Adı tarixin uzaq dövrlərindən bəlli olan Kəngərli rayonunun yaradılmasından 10 il ötür. Məhz 10 il bundan əvvəl, 2004-cü il martın 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Kəngərli rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanununu imzaladı. Qanuna görə, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Böyükdüz, Çalxanqala, Xıncab, Şərur rayonunun isə Qarabağlar, Xok, Qıvraq, Qabıllı, Yurdçu və Yeni Kərki kənd inzibati ərazi dairələrini əhatə edən ərazi vahidləri yeni yaradılmış rayona daxil edildi. Qanunun digər bəndinə görə isə Qıvraq kəndinə qəsəbə statusu verilərək rayon mərkəzinə çevrildi. Bu, həmin dövr idi, ölkə başçısı respublikaya rəhbərliyə bir neçə ay idi ki, başlamışdı. Regionların sosial-iqtisadi inkişafına dair ilk dövlət proqramı yenicə imzalanmışdı. Qarşıda ölkəmizin, muxtar respublikamızın inkişafı üçün mühüm layihələr həyata keçiriləcək və gənc Kəngərli rayonu da bu inkişafdan öz payını alacaqdı.
Kəngərli rayon mərkəzi 10 il bundan əvvəl Qıvraq kəndindən, bir də kəndin şimal hissəsindəki boş və quru çöllük ərazilərdən ibarət idi. O zamanlar çoxumuz buranın nə zamansa gözəl bir rayon mərkəzinə çevriləcəyini ağlımıza gətirməzdik. Ancaq Heydər Əliyev ideyalarının muxtar respublikamızda uğurla həyata keçirilməsi bütün bölgələrimiz kimi, yeni yaradılmış Kəngərli rayonunu da gözəlliklər diyarına çevirdi. Tarix üçün çox qısa bir dövrü əhatə etsə də, ötən illər ərzində burada mühüm infrastruktur layihələri həyata keçirilmiş, Kəngərlinin sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermişdir. Təhsil, səhiyyə, idman, mədəniyyət müəssisələri və digər sosialyönümlü obyektlər tikilərək sakinlərin istifadəsinə verilmişdir. 2006-cı ilin iyul ayında Kəngərli Rayon İcra Hakimiyyətinin inzibati binasının açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bu rayonun yaradılması ilə bölgədə bir çox məsələlər həll olunmuşdur. Artıq rayonun öz büdcəsi var, yeni yaradılmış idarələrdə mindən çox iş yeri açılmışdır. Beləliklə, bu rayonda yaşayan əksər ailələrin heç olmasa bir üzvü işlə təmin edilmişdir. Yeni rayonun yaradılması bu bölgənin iqtisadiyyatına, gələcəkdə onun daha da möhkəmlənməsinə, ailələrin məskunlaşmasına kömək edəcəkdir. Tarixi bir adı özündə yaşadan Kəngərli rayonu qısa bir müddət ərzində muxtar respublikanın digər rayonlarının səviyyəsinə çatacaqdır”.
Qeyd edək ki, 1 qəsəbə və 10 kəndi özündə birləşdirən Kəngərli rayonunun mərkəzi Naxçıvan-Sədərək magistral yolunun üzərində yerləşir. Əsaslı və kompleks şəkildə aparılan tikinti-quruculuq tədbirlərinin nəticəsidir ki, rayon mərkəzi sayılan Qıvraq qəsəbəsi tamamilə öz simasını dəyişmişdir. İndi bu adıçəkilən məkanda tikilən bir-birindən gözəl inzibati binalar, Mədəniyyət və İstirahət parkı, gözəl memarlıq quruluşuna malik Mədəniyyət Evi, qəsəbədaxili və kəndarası rahat yollar Kəngərlinin simasına əsl gözəllik qatır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ötən dövr ərzində Kəngərli rayonunda görülmüş işləri yüksək dəyərləndirmiş, muxtar respublikaya səfərləri çərçivəsində rayondakı bir sıra ünvanların açılışında iştirak etmişdir. 2010-cu ildə Naxçıvan-Sədərək magistral yolunun Kəngərli rayonundan keçən hissəsinin və rayon mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsinin açılış mərasimində ölkə başçısı sakinlərlə görüşərək burada həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir. Həmçinin 2012-ci ildə Kəngərli Rayon Mədəniyyət Evinin açılış mərasimində iştirak edən Prezident demişdir: “Biz iki il əvvəl də sizinlə görüşmüşük. İki il əvvəl ulu öndərin abidəsinin açılışında bərabər idik. Mən çox şadam ki, bu iki il ərzində Kəngərli rayonunda böyük işlər görülmüşdür. Burada doğrudan da, gözəl mərkəz yaradılmış, yeni inzibati binalar tikilmişdir, indi fərdi evlər də tikilməkdədir... Bu gün gözəl Mədəniyyət Evinin açılışında toplaşmışıq. Bir neçə il əvvəl Naxçıvanda Heydər Əliyev adına möhtəşəm Mədəniyyət Mərkəzinin açılışında iştirak etmişdik. İndi isə Kəngərli rayonunda Mədəniyyət Evinin açılışında iştirak edirik. Bu, böyük rəmzi məna daşıyır. Çünki bir neçə il əvvəl Kəngərli rayonu inzibati ərazi kimi mövcud deyildi. Bir neçə il bundan əvvəl Vasif Talıbov belə təşəbbüslə çıxış etmişdi. Mən bu təşəbbüsü təkcə kağız üzərində deyil, əməldə dəstəklədim və qısa müddətdə rayon yaradıldı. Qeyd etdiyim kimi, bu gün rayonun artıq inzibati mərkəzi vardır. Bu mərkəz böyüyəcəkdir və əminəm ki, gələcək illərdə Kəngərli rayonunda bundan da gözəl və yaxşı işlər görüləcəkdir. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm, Kəngərli rayonunun və bütün Naxçıvan Muxtar Respublikasının sakinlərinə yeni uğurlar arzu edirəm”.
Muxtar respublikamızda kənd yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər, xüsusilə yeni kənd mərkəzlərinin tikintisi Kəngərli rayonunda da böyük vüsət almış, mühüm tədbirlər həyata keçirilmişdir. Yaradılmasının 10-cu ildönümündə artıq rayonun Yurdçu kəndi istisna olmaqla, bütün kəndlərində kompleks quruculuq işləri aparılmış, bütün kənd yolları yenidən qurulmuşdur. Rayon yeni kənd mərkəzlərinin mövcudluğuna görə muxtar respublikanın bütün bölgələrindən irəlidədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2011-ci il 2 sentyabr tarixli Sərəncamına uyğun olaraq yenidən qurulan yollar yaşayış məntəqələri arasında daha tez, asan və təhlükəsiz nəqliyyat əlaqəsinin qurulmasına öz töhfəsini verir. Uzunluğu 39 kilometr olan və 13 min nəfərdən çox əhalinin yaşadığı 5 kənd yaşayış məntəqəsini birləşdirən Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qarabağlar-Yurdçu-Qıvraq (Xıncab da əlavə yolla birləşməklə) dairəvi avtomobil yolu adıçəkilən kəndlərə gediş-gəlişi xeyli asanlaşdırmışdır. Bununla yanaşı, rayonda quruculuq tədbirləri bu gün də davam etdirilir. Rayon mərkəzində yenidən qurulmasına ötən ildən başlanılmış rayon Mərkəzi Xəstəxanasının inzibati binası təhvilə hazırdır. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan, 30 çarpayılıq bu xəstəxanada bütün zəruri şöbələr fəaliyyət göstərəcək. Rayon sakinlərinin sağlamlığının keşiyində duracaq bu səhiyyə ocağında müasir tibbi avadanlıqlar quraşdırılmışdır. Bundan başqa, rayonda Uşaq-Gənclər Şahmat Məktəbi üçün binanın da tikintisinə başlanılmışdır. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq bu idman obyekti uşaq və gənclərin intellektual idman növü olan şahmata marağını artırmaqla bərabər, onların asudə vaxtlarının səmərəli keçməsində də mühüm rol oynayacaq.
Kəngərli rayonunun hərtərəfli inkişafında təhsil və mədəniyyət sahələrinin də öz rolu var. Bu gün rayonun 12 ümumtəhsil məktəbindən 10-u yeni binada fəaliyyət göstərir. Təbii ki, yaradılmış şərait təhsilin səviyyəsinin ildən-ilə yüksəlməsinə öz töhfəsini verir. Belə ki, ötən tədris ilində ümumtəhsil məktəblərini 300 məzun bitirmiş, onlardan 74 faizi – 222 nəfəri ali məktəblərə sənəd vermişdir. Sənəd verənlərdən 89 nəfəri ali məktəblərə, 13 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Rayon üzrə qəbul imtahanlarında yüksək nəticə göstərərək 500-700 intervalında bal toplayanların sayı 21 nəfər olmuşdur. Qeyd edək ki, bir il əvvəl belə məzunların sayı 10 nəfər idi. Yeri düşmüşkən, ötən il 31 nəfər Heydər Əliyev adına Hərbi Liseyə, 2 nəfər isə Polis Akademiyasına qəbul olunmuşdur.
Mədəniyyətə göstərilən dövlət qayğısı Kəngərli rayonunun mədəni inkişafına zəmin yaratmışdır. Rayonun Mədəniyyət və Turizm Şöbəsi 1 rayon Mədəniyyət Evi, 5 kənd mədəniyyət evi, 5 kənd klubu, 1 Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 2 Uşaq Musiqi Məktəbi və 1 Tarix-Diyarşünaslıq Muzeyini özündə birləşdirir. Eyni zamanda dünya əhəmiyyətli Qarabağlar türbəsi, qədim Şahtaxtı hamamı və Şahtaxtinskilər Muzeyi də Kəngərlinin maraqlı mədəniyyət ünvanlarındandır. Rayonda milli və mədəni dəyərlərimizin təbliği hər zaman diqqət mərkəzində saxlanılır. 2004-cü ildə fəaliyyətə başlamış “Kəngər” instrumental ansamblı, 2005-ci ildə yaradılmış qızlardan ibarət “Gülümhey” folklor qrupu, 2012-ci ildə təşkil edilmiş həm uşaq, həm də böyüklərdən ibarət yallı kollektivləri bu gün Kəngərlinin mədəni həyatında mühüm rol oynayır. Qarabağlar kənd mədəniyyət evində fəaliyyət göstərən toxuculuq dərnəyi isə gənclərə bu el sənətinin mənimsədilməsinə, beləliklə, toxuculuq sənətinin yaşadılmasına öz töhfəsini verir. Yuxarıda qeyd etdiyimiz kimi, 2012-ci ildə istifadəyə verilən və açılış mərasimində ölkə başçısının da iştirak etdiyi Kəngərli Rayon Mədəniyyət Evi rayonda müxtəlif tədbirlərin keçirilməsi üçün ən ideal məkandır.
Kəngərli rayonu da muxtar respublikamızın əksər rayonlarında olduğu kimi, kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində ixtisaslaşmışdır. Təbii ki, bu sahədə həm suvarma, həm də içməli su mənbələrinin yenidən qurulmasında atılan addımların əhəmiyyəti böyükdür. Məsələn, ötən il rayonda 4 yeni subartezian quyusunun qazılması, 2 kəhrizin, 8 subartezian quyusunun əsaslı təmir edilməsi, yol çəkilişlərinin həyata keçirilməsi ilə əlaqədar yeni su keçidlərinin quraşdırılması həyata keçirilən tədbirlər sırasındadır. Cari ildə də dövlətimizin qayğısı sayəsində “Kəngərli rayonunda irriqasiya sistemlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində işlər uğurla davam etdirilir.
Hazırda rayonun Yeni Kərki, Xıncab, Təzəkənd və Böyükdüz kəndlərinin torpaq sahələrinin suvarma suyu ilə təmin olunması məqsədilə Uzunoba Su Anbarından qidalanan 720 millimetrlik qoşa boru xətləri çəkilir. 32,4 kilometr uzunluğunda boru xətlərinin çəkilişindən sonra Kəngərli rayonu ərazisində yeni nasos stansiyası da tikiləcək, su sərfi saatda 1200 kubmetr olan 3 ədəd aqreqat quraşdırılacaqdır. Eyni zamanda nasos stansiyasından 8,7 kilometr uzunluğunda təzyiqli boru xətti çəkiləcək və tutumu 250 kubmetr olan suqəbuledici inşa ediləcəkdir. Bu işlər həyata keçirildikdən sonra rayonda əlavə 4 min hektar yeni torpaq sahəsini də əkib-becərmək mümkün olacaqdır.
Vurğulamaq lazımdır ki, Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvin “Kənd təsərrüfаtı məhsullаrı istеhsаlçılаrınа dövlət dəstəyi hаqqındа” 2007-ci il 23 yаnvаr tаriхli Sərəncаmı rаyоndа əkinçiliyin inkişаfınа stimul vеrmiş, müsbət nəticələrin əldə edilməsinə şərait yaratmışdır. Bundan əlavə, Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məclisi Sədrinin 17 sеntyаbr 2008-ci il tаriхli Sərəncаmı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Nахçıvаn Muхtаr Rеspublikаsındа əhаlinin ərzаq məhsullаrı ilə еtibаrlı təminаtınа dаir Dövlət Prоqrаmı” rayonda uğurla icra edilir. Muхtаr rеspublikаmızın tахılа оlаn tələbаtının dахili imkаnlаr hеsаbınа ödənilməsi istiqаmətində həyаtа kеçirilən аrdıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini vеrməkdədir. Rayon ərazisində ötən il torpaq mülkiyyətçiləri tərəfindən 3869 hektar taxıl sahəsindən 10 min 901 ton taxıl əldə edilmişdir. Hər hektarın məhsuldarlığı 28,2 sentner olmuşdur. Bundan əlavə, daxili bazarın yerli tərəvəz məhsulları ilə təmin olunması da diqqət mərkəzində saxlanılmış, 290 hektar sahədən 3526 ton tərəvəz tədarük edilmişdir. Son illərdə rayonda kartofçuluğa da maraq xeyli artmışdır. Sаhibkаrlаrа güzəştli şərtlərlə krеdit və аvаdаnlıqlаrın vеrilməsi nəticəsində 213 hektar sahədə kartof əkini aparılmışdır ki, həmin sahələrdən də 2839 ton məhsul yığılmışdır.
Rayonda kənd təsərrüfatının digər sahələri də diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq ötən il 12 hektar ərazidə yeni meyvə bağları salınmışdır. Təsərrüfatçılara yaradılan imkanlardan biri də rayonda 300 ton tutumu olan soyuducu anbarın mövcudluğudur ki, təsərrüfat sahibləri bundan yetərincə yararlana bilirlər.
Heyvandarlığın inkişafı da Kəngərli rayonunda diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Hazırda təsərrüfatlarda 7 min 920 baş iribuynuzlu, 90 min 520 baş xırdabuynuzlu heyvan, 101 min 950 baş quş saxlanılır. Arı ailələrinin sayı isə artırılaraq 1560-a çatdırılmışdır.
Müxtəlif sahələr üzrə həyata keçirilən tədbirlər rayon sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluq problemlərinin həll edilməsi baxımından da əhəmiyyət kəsb edir. Rayon üzrə məşğulluğun göstəriciləri belədir ki, ötən il 229 nəfər işlə təmin olunmuş, eyni zamanda 26 nəfər müxtəlif peşə təlimi kurslarına göndərilmişdir. Kəngərli rayonunda əhalinin sosial müdafiəsi sahəsində atılan addımlar da daim diqqət mərkəzində saxlanılır. Yaradılmasından keçən 10 il ərzində rayonda imtiyazlı təbəqənin 13 üzvü üçün fərdi ev tikilmiş, 21 nəfərə avtomobil verilmişdir.
Bəli, fəxrlə demək olar ki, Kəngərli rayonu yaşının az olmasına baxmayaraq, bu gün muxtar respublikanın inkişaf edən rayonları sırasındadır. Rayonda inkişaf və yüksəliş davamlı xarakter alıb. Sakinlərinin əhval-ruhiyyəsi də yaradılan bu şərait hesabına daha da yüksəlib, onların sabaha olan inamı artıb. Heydər Əliyev ideyalarına sadiqlikdən güc alaraq müasir görkəmdə qurulan Kəngərli rayonu adına tarixilik, yaşına müasirlik yaraşan ən gənc bölgələrimizdəndir. 10 yaşın mübarək, qədim yurd!
Səbuhi HƏSƏNOV