22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan şəhərindəki Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbiri Şahmat Mərkəzinin direktoru Emin Hacıyev açmışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Vüqar Səfərov çıxış edərək bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət idman və gənclər siyasətini uğurla davam etdirən  ölkə Prezidenti cənab İlham Əliyev intellektual idman növü kimi şahmatın inkişafına xüsusi diqqət yetirir. Dövlət başçısı tərəfindən 2009-cu il mayın 5-də “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi haqqında Dövlət Proqramı”nın təsdiq edilməsi ölkəmizdə şahmatın inkişafına böyük təkan vermişdir. Muxtar respublikamızda da ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin hər bir sahədə uğurla davam etdirilməsi ilə bərabər, əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın rolunun artırılmasına xüsusi diqqət və qayğı göstərilir.

İnsanları fiziki cəhətdən sağlamlaşdıran idman növləri ilə bərabər, əqli inkişafa, analitik düşüncə tərzini formalaşdırmağa, yaradıcılıq qabiliyyətinə müsbət təsir göstərən şahmatın və onun infra­strukturunun inkişaf etdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq səviyyəli şahmatçıların, məşqçilərin, hakimlərin hazırlanması diqqətdən kənarda qalmamışdır. Təkcə 2000-2013-cü illərdə Naxçıvan şəhərində Şahmat Mərkəzi, Şərur, Culfa, Ordubad, Şahbuz, Babək, Sədərək rayonlarında şahmat məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilmişdir. Bu binalarda fəaliyyət göstərən şahmat məktəblərinin hər biri sürətli internetlə, ən müasir avadanlıq və informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilmiş, ümumtəhsil məktəblərində şahmat dərslərinin tədrisinə başlanılmışdır. Şahmat infrastrukturunun müasirləşdirilməsi ilə yanaşı, muxtar respublikamızda yeni şahmatçılar nəslinin yetişdirilməsi üçün Bakı şəhərindən tanınmış şahmatçılar muxtar respublikamıza dəvət olunmuş, tərtib edilmiş xüsusi proqramlar əsasında məşqçi-müəllimlərə dərslərin keçilməsi təmin edilmişdir. Hazırda bu sahədə işlər davam etdirilir.
Qeyd olunmuşdur ki, son illər Naxçıvanda 40-dan çox muxtar respublika səviyyəli turnir və birincilik, eləcə də 6 beynəlxalq səviyyəli turnir keçirilmişdir. Şahmatçılarımız 38 dəfə respublika və beynəlxalq əhəmiyyətli yarışlarda iştirak etmişlər. 20 dəfə beynəlxalq yarışlarda iştirak etmiş 72 şahmatçımızdan 10-u mükafata layiq görülmüş, Avropa çempionatında 1 qızıl, 1 bürünc medal, Avropa kubokunda isə 2 mükafata layiq yer qazanılmışdır.
Muxtar respublikamızda 3 dəfə keçirilən “Naxçıvan-Open” Beynəlxalq Şahmat Festivalında, ümumilikdə, 197 şahmatçımız iştirak etmiş, 29 şahmatçımız mükafat qazanmışdır. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasında 27 beynəlxalq reytinqi  olan şahmatçı, 1 nəfər beynəlxalq usta, 1 nəfər FİDE ustası, 1 nəfər Avropa çempionu, 2 nəfər Azərbaycan Respublikasının Şahmat Olimpiadasının qalibi, 2 nəfər respublika dərəcəli hakim vardır.
Federasiya tərəfindən 250 cüt birinci və ikinci hissə Azərbaycan dilində “Şahmat” kitabı,  230 cüt birinci və ikinci hissə şahmat CD-ləri, 6 min tirajla çap edilməsi nəzərdə tutulmuş 6 cildlik “Şahmat” kitabının 3 cildi nəşr etdirilərək orta məktəblərə, 50 ədəd tərcümə olunmuş kitab və müxtəlif CD-lər Naxçıvan Şahmat Mərkəzinə və rayon şahmat məktəblərinə verilmişdir.
Bildirilmişdir ki, şahmat məktəblərində, orta məktəblərdə və ali təhsil ocaqlarında şahmat dərslərinin tədrisinin keyfiyyətini artırmaq məqsədilə şahmat fənnini tədris etmək istəyənlər üçün 2013-cü ilin 12-21 oktyabr tarixlərində muxtar respublikanın şəhər və rayonlarında test imtahanları keçirilmişdir. Test imtahanlarında iştirak etmiş 1100 nəfərdən 301 nəfəri test imtahanlarından müvəffəqiyyətlə keçərək onlara Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sertifikatı verilmişdir.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev çıxış edərək bildirmişdir ki, qədim idman ənənələrinə malik ölkəmizdə idmanın müxtəlif növlərinin inkişaf etdirilməsi dövlətin gənclər və idman siyasətində önəmli yer tutur. Bütün sahələrdə quruculuq və inkişafın geniş vüsət aldığı muxtar respublikamızda da dövrün tələbinə uyğun həyata keçirilən düşünülmüş, məqsədyönlü siyasət nəticəsində təhsilin, eləcə də idmanın inkişafı daim diqqətdə saxlanılır. Qeyd edilmişdir ki, əqlin gimnastikası sayılan şahmatın muxtar respublikamızda inkişaf etdirilməsi olduqca əhəmiyyətli hadisədir. Bu sahədə tədrisin yüksək səviyyədə təşkilini təmin etmək üçün 325 ədəd elektron tədris vəsaitləri ümumtəhsil məktəblərinə verilmişdir. Eyni zamanda muxtar respublikada şahmatın kütləviliyinin təmin edilməsi və ümumtəhsil məktəblərində şahmatın yüksək səviyyədə tədrisinə nail olunması məqsədilə muxtar respublika rəhbərinin tapşırıqları əsasında ümumtəhsil məktəblərinə 489 ədəd ayaqlı, 500 ədəd asma və 3905 ədəd stolüstü şahmat dəstləri paylanılmışdır.    
Tədbirdə Şahmat Mərkəzinin məşqçi-müəllimi, FİDE ustası Urfan Sevdimalıyevin və beynəlxalq usta Fikrət Sideifzadənin də çıxışları olmuşdur.
Sonda muxtar respublikanın ümumtəhsil məktəblərində şahmatı tədris edən 93 müəllimə kompüter və şahmat haqqında kitablar hədiyyə olunmuş, eyni zamanda Şahmat Mərkəzinə və rayon Uşaq-Gənclər Şahmat məktəblərinə 19 ədəd kompüter dəsti verilmişdir.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR