22 Dekabr 2024, Bazar

1918-1920-ci illərdə Naxçıvanın müdafiəsində

Azərbaycanın və Rusiyanın hərb tarixində qəhrəmanlıq səhifələrinin yazılmasına səbəb olmuş Qafqaz Yerli Süvari Diviziyasının yaradılmasından 100 il keçir. Ötən yüzillikdə cəsurlar ailəsi olan bu Süvari Diviziyaya aid xeyli kitablar yazılmış, sənədli-xroniki filmlər çəkilmişdir. Ancaq Müstəqil Dövlətlər Birliyi ölkələrinin arxivlərindəki axtarışlar zamanı əldə olunan sənədlər göstərir ki, heç də kompleks araşdırma aparılmamışdır. Çünki yazılan kitablarda naxçıvanlıların hərbi hünərləri haqda olduqca az məlumata rast gəlinir. Əlbəttə, Cəmşid Naxçıvanskini çıxmaq şərtilə.

Yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır.
Elə bu sərəncamın işığında biz bir daha 100 il əvvəlki tariximizə ekskurs edərək mövcud boşluğu imkanımız daxilində doldurmaq niyyətindəyik.

Əvvəlcə onu deyək ki, ötən tarixə obyektiv baxış həmişə vacibdir. Bunsuz hadisələr siyasi cəhətdən öz düzgün həllini tapa bilməz. Yeri gəldikcə bu məqamlara toxunacağıq.
Çar Rusiyası Qafqazın müsəlman xalqlarına, o cümlədən azərbaycanlılara ögey münasibət bəsləyirdi. Müsəlmanların hamısını hərbi mükəlləfiyyətdən kənarda saxlamağa çalışsa da, axırda buna nail ola bilmədi. Çünki Qafqazın müsəlman xalqlarının zadəgan balaları Rusiyanın cəlb edildiyi, yaxud apardığı müharibələrdə elə döyüş rəşadətləri göstərdilər ki, hakim dairələr çaşbaş qaldılar. Artıq Birinci Dünya müharibəsində çar Rusiyasının ümidi Qafqazın müsəlman xalqlarına qaldı. Bu səbəbdən Rusiya çarı 27 iyul 1914-cü ildə qərara aldı ki, Qafqazın yerli müsəlman xalqlarından ibarət olan Qafqaz Yerli Süvari Diviziyası yaradılsın. Nəzərdə tutulurdu ki, diviziyanın tərkibi 6 polkdan ibarət olsun: tərkibi 20 millətdən çox olan İkinci Dağıstan, kabardin və balkarlardan ibarət Kabardin, Bakı və Yelizavetpol (indiki Gəncə) azərbaycanlılarından təşkil olunmuş Tatar (Azərbaycan), çeçen və inquşlardan ibarət Çeçen, yalnız inquşlara aid İnquş və Çərkəz (tərkibi adıgey və abxazlardan ibarət) süvari polkları. Qeyd edək ki, bu polklardakı döyüşçülərin hamısı müsəlmanlar idilər. Ona görə də müsəlman acarların da Batum vilayətindən olan piyada batalyonu bu diviziyaya tabe edilmişdi.
Aparılan hazırlıq işlərinə rəhbərlik tamamilə İkinci Süvari Diviziyasının komandiri, general-leytenant Hüseyn xan Naxçıvanskiyə tapşırılmışdı.
1914-cü ilin sentyabr ayında Qafqazın Yerli Süvari Diviziyası tamamilə təşkil edildi. Onun tərkibində 3 briqada və hər briqadanın tərkibində iki polk vardı.
Hər briqadaya çar hökuməti özünün çox inandığı hərbçiləri komandir təyin etdi. Azərbaycanlılar ikinci briqadanın tərkibində idilər: komandirlər podpolkovnik P.A.Polovçev, Rusiya çarının kiçik qardaşı Mixail Aleksandroviç Romanov (1878-1918). Qafqaz Yerli Süvari Diviziyasının komandiri, qərargah rəisi isə Litva tatarlarından olan (müsəlman qarayim) Yakov David­oviç Yuzefoviç təyin edildi. Y.D.Yuzefoviç dostlarını da diviziyaya gətirdi. Onlardan biri də ştabs-rotmistr Kərim xan Abbasqulu xan oğlu İrəvanski idi.
Kərim xan İrəvan xanının oğlu, naxçıvanlı süvari generalı İsmayıl xanın nəvəsi idi.
1914-cü ilin oktyabrında Qafqaz Yerli Süvari Diviziyası general-mayor Böyük Knyaz Mixail Aleksandroviç Romanovun rəhbərliyi altında bütün hazırlıq işlərini qurtardı və ikinci süvari korpusa daxil edildi. Ümumi rəhbərlik həmyerlimiz general-leytenant Hüseyn xan Naxçıvanskiyə həvalə olundu. Böyük Knyaz Mixail Aleksandroviç güclü aslanlara bənzəyən, qafqaz qartalları kimi şığıyan çərkəzi çuxalı müsəlman süvari döyüşçülərə böyük rəğbət bəsləyirdi. Özü də çərkəzi çuxa geyinirdi. Artıq yaradılan Qafqaz Yerli Süvari Diviziyası döyüşə tam hazır idi.
Müharibəyə gedən korpusun başında çox ciddi, hərbi işin əla bilicisi general-leytenant Hüseyn xan Naxçıvanski-Kəngərli və müavini hərbi işdə ondan geridə qalmayan Böyük Knyaz M.A.Roman­ov dayanırdı. Belə sərkərdələrin rəhbərliyi ilə gənc aslanlar – müsəlman süvariləri yüksək ruhla döyüşə gedirdilər.
Döyüşə, daha doğrusu, müharibəyə gedən süvarilər arasında naxçıvanlılar da vardı. Bu gün araşdırıcıların unutduqları həmin süvari naxçıvanlılardan – böyük hünər sahiblərindən söhbət açacağıq.
Qeyd edək ki, Birinci Dünya müharibəsində iştirak edənlər çoxdur. Biz ancaq Qafqaz Yerli Süvari Diviziyasının tərkibində döyüşçülər haqqında danışacağıq.
Onlardan biri Naxçıvan xanlarından olan Bəhman xanın oğlu Fətəli xan olmuşdur. Rusiya Dövlət Hərbi-Tarix Arxivinin 3642-ci fondundakı sənədlər içərisində onun Qafqaz Hərbi Dairəsinin rəhbərliyinə yazdığı ərizəsi saxlanılır. O yazır: “Vətənin çətin sınaq günlərində ona xidmət etməyə güclü həvəs duyuram. Ona görə də dairə qərargahından acizanə surətdə xahiş edirəm ki, məni Əlahəzrət Mixail Aleksandroviçin rəhbərliyi altında təşkil edilən briqadaya könüllü əsgər yazılmağıma icazə verəsiniz.
Özümün 2151 nömrəli doğum şəhadətnaməmin çıxarışını da ərizəmə əlavə edirəm. Ünvanım: İrəvan quberniyasının Naxçıvan şəhəri, 10 avqust 1914-cü il”.
Həmin şəhadətnamədən aydın olur ki, o, 20 noyabr 1887-ci ildə doğulub. Həmin sənəddən məlum olur ki, ərizə yazarkən Fətəli xanın 27 yaşı varmış.
Çıxarışı 30 avqust 1914-cü ildə Zaqafqaziya Ruhani İdarəsinin sədri Şeyxülislam Axundzadə imzalamışdır.
15 oktyabr 1914-cü ildə Qafqaz Yerli Süvari Diviziyası Qalitsiyanın Vinnitsa şəhərinə (indiki Ukraynada yerləşən şəhər) gətirilmişdi və döyüşə hazırlıq işləri görülürdü. Vinnitsa Cənubi Buq çayının sahilindədir.
17 noyabr 1914-cü ildə Rusiyanın Hərbi Nazirliyindən əmr gəlir ki, qoşunlar Avstriya-Macarıstan sərhədini keçsinlər. Cənub-qərbi cəbhəyə daxil edilən Qafqaz Yerli Süvari Diviziyası döyüşə başlayır. Düşmənə aman verməyən Qafqazın müsəlman süvarilərindən hamı çox ehtiyat edirdi. Ona görə də Qalitsiyada gedən döyüşlərdə diviziya ikinci bir ad qazanır: “Dikaya” (vəhşi) diviziya. Əslində, bu Qafqaz qartalları vəhşi deyildilər. Bunlar hamısı təhsil görmüş, zadəgan balaları idi. Amma tapdaq altında qalan Qafqaz tarixən müsəlman süvarilərinə azadlıq, düşmənə baş əyməmək hisslərini möhkəm aşılamışdı. Namərdlik, fərarilik müsəlman süvarilərə xas deyildi. Onlar “dikaya” (vəhşi) adına müsbət yanaşmırdılar. Bu, onlara həqarət kimi gəlirdi. Ona görə də biz tədqiqatçılar da onların ruhuna hörmət əlaməti olaraq, “Qafqaz Yerli Süvari Diviziyası” ifadəsini işlətməliyik.
Fətəli xanın ərizəsinin üstünü Vinnitsa şəhərində Yuzefoviç imzalayır. Fətəli xan Karpat dağlarında döyüşə yollanır. O, axıradək Birinci Dünya müharibəsində iştirak etmişdir. Sonralar Naxçıvana qayıdan Fətəli xan 1919-cu ildən ermənilərin daşnak birləşmələri ilə döyüşmüşdür.
General İsmayıl xanın və general-mayor II Kalbalı xan Naxçıvanskinin nəvəsi olan Fətəli xan Şərur və Naxçıvan müdafiə batalyonlarının yaradılmasında və aparılan döyüşlərdə öndə vuruşanlardan olmuşdur. Sələsüz taboruna da komandirlik etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin 29 mart 1919-cu il tarixli əmri ilə ona piyada ordusunun praporşiki hərbi rütbəsi verilir. Fətəli xan 1920-ci ildə sovet hökumətini qəbul etməyərək İranın Maku şəhərinə mühacirət etmiş və 1934-cü ilədək orada yaşamışdır. Onunla bağlı axtarışlarımız davam edir.
Naxçıvan xanlarının digər varislərindən biri, II Kalbalı xan Naxçıvanskinin oğlu, Fətəli xanın dayısı, 54 yaşlı Rəhim xan Tiflisə gəlir və baş komandan qraf Vorontsov-Daşkova ərizə ilə müraciət edir. Onun xahiş məktubu 26 dekabr 1914-cü ildə yazılmışdır. Ancaq Qafqaz canişini onun yaşını və səhhətini nəzərə alaraq razılıq vermir. Rəhim xan Rusiyanın əvvəllər apardığı müharibələrdə iştirak etmiş, hərbi mükafatlara layiq görülmüş və sol gözündən zədə aldığı üçün 1883-cü ilin 23 oktyabrından istefaya göndərilmişdi. Amma Birinci Dünya müharibəsində evdə oturmaq istəmə­mişdi. Naxçıvanskilərin hamısı cəbhədə döyüşürdülər. O, təkrarən Qafqaz canişininə müraciət edir. Qraf Vorontsov-Daşkov məsləhət görür ki, onu “Dikaya” diviziyanın polklarından birinə göndərsinlər. Rəhim xan qardaşı Hüseyn xanın dostu Yuzefoviçi şəxsən tanıdığından birbaşa cəbhəyə teleqram göndərir: “Xahiş edirəm ki, məni Dağıstan polkunun tərkibinə daxil edəsiniz. Bu haqda Qafqaz qərargahına və mənə xəbər verəsiniz”.
Qeyd edək ki, İkinci Dağıstan polkunu onun qardaşı Hüseyn xan Naxçıvanski yaratmışdı və Rəhim xan məhz burada döyüşmək istəyirdi.
Rəhim xanı tanıyan Yuzefoviç komandir Böyük Knyaz Mixail Aleksandroviçə xəbər verir və döyüşən orduya daxil edilməsi üçün sənədlər Peterburqa göndərilir.
18 fevral 1915-ci ildə çarın əmri ilə Rəhim xan süvari ordunun əsgəri kimi qeydə alınır. O, Tiflisdən Kiyevə, oradan isə Karpat dağlarında döyüşən polka gedir.
Karpat meşələrində yaşına baxmayaraq, hünərlə döyüşən Rəhim xan 1915-ci il avqustun 26-da müsəlmanlar üçün təsis edilən üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordu evinin bant və qılınclarla birlikdə kavaleri olur.
Müharibədən sonra Naxçıvana qayıdan Rəhim xanın 1918-1920-ci illərdə Naxçıvanın erməni daşnaklarından müdafiə edilməsində, Naxçıvan Araz-Türk Respublikasının yaradılmasında əvəzsiz xidmətləri vardır.
1920-ci ildə bolşeviklər tərəfindən həbs edilərək Qarabağa aparılmış, orada həbsdə saxlanılmış, 1922-ci ildə isə qardaşı Cəfərqulu xanla İrana mühacirət etmişdir. 1934-cü ilin məlumatında Tehranda yaşadığı bildirilir. Onunla da bağlı axtarışlarımız davam edir.
Qafqaz Yerli Süvari Diviziyasının digər naxçıvanlı döyüşçülərindən biri, ən məşhuru Cəmşid xan Cəfərqulu xan oğlu Naxçıvanski-Kəngərlidir. Onun hərbi fəaliyyəti haqqında əvvəlki yazılarımızda ətraflı danışdığımıza görə, əsasən, onun bu diviziyadakı hərbi xidmətindən söhbət açacağıq.
Cəmşid Naxçıvanski müharibə cəbhəsinə praporşik kimi göndəriləndə 19 yaşı vardı. Arxiv sənədlərində bu tarixin 1 dekabr 1914-cü il olduğu yazılır. Həmin gün onu Qafqaz Yerli Süvari Diviziyasında olan Tatar (azərbaycanlı) polkunun ehtiyat sotnyasına (yüzlüyünə) qəbul edirlər.
1915-ci ilin may ayında gedən döyüşlərdə Cəmşid xan özünü əsl qəhrəman kimi göstərdiyindən ona xüsusi rəğbət bəsləyirlər. Həmin ilin 14 iyununda Cəmşid xan Naxçıvanskini polkun əsas heyətinə dəyişirlər. 22 avqust 1915-ci ildə ona kornet (kiçik zabit) rütbəsi verilir. Döyüşdə şücaətlərinə görə 14 fevral 1916-cı ildə üzərində “İgidliyə görə” yazılmış 4-cü dərəcəli “Müqəddəs Anna” və 12 may 1916-cı ildə 3-cü dərəcəli “Müqəddəs Stanislav” ordenləri ilə (qılınclarla və bantla birlikdə) təltif edilir. Qeyd edək ki, 31 may 1916-cı ildə polkun apardığı döyüşlərdə qəhrəmanlıq göstərən Cəmşid xan iki dəfə yaralanmasına baxmayaraq, axıradək döyüşür. Buna görə də 26 yanvar 1917-ci ildə Georgi silahı ilə mükafatlandırılır. Sonrakı döyüşlərdə 2-ci dərəcəli “Müqəddəs Stanislav” ordeninin qılınclarla və bantla birlikdə (mart ayı 1917-ci il), 15 aprel 1917-ci ildə isə 3-cü dərəcəli “Müqəddəs Anna” ordeninin (qılınclarla və bantla birlikdə) kavaleri olan Cəmşid xan Naxçıvanski 27 avqust 1917-ci ildə əsgərlər üçün 4-cü dərəcəli Georgi Xaçı ilə də təltif edilir.  
1917-ci ilin sentyabrında Qafqaza qayıdan Qafqaz Yerli Süvari Diviziyasının Tatar polku Gəncə şəhərində yerləşir. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti illərində Birinci Süvari Tatar Polkunda komandir köməkçisi olarkən podpolkovnik Cəmşid xan 24 mart 1920-ci ildə İkinci Qarabağ Süvari Polkunun komandiri olur. Azərbaycanda sovet hökuməti qurulandan sonra yeni hökuməti qəbul etsə də, dəfələrlə həbs və təqib olunur. Böyük sərkərdə axırıncı dəfə 26 avqust 1938-ci ildə Moskvada həbs edilir və həmin gün də güllələnir.
Qafqaz Yerli Süvari Diviziyasının digər naxçıvanlı döyüşçülərindən biri Rəhim xanın oğlu İskəndər xandır. O, 8 mart 1889-cu ildə Naxçıvanda anadan olmuşdur. Təhsilini Peterburqdakı Əlahəzrətin I dərəcəli Paj korpusunda almış və 6 avqust 1910-cu ildə 17-ci Nijeqorod Draqun Polkunun korneti (kiçik zabiti) kimi hərbi xidmətə başlamışdır. Dördüncü eskadronun kiçik zabiti olan İskəndər xan 10 sentyabr 1913-cü ildə poruçik hərbi rütbəsini almışdır.
Birinci Dünya müharibəsində 24 may 1916-cı ildə “Dikaya” diviziyanın tərkibindəki Çeçen süvari polkunda vuruşmuşdur. Döyüşlərdə göstərdiyi şücaətə görə 27 yaşlı gənc hərbçi müxtəlif mükafatlara layiq görülmüşdür.
1918-1920-ci illərdə Naxçıvanın erməni işğalçılarından müdafiə olunmasında qəhrəmanlıqlar göstərən İskəndər xan 1920-ci ildə zorla bolşeviklər tərəfindən Naxçıvandan çıxarılmışdır. O, həmin ildə İrana mühacirət etmişdir. 1934-cü ilə aid məlumata görə, o, Tehranın ən varlı zadəganı olmuşdur. Onunla da bağlı axtarışlar aparırıq. Aldığımız məlumata görə, 1920-ci ildən sonra Əhməd xan adı ilə fəaliyyət göstərən İskəndər xan İranın görkəmli hərbçilərindən olmuşdur. Axtarışlarımız davam edir.
Qafqaz Yerli Süvari Diviziyasının ən cəsur döyüşçülərindən biri də general Feyzulla Mirzə Qacar (1872-1920) olmuşdur. O, Rəhim xan Naxçıvanskinin kürəkəni idi. Qeyd edək o, Qafqaz Yerli Süvari Diviziyasının ilk Georgi ordeninin  kavaleri olmuşdur. F.M.Qacar Azərbaycan Xalq Cümhuriyyətinin mahir sərkərdələrindən idi. 1920-ci ildə bolşeviklər onu Nargin adasında güllələmişlər.
1918-1920-ci illərdə Naxçıvanın erməni daşnaklarından müdafiə olunmasında misilsiz qəhrəmanlıqlar göstərən Şərur taborunun komandiri Kərim xan İrəvanski də həmin diviziyanın cəsur döyüşçülərindən olmuşdur. O həm də Kabardin polkunun komandiri qraf İ.İ.Vorontsov-Daşkovun yavəri vəzifəsində fəaliyyət göstərmişdir. Kərim xan sonralar, 1919-cu ildə Kabardaya getmiş və döyüşlərdə həlak olmuşdur. Qəbri Nalçik şəhərinin yaxınlığındakı Volnyauldadır.
Göründüyü kimi, vaxtı ilə çar Rusiyasının ən məşhur döyüş diviziyasında – Qafqaz Yerli Süvari Diviziyasında böyük hünərlər və qəhrəmanlıqlar göstərən igid həmyerlilərimiz sovet hökuməti qurulan kimi bir saatın içində “xalq düşmənləri” adı ilə damğalanaraq sürgün edilmiş, güllələnmiş, yaxud məcburən mühacirətə göndərilmişlər.
Əlimizdə olan sənədlərə əsasən, Xan Naxçıvanskilərin-Kəngərlilərin 5 əsrədək döyüş hünərlərinin üzərindən adı bu gün belə, tarixdə qalmayanların imzası ilə qara xətt çəkilmişdir. Bəlkə də, bu, hərb tariximizdə ən böyük faciələrimizdən biridir. Məqamındaca unudulmaz ədəbiyyatşünas alim Firidun bəy Köçərlinin müdrik kəlamını xatırlayaq: “Birisinin hüsn xidmətlərini, asari-qələmiyyəsini, can fədalığını və hünərini gördükdə hər tərəfdən ona həsəd aparıb, xəcil və sərnigün etməyə çalışıblar... Acizlər və yassarlar hünərlərə və bacarıqlılara tor qurmağa və quyu qazmağa məşğul olub, fəsad törədiblər” (“Tərəqqi” qəzeti, 5 oktyabr 1909-cu il).

Nə yaxşı ki, zaman hər işi yoluna qoyur. Nə yaxşı ki, qədim Naxçıvanın tarixinə işıq tutan şəxsiyyətlər var. Yoxsa bu adların heç biri ortalığa gələ bilməzdi. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi günlərində ən çox xatırlanmağa layiq olan hərbçilərin sırasında Qafqaz Yerli Süvari Diviziyasının məşhur naxçıvanlı döyüşçülərinin də adları olmalıdır. 

Musa QULİYEV
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR