22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti Şərur Rayon İcra Hakimiyyətində inzibati ərazi dairəsi üzrə nümayəndələr və hüquq-mühafizə orqanlarının əməkdaşları üçün maarifləndirici tədbir keçirmişdir.
Tədbiri Şərur Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Kamil Bağırov açmışdır.
Sonra Dövlət Miqrasiya Xidməti əməkdaşlarından Şahin Nəbiyevin “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi”, İlqar Seyidovun “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınması”, Rahib Kərimovun “Azərbaycan Respublikasında əmək miqrasiyası və onun hüquqi tənzimlənməsi” mövzularında məruzələri dinlənilmişdir.

Qeyd olunmuşdur ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər.
Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin alınması ilə bağlı müraciət edərkən əcnəbilərin pasportunun və ya digər sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır.
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verildikdə Dövlət Miqrasiya Xidməti tərəfindən həmin şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilir.
Bildirilmişdir ki, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin bir ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda hər dəfə iki ildən çox olmayan müddətə uzadıla bilər.
Ölkə iqtisadiyyatına azı 500 min manat məbləğində investisiya qoymuş əcnəbilərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsi isə ərizəçinin müraciətində göstərilən, lakin üç ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda hər dəfə 3 ildən artıq olmayan müddətə uzadıla bilər.
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 5 mart 2013-cü il tarixli Fərmanına uyğun olaraq, 1 aprel 2013-cü il tarixdən Azərbaycan Respublikasında 3 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınmasına başlanılmışdır. Yeni qüvvəyə minmiş müvafiq qanunvericilikdə ölkəyə gələn əcnəbilərin yaşayış yerləri və olduğu yer barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətini məlumatlandırmaları tələbi nəzərdə tutulmuşdur ki, bu da, öz növbəsində, dövlətin məhz belə məlumatlara əsaslanaraq insan axını ilə bağlı məsələləri vaxtında idarə etməsinə imkan verən tədbirlərdəndir.
Tədbirdə o da qeyd edilmişdir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hüquqi şəxslərin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin onlar üçün iş icazəsi almasından sonra Azərbaycan Respublikasında haqqıödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli, bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar. İş icazəsi alınmadan əcnəbilərlə əmək müqaviləsinin bağlanmasına yol verilmir. İşə cəlb edilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin pasportlarının və ya şəxsiyyətlərini təsdiq edən digər sənədlərin hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri tərəfindən götürülərək saxlanması qadağandır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, onlara broşürlər paylanmışdır.

Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR