Azərbaycan-Polşa əlaqələrinin tarixi kökləri tariximizin orta əsrlər dövründən başlayır. Hələ XV əsrdə yaranmış, tərkibinə Naxçıvan da daxil olmuş Azərbaycan Ağqoyunlular dövlətinin Polşa ilə diplomatik əlaqələri mövcud olmuşdur. 1470-ci ildə Venesiya hökuməti, Roma papası II Pavel, həmçinin Polşa hakimləri ilə Osmanlılara qarşı müttəfiqlik haqqında danışıqlar aparmaq üçün Ağqoyunlu Uzun Həsən bu zaman Təbrizdə olan Venesiya səfiri Lazaro Kvirino və öz elçisi Muradı Avropaya yola salmışdır. Tarixçi Y.Mahmudov yazır ki, az sonra Qərb ölkələrinə göndərilən elçilərdən cavab gəlmədiyini görən Uzun Həsən Avropaya başqa bir diplomatı da yola salmış, bu Azərbaycan elçisi Polşaya getmiş, Polşa kralı ilə danışıqlar aparmış, daha sonra Polşa kralının elçisi ilə birlikdə İtaliyaya getmiş və oradan Təbrizə qayıtmışdı. Tarixi mənbələrdən məlumdur ki, Ağqoyunlu hökmdarı Uzun Həsən Otluqbeli vuruşmasından sonra – 1473-1478-ci illərdə də Polşa sarayına öz səfirlərini göndərmiş və müxtəlif məsələlərlə bağlı iki tərəf arasında danışıqlar aparılmışdır.
Bu diplomatik əlaqələr Səfəvilər dövründə də davam etdirilmiş, I Şah Abbas Avropaya Oruc bəy Bayatın başçılığı ilə göndərdiyi elçilik heyətinə Rusiya ilə yanaşı, 8 Avropa ölkəsində də diplomatik danışıqlar aparmağı tapşırmışdı ki, bunlardan biri də məhz Polşa olmuşdur. Azərbaycan-Polşa əlaqələrinə dair ən maraqlı sənədlərdən biri Şah Sultan Hüseynin (1694-1722) Sakson şahzadəsi və Polşa kralı Fridrix Avqusta məktubudur. Bu məktub həm də ona görə maraq doğurur ki, Azərbaycan dilində yazılmış ilk diplomatik sənədlərdən biri hesab edilir. Bu barədə Dr.Fekete Layoşun 1934-cü ildə “Türkiyat Məcmuəsi”nin V-VI saylarında çapdan çıxmış “İran şahlarının iki türkçe mektubu” adlı məqaləsində də məlumat verilmişdir.
Polşa ilə Azərbaycan arasında əlaqələrin genişlənməsi, əsasən, XIX əsrin II yarısı və XX əsrin əvvəllərinə təsadüf edir. Çar imperiyasının işğalı altında olan bu iki ölkənin sakinləri – müxtəlif hərbçilər, şərqşünaslar, diplomatlar, ziyalılar əlaqədə olmuşlar.
Naxçıvanlı şəxsiyyətlərin Polşa ilə əlaqələri haqqında hələlik bizə məlum olan ilk fakt – hadisə 1839-cu ilə aiddir. Belə ki, tam süvari generalı İsmayıl xan Naxçıvanski məhz həmin ildən Zaqafqaziya Müsəlman Süvari Polkunun naibi kimi Polşanın paytaxtı Varşavada xidmət etməyə başlamışdır. Gələcəkdə general olacaq İsmayıl xan 1840-cı ildə Varşava ətrafındakı hərbi manevrlərdə fərqləndiyinə görə praporşik hərbi rütbəsini almış və 1844-cü ilə kimi burada xidmət göstərərək ştabs-kapitan rütbəsinə qədər yüksələ bilmişdir. Qeyd edək ki, tarixçi-alim Musa Quliyev 2010-cu ildə Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər” jurnalında “Naxçıvandan Varşavaya gedən Kəngərli süvariləri haqqında” məqaləsində XIX əsrin 40-cı illərində Naxçıvandan Varşavaya göndərilən Kəngərli süvari dəstələri haqqında maraqlı məlumatlar vermiş və bu məqaləsində daha çox Polşaya gedən Kəngərli süvarilərinin geyimləri haqqında bəhs etmişdir.
Araşdırmalarımız göstərir ki, XIX əsrin 40-cı illərində Varşavadakı Zaqafqaziya Müsəlman Süvari Polkunun tərkibində kapitan Hüseyn Sultan, Həsən ağa Nəzər Sultan oğlu, polkovnik İsmayıl ağa Kəngərli, Hacı İsgəndər ağa Novruz ağa oğlu, Almurad bəy Məmmədqulu Sultan oğlu, Nəcəfqulu ağa Kəngərli və Rzaqulu ağa Kəngərli kimi qəhrəman Naxçıvan övladlarının xidmət etməsi barədə müxtəlif mənbələrdə məlumatlar əksini tapmışdır. Ola bilsin ki, bu siyahı daha genişdir və adını çəkdiyimiz və çəkmədiyimiz şəxslərin Polşadakı fəaliyyətləri ilə bağlı digər məlumatlar da mövcuddur.
Qeyd etmək lazımdır ki, bir çox dövrlərdə müxtəlif polşalı səyyahlar, diplomatlar, yazıçılar da Naxçıvanda olmuşlar. Belə şəxslərdən biri də polyak yazıçı, şərqşünas və diplomat Aleksandr Leonardoviç Xodzıko Boreyko olmuşdur. O, XIX əsrin 30-cu illərində çar Rusiyasının Persiyada konsulu olmuş, müxtəlif Şərq xalqlarının, o cümlədən azərbaycanlıların şifahi xalq ədəbiyyatı, folkloru, mədəniyyəti ilə maraqlanmışdır. O, Rusiyadan Persiyaya gedərkən yolüstü Naxçıvanda da olmuşdur.
Bir müddət öncə qəzetimizdə tarixi bir poçt markasının beynəlxalq aləmdə mənfur ermənilər tərəfindən “özəlləşdirilməsi” ilə bağlı yazı təqdim etmiş, bu markanın üzərində rus-yapon müharibəsində bir savaş səhnəsinin təsvir edilməsi və şəkildəki şəxslərdən birinin Hüseyn xan Naxçıvanski olması barədə məlumat vermişdik. Qeyd edim ki, bu şəkil də məhz Polşanın köklü nəsillərindən biri olan Mazurovskilər nəslinin nümayəndəsi Viktor Vikentyeviç Mazurovski (1859-1917) tərəfindən çəkilmişdir. Məlumat üçün deyək ki, hələ Peterburqda şərqşünaslıq üzrə təhsil aldığı dövrlərdə Xodzıko Mirzə Cəfər Topçubaşovdan Şərq dillərini öyrənmişdir. O, 1842-ci ildə “Koroğlu” dastanının Azərbaycan variantını tərcümə edib Londonda ingilis dilində nəşr etdirmişdir.
XX əsrin əvvəllərində də polyak ziyalıları ilə Azərbaycan ziyalıları, ictimai-siyasi xadimləri arasında əlaqələr mövcud olmuşdur. Çar Rusiyasının dağılması ərəfəsində Dumada polyak Ledinski və azərbaycanlı Topçubaşovun Polşanın və Azərbaycanın muxtariyyəti uğrunda mübarizə aparan xüsusi fraksiya yaratmaları eyni dövrə təsadüf edir. Birinci Dünya müharibəsindən sonra polyaklar Polşadan deportasiya olunarkən on minlərlə insan Azərbaycana gəlmiş və burada məskunlaşmışdı.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan-Polşa əlaqələrinin tarixi kökləri haqqında danışarkən demişdir: “Azərbaycanla Polşa arasında əlaqələrin qədim tarixi vardır. Hələ XIX əsrdə siyasi baxışlarına görə Polşadan sürgün edilmiş inqilabçılar Azərbaycanın timsalında özlərinə ikinci vətən tapıblar. XIX əsrin ikinci yarısından başlayaraq Bakıda inkişaf edən neft sənayesində polyak mütəxəssislərin, alimlərinin də rolu olub. Mühəndis V.Zqlenitski, geoloq K.Boqdanoviç və başqaları Azərbaycanda neftin sənaye üsulu ilə çıxarılması işinə öz töhfələrini veriblər. Həmin dövrdə Azərbaycanda neft milyonçuları tikinti işlərində polşalı mühəndislərə və memarlara müraciət ediblər. İndi Bakı şəhərində yerləşən və ötən əsrlərdən yadigar qalmış onlarla tarixi binanın müəllifləri polşalı memarlardır”.
Qəzetimizin ötən saylarından birində təqdim etdiyimiz məşhur naxçıvanlı diplomat Məhəmməd xan Təkinski haqqında “Axal-Təki vadisindən Araz vadisinə” adlı yazımızda da vurğuladığımız kimi, məhz 1919-cu il oktyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyəti xarici işlər nazirinin müavini təyin edilmiş Məhəmməd xan Təkinski Bakıda Polşanın Qafqazdakı nümayəndəsi Vatslav Ostrovski ilə danışıqlara rəhbərlik etmişdir.
Araşdırmalarımız göstərir ki, Naxçıvanla Polşa arasında mədəni sahədə də əlaqələr mövcud olmuşdur. Hələ Sovet dövründə – 1984-cü ildə “Şərur” Xalq Yallı Ansamblı Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyü çərçivəsində Polşadakı tədbirlərdə iştirak etmişdir.
Polşa Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 27-də tanımış və 1992-ci il fevralın 21-də iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur. Lakin Polşa ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1997-ci il avqustun 26-28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Polşa Respublikasının Prezidenti Aleksandr Kvasnevskinin dəvətilə bu ölkədə ilk dəfə rəsmi səfərdə olmuşdur.
2001-ci ildə Polşanın Azərbaycanda, 2004-cü ildə isə Azərbaycanın Polşada səfirliyi təsis edilmişdir.
Müstəqillik illərində müəyyən edilmiş vahid xarici siyasət xəttinə uyğun olaraq, Azərbaycan-Polşa ikitərəfli münasibətlərində Naxçıvan xüsusi yer tutmuş, ölkəmizdə fəaliyyət göstərən polşalı diplomatlar, müxtəlif beynəlxalq tədbirlərə qatılan ictimai-siyasi xadimlər, elm adamları, jurnalistlər və başqaları Naxçıvanda olmuşlar.
Hələ 2010-cu ildə ölkəmizdə diplomatik fəaliyyət müddəti başa çatan Polşa səfiri Kşiştof Krayevski Naxçıvan Muxtar Respublikasına gəlmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ilə keçirilən görüşdə səfirin fəaliyyəti dövründə Polşa ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında da qarşılıqlı əlaqələrin qurulduğundan məmnunluq ifadə olunmuşdur.
2011-ci ilin sentyabr ayında Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixal Labenda Naxçıvana səfər etmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirini qəbul etmişdir. Məhz bu görüş zamanı polşalı diplomat ölkəmizdəki diplomatik fəaliyyəti müddətində Polşa Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında qarşılıqlı əlaqələrin inkişafı barədə mövqe ifadə etmiş, polyak regionları və Naxçıvan Muxtar Respublikası arasında əməkdaşlığın, xüsusən isə mədəniyyət və elm, həmçinin kənd təsərrüfatı sahəsində çoxşaxəli əməkdaşlığın qurulması imkanlarına və başqa məsələlərə aid müzakirələr aparılmışdır.
2012-ci ildə polşalı diplomat Polşa Baş Ticarət Məktəbinin rektoru, professor Adam Budnikovski ilə birlikdə Naxçıvana gəlmiş, Naxçıvan Dövlət Universitetində keçirilən görüş zamanı universitetlərarası tərəfdaşlıq barədə razılaşmalar əldə edilmiş, universitetlərarası müqavilə imzalanmışdır.
Naxçıvanın müasir dövr tarixində Polşa ilə bağlı digər bir maraqlı hadisə Avropa Birliyinin Regionlar Komitəsinin dəvəti ilə Naxçıvan Muxtar Respublikasının “AB-Şərq tərəfdaşları” formatında yaradılan yeni təşkilatın – “Şərq tərəfdaşlığı”nın Regional və Yerli Hakimiyyətlərinin İllik Konfransının (CORLEAP) yaradılması üçün 2011-ci ilin sentyabr ayında Poznanda (Polşa) keçirilən konfransda təsisçilər sırasında yer almasıdır. 2012-ci ilin fevral ayından etibarən Naxçıvan Muxtar Respublikası CORLEAP-ın bürosunda da təmsil olunmaqdadır.
Ötən il Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Azərbaycanın Polşa Respublikasındakı səfirliyinin birgə əməkdaşlığı ilə muxtar respublika ərazisindəki tarixi abidələrin xatirə medalları hazırlanmış, medallarda “Möminə xatın”, “Yusif Küseyir oğlu”, “Qarabağlar”, “Nuh Peyğəmbər” və “Hüseyn Cavid” türbələrinin təsvirləri əks olunmuşdur.
Bu gün inkişaf edən Azərbaycan-Polşa əlaqələri sistemində Naxçıvanın xüsusi yeri var. Əlaqələrin inkişafının müsbət dinamikası isə onu deməyə əsas verir ki, iki ölkənin regionları arasında əlaqələrin inkişafı hər iki tərəf üçün faydalı ola bilər.
Elnur KƏLBİZADƏ