlərin aradan qaldırılması yollarından danışıb.
Biznes fəaliyyəti zamanı yol verilən nöqsanlardan danışan komitənin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Əli Əliyev hüquqpozma halları ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulan cərimə və cəzalar barədə tədbir iştirakçılarına məlumat verib.
Komitənin Statistika və informasiya texnologiyaları şöbəsinin rəisi, gömrük xidməti kapitanı Emin Eylazov Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet portalı üzərindən həyata keçirilən elektron gömrük xidmətləri barədə ətraflı məlumat verib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Abbas Babayev iş adamlarına göstərilən diqqət və qayğının muxtar respublikanın iqtisadi imkanlarının genişlənməsinə stimul verdiyini vurğulayıb.
Sonra xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinin iştirakı ilə diskussiya olub. Diskussiyada iş adamlarının problem və qayğıları dinlənilib, təkliflər səsləndirilib, tövsiyələr verilib.
Tədbirdə xarici iqtisadi fəaliyyət iştirakçıları ilə bağlı mövcud problemləri və onların həllinə yönələn təklifləri özündə əks etdirən məlumat vərəqələri paylanılıb.
Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti