22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Dövlət Universiteti tələbələrinin iştirakı ilə açıq dərs keçilmişdir.
“Muxtariyyət ili” çərçivəsində keçilən açıq dərsdə muzeyin direktoru Ramil Orucəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinin qeyd olunması ilə bağlı 14 yanvar 2014-cü il tarixli Sərəncamından irəli gələn vəzifələrdən, 2014-cü ilin Naxçıvan Muxtar Respublikasında “Muxtariyyət ili” elan olunmasından bəhs etmişdir. Muzeyin direktoru Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə yaradılan, 1999-cu il mayın 10-da fəaliyyətə başlayan Heydər Əliyev Muzeyinin fəaliyyəti haqqında məlumat vermişdir.

Universitetin Arxiv işi və muzeyşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Məmməd Əliyev vurğulamışdır ki, Azərbaycanda muzey işinin, muzeyşünaslığın təşəkkül tapması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində ölkə­mizdə muzeylərin yaradılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilmişdir. Həmin dövrdə Azərbaycanda Muzeylər İdarəsi, Muzey İşi üzrə Respublika Elmi-Metodik Mərkəzi, Muzeylərin Bədii Tərtibatı Müəssisəsi, Muzey Sərvətlərinin və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzi fəaliyyətə başlamışdır.
Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra da ölkədə muzey işinin təşkili ilə bağlı mühüm tədbirlər reallaşdırılmışdır. Belə ki, 1994-cü ildə “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qəbul edilən Qərar, ümummilli liderimizin 24 mart 2000-ci ildə imzaladığı “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarının yaradılması baxımından mühüm əhəmiyyətə malikdir. Vurğulanmışdır ki, hazırda muxtar respublikada 25 müxtəlifprofilli muzey və bir Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir. 2012-ci ildə Naxçıvan Dövlət Universitetində muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasının açılması bu sahədə yerli mütəxəssis hazırlığına göstərilən xüsusi diqqətin ifadəsidir.
Tələbələrdən Səmanə Rüstəm­ova, Nərmin Orucova çıxış edərək milli-mədəni irsimizin, tarixi keçmişimizin öyrənilməsində və təbliğində mühüm rol oynayan muzey və arxivlərin fəaliyyətinə dövlət qayğısından danışmışlar.    
Sonda muzeyin ekspozisiyası ilə tanışlıq olmuşdur. Bildirilmişdir ki, burada ümummilli liderin həyatı, siyası fəaliyyəti ilə bağlı 4000-dən artıq eksponat, o cümlədən nadir tarixi sənəd və fotoşəkillər, incəsənət əsərləri qorunub saxlanır.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR