22 Dekabr 2024, Bazar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Naxçıvan Muxtar Respublikasının (MR) 90 illiyinə həsr olunmuş elmi konfrans keçirilmişdir.

İnstitutdan AzərTAc-a bildirmişlər ki, tədbiri bu elm müəssisəsinin direktoru, akademik İsa Həbibbəyli açaraq Naxçıvan MR-in keçdiyi tarixi inkişaf yolundan ətraflı söhbət açmışdır. Akademik ümummilli lider Heydər Əliyevin Naxçıvanda tarixi fəaliyyətini xüsusilə qeyd etmiş, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2014-cü il 14 yanvar tarixli Sərəncamının böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Akademik İsa Həbibbəyli ölkəmizin digər regionları ilə yanaşı, Naxçıvana da dövlət tərəfindən xüsusi qayğı göstərildiyini önə çəkmişdir. Qeyd olunmuşdur ki, şərəfli tarixi yol keçmiş, respublikamızın iqtisadiyyatı ilə yanaşı, elm, təhsil və mədəniyyətinə böyük töhfələr vermiş Naxçıvan ölkəmizin tarixi inkişafında mühüm nailiyyətlər qazanmışdır.
Elmi-tədqiqat müəssisəsinin rəhbəri muxtar respublikanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, qədim diyarın elm və mədəniyyət xadimləri haqqında ətraflı məlumat vermişdir.

Akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, bu gündən Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş yubiley tədbirlərinə başlanıldığını, bu məqsədlə AMEA-da beynəlxalq konfransın keçirilməsinin nəzərdə tutulduğunu, akademiyada silsilə tədbirlərin planlaşdırıldığını qeyd etmişdir.
Bildirilmişdir ki, yubiley münasibətilə akademiya çərçivəsində keçiriləcək mərasimdə AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən sərgi təşkil ediləcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvanın müasir tarixi mərhələlərini əks etdirəcək üçcildliyin artıq birinci nəşrinin işıq üzü gördüyünü diqqətə çatdıran İsa Həbibbəyli yaxın müddətdə akademiyada bu qədim diyara aid biblioqrafik göstərici və məqalələr toplusunun nəşr ediləcəyini, bununla bağlı AMEA-nın rəhbərliyi tərəfindən qərar qəbul edildiyini vurğulamışdır.
Konfransda memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlının “Azərbaycan memarlığının Naxçıvan məktəbi”, filologiya elmləri doktoru Tahirə Məmmədin “Naxçıvan ədəbi mühiti: tarixi ənənələr və müasir dövr”, AMEA-nın Folklor İnstitutunun direktoru, filologiya  elmləri doktoru Muxtar İmanovun “Naxçıvan folklor mühitinin regional özünəməxsusluğu” mövzularında məruzələri dinlənilmişdir. Məruzələrdə Azərbaycanın bu qədim diyarının özünəməxsus xüsusiyyətləri, ayrı-ayrı tarixi-mədəniyyət abidələrinin yaradıcıları, həmçinin diyarın ədəbi mühitinin tarixi qaynaqları, ədəbi məktəbləri, görkəmli simaları, eləcə də coğrafi məkanın lokal şifahi xalq yaradıcılığı nümunələri misallarla təhlil edilərək iştirakçıların diqqətinə çatdırılmışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyi rəhbərinin müavini, filologiya üzrə fəlsəfə doktoru Bəxtiyar Əsgərov çıxış edərək muxtar respublikada son illərdə aparılmış tikinti-qurucu­luq işlərindən, qazanılmış nailiyyətlərdən, elmi-mədəni, sosial-iqtisadi durumdan, muxtar respublikanın müdafiə qüdrətindən geniş bəhs etmiş, elmi konfransın təşkilinə görə akademiyanın rəhbərliyinə minnətdarlığını bildirmişdir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR