Abbasqulu ağa Bakıxanov Azərbaycan tarixinin ən kəşməkəşli dövrlərindən birində yaşamışdır. Onu Azərbaycanın XIX əsrdə dünyaya bəxş etdiyi ən görkəmli şəxsiyyətlərdən biri kimi xarakterizə etmək mümkündür. Tarixçi kimi fəaliyyətinə görə bu şəxsiyyəti “Azərbaycan tarix elminin atası” da adlandırırlar. Başqa sözlə desək, Herodot dünya tarixi üçün hansı mövqedə dayanırsa, Abbasqulu ağa Bakıxanov Azərbaycan tarixi üçün həmin mövqedə dayanır. Herodotun “Tarix” əsəri dünya tarixi üçün nə qədər əhəmiyyətlidirsə, Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsəri Azərbaycan tarixi üçün o qədər əhəmiyyətli bir əsərdir.
Azərbaycan maarifçiliyinin ilk üç nümayəndəsindən biri hesab edilən Abbasqulu ağa Bakıxanovun “Qanuni-Qüdsi”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan” kimi əsərləri onun dil, coğrafiya, astronomiya, məntiq, psixologiya və sair elmləri gözəl bilən ensiklopedik bir mütəfəkkir olduğunu göstərməkdədir.
Bütün bunlarla yanaşı, Abbasqulu ağa Bakıxanov həm də görkəmli diplomat və tərcüməçi olmuşdur. O, dövrün reallıqlarını və tarixi proseslərin gedişatını əsl diplomat bacarığı ilə qiymətləndirməyi bacarmış, öz dünyagörüşünə uyğun olaraq, ölkəsini inkişafa aparacaq doğru bildiyi yolla hərəkət etmiş, Azərbaycan tarixinin ən taleyüklü məqamlarında mümkün imkanlardan istifadə edərək Vətəninin mənafeyinə xidmət etməyə çalışmışdır.
Bütün bunları göz önünə gətirdikdə bu il fevral ayının 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan “Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı Azərbaycan ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim və şair Abbasqulu ağa Bakıxanovun tarixi fəaliyyətinə verilən böyük qiymət hesab etmək olar. Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Tədbirlər Planının təsdiq edilməsi ümumazərbaycanmiqyaslı bu şəxsiyyətin fəaliyyətində Naxçıvan mövzusunun öyrənilməsini vacib vəzifələrdən biri kimi qarşımıza qoyur. Qeyd edək ki, təsdiq edilmiş Tədbirlər Planında bu ilin iyun ayında Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyi ilə bağlı elmi konfransın keçirilməsi, muxtar respublikanın mədəniyyət müəssisələrində sərgilərin yaradılması, oxucu konfranslarının təşkili və digər tədbirlər nəzərdə tutulmuşdur.
Abbasqulu ağa Bakıxanovun həm diplomatik, həm də tarixçilik fəaliyyətində Naxçıvan mövzusu xüsusi yer tutur. 1819-cu il dekabr ayının 20-dən etibarən general Yermolovun dəvəti ilə Tiflisə gəlib Qafqaz Baş Hərbi İdarəsində Şərq dilləri tərcümanı vəzifəsində fəaliyyətə başlamış Abbasqulu ağa Bakıxanov düz 26 il bu vəzifədə çalışmışdır. O, 1820-ci il sentyabr ayının 4-də praporşik, 1826-cı il iyul ayının 20-də poruçik, 1827-ci il oktyabr ayının 14-də ştabs-kapitan, 1828-ci il avqust ayının 7-də kapitan, 1829-cu il aprel ayının 21-də mayor, 1832-ci il mart ayının 9-da podpolkovnik rütbələrinə yüksəlmişdir. Hərbi diplomatik fəaliyyətə başladıqdan sonra onun üzərinə qoyulan ən mühüm vəzifələrdən biri 1813-cü ildə bağlanmış Gülüstan müqaviləsinin mübahisəli sərhəd məsələlərinin həlli olmuşdur. 1826-1828-ci illərdə Naxçıvan və İrəvan xanlıqları uğrunda İran və Rusiya arasında gedən müharibədə Abbasqulu ağa Bakıxanov fəal mövqeyə malik olmuş, Naxçıvan ətrafında rusların iranlılara qarşı apardığı döyüşlərin hamısında iştirak etmişdir. Bakıxanov ştabs-kapitan rütbəsini də məhz Naxçıvandakı Abbasabad qalasının tutulmasında göstərdiyi xidmətlərə görə almışdır. Qeyd edək ki, Naxçıvan şəhərinin 6 kilometr cənub-şərqində, Araz çayı sahilində yerləşən hərbi istehkamtipli Abbasabad qalası fransız hərbi mütəxəssislərinin layihəsi əsasında 1809-1810-cu illərdə tikilmiş və o dövrün ən möhkəm qalalarından biri hesab olunmuşdur. “Naxçıvan Abidələri Ensiklopediyası”nda qeyd olunur ki, qala İran mövqelərinin rus оrdusunun hücumlarından qоrunması üçün mühüm məntəqə hesab edilirdi.
Bəzi müəlliflər ehtimal edirlər ki, Abbasqulu ağa Bakıxanov Abbasabad qalasının mühafizi olmuş Ehsan xan Kəngərli ilə rusların apardığı diplomatik danışıqlarda iştirak etmişdir. Bu barədə Bakıxanovlar nəslinin digər bir nümayəndəsi Gültəkin Bakıxanova 1984-cü ildə rus dilində çapdan çıxmış “Qüdsi haqqında etüdlər” adlı əsərində də məlumat vermişdir.
Ənvər Əhmədov 1989-cu ildə rus dilində çapdan çıxan “Abbasqulu ağa Bakıxanov dövrü, həyatı, fəaliyyəti” adlı kitabında onun diplomatik istedadına rus generalı Paskeviç tərəfindən verilən qiyməti generalın sözləri ilə ifadə etmişdir. “Persiya müharibəsində mən onun hərbi fəaliyyətinə xüsusilə güvənirəm”. Daha sonra rus generalı mərkəzin diqqətinə xüsusi olaraq çatdırırdı ki, Abbasqulu ağanın diplomatik bacarığı, fars dilinə və proseslərə dərindən bələd olması nəticəsində Persiya ilə bütün siyasi danışıqlar onun vasitəçiliyi ilə aparılmışdır.
Naxçıvan Muxtar Respublikasının rəsmi internet portalında verilən belə bir məlumat da diqqət çəkir: “Bakıxanov və A.S.Qriboyedov İrana gedərkən Ehsan xan Kəngərlinin Xan dikindəki sarayında qonaq olmuşlar. A.S.Qriboyedov “İrəvan yürüşü” yol qeydlərində bu barədə bəhs etmişdir”. Tarixçi-alim Musa Quliyevin yazdığına görə isə Abbasqulu ağa Bakıxanov 1828-ci ildə 4 aydan çox Naxçıvanda qalmış və hətta Qarabağlar kəndindən həyat yoldaşı Səkinə xanıma rus dilində məktub da yazmışdır. Tədqiqatçı qeyd edir ki, həmin məktublar sonralar tərcümə edilərək “Azərbaycan” jurnalında çap edilmişdir.
Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsəri, bütövlükdə, Qafqaz tarixi üçün olduğu kimi, Naxçıvan tarixi üçün də ən dəyərli mənbələrdən biridir. Beş fəsildən ibarət olan əsərdə o, Naxçıvanın tarixi ilə bağlı məsələlərə də toxunmuşdur. Naxçıvan, Cülah (Culfa), Naxçıvan duzlağı, Alıncaq (Əlincə) qalası, Şərur, Ordubad haqqında müxtəlif tarixi hadisələrlə bağlı bəhs edən Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində bizə görə Naxçıvan tarixi-coğrafiyası üçün və ümumilikdə, mənfur qonşularımıza cavab vermək üçün ən dəyərli fikir aşağıdakıdır: “Nadir dövrünün axırlarında qaçıb Şəki və Şirvan ölkələrində keçinən Pənah bəy İbrahim Xəlil oğlu Cavanşir ardıcıl davam edən müharibələr nəticəsində xanlıq ləqəbilə Qarabağda hökmranlıq bayrağını yüksəltdi. Əvvəlcə Bayat və daha sonra Tərnaut qalasını bina etdi. …Xudafərin körpüsündən başlayaraq Kürək çayına və Bərgüşat mahalına qədər yerləri ələ keçirdi.
Bundan əlavə, Qaradağa aid Mığrı və Güney mahallarını, Naxçıvana aid Tatif və Sisyanı, İrəvana aid Tərtər Kolanını və Təbrizə aid olan Zəngəzur və Qapanı tutdu. O, bəzən Ərdəbil və sair kimi qonşu ölkələri də özünə tabe edirdi”.
Əsərdən olduğu kimi çəkdiyimiz bu sitatdan da göründüyü kimi, o zaman Tatif və Sisyan əraziləri Naxçıvanın tərkib hissəsi – ulu türk torpağı olmuşdur.
Naxçıvanın və ümumilikdə, Azərbaycanın tarixi üçün onlarla belə əhəmiyyətli faktları sadalayan Abbasqulu ağa Bakıxanovun həyatı, yaradıcılığı, əsərləri dərindən öyrənilməli, təbliğ olunmalı və öyrədilməlidir. Bunu bizə müstəqil dövlətçiliyimizin keçdiyi 23 illik tarixi inkişaf yolu diktə edir. Bizi buna Azərbaycan dövlətçiliyinin keşiyində olduğu kimi, Azərbaycanın və Naxçıvanımızın tarixinin keşiyində də ləyaqətlə duran ali iradə təşviq edir. Tariximizi dərindən öyrənməyi, bilməyi və bu tarixi qoruyanların özünü qorumağı isə bizim hər birimizin vətəndaşlıq vicdanımız bizdən tələb etməlidir.
Elnur KƏLBİZADƏ