22 Dekabr 2024, Bazar

Qədim tarixə malik Naxçıvanın XIX əsrdə yetirdiyi məşhur simalar sırasında Məhəmməd Tağı Sidqinin (1854-1903) adı ən şərəfli yerlərdən birini tutur. O, universal maarifçi, ustad pedaqoq, istedadlı şair, vətənpərvər publisist kimi səmərəli fəaliyyət göstərmiş, böyük nüfuz qazanmışdır. 1892-ci ildə Ordubadda açdığı  “Əxtər” (“Ulduz”) məktəbi ilə qısa müddətdə şöhrətlənən M.T. Sidqi Naxçıvana dəvət olunmuş, 1894-cü ildə burada təşkil etdiyi “Məktəbi-tərbiyə” (“Tərbiyə məktəbi”) ilə maarifçilik hərəkatına ciddi töhfələr vermişdir. Bir müddət sonra rus-Azərbaycan məktəbinə çevrilən bu təhsil ocağı xalq təhsilinin inkişafında mühüm rol oynamışdır.

Təsadüfi deyil ki, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və ictimai fikrinin görkəmli nümayəndələrindən Hüseyn Cavid, Əziz Şərif, Rza Təhmasib, Əli Səbri, Ələkbər Qərib və bir çox başqaları ilk təhsillərini həmin məktəbdə almışlar. Bununla yanaşı, M.T.Sidqinin Naxçıvanda açdığı “Qız məktəbi” də maarifçilik hərəkatına böyük xidmət idi. Görkəmli pedaqoqun hazırladığı müxtəlif səpgili tədris vəsaitləri də onun maarifçilik fəaliyyətinin üzvi tərkib hissəsidir. Tanınmış ziyalının qələmə aldığı didaktik hekayələr, maarifçi şeirlər, eləcə də lirik poeziya nümunələri və ədəbiyyatşünaslıq materialları da onun çoxşaxəli fəaliyyətində özünəməxsus yer tutur. M.T. Sidqi mətbuatla yaxından əlaqə saxlamış, Bakı, Tiflis, Bağçasaray, Kəlküttə və sair şəhərlərdə nəşr olunan bir sıra qəzetlərdə aktual mövzulu məqalələr dərc etdirmişdir. Beləcə, bu böyük maarifçi ardıcıl, məqsədyönlü, qaynar fəaliyyəti ilə əsl xalq adamı, mötəbər ziyalı kimi şöhrətlənmişdir.
Qeyd etdiyimiz kimi, M.T.Sidqinin bir xidməti də müəllim kimi yeni nəsillərin formalaşması işinə böyük töhfələr verməsidir. Onun vaxtilə dərs dediyi şagirdlər sırasından yetişən tanınmış simalardan biri elə öz oğlu, maarifçi, pedaqoq, publisist, tərcüməçi Məmmədəli Sidqi Səfərovdur (1888-1956). Bəzi  kitab və məqalələrdəki qısa dəyərləndirmələri çıxmaq şərti ilə deməliyik ki, ədibin həyat və yaradıcılığı indiyədək sistemli şəkildə araşdırılmamış, əsərləri toplanılıb nəşr olunmamışdır. Faktlar göstərir ki, Məmmədəli Sidqi, sözün əsl mənasında, atasının şərəfli yolu ilə getmiş, onun çoxşaxəli maarifçilik ideyalarını ləyaqətlə  davam və inkişaf etdirmişdir. Sanki M.T.Sidqi oğlunun istedadını, gələcəyini öncədən duymuş, ona xitabən yazdığı “Gözümün nuru, ey Məhəmmədəli!” misrası ilə başlayan şerində övladına nəsihətlərini, təhsil üçün səylə çalışması barədə arzularını poetik şəkildə belə ümumiləşdirmişdir:
    Ey mənim sərvi-bağü  bustanım,
    Ey mənim bülbüli-gülüstanım.
    Sən mənim cismim içrə canımsan,
    Sən mənim tifli-xoşbəyanımsan.
    Nə qədər ki əlində var fürsət,
    Dərsinə eylə hər zaman diqqət.
    Yetişibdir zamani-elmi-ədəb,
    Mənzilin eylə guşeyi-məktəb.
Məmmədəli “Tərbiyə məktəbi”nin digər məzunları ilə bərabər, böyük maarifçinin etimadını doğrultmuş, vətənpərvər ziyalı kimi formalaşmışdır. O, ilk təhsilini 1894-1900-cü illərdə məhz “Tərbiyə məktəbi”ndə almış, sonra isə Naxçıvan şəhər məktəbində oxumuşdur. İmtahan verərək müəllimlik hüququ qazanan gənc Məmmədəli 1906-cı ildən etibarən Naxçıvan şəhərində, Şahtaxtı, Qıvraq və Qahab kəndlərində müəllimlik etmişdir. Arxiv materiallarından öyrənirik ki, o, 1906-1907-ci illərdə Naxçıvanda müəllim işlədiyi zamanlarda azadlıq hərəkatında da iştirak etmiş, bəzi həmfikirləri ilə birlikdə gizli yolla siyasi məzmunlu intibahnamələr hazırlayıb şəhərdə yaymışdır. Hökumət dairələri bununla əlaqədar axtarış aparıb müəyyən tədbirlər görmüş, o cümlədən gənc Məmmədəlini Naxçıvan şəhərindən uzaqlaşdıraraq kənd məktəblərində çalışmağa göndərmişlər. Bundan xəbər tutan Mirzə Cəlil “Molla Nəsrəddin”in 7 dekabr 1908-ci il tarixli sayında etiraz ruhlu məlumat dərc etdirmişdi. Lakin çar məmurlarının şübhələri ara verməmiş, nəticədə, 1 iyun 1910-cu il tarixdə Məmmədəli Sidqi müəllimlikdən azad olunmuşdur. Belə bir vaxtda Cəlil Məmmədquluzadə 9 iyun 1910-cu il tarixli məktubla Məmmədəlini Tiflisə “Molla Nəsrəddin” jurnalının idarəsində işləməyə dəvət etmişdir. Bu dəvət təsadüfi deyildi. Belə ki, Məmmədəli Sidqi Mirzə Cəlilin böyük hörmət bəslədiyi Məhəmməd Tağı müəllimin oğlu olmaqla yanaşı, mədəni mühitdə də artıq tanınmışdı. Bakıda çıxan “Həyat”, “İrşad”  kimi qəzetlərdə, eləcə də Tiflisdə nəşr olunan “Molla Nəsrəddin” jurnalında onun bir sıra məqalə və felyetonları oxuculara çatdırılmışdı. Mirzə Cəlil onun bu sahədəki səriştəsini də nəzərə almışdı. Beləliklə, dəvətdən iki ay sonra jurnalın redaksiyasında çalışmağa başlayan gənc maarifçi qısa müddətdə müvafiq işlərin mahiyyətinə yiyələnmiş, həmin ilin noyabr ayından 1911-ci ilin martınadək “Molla Nəsrəddin”in redaktor köməkçisi kimi rəsmən fəaliyyət göstərmişdir. Bu müddətdə o, jurnalın nəşri ilə əlaqədar ən müxtəlif vəzifələrin öhdəsindən layiqincə gəlmiş, Mirzə Cəlilin rəğbətini qazanmışdır. Bundan sonra Məmmədəli Sidqinin 1911-1912-ci illərdə Aşqabadda müəllimlik etməsi, eyni zamanda publisistik fəaliyyətinə də ara verməməsi barədə arxivlərdə müvafiq məlumatlarla rastlaşırıq. Sonra Bakıya dönən M.T.Sidqi mətbuat aləmi ilə daha sıx bağlanmış, sosial, siyasi, ədəbi, mədəni problemlərə həsr olunan çoxsaylı məqalə və felyetonlar yazaraq müxtəlif qəzet və jurnallarda dərc etdirmişdir. Ümumiyyətlə, 1920-ci ilə qədərki dövrdə Məmmədəli Sidqi “Həyat”, “İrşad”, “Molla Nəsrəddin”,  “İqbal”, “Yeni irşad”, “Bəsirət”, “Yeni iqbal”, “Tazə xəbər”, “Sədayi-həqq”, Sədayi-vətən”, “Həqiqət”, “Babayi-Əmir”, “Azərbaycan”, “Şeypur”, “Zənbur” kimi mətbuat orqanlarında  müxtəlif imzalarla (Zadə, Rizə, Əfi, Bekar, Qəmiş, Bir naxoş, Şeypur, Kabla Kövsər, Kəzbi, Kərtənkələ və sair) məqalə və felyetonlarını  oxuculara çatdırmışdır. M.Sidqi həmçinin atasının “Kəblə Nəsir”, “Heykəli-insana bir nəzər”, “Puşkin” kimi əsərlərini də bu illərdə Bakıda nəşr etdirmişdir.
1918-1919-cu illərdə Bakıda çıxan satirik “Şeypur” jurnalının redaktoru kimi də M.Sidqinin fəaliyyəti təqdirəlayiqdir. Cəmi 14 sayı çıxmış  bu jurnalda onun dərc etdirdiyi məqalə və felyetonlar özünün dərin milli mündəricəsi, sosial-siyasi proseslərə həssas, obyektiv münasibəti ilə diqqəti çəkir. Xüsusən bədnam ermənilərin fitnəkar əməlləri, 1918-ci ilin martında və sonrakı aylarda soydaşlarımıza qarşı törətdikləri qanlı qırğınlar, Azərbaycanı işğal etmək istəyən bolşeviklərin məkrli siyasəti, müxtəlif xarici qüvvələrin erməniləri dəstəkləməsi, azərbaycanlılara münasibətdə ayrı-seçkilik etməsi  barədə Məmmədəli Sidqinin yazdıqları qəlbi Vətən və xalq sevgisi ilə döyünən qeyrətli ziyalının yanıqlı harayıdır. “Şeypur” jurnalının müxtəlif saylarında verilmiş “Altı ay”, “Əsgərlik”, “Qrammofon”, “Tiflis duması”, “Barışırlar”, “Nə istəyirlər?”, “Nə var, nə yox?”, “Bu gün”, “Siyasət”, “Gürcü-erməni vuruşması” kimi məqalə və felyetonları bu baxımdan səciyyəvidir. Elə burada xatırlatmaq yerinə düşər ki, M.Sidqi həmin dövrdə nankor ermənilərin Naxçıvana basqınları, axıtdıqları günahsız qanlar, soydaşlarımızın onlara qarşı mətanətlə mübarizə aparması barədə bir sıra şeirlər də yazmışdır. Bütün bunlar onun həssas vətəndaş mövqeyindən soraq verir. Ümumiyyətlə, tanınmış publisistin əksər əsərləri dərin milli mündəricəsi, vətənpərvər qayəsi ilə səciyyələnir.
Sovet dövründə M.Sidqi bir müddət respublika Maarif Komissarlığında, teatrda çalışmış, mətbuat sahəsində fəaliyyətini davam etdirmiş, o cümlədən “Kommunist” qəzeti redaksiyasında da işləmişdir. Həmin qəzetdə, eləcə də “Vətən yolunda”, “Sumqayıt işçisi” və digər mətbuat orqanlarında onun “MƏƏS”, “İşçi MƏƏS”, “M.Əli”, “M.S.” kimi imzalarla  çoxsaylı məqalələri, tərcümələri dərc olunmuşdur. Onun şeir, məqalə və felyetonları ötən əsrin birinci yarısındakı Azərbaycan cəmiyyətinin sosial-siyasi və mədəni gerçəkliklərinin ifadəsi olduğu kimi, atası M.T.Sidqi, eləcə də “Molla Nəsrəddin” jurnalı haqqındakı xatirələri də o dövrün ədəbi-mədəni mühitini öyrənmək üçün qiymətli mənbədir.

Atası Məhəmməd Tağı Sidqinin maarifçilik yolunu şərəflə davam etdirən Məmmədəli Sidqinin çoxşaxəli pedaqoji, ədəbi-publisistik fəaliyyətinin hərtərəfli şəkildə tədqiqinə, zəngin yaradıcılıq irsinin nəşr olunub müasir ictimaiyyətə çatdırılmasına ehtiyac var.

Hüseyn HƏŞİMLİ
filologiya elmləri doktoru, Əməkdar elm xadimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR