Birinci Dünya müharibəsinin yaratdığı qlobal proseslər nəticəsində Qafqaz regionunun siyasi xəritəsində də dəyişikliklərin əsası qoyulmuş və çar Rusiyasının regiondakı mövqeyi xeyli zəifləmişdi. Lakin böyük Rusiya imperiyası bu məğlubiyyətlə barışmaq istəmirdi. 1918-ci ildə müsəlman Şərqində yaradılan ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətinin iki il sonra hərbi işğala məruz qalması imperiya siyasətini davam etdirən sovet Rusiyasının təcavüzkar niyyətlərinin nəticəsi idi.
Çar Rusiyası kimi, sovet Rusiyası da erməni millətçilərindən istifadə etməklə Azərbaycana qarşı hərbi-siyasi təzyiqləri artırırdı. Ermənilər gah “əzilən irq” adı altında silahlandırılır, gah da rusların müttəfiqi kimi təqdim olunurdu. Bütün bu proseslər Naxçıvan bölgəsində də ictimai-siyasi sabitliyi pozurdu. Belə olan şəraitdə Naxçıvanın ziyalıları, siyasi və dövlət xadimləri yaranmış təhlükələri dəf etmək üçün çıxış yolları axtarırdılar. 1918-ci ildə paytaxtı Naxçıvan şəhəri olmaqla Araz-Türk Respublikasının yaradılması da məhz bu istiqamətdə atılmış mühüm tarixi addımlardan idi.
Tarixi araşdırmalar təsdiq edir ki, Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ilə Araz-Türk Respublikası rəhbərliyi arasında Azərbaycan torpaqlarının birləşdirilməsi və təhlükələrin qarşısının alınması məsələlərinə dair heç bir fikir ayrılığı olmamışdı. Bu respublikanın yaradılmasında yeganə məqsəd Naxçıvanın üzləşdiyi təhlükələri aradan qaldırmaq idi.
Tanınmamış Araz-Türk Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil edilməsi ilə regiondakı təhlükələr tədricən aradan qaldırılırdı. Lakin 1920-ci il aprelin 28-də sovet Rusiyasının hərbi təcavüzü nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi Naxçıvan üçün yeni işğal təhlükələri yaratdı. Bundan dörd il sonra isə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası təsis edildi.
SSRİ-nin yaranmasından sonra erməni millətçiləri və təcavüzkar Ermənistan dövlətinin rəhbərləri Sovetlər Birliyində daim dəyişən ictimai-siyasi proseslərdən yararlanaraq Naxçıvana qarşı əsassız ərazi iddialarını gerçəkləşdirməyə cəhdlər etmişlər. Ötən əsrin 60-cı illərində SSRİ-yə rəhbərlik etmiş N.S.Xuruşovun siyasi hakimiyyəti dövründə bu təhlükələr daha da şiddətlənmişdi. Lakin 1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ermənilərin Naxçıvanla bağlı mənfur planlarını pozdu.
SSRİ-nin süqutu ərəfəsində ermənilərin Naxçıvana qarşı əsassız iddiaları yenidən siyasi gündəmə gətirildi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı cinayətdən daha təhlükəlisi Naxçıvanın işğalına hesablanmış planlar idi. Həmin gecə erməni basqınçıları Ermənistandakı sovet ordusunun hərbi hissələrinin birbaşa köməyi ilə bütün imkanlardan istifadə edərək Naxçıvanın ən strateji mövqelərindən sayılan Sədərək məntəqəsinə hücum etdilər.
Silahlı basqınlar, əsasən, Türkiyə ilə Naxçıvan arasındakı sərhəd istiqamətində aparılırdı. Məqsəd, ilk növbədə, Türkiyə ilə Azərbaycan arasında yeganə quru əlaqəsi olan həmin ərazini ələ keçirmək idi. Bunun üçün Sədərəyin müdafiəsinə səfərbər edilmiş muxtar respublikanın qüvvələrini yayındırmaq üçün düşmənin Şada, Buzqov, Axura, Havuş, Günnüt və digər kəndlər istiqamətində hücumları daha da intensivləşdi. Sədərək kəndinin yüksəklikləri isə bir neçə saatlığa erməni daşnaklarının əlinə keçsə də, sonradan düşmən geri oturduldu. Belə bir vaxtda Naxçıvan MSSR Ali Soveti SSRİ-nin tərkibindən çıxmaq barədə qərar qəbul etdi. Naxçıvanın muxtar statusu ilə bağlı 1921-ci ildə imzalanmış Qars müqaviləsinin şərtləri Naxçıvanın SSRİ-nin tərkibindən çıxması barədə Naxçıvan MSSR Ali Sovetinin bu qərarına hüquqi əsaslar verirdi.
Qeyd etmək yerinə düşər ki, Naxçıvanın erməni yaraqlılarından təmizlənməsində Osmanlı ordusunun sərkərdəsi Kazım Qarabəkir paşanın, Qars müqaviləsinin hazırlanmasında isə dövrünün nüfuzlu siyasi və dövlət xadimi Behbud ağa Şahtaxtinskinin misilsiz tarixi xidmətləri olmuşdur. Naxçıvana muxtar status alınmasının Qars müqaviləsinə daxil edilməsi istiqamətində B.Şahtaxtinskinin apardığı bütün danışıqlarda bölgənin qədim Azərbaycan torpağı olması, əhalinin mütləq əksəriyyətini müsəlman azərbaycanlıların təşkil etməsi və onların heç bir halda Azərbaycan dövlətindən ayrı yaşamağa razılaşmayacağı kimi ciddi həqiqətlər önə çəkilmiş və bütün bunlar öz bəhrəsini vermişdi.
Məlumat üçün bildirək ki, 1990-cı il yanvarın 15-də Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunmuşdur.
1988-1993-cü illərdə Azərbaycanda yaranmış hərbi-siyasi gərginlik, hərtərəfli böhran Naxçıvanda da normal həyat tərzini pozmuşdu. Ermənistan tərəfi muxtar respublikanı işğal etmək üçün bütün imkanlarını işə salmışdı. Ulu öndər Heydər Əliyev məhz belə bir ağır vəziyyətdə özünü Naxçıvanın harayına çatdırdı. Prezident İlham Əliyev bu barədə danışarkən demişdir: “...O vaxt naxçıvanlılar Heydər Əliyevin rəhbərliyi altında böyük qəhrəmanlıq və şücaət göstərmişdilər. Ermənistan tərəfindən edilən bütün hücumlara çox layiqli cavab verilmişdi və düşmən yerinə oturdulmuşdu. O anlarda, o aylarda, o illərdə Naxçıvanın taleyi həll olunurdu və bir daha o tarixə nəzər salaraq görürük ki, əgər Heydər Əliyev o vaxt Naxçıvanda olmasaydı, yəqin ki, Naxçıvanın taleyi çox acınacaqlı ola bilərdi”.
1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi dünyanın nəzərini Naxçıvana yönəltdi. Ulu öndərimizin siyasi fəaliyyətinin çoxşaxəliliyi və dəqiq strategiyası Naxçıvanın gələcək işıqlı həyatını təmin etdi, işğal təhlükəsi arxada qaldı. Heydər Əliyev 1992-ci il yanvarın 19-da qardaş Türkiyənin, aprelin 1-də ATƏM-in (hazırda ATƏT), mayın 27-də Birləşmiş Millətlər Təşkilatının Naxçıvana göndərdiyi xüsusi nümayəndə heyətlərini, iyunun 17-də ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili R.Maylsı, iyulun 23-də Rusiya Prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla aradan qaldırılması üzrə rusiyalı vasitəçi nümayəndəliyinin rəhbəri Vladimir Kazimirovu, 1993-cü il martın 5-də Böyük Britaniyanın Azərbaycandakı daimi nümayəndəsi Harold Fomstoku və Fransanın Azərbaycandakı səfiri Jan Perreni qəbul etdi. Bu görüşlərin hər birində Naxçıvanın təcavüzkar Ermənistan tərəfindən tam blokadaya alınması, işğalçı dövlətin hərbi hücumlarının yaratdığı təhlükələr Heydər Əliyev tərəfindən qabardılır və beynəlxalq KİV vasitəsilə dünya birliyinin diqqətinə çatdırılırdı.
Ulu öndər Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi dövrdə özünün uzaqgörən siyasəti ilə muxtar respublikanın başı üstünü almış işğal təhlükəsini əzmlə aradan qaldırır, əhalinin minimum tələbatını təmin edirdi. O dövrdə müdafiə resursları son dərəcə zəif olan Naxçıvan ulu öndərin parlaq zəkasının, dəqiq hədəflərə hesablanmış siyasi gedişlərinin və polad iradəsinin gücü ilə qorunurdu. Ermənistan silahlı qüvvələrinin Naxçıvana basqınlarının ciddiliyini, hətta kimyəvi tərkibli mərmilərdən istifadə olunmasının yaratdığı təhlükələri nəzərə alaraq, 1992-ci il mayın 22 və 23-də Heydər Əliyev yaranmış vəziyyətlə bağlı yerli televiziya ilə muxtar respublika əhalisinə müraciət etdi. Məlum oldu ki, görülən diplomatik tədbirlər nəticəsində 57 dövlət Ermənistanın Naxçıvana qarşı təcavüz cəhdlərini rəsmi şəkildə pisləmişdir. Ulu öndərimizin 1993-cü il iyunun 15-də Azərbaycanda siyasi hakimiyyətə qayıdışı isə ölkəmizin hər yerində olduğu kimi, Naxçıvanda da yeni inkişaf mərhələsinin əsasını qoydu.
Dövlət müstəqilliyimizin bərpası ərəfəsində Naxçıvan Muxtar Respublikasında mövcud vəziyyət və Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən strategiya nəticəsində sonrakı illərdə muxtar respublikada baş vermiş inkişaf dinamikası haqqında aydın təsəvvür yaratmaq məqsədilə 20 ilin (1991-2011) statistikasından bəzi məqamlara nəzər yetirək. Naxçıvanın iqtisadi inkişafının xarakterik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, iqtisadiyyata investisiya qoyuluşlarının davamlılığı və proporsional bölgüsü təmin olunmuşdur. Əgər 1989-cu ildə muxtar respublikanın tikinti sektorunda bir ay ərzində 2535 ton beton istifadə olunurdusa, hazırda bu göstərici bir gün ərzində inşaat işlərinə sərf olunan betonun ümumi həcminə bərabərdir.
Təhsilə göstərilən yüksək qayğı hazırda Azərbaycanın dövlət siyasətinin başlıca prioritetlərindəndir. Bu qayğı Naxçıvan Muxtar Respublikasında da açıq-aydın hiss olunur. Belə ki, ötən 20 ildə muxtar respublikada 189 məktəb tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Sovetlər Birliyi dövründə bu qədər məktəbi inşa etmək üçün 44 il vaxt lazım gəlmişdi. Naxçıvanın qızıl dövrü kimi xarakterizə olunan son 20 il ərzində muxtar respublikada 188 səhiyyə ocağı tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Qeyd edək ki, muxtar respublika ərazisində bu sayda tikilini təhvil vermək üçün keçmiş Sovetlər Birliyində 50 il vaxt sərf olunmuşdu.
Artıq muxtar respublikada il ərzində istehsal olunan sənaye məhsulu kənd təsərrüfatı məhsulunun həcmini orta hesabla 2 dəfə üstələyir. Əgər 20 il əvvəl muxtar respublikada istehsal olunan Ümumi Daxili Məhsulda aparıcı yeri kənd təsərrüfatı və ticarət tuturdusa, hazırda üstünlük sənaye və tikinti sahələrinə məxsusdur. Bu da muxtar respublika iqtisadiyyatının sənaye təmayüllü baza üzərində inkişafını təsdiqləməkdədir.
Ötən 20 ildə muxtar respublika ərazisində təkcə dövlət strukturlarının dəstəyi ilə 10462 hektar sahədə yaşıllıqlar – meşə massivləri, meyvə bağları, yaşıllıq zolaqları salınmışdır. Hazırda muxtar respublikanın ümumi ərazisinin 8 faizini yaşıllıqlar əhatə edir. Halbuki 1990-cı ilin əvvəllərində bu göstərici 0,6 faiz həddində olmuşdur.
Naxçıvanda 2993 kilometr uzunluğunda yeni avtomobil yolları salınmış, 5 yeni avtovağzal kompleksi inşa olunmuş, 125 körpü tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Bu müddət ərzində şəhər nəqliyyatı işinin yaxşılaşdırılması istiqamətində tədbirlərə uyğun olaraq, 142 ədəd yeni müasirtipli avtobus alınaraq muxtar respublikaya gətirilmiş və istismara buraxılmışdır.
Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşünün 2009-cu ilin oktyabrında Naxçıvan şəhərində keçirilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun dəvəti ilə 2010-cu il aprelin 26-dan 29-dək qardaş ölkəyə səfərinə Çankaya köşkündə xüsusi diqqət göstərilməsi, İran tərəfi ilə ali rəhbərlik səviyyəsində qarşılıqlı səfərlərin təşkili və birgə iqtisadi layihələrin davam etdirilməsi, beynəlxalq missiyalı müşahidəçilərin və səfirlərin Naxçıvana ardıcıl səfərləri, İqtisadi Əməkdaşlıq Təşkilatının “İpək Yolu yük avtomobilləri karvanı” layihəsi əsasında 2010-cu il sentyabrın 22-də Tehran şəhərindən yola salınan maşın karvanının oktyabrın 20-də Sədərək sərhəd-buraxılış məntəqəsindən Türkiyə ərazisinə daxil olması kimi mühüm məqamlar Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafına, müasir həyatına güzgü tutan xarakterik faktlardır.
Sabir ŞAHTAXTI
AzərTAc-ın müxbiri