Naxçıvan Tibb Kollecində muxtar respublikanın yaradılmasının 90 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə kollecin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İlhamə Mustafayeva açaraq 2014-cü ilin Naxçıvanda “Muxtariyyət ili” elan olunduğunu bildirmiş, Azərbaycanın ən yeni tarixində Naxçıvanın yeri və rolu haqqında danışmışdır.
Sonra kollecin müəllimlərindən Tutu Fərəcovanın, Zəminə İsmayılovanın, Əntiqə Qasımovanın və Mehri Seyidbəylinin məruzələri dinlənilmişdir. Məruzələrdə qeyd olunmuşdur ki, Naxçıvanın əlverişli təbii-coğrafi mövqeyi, Şərqlə Qərbi birləşdirən qədim İpək Yolunun üzərində yerləşməsi onu fatehlərin, böyük dövlətlərin geosiyasi maraqlarının kəsişdiyi regiona çevirmişdir.
Ərazisi dəfələrlə müharibə meydanına çevrilsə də, Naxçıvan heç zaman əyilməmiş, xalqımıza məxsus mədəniyyəti, adət-ənənələri, ən vacibi isə tarixi ərazisini qoruyub saxlamışdır. Hələ XII əsrdə Naxçıvan şəhəri qüdrətli Atabəylər dövlətinin paytaxtı olmaqla bölgənin inkişafına, müdafiə qabiliyyətinin gücləndirilməsinə, inzibati idarəçiliyin formalaşmasına özünəməxsus töhfələr vermiş, milli dövlətçilik tariximizdə mühüm rol oynamışdır.
Bildirilmişdir ki, ötən əsrin əvvəllərində yaranmış şəraitdən istifadə edən erməni daşnakları Naxçıvana qarşı ərazi iddiaları irəli sürmüş, bu diyarı Ermənistana birləşdirmək üçün bütün vasitələrə əl atmışlar. Bölgə əhalisinin böyük müqaviməti və qəhrəmanlığı nəticəsində Naxçıvan Azərbaycanın əzəli və əbədi tərkib hissəsi kimi qorunub saxlanılmış və son nəticədə, ona Azərbaycanın tərkibində muxtariyyət statusu verilmişdir. Beynəlxalq Moskva və Qars müqavilələri Naxçıvan diyarının tarixi taleyini, onun Azərbaycanın tərkibində muxtar respublika kimi qalmaq imkanını reallaşdırmışdır. Tarixi proseslərin inkişafının nəticəsi olaraq, Naxçıvan 1921-ci ilin martından Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır. Vurğulanmışdır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində – bölgəyə erməni hücumlarının aramsız xarakter aldığı bir dövrdə, Azərbaycanın əsas ərazisi ilə əlaqələrin kəsildiyi şəraitdə Naxçıvanın muxtariyyət statusu çevik siyasi, iqtisadi və humanitar xarakterli addımların atılmasında, muxtariyyətin ərazisinə edilən qəsdlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında, beləliklə də, Azərbaycanın tarixi ərazisinin qorunub saxlanılmasında mühüm əhəmiyyət kəsb etmişdir. Həmin dövrdə muxtar respublika müxtəlif çətinliklərə düçar olsa da, xalqımızın ümummilli lideri Heydər Əliyevin gərgin siyasi fəaliyyəti nəticəsində Naxçıvan bu vəziyyətdən çıxa bilmiş və bugünkü dinamik inkişaf yoluna qədəm qoymuşdur. Blokadanın çətinliklərinə baxmayaraq, son 18 ildə muxtar respublikada böyük quruculuq proqramı gerçəkləşdirilmiş, Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoymuş, bütün sahələrdə mühüm nailiyyətlər əldə olunmuşdur.
Sonda elektron lövhədə Naxçıvanın tarixindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.
Xəbərlər şöbəsi