Bu mövzuda Heydər Əliyev adına tam orta məktəbdə tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi müəssisədənkənar ərazi ilk təşkilatı Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə “Naxçıvanın muxtariyyət tarixi” mövzusunda tədbir keçirmişdir. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin məktəbin həyətindəki abidəsini ziyarət etmişlər. Tədbiri giriş sözü ilə məktəbin direktoru Namiq Məmmədov açaraq keçirilən tədbirin məqsəd və mahiyyətindən danışmışdır.
Heydər Əliyev adına tam orta məktəbin tarix müəllimi Həsən Həsənov “Naxçıvanın muxtariyyət tarixi” mövzusunda çıxış edərək bildirmişdir ki, çoxəsrlik dövlətçilik ənənələri olan Naxçıvan diyarı həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır.
Hazırda özünün intibah dövrünü yaşayan Naxçıvanın öz muxtariyyətini qoruyub saxlaması, Azərbaycanın ayrılmaz tərkib hissəsi olmaqla böyük nailiyyətlərə imza atması heç də asan başa gəlməmişdir. XX əsr mürəkkəbliyi və dinamikliyi ilə seçilən bir dövr olmuşdur. Ötən əsr boyunca dünyanın aparıcı dövlətlərinin xarici siyasətində Qafqaz regionu və bu regionda yerləşən Azərbaycan mühüm yer tutmuşdur. Azərbaycanın bir parçası olan Naxçıvana da bəhs edilən dövrdə mühüm əhəmiyyət verilmiş, bu regionun geosiyasi və strateji mövqeyi diqqət mərkəzində olmuşdur. Hansı dövr olur-olsun, bu diyarın əzəli və əbədi sakinləri Naxçıvan regionunun Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu bütün dünyaya sübut etmişlər.
Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Ayşən Əsgərova “Ümummilli lider Heydər Əliyev və Naxçıvan təhsili”, sektor müdiri Rəşad Əlizadə “Təhsilin inkişafı – 90” mövzularında çıxışlar etmişlər. Çıxışlarda qeyd olunmuşdur ki, Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri xüsusi yer tutur. Ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanılmasında təhsilin xüsusi rolunu həmişə yüksək dəyərləndirmiş və fəaliyyətinin bütün dövrlərində bu amili daim diqqətdə saxlamışdır. İstər Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə ümummilli lider Heydər Əliyev daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxmış, Vətənin, xalqın tərəqqisində оnların rоluna yüksək qiymət vermişdir. Bu gün müstəqil Azərbaycanda, оnun ayrılmaz tərkib hissəsi оlan Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin siyasi kursu bütün sahələrdə uğurla davam etdirilir. Təhsil sahəsində həyata keçirilən böyük tədbirlər də bu siyasətin üzvi tərkib hissəsidir. Muxtar respublikamızda bir-birinin ardınca tikilib istifadəyə verilən ən müasir maddi-texniki bazaya malik məktəblər, təhsilin keyfiyyətinin yüksəldilməsinə yönələn tədbirlər bu baxımdan xüsusi dəyərə malikdir.
Tədbirə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli yekun vurmuşdur.
Xəbərlər şöbəsi