22 Dekabr 2024, Bazar

Müasir dünyada istehlakçı hüquqlarının qorunması mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. 1962-ci il martın 15-də Amerika Birləşmiş Ştatlarında “İstehlakçıların hüquqlarının müdafiəsinə dair Bəyanat” qəbul edilmişdir. Həmin tarixdən etibarən hər il martın 15-i dünyada “Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü” kimi qeyd olunur.
İstehlakçı hüquqlarının qorunması sahəsində həyata keçirilən tədbirlər sonrakı dövrlərdə də dünya ictimaiyyətinin diqqət mərkəzində olmuş, istehlakçıların seçim etməsi, təhlükəsizliyi, məlumat almaq və eşidilmək hüququ konkret sənədlərlə tənzimlənmişdir. 1975-ci ildə Avropa Birliyi tərəfindən “İstehlakçıların hüquqlarının tanınması” haqqında regional sənəd qəbul edilmişdir. Sənəddə istehlakçıların sağlamlığının və təhlükəsizliyinin qorunması, iqtisadi maraqlarının müdafiəsi, istehlakçıya dəyən zərərin ödənilməsi kimi vəzifələr öz əksini tapmışdır.

Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərin təşəbbüsü ilə 1995-ci il sentyabrın 19-da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanunun qəbulundan sonra ölkəmizdə istehsalçı və istehlakçı münasibətləri dünya təcrübəsinə uyğunlaşdırılmış, bu sahədə mühüm tədbirlər həyata keçirilmişdir. Nəticədə, Azərbaycanda istehlakçılar üçün bərabər şərait yaradılmış, alğı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı və istehsalçı arasında münasibətləri tənzimləyən və istehlakçıların hüquqlarını müdafiə edən vahid mexanizm yaradılmışdır.
Bu gün istehlakçı hüquqlarının qorunması, onların istifadə etdikləri məhsulun keyfiyyəti, çeşidi, standartlaşdırılması, sertifikatlaşdırılması kimi məsələlər Azərbaycan Respublikasının digər qanunverici­lik aktlarında da geniş təsbit olunmuşdur. Hazırda ölkəmizdə istehlakçıların aldıqları malların keyfiyyətinə və təhlükəsizliyinə zəmanət almaq, onların çeşidi və keyfiyyəti haqqında dolğun məlumat əldə etmək hüquqlarının təsbit edildiyi təkmil qanunvericilik bazası formalaşdırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrində insanların istehlakçı kimi tələbatlarının ödənilməsi üçün hüquqi əsas yaradılır. Həmçinin Azərbaycan Respublikasının “Antiinhisar fəaliyyəti haqqında”, “Yeyinti məhsulları haqqında”, “Haqsız rəqabət haqqında”, “Standartlaşdırma haqqında”, “Taxıl haqqında”, “Reklam haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanunları da istehlakçı hüquqlarının müdafiəsini təmin edir.
Naxçıvan Muxtar Respublikasında da adıçəkilən qanunların aidiyyəti orqanlar tərəfindən icrası daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bilavasitə diqqət və qayğısı sayəsində həyata keçirilən tədbirlər istehlakçıların hüquqlarının qorunmasına, əhalinin tələbatının daha keyfiyyətli məhsullarla ödənilməsinə hərtərəfli şərait yaratmışdır.
“2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələrin icrası iqtisadi inkişafı təmin etməklə yanaşı, həm də əhalinin keyfiyyətli ərzaq məhsullarına olan tələbatının ödənilməsinə və istehlakçı hüquqlarının müdafiəsinə hesablanmışdır. Yerli istehsalın inkişaf strategiyasına uyğun olaraq, bu gün muxtar respublikada 115 növdə, 459 çeşiddə ərzaq, 231 növdə, 529 çeşiddə qeyri-ərzaq məhsulları istehsal olunur. 106-sı ərzaq və 226-sı qeyri-ərzaq olmaqla, 332 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir.
Muxtar respublikada istehsal, ticarət, ictimai-iaşə və xidmət sahələrində görülən işlərin, göstərilən xidmətlərin və istehsal olunan məhsulların normativ-texniki sənədlərin tələblərinə uyğunluğu, insanların həyatına, sağlamlığına, əmlakına zərər vura biləcək məhsulların, işlərin və xidmətlərin qarşısının alınması, istehlak bazarının keyfiyyətsiz mallardan qorunması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Təkcə 2013-cü ildə aidiyyəti dövlət orqanları tərəfindən 256 ticarət, xidmət, iaşə və istehsal müəssisəsində monitorinqlər aparılmışdır. Aparılan monitorinqlər zamanı ümumi dəyəri 19 min manatdan artıq olan keyfiyyətsiz məhsullar aşkar olunaraq ticarət dövriyyəsindən çıxarılmışdır. Bu zaman qanunverici­liyin tələblərini pozduğuna görə 14 sahibkara inzibati tənbeh növü, 1 sahibkara isə maliyyə sanksiyası tətbiq edilmişdir.
Bu gün “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin təmin olunması həm də istehlakçıların hüquqlarının qorunması sahəsində həyata keçirilən tədbirlərin miqyasını xeyli genişləndirmişdir. Hazırda muxtar respublikada istehsal və idxal olunan məhsulların fiziki-kimyəvi və mikrobioloji göstəricilərinin yoxlanması nəzarətdə saxlanılır. Davamlı olaraq istehsal və idxal olunan məhsullardan nümunələr götürülərək keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə mərkəzin laboratoriyalarında analiz olunur. Təkcə ötən il 1080 idxal və 2307 yerli istehsal mallarından nümunələr götürülərək “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin laboratoriyasında analiz olunmuş, 5 məhsulun keyfiyyət göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə cavab vermədiyi müəyyən edilmişdir.
İstehlakçı hüquqlarının qorunması həm də daxili bazarda süni qiymət artımının qarşısının alınmasından ibarətdir. Son illər muxtar respublikada süni qiymət artımına səbəb ola biləcək halların qarşısının alınması məqsədilə idxal mallarının topdan və pərakəndə satış qiymətləri nəzarətdə saxlanılır. Həmçinin məhsulların qiymətlərində müşahidə olunan artım səbəbləri araşdırılır, müqayisəli təhlillər aparılır. Mövsümi qiymət artımının qarşısının alınmasında, əhalinin fasiləsiz olaraq keyfiyyətli kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində soyuducu anbarların və istixana komplekslərinin də rolu böyükdür. Bu məqsədlə muxtar respublikada ümumi tutumu 11 min 770 ton olan 16 soyuducu anbar vardır.
Kənd təsərrüfatı məhsulları istehsalçılarının fəaliyyətinin stimullaşdırılması, əhalinin bu məhsullara olan tələbatının daha dolğun ödənilməsi məqsədilə kənd təsərrüfatı və emal sənayesi məhsullarının satışı yarmarkalarının təşkili də mühüm əhəmiyyətə malikdir. Ötən il kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında 1091,5 ton kənd təsərrüfatı və sənaye məhsullarının satışı həyata keçirilmişdir.

Bu gün muxtar respublikada istehlakçıların hüquqları aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları tərəfindən etibarlı şəkildə qorunur. Ancaq istehlakçıların hüquqlarının qorunması yalnız dövlətin işi deyil, ümumxalq işidir. Bizim hər birimiz isə bir istehlakçı kimi öz hüquqlarımızı yaxşı bilməli, bu işə öz töhfəmizi verməliyik.

Naxçıvan Muxtar Respublikası
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR