1991-ci ilin dekabr ayında keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən 5-ci diviziyası buraxılmış və şəxsi heyəti 2500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilmişdir. 1992-ci il martın 12-də Daxili Qoşunların şəxsi heyəti ərazi bütövlüyümüzün qorunması uğrunda mübarizəyə qoşulmuş, igidlik və qəhrəmanlıq nümunəsi göstərmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin 1995-ci il 9 mart tarixli Fərmanı ilə hər il mart ayının 12-si “Azərbaycan Respublikasının Daxili Qoşunları Günü” kimi qeyd olunur.
Azərbaycanda Daxili Qoşunların formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin diqqət və qayğısı ilə Daxili Qoşunlar böyük bir inkişaf yolu keçmiş, hərbi hissələrin müasir standartlar səviyyəsində qurulması istiqamətində tədbirlər görülmüş, bu sahənin fəaliyyətini tənzimləyən hüquqi baza yaradılmışdır. 1994-cü il fevralın 8-də qəbul edilmiş “Daxili Qoşunların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Daxili Qoşunların əsas funksiyalarını, vəzifələrini, fəaliyyət prinsiplərini müəyyən etmişdir. Daxili Qoşunları xalqın və dövlətin layiqli müdafiəçisinə çevirməyin vacibliyindən danışan ulu öndərimiz demişdir: “Daxili Qoşunlarda yüksək vətənpərvərlik ruhu vardır. Bizim Silahlı Qüvvələrimizdə, eyni zamanda Daxili Qoşunlarda Azərbaycanın dövlətçiliyinə, dövlətinə, Azərbaycanın Ali Baş Komandanına yüksək sədaqət ruhu formalaşıb”.
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin də diqqət və qayğısı ilə Daxili Qoşunların təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir, bu sahənin maddi-texniki bazası gücləndirilir.
1995-ci il aprel ayının 10-da Daxili Qoşunların Naxçıvandakı “N” hərbi hissəsi, 2002-ci il dekabr ayının 4-də isə hərbi hissənin bazasında Daxili Qoşunların Naxçıvan Alayı yaradılmışdır. Yarandığı dövrdən etibarən alay ictimai asayişin qorunması sahəsində qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirmiş, zəngin xidməti təcrübə toplayaraq hərbi qulluqçuların döyüş hazırlığının təkmilləşdirilməsində mühüm nailiyyətlər qazanmışdır.
Bu gün Daxili Qoşunların Naxçıvan Alayı müasir maddi-texniki bazası, yüksək döyüş qabiliyyəti ilə seçilir. Alaya göstərilən diqqət və qayğı, burada həyata keçirilən quruculuq işləri nəticəsində hərbi hissə abad və yaraşıqlı bir şəhərciyə çevrilmişdir. Son illər alayın ərazisində müasir standartlara uyğun yaşayış binaları, yeməkxana, anbarlar, müasirtipli qazanxanalar və digər sosial məişət obyektləri inşa edilmişdir. Zabit-gizir ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə ötən il 5 mərtəbəli 60 mənzildən və 3 mərtəbəli 12 mənzildən ibarət xidməti yaşayış binaları istifadəyə verilmişdir. Hazırda 5 mərtəbəli 45 mənzildən ibarət yaşayış binasının tikintisi davam etdirilir.
Bu gün alayın müasir döyüş texnikaları ilə təmin olunması da diqqət mərkəzində saxlanılır. Ötən dövr ərzində Daxili Qoşunların Naxçıvan Alayına 3 ədəd 128 millimetrlik RAK-12 reaktiv artilleriya qurğuları verilmişdir. Düşmənin canlı qüvvəsini, zirehli texnikasını və mühəndis-istehkam qurğularını məhv etmək üçün təyin edilmiş bu müasir artilleriya qurğuları 8500 metr məsafədə yerləşən hədəfləri məhv etmək gücündədir.
Ötən müddət ərzində şəxsi heyətə öz xidməti vəzifələrini yerinə yetirməsi üçün lazımi şərait yaradılmış, onların geyimi, qidalanması diqqət mərkəzində saxlanılmışdır. Hazırda döyüş qabiliyyəti və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədə olan hərbi hissə qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirmək gücündədir. 2013-cü ildə keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən birləşmə və hissələrinin birgə təlimində Daxili Qoşunların Naxçıvan Alayı öz fəallığı ilə seçilmişdir. Alay xidməti döyüş fəaliyyətində, hərbi intizamın möhkəmləndirilməsində yüksək nəticələrə nail olmuş, 2012-2013-cü tədris ilinin yekunlarına görə isə qabaqcıl yerlər tutaraq mükafat və fəxri fərmanlara layiq görülmüşdür.
Daxili Qoşunların Naxçıvan Alayının zabitlərinin əməyi də dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmiş, hərbi hissənin 12 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Daxili Qoşunların Naxçıvan Alayı qarşısında mühüm vəzifələr qoyaraq demişdir: “Daxili Qoşunların Naxçıvan Alayında xidmət keçən zabit və gizirlər göstərilən dövlət qayğısına öz xidməti vəzifələrini layiqincə yerinə yetirməklə cavab verməlidirlər. Daxili Qoşunlar ölkəmizdə, eləcə də muxtar respublikamızda daxili intizam tədbirlərini yerinə yetirməklə yanaşı, lazım gələrsə, ərazi bütövlüyümüzün qorunmasında da yaxından iştirak etməlidirlər. Bunun üçün hərtərəfli şərait yaradılmış, hərbi hissələr lazımi avadanlıqlar, silah-sursat və döyüş texnikaları ilə təmin edilmişdir. Hər bir əsgər və zabit öz vəzifə borclarını dərindən bilməli, silah və texnikalardan istifadə imkanlarını yaxşı mənimsəməlidirlər”.
İnanırıq ki, Daxili Qoşunların Naxçıvan Alayı bundan sonra da qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcək, şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, eləcə də vətəndaşların hüquq və azadlıqlarını qoruyacaqdır.
“Şərq qapısı”