Tarixçilər 1915-ci ilin 18 mart gününü türk ruhunun yenidən kükrəməsi, məmləkətin taleyində yeni dövrün başlanğıcı kimi dəyərləndirirlər. Hər il martın 18-də türk xalqının müttəfiq dövlətlərin “Yenilməz Armada”sına qarşı ölüm-dirim savaşında qazandığı Çanaqqala zəfərinin ildönümü Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında qeyd olunur.
Çanaqqala zəfərinin 99-cu ildönümü münasibətilə Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanında türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib.
Tədbirdə Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun əməkdaşları, Əlahiddə Ümumqoşun Ordusunun zabitləri, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Əsgər İsmayılov, Naxçıvandakı türk liseylərinin müəllimləri, bir qrup türk iş adamı və türkiyəli tələbələr iştirak ediblər.
Əvvəlcə 1918-20-ci illərdə Naxçıvanın erməni daşnakları tərəfindən işğalının qarşısının alınmasında şəhidlik zirvəsinə ucalan qəhrəman türk əsgərlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, abidə önünə əklil qoyulub, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Mərasimdə Türkiyənin Naxçıvandakı Baş konsulu Əli Rza Akıncı bildirib ki, şəhidlərimizin dünyada analoqu olmayan bir şəkildə ortaya qoyduqları sarsılmaz Vətən sevgisi və millət olmaq şüuru ən böyük qürurumuz, zənginliyimiz və ən böyük gücümüzdür. Vətənin torpaqlarını qorumaq üçün ən çətin şəraitdə çəkinmədən canlarını fəda edən əziz şəhidlərimiz sonsuza qədər qəlbimizdə yaşamağa davam edəcək.
Sonra ziyarətçilər Şəhidlər Xiyabanında ucaldılmış Ana abidəsinin və ötən əsrin sonlarında ölkəmizin azadlığı və suverenliyi, Naxçıvanın qorunması uğrunda şəhid olmuş Vətən oğullarının məzarları önünə gül-çiçək dəstələri düzüblər.
Xəbərlər şöbəsi