22 Dekabr 2024, Bazar

Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sovet imperiyası dövründə üzərinə “dini bayram” damğası vurulub qeyd olunmasına sərt qadağa qoyulan bu əziz bayramın uzun illərin fasiləsindən sonra respublikamızda təntənə ilə qeyd edilməsinə başlanılmışdır. Bu, o vaxt ölkəmizin rəhbəri seçilən ümummilli lider Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə, cahanşümul mədəniyyətinə, milli adət-ənənələrinə tükənməz məhəbbətinin əyani təzahürü idi.
Novruzu milli ideologiyamızın ana sütunu kimi əbədiləşdirən, sevinc, həvəs və birləşmə “formulu” kimi səciyyələndirən ümummilli lider Heydər Əliyev çıxışlarının birində bu bayram barədə demişdir: “Bu bayram çox qədim tarixə malikdir və əcdadlarımızın bizə töhfəsi, onlardan qalmış mirasdır... Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir”.

Ən qiymətli milli dəyərlərimizdən birinə belə yüksək münasibətin ifadəsini ulu öndər Heydər Əliyevin bütün həyatı və siyasi fəaliyyəti dövründə görürük. Bunun bariz təzahürüdür ki, ümummilli liderimizin ölkədə siyasi hakimiyyətə yenidən qayıdışından sonra Novruz bayramı milli dövlət bayramı səviyyəsinə yüksəldilmişdir. Novruzun milli taleyimizdəki yerini, ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olduğunu, müstəqillik əldə etmiş gənc Azərbaycan Respublikasının dövlət quruculuğundakı məqamını, bir xalq, millət və dövlət kimi milli dirçəlişimizdəki rolunu yüksək dəyərləndirən görkəmli dövlət xadimi Heydər Əliyev Novruz bayramının ölkəmizdə yüksək əhval-ruhiyyədə qeyd olunması üçün lazımi tədbirlər həyata keçirmişdir. Novruzun taleyini Vətənin taleyi ilə eyniləşdirən xalqımızın böyük oğlu sevinclə bildirirdi ki, indi Novruz Azərbaycanın dövlət bayramıdır. Lakin bu, digər dövlət bayramlarından ona görə seçilir ki, Novruz təbiətdən gəlmiş bayramdır, eyni zamanda özünün maddi vəziyyətindən asılı olmayaraq, hər bir insan onu qeyd edir. İnsanlarda xoş duyğular yaradan, onların yaşamaq, yaratmaq həvəsini gücləndirən bu bayrama ulu öndərimiz yüksək dəyər verirdi: “Ürəklərdə saf duyğuların oyanması, insanlar arasında səmimiyyət, mehribanlıq və qarşılıqlı tellərin möhkəmlənməsi, kin-küdurətin aradan qaldırılması, cəmiyyətdə qarşılıqlı xoş münasibətlərin bərqərar olması Novruzun əsrlərin süzgəcindən keçərək formalaşmış gözəl ənənələridir”.
Dahi şəxsiyyət Heydər Əliyevin bayram münasibətilə Azərbaycan xalqına təbrikləri Novruzun ruhundan doğurdu, ona görə də xalqın ürəyindən xəbər verirdi. Ölkədəki ictimai-siyasi durumu, adamların rifah halını, ümumiyyətlə, dövlət quruculuğu prosesini Novruz adətləri ilə bağlayan ulu öndərimiz Novruz bayramının ümumxalq bayramına çevrilməsi, ölkənin hər bir guşəsində bu əziz günün əmin-amanlıq şəraitində, bol süfrə ilə qeyd olunması üçün ictimai-siyasi sabitliyi möhkəmləndirməyə, ölkə iqtisadiyyatının dinamik inkişafını təmin etməyə çalışırdı. Dahi rəhbər deyirdi: “Bu bayram əmin-amanlığın, sabitliyin rəmzidir. Bu bayram ölkədə gedən hüquqi, dünyəvi, sivil dövlət quruculuğunun rəmzidir. Bu bayram insan haqlarına, hüquqlarına olan yüksək hörmət və qayğının rəmzidir. Novruz onu göstərir ki, Azərbaycanda dövlət müstəqilliyi dönməz amil olubdur, müstəqilliyimiz möhkəmlənir, inkişaf edir. Şənliklər onu sübut edir ki, daxili ictimai-siyasi sabitlik bərqərar olubdur. İnsanlar ağır əziyyətlərdən, daxili toqquşmalardan, ədavətdən, ziddiyyətlərdən xilas olub rahat yaşayır, gələcəyə inamla baxırlar”.
Azərbaycan Prezidenti cənab İlham Əliyev ulu öndərin layiqli varisi kimi ümummilli liderin bu istiqamətdə müəyyənləşdirdiyi siyasətə sadiq qalaraq Novruzun yüksək səviyyədə qeyd olunmasına çalışır.
Novruz bayramı milli dəyərlərin, mahiyyəti etibarilə milli varlığın qorunma vasitəsidir. Bu yanaşma Azərbaycan dövlətinin artıq bütün dünyada böyük əks-səda verən mədəniyyət siyasətinin əsasını təşkil edir. Bu gün qürur hissi keçiririk ki, ümummilli liderimizin böyük səyləri ilə rəsmi dövlət bayramı – əbədi yaşamaq hüququ qazanmış Novruz bayramı artıq dünyada tanınmaqdadır. 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin yekun qərarına əsasən, Novruz bayramının qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi Azərbaycanın milli siyasətində Novruzun milli özünütəşkil və yaşatma mexanizmi kimi nə qədər böyük gücə malik olduğunun parlaq sübutudur.
Onunla da fəxarət duyuruq ki, BMT tərəfindən martın 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir. Azərbaycanın təşəbbüsü ilə BMT-nin Baş Məclisində “Beynəlxalq Novruz Günü” adlı qətnamə layihəsi 2010-cu il fevralın 23-də qəbul olunmuşdur. BMT-nin Baş Məclisi artıq martın 21-ni “Beynəlxalq Novruz Günü” kimi tanıyır.
Dövlət başçısı cənab İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin daha sürətli və davamlı inkişafı təmin olunmuş, ictimai-siyasi sabitlik möhkəmləndirilmiş, Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətinə çevrilmişdir. Bütün bu uğurları vətəndaşlarımız öz gündəlik həyatında qabarıq hiss edir, gələcəyə böyük ümid bəsləyirlər. Xalqımız builki Novruz bayramını məhz belə bir yüksək ovqatla qarşılayır. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 ildən artıq bir müddətə nəzər saldıqda dövlət başçısının milli dəyərlərimizə son dərəcə diqqətlə yanaşdığının, mədəniyyətimizin inkişafına xidmət edən lazımi tədbirlər həyata keçirdiyinin şahidi oluruq. Bu illərdə Azərbaycan Prezidenti cənab İlham Əliyev mənəvi irsimizlə bağlı kitabların dərc olunmasından tutmuş yaradıcı şəxslərin fəaliyyətinin qiymətləndirilməsinə qədər müxtəlif sərəncamlar imzalamışdır. Bu, ölkə başçısının ulu öndərin siyasi kursunun layiqli davamçısı kimi həm də mədəni-mənəvi irsimizə bağlılığından xəbər verir. Dövlət başçısı Novruzu hər bir azərbaycanlının daxili aləmində ən ülvi niyyətlərin və saf duyğuların yer tutduğu bayram kimi qiymətləndirir: “Novruz bayramı ulu əcdadlarımızın bizə gözəl yadigarıdır. Azərbaycan torpağında bu bayram çox qədim zamanlardan əsl milli bayram kimi qeyd olunmuşdur. Xalqımız yazın gəlişini ilaxır çərşənbələrdən Novruz axşamınadək kütləvi şənlik və mərasimlərlə qarşılamış, təbiətin canlanması ilə başlayan hər yeni ilin firavanlıq, xoşbəxtlik və əmin-amanlıq gətirməsini arzulamışdır. Novruz bayramı Azərbaycan xalqının gələcəyə inam hissini, ürək­açıqlığını, qonaqsevərliyini, ünsiyyət, mehribançılıq və dostluq duyğularını özündə toplamışdır. Hər kəsin layiqincə qarşılamağa çalışdığı Bahar bayramında insanın fikri, əməli və istəyi təzələnir, könüllərdə saf duyğular oyanır. Dünya haqqında ilkin təsəvvürlərlə bağlı olan bu bayram mənəvi gözəlliyi, mərhəməti və xeyirxahlığı təcəssüm etdirir”.
Doğma Azərbaycanımızın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da Novruz xüsusi şövqlə keçirilir. Bu qədim diyarda Novruzla bağlı özünəməxsus adət-ənənələr formalaşmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin milli dəyərlərə böyük sevgi və ehtiramı bu bayramın tarixi köklərə bağlı şəkildə keçirilməsini, onun ümumxalq şənliyinə çevrilməsini təmin etmişdir. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı muxtar diyarımızda bayram şənliklərinin daha yüksək səviyyədə təşkilinə stimul vermişdir. Xalq yaradıcılığı günləri çərçivəsində Naxçıvan şəhərində, rayon mərkəzlərində, kəndlərdə, idarə, müəssisə və təşkilatlarda, təhsil ocaqlarında bir-birindən maraqlı tədbirlərin keçirilməsi bu bayramın, doğrudan da, ümumxalq şənliyinə çevrilməsinin göstəricisidir. Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin qeyd edildiyi “Muxtariyyət ili”ndə isə Novruz bayramı daha yüksək əhval-ruhiyyə ilə keçirilir.
Hər birimiz Novruz bayramına dövlətin verdiyi dəyər və önəmi doğru-düzgün qiymətləndirməli, ona milli dövlət quruculuğumuzda hər bir vətəndaşın yaxından iştirakı üçün verilmiş milli quruculuq töhfəsi kimi yanaşmalıyıq. Çünki xalqımızın mənəvi mədəniyyətinin öyrənilməsində, qədim mifik görüşlərindən tutmuş adət-ənənəsi, həyat tərzi haqqında aydın təsəvvürlər əldə edilməsində Novruz bayramının rolu çox böyükdür. Bu rolu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yüksək dəyərləndirir. Ölkə rəhbəri bayramın layiq olduğu səviyyədə keçirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirir, hər il Novruz bayramı ərəfəsində Azərbaycan xalqını təbrik edir, hər birimizə yeni ildə uğurlar arzulamaqla Novruzun mahiyyətini ən kiçik detalları ilə ortaya qoyur. Dövlət başçısının mart ayının 18-də Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyildiyi kimi: “Milli varlıq və mənəviyyat xəzinəsi olan Bahar bayramı müdrik əcdadlarımızın bugünkü nəsillərə misilsiz yadigarıdır. Kainatın dəyişməz ahəngi və əbədi qanunları ilə bağlı bu el bayramı zamanın sınaqlarından çıxmış çoxəsrlik mədəniyyətimizin parlaq təcəssümüdür. Novruz ənənələri dəyərlər sistemimizdə müstəsna yer tutmuş, xalqımızın təfəkkürünün ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Cəmiyyət üzvləri arasında qarşılıqlı ünsiyyətə çağırması, səmimiyyəti gücləndirməsi və yüksək əxlaqi keyfiyyətlər formalaşdırması onu ən ali insani xüsusiyyətlərin daşıyıcısı kimi ümumbəşəri mədəni sərvətlər sırasına daxil etmişdir”.

Xalqımız həmişə bu sərvətlərə bağlı olduğu kimi, bu il də Novruzu, yazın gəlməsini böyük sevinclə qarşılayır, bir daha xoş əhval-ruhiyyə nümayiş etdirir. Çünki Azərbaycan xalqı bütün varlığı ilə bu bayrama bağlıdır. Müstəqilliyimiz əbədi, dönməz olduğuna görə xalqımız bundan sonra da adət-ənənələrini uca tutacaq, onları qoruyub inkişaf etdirəcəkdir. 

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR