İran İslam Respublikasının xarici işlər nazirinin müavini, Xəzər məsələləri üzrə xüsusi nümayəndə İbrahim Rəhimpurun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvana səfəri çərçivəsində muxtar respublikanın bir sıra elm, təhsil, mədəniyyət müəssisələri və Naxçıvanın gəzməli, görməli yerləri, tarixi abidələri ilə tanış olub.
Nümayəndə heyəti əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində olub. Burada bölmənin yaranma tarixi, elmi-tədqiqat institutlarında görülən işlər, Naxçıvanın tarixinin öyrənilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb.
Sonra iranlı qonaqlar Naxçıvan Dövlət Universitetinə gələrək bu təhsil ocağının Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində olublar. Burada onlara Tərcümə-Tədris Mərkəzinin fəaliyyəti haqqında məlumat verilib, müasir texnologiyalarla tədris aparılan auditoriyaların texniki imkanları nümayiş etdirilib.
Muxtar respublikanın qonaqları səfər çərçivəsində Naxçıvan Dövlət Xalça Muzeyində də olublar. Şərq memarlığının incilərindən olan Möminə xatın türbəsi ilə tanışlıq qonaqlarda xoş təəssüratlar yaradıb.
Qonaqların ziyarət etdiyi növbəti ünvan “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi idi.
Sonra qonaqlar Naxçıvan Biznes Mərkəzi və Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar.
Xəbərlər şöbəsi