“Maarifçi, pedaqoq, şair, publisist Məhəmməd Tağı Sidqi mədrəsə təhsili almış, klassik Şərq poeziyasını və fəlsəfəsini mükəmməl öyrənmişdir. Gəncliyində ticarətlə məşğul olmuş, ailəsini dolandırmaq üçün çayxana açmışdı; bu çayxana, bir növ, ziyalıların, ədəbiyyat həvəskarlarının toplaşdığı mədəni mərkəz, qiraətxana rolunu oynayırdı. Sidqi Hüseyn Sultan Kəngərli ilə birlikdə 1892-ci ildə Ordubadda “Əxtər”, 1894-cü ildə isə Naxçıvanda “Tərbiyə məktəbi” təsis etmiş, xalq müəllimi kimi şöhrət qazanmış, ədəbi-mədəni tədbirlərin və teatr tamaşalarının əsas təşkilatçılarından olmuşdur. Birmənalı şəkildə qeyd etmək olar ki, o, bütün şüurlu həyatını xalqımızın maariflənməsinə, tərəqqisinə həsr etmişdir”.
Bu fikirlər AMEA Naxçıvan Bölməsində keçirilən Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinə həsr edilmiş konfransda səsləndirilmişdir. Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Məhəmməd Tağı Sidqinin maarifçilik fəaliyyətinin Naxçıvanda elmə, biliyə, maarifə olan marağın göstəricisi, tarixi mədəniyyət mərkəzi Naxçıvanda bu sahənin inkişafının yeni mərhələsinin başlanğıcı olduğunu qeyd etmişdir.
Vurğulanmışdır ki, bu gün muxtar respublikada elm və təhsilin inkişafına göstərilən diqqət və qayğını, yeni-yeni məktəblərin açılmasını bu maarifçilik ənənələrinin davamı hesab etmək olar. Məhəmməd Tağı Sidqinin 150 illik yubileyinin qeyd edilməsi haqqında hələ 2004-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Sərəncam imzalanmışdır. Məhz həmin sərəncam Məhəmməd Tağı Sidqinin irsinin öyrənilməsinə ciddi təkan vermişdir.
Konfransda AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Rafiq Babayev “Məhəmməd Tağı Sidqi: həyatı və mühiti”, həmin institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov “Məhəmməd Tağı Sidqinin hekayələri”, institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Məhəmməd Tağı Sidqi və M.Şahtaxtlı”, Folklorşünaslıq şöbəsinin böyük elmi işçisi Əkrəm Hüseynzadə “Məhəmməd Tağı Sidqinin ədəbi düşüncələri” mövzularında elmi məruzələrlə çıxış etmişlər.
Konfransa AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurmuşdur.
Xəbərlər şöbəsi